Icma.az
close
up
RU
Qarabağda kənd turizmi: yeni salınan kəndlər turistləri necə qəbul edə bilər?

Qarabağda kənd turizmi: yeni salınan kəndlər turistləri necə qəbul edə bilər?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu gün azad Qarabağda yenidən salınan kəndlər təkcə yaşayış məskəni deyil, milli arxitektura ilə müasir ekoloji texnologiyaların qovuşduğu, qonaqpərvərlik ənənələrinin iqtisadi modelə çevrildiyi yeni turizm xəritəsidir. Odur ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində salınan yeni kəndlər təkcə keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına dönməsini təmin etmir, həm də regionun turizm potensialının təməlini qoyur. Müasir şəhərsalma standartlarına və "Ağıllı kənd" (Smart Village) konsepsiyasına uyğun tikilən bu yaşayış məntəqələri kənd turizminin (agritourism / rural tourism) inkişafı üçün unikal imkanlara malikdir.  Bəs Qarabağda kənd turizmi: yeni salınan kəndlər turistləri necə qəbul edə bilər?

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru  Samir Dübəndi mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Qarabağda kənd turizminin inkişafına yalnız yeni hotellərin, qonaq evlərinin və restoranların yaradılması kimi baxmaq düzgün olmazdı. Burada daha geniş məsələ - yenidən qurulan kəndlərin iqtisadi və sosial həyatında turizmin hansı yeri tutacağı, bu fəaliyyətdən yerli əhalinin necə faydalanacağı və ən əsası, Qarabağın kəndlərinə məxsus həyat tərzinin, mədəni irsin və ənənələrin necə qorunacağı məsələsi ortaya çıxır.

Azərbaycan qanunvericiliyində bunun üçün artıq müəyyən hüquqi baza mövcuddur. “Turizm haqqında” Qanunun 2.2.3-cü maddəsində “kənd (icma) turizmi” turistlərin ferma, əkin sahəsi, bağ, bostan, üzümlük və digər kənd təsərrüfatı obyektlərində təsərrüfat fəaliyyətində iştirakını - aqroturizmi - həmçinin kənd həyat tərzi, ərazinin təbii, tarixi və mədəni dəyərlərinin öyrənilməsi ilə bağlı xidmətləri əhatə edən turizm kimi müəyyən edilir. Qanun qastronomiya, dağ və macəra turizmi kimi kənd turizmi ilə kəsişən digər turizm növlərini də ayrıca müəyyənləşdirir. Bu tərif əslində Qarabağ üçün çox əhəmiyyətli bir istiqamət göstərir: kənd turizminin əsas məhsulu təkcə yerləşdirmə vasitəsi deyil, kəndin özüdür - onun təbiəti, insanları, təsərrüfatı, mətbəxi, memarlığı, adət-ənənələri və gündəlik həyatıdır.

Samir Dübəndi bildirir ki, Beynəlxalq təcrübədə də kənd turizminin uğurlu modelləri məhz bu prinsip üzərində qurulur. Birləşmiş Millətlər Təşkilatının turizm üzrə ixtisaslaşmış qurumu olan BMT-nin Turizm Təşkilatının - UN Tourism-in (keçmiş Ümumdünya Turizm Təşkilatı - UNWTO) “Best Tourism Villages” təşəbbüsü kəndləri doqquz istiqamət üzrə qiymətləndirir: təbii və mədəni resurslar, mədəni irsin qorunması, iqtisadi, sosial və ekoloji dayanıqlılıq, turizm və yerli dəyər zəncirinin inkişafı, idarəetmə, infrastruktur və əlçatanlıq, sağlamlıq və təhlükəsizlik. Bu yanaşmanın Qarabağ üçün xüsusilə əhəmiyyətli tərəfi odur ki, UN Tourism kənd turizmini kənd həyatını əvəz edən deyil, onu yaşadan iqtisadi fəaliyyət kimi qəbul edir. Təşkilat yerli icmaların prosesə aktiv cəlb edilməsini, çoxsəviyyəli idarəetməni, dövlət–özəl sektor–icma əməkdaşlığını, təhsil və bacarıqların artırılmasını, yerli məhsulların turizm dəyər zəncirinə daxil edilməsini və kəndlərin təbii-mədəni irsinin qorunmasını əsas məqsədlər sırasında göstərir.

Müxtəlif ölkələrin təcrübəsi də göstərir ki, vahid kənd turizmi modeli yoxdur. Avstriyada fermer təsərrüfatlarında yerləşmə sistemi kənd təsərrüfatına əlavə gəlir gətirən, lakin keyfiyyət standartları, marketinq və rezervasiya mexanizmləri ilə dəstəklənən modelə çevrilib. İtaliyada aqroturizm fermer təsərrüfatlarının iqtisadi diversifikasiyası ilə yanaşı, kənd memarlığının, landşaftın, yerli məhsulların və qastronomiyanın qorunmasına xidmət edir. Yaponiyanın kənddə qalma modellərində isə yerləşmə yerli yemək, kənd təsərrüfatı fəaliyyəti və sakinlərlə ünsiyyətlə birləşdirilir. Gürcüstanda ailə tipli qonaq evləri və aqroturizm regionların təbii və etnoqrafik xüsusiyyətləri ilə əlaqələndirilir. Bu modellərin ortaq cəhəti kəndin şəhərləşdirilməsi deyil, onun özünəməxsusluğunun turizm məhsuluna çevrilməsidir.

Ekspertin fikrincə, Qarabağda isə əlavə üstünlük var: bir çox yaşayış məntəqəsi faktiki olaraq yenidən qurulur. Deməli, başqa regionlarda sonradan həll edilməyə çalışılan problemləri burada kəndlərin planlaşdırılması mərhələsindən nəzərə almaq mümkündür. Turizm infrastrukturu, piyada və velosiped marşrutları, informasiya sistemləri, ictimai məkanlar, tullantıların idarə olunması, su və kanalizasiya, internet, yerli məhsulların satış nöqtələri və kiçik ailə biznesləri əvvəlcədən ümumi kənd konsepsiyasının tərkib hissəsinə çevrilə bilər.

Bu yanaşma 2026–2030-cu illər üçün Dövlət Turizm Proqramının məntiqi ilə də uyğunlaşır. Proqramda dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyası üzrə yeni tənzimləmə mexanizmlərinin yaradılması, turizm potensialı olan kəndlərdə müvafiq infrastrukturun inkişafı və yerli icmaların prosesə cəlb edilməsi nəzərdə tutulur. erli əhalinin turizmə marağının artırılması üçün maarifləndirmə və təlimlərin davamlı aparılması da ayrıca istiqamət kimi göstərilir. Ancaq burada vacib bir fərqi nəzərə almaq lazımdır. Kənd təsərrüfatı fəaliyyəti ilə turizm və qonaqpərvərlik fəaliyyəti eyni peşə deyil. İnsan yaxşı üzümçü, arıçı, fermer, bağban və ya heyvandar ola bilər, lakin bu, onun avtomatik olaraq yaxşı qonaqlama və servis xidməti göstərə biləcəyi demək deyil. Qonağın qarşılanması, otağın hazırlanması, sanitariya və gigiyena, qida təhlükəsizliyi, qiymətin formalaşdırılması, rezervasiya, şikayətlərin idarə olunması, xarici dil, rəqəmsal satış, təhlükəsizlik və ümumilikdə qonaq təcrübəsinin yaradılması ayrıca peşəkar biliklər tələb edir.

Ona görə Qarabağda kənd turizmini inkişaf etdirmək istəyiriksə, yalnız infrastruktur deyil, insan kapitalı da yaradılmalıdır. Yerli sakinlər üçün qonaqpərvərlik və servis standartları hazırlanmalı, qısamüddətli peşə təlimləri keçirilməli, mentorluq mexanizmləri yaradılmalı və ilkin mərhələdə bir neçə nümunəvi pilot kənd modeli sınaqdan keçirilməlidir. Uğurlu model formalaşdıqdan sonra onun digər kəndlərə uyğunlaşdırılması daha az riskli olar. UN Tourism-in beynəlxalq modelində də bacarıqların inkişafı və icmaların gücləndirilməsi kənd turizminin əsas komponentlərindən biridir.

Bu prosesdə Qarabağ Universitetinin imkanlarından istifadə etmək xüsusilə məqsədəuyğundur. Universitetdə Xankəndidə “Turizm idarəetməsi” bakalavr proqramı fəaliyyət göstərir. Tədris proqramına turizm məhsulunun inkişafı, mədəni irs və turizm, alternativ turizm, rezervasiya sistemləri, qonaqpərvərlik idarəçiliyi, turizm məkanlarının idarəçiliyi, dayanıqlı turizm, turizm siyasəti və planlaşdırılması kimi fənlər daxildir.

Buna görə universitet gələcəkdə yalnız kadr hazırlayan təhsil müəssisəsi deyil, Qarabağ kəndlərinin turizm inkişafı üzrə tətbiqi tədqiqat və bilik mərkəzlərindən birinə çevrilə bilər. Kənd sakinləri üçün təlimlər, tələbələrin sahə tədqiqatları, turizm məhsullarının hazırlanması, ziyarətçi məmnuniyyətinin ölçülməsi, biznes modellərinin sınaqdan keçirilməsi və pilot kənd layihələri universitet–dövlət–biznes–icma əməkdaşlığı əsasında təşkil oluna bilər. Bu, mövcud dövlət proqramında konkret tapşırıq kimi göstərilmir, lakin mövcud akademik potensialdan çıxış edən praktik təklifdir.

Müsahibimin fikrincə, Qarabağ üçün məsələnin daha mühüm sosial tərəfi də var. Böyük Qayıdış yalnız insanların evlərinə qayıtması və fiziki infrastrukturun bərpası demək deyil. Uzun fasilədən sonra kənd icmalarının yenidən formalaşması, sosial münasibətlərin, yerli sahibkarlığın və iqtisadi əlaqələrin bərpası da baş verməlidir. Turizm bu prosesdə əlavə gəlir və məşğulluq mənbəyinə çevrilə bilər. Lakin bunun üçün turistin xərclədiyi vəsaitin mümkün qədər böyük hissəsinin həmin ərazidə qalmasına çalışmaq lazımdır. Qonaq evinin sahibi, fermer, yerli aşpaz, bələdçi, sənətkar, nəqliyyat xidməti göstərən şəxs, arıçı, şərab və digər kənd təsərrüfatı məhsulları istehsalçısı eyni turizm dəyər zəncirinin iştirakçılarına çevrilməlidir. Əks halda turist kəndə gələcək, amma turizmin əsas iqtisadi faydası kənddən kənara çıxacaq.

Məhz burada yerli icmaların özünüidarəetməsi və aktiv bələdiyyə institutunun rolu xüsusi əhəmiyyət daşıyır. Kənd turizmini yalnız mərkəzdən idarə etmək kifayət deyil. Yerli səviyyədə turizm resurslarının inventarlaşdırılması, marşrutların müəyyən edilməsi, ictimai məkanların qorunması, tullantıların idarə olunması, tədbirlər təqvimi, yerli məhsulların markalaşdırılması, ziyarətçi axınının tənzimlənməsi və sakinlərin qərarvermədə iştirakı üçün işlək mexanizmlər lazımdır. UN Tourism-in beynəlxalq modelində də idarəetmə və icmanın fəal iştirakı ayrıca qiymətləndirmə istiqamətidir.

Buradan daha bir nəticə çıxır: hər kəndi ayrıca turizm destinasiya kimi təqdim etmək əvəzinə, coğrafi və mədəni baxımdan bir-biri ilə bağlı kəndlərin yerli turizm destinasiyası daxilində birləşdirilməsi daha səmərəli ola bilər. Bir kənd qonaqlama və mətbəx, digəri üzümçülük və kənd təsərrüfatı təcrübəsi, başqa biri sənətkarlıq, təbiət və yürüş marşrutları üzrə ixtisaslaşa bilər. Beləliklə, kəndlər bir-biri ilə rəqabət aparmaq əvəzinə eyni turizm dəyər zəncirinin müxtəlif hissələrini formalaşdırar.

Burada əsas prinsip kəndlərin bir-birinin surətinə çevrilməməsidir. Qarabağın müxtəlif ərazilərinin landşaftı, tarixi, kənd təsərrüfatı ənənələri, mətbəxi və mədəni irsi fərqlidir. Buna görə əvvəlcə hər yaşayış məntəqəsinin turizm potensialının inventarlaşdırılması, sonra onun hansı məhsul üzrə inkişaf etdirilməsinin məqsədəuyğun olduğunun müəyyən edilməsi lazımdır. Yalnız bundan sonra qonaqlama tutumu və digər infrastruktur planlaşdırılmalıdır. Əks halda əvvəl obyekt tikib, sonra həmin obyekt üçün turist axtarmaq riski yaranır.

Eyni zamanda, Qarabağın xüsusi şəraiti nəzərə alınmalıdır. Turizm marşrutları yalnız rəsmi olaraq təhlükəsiz və ziyarət üçün açıq ərazilərdə formalaşdırılmalı, nəqliyyat əlçatanlığı, təcili tibbi yardım, rabitə, sanitariya, su və tullantıların idarə olunması kimi məsələlər turizm məhsulunun ayrılmaz hissəsi hesab edilməlidir. Beynəlxalq “Best Tourism Villages” modelində sağlamlıq, təhlükəsizlik, infrastruktur və əlçatanlığın ayrıca qiymətləndirilməsi də təsadüfi deyil.

Bütün bunlardan da vacib məsələ isə Qarabağın kəndlərini turizm naminə dəyişdirməməkdir. Ənənəvi kənd həyat tərzi, həyət və bağ mədəniyyəti, üzümçülük, bağçılıq, heyvandarlıq, arıçılıq, yerli mətbəx, ailə ənənələri, folklor, sənətkarlıq, memarlıq və digər maddi və qeyri-maddi irs elementləri qorunmalıdır.  UN Tourism-in kənd turizmi yanaşmasının mərkəzində də kəndlərin mədəniyyət və ənənələri qoruması, yerli həyat tərzini yaşatması dayanır.

Nəticədə Qarabağda kənd turizminin inkişaf modelini belə bir ardıcıllıqla görmək olar: Böyük Qayıdış → kənd icmasının yenidən formalaşması → ənənəvi həyat və kənd təsərrüfatının bərpası → yerli özünüidarəetmə və sahibkarlığın güclənməsi → peşəkar bilik və xidmət standartlarının yaradılması → kənd turizmi məhsulunun formalaşdırılması → yerli gəlir və məşğulluq → mədəni və təbii irsin qorunması → iqtisadi və sosial baxımdan dayanıqlı kənd.

Ekspert sonda qeyd etdi ki, Qarabağ kənd turizminin əsas məqsədi də məhz bu olmalıdır. Turist Qarabağ kəndinə sadəcə baxmağa gəlməməli, müəyyən müddət həmin kəndin həyatının qonağına çevrilməlidir. Turizm isə kəndi turist üçün dekorasiyaya çevirməməli, əksinə kəndin öz həyatını, insanlarını, təsərrüfatını, mədəniyyətini və ənənələrini yaşatmağa xidmət etməlidir. Bu halda kənd turizminin nəticəsini yalnız gələn turistlərin sayı ilə deyil, kənddə yaradılan gəlir və iş yerləri, yerli bizneslərin sayı, qorunan irs, yaşayan ənənələr və insanların öz doğma kəndlərində qurduqları dayanıqlı həyatla ölçmək mümkün olacaq.

Müşfiq MİRZƏ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri