Qardaş xalqların ilk elmi məfkurəvi məclisi
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
1926-cı ilin fevralında Bakıda Türk dünyası tarixində silinməz iz qoyan Birinci Türkoloji Qurultay keçirildi. Bu möhtəşəm toplantı türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin təməl daşlarından biri oldu.
Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında bu günlərdə imzaladığı sərəncamda deyilir: “Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır”.
O dövrdə Sovet İttifaqının tərkibində olan türk xalqları ərəb, kiril və digər yazı sistemlərindən istifadə edirdilər. Bakının ev sahibliyi etdiyi qurultayın əsas müzakirə mövzusu türk xalqlarının vahid latın qrafikalı əlifbasının yaradılması idi. Yeni əlifba savadlanma səviyyəsini yüksəltmək, həm də xalqlar arasında elmi və mədəni əlaqələri gücləndirmək məqsədi daşıyırdı.
Müzakirələr nəticəsində latın qrafikalı yeni əlifbaya keçid ideyası qəbul olundu. Bu qərar sonrakı illərdə Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər türk respublikalarında həyata keçirildi. Bu gün həmin qurultayda səslənən böyük ideya – birləşmiş, savadlı və mədəni Türk dünyası arzusu öz aktuallığını qoruyur. Oktyabr ayının 6-7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edən dövlət başçımız qeyd etdi ki, ortaq tarixi və etnik kök, dil türk xalqlarını bir ailə kimi birləşdirir.
Ortaq tarix və mədəni dəyərlər aləminə elm və mədəniyyət körpüsü olan Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində filologiya elmləri doktoru, akademik, Əməkdar elm xadimi Nizami Cəfərovla müsahibəni təqdim edirik.
– Nizami müəllim, Birinci Türkoloji Qurultayın keçirilməsində məqsəd nə idi?
– Azərbaycanın müstəqil dövlətini yıxıb yerində Azərbaycan Sovet Respublikası qurandan sonra bolşeviklər öz ideologiyalarını geniş yaymaq üçün bütün Sovetlər birliyində kütləvi savadlanma hərəkatı başladılar. Bu hərəkat, əslində, kommunist təbliğatının tərkib hissəsi idi. Sovet dövləti öz üzərinə belə bir məsuliyyət götürmüşdü ki, bu ölkənin xalqları savadlı olmalıdır. O vaxt respublikamızda da xeyli savadsız adam var idi, təhsilin səviyyəsi də yüksək deyildi. Belə bir fikir formalaşmışdı ki, Azərbaycanda savadsızlığın əsas səbəbi ərəb əlifbasının çətinliyidir. Həqiqətən də, belə idi. Ərəb əlifbasını öyrənmək üçün çox vaxt tələb olunurdu. Dövr, şərait də elə idi ki, öyrənməyə maraq, demək olar ki, yox idi.
Amma məsələnin bir konyunktur tərəfi də var idi. Ərəb əlifbasının Azərbaycan dilinə, Türk dillərinə yaramadığı yüz illər boyu deyilmişdi. Hətta Mirzə Fətəli Axundzadə latın əlifbasına keçilməsi uğrunda mübarizə aparmışdı. Əvvəl islahat aparıldı, amma gördülər ki, islahat məsələnin tam həlli deyil. Ona görə də XIX əsrin sonlarına doğru latın əlifbasına keçid fikri qətiləşmişdi. Artıq ərəb əlifbasını saxlamaq mümkün deyildi. Bəzən deyirlər ki, Sovet hakimiyyəti ərəb əlifbasını əlimizdən aldı, xalqı zorla latın əlifbasına keçirdi. Elə deyil, buna xalqın, ziyalıların da istəyi var idi.
Ziddiyyət onda idi ki, Sovet dövlətində ateist hakimiyyət mövcud idi. Onun qurucuları, liderləri yaxşı bilirdilər ki, Azərbaycanda, ümumiyyətlə, Türk dünyasında və Qafqazda ərəb əlifbası “Qurani–Kərim”in obrazıdır və bu səbəbdən kommunist ideologiyası, bu xalqlara çatmır. Ona görə də, bu əlifba aradan qaldırılmalı idi ki, dini baxışlar da müəyyən qədər loyallaşsın. İslam dininin qanunları olan yerdə Marks, Engels, Lenin ideyaları ola bilməzdi. Təbii ki, latın əlifbasına keçmək xalq üçün vacib idi. Əlbəttə, din mənəvi mədəniyyətimiz idi, amma xurafat tərəfi də var idi. Bu mənada, ziddiyyətli vəziyyət yaranmışdı.
– Deyə bilərikmi, əlifba islahatı Moskva üçün türk xalqlarının yazı sistemini birləşdirmək yox, onları parçalamaq, ayırmaq üçün bir vasitə idi?
– Xeyir, elə deyil. Birinci Türkoloji Qurultayın məqsədi ərəb əlifbasından latın əlifbasına keçid idi. Qurultay sovet ideologiyasının təzyiqi, təsiri altında baş tutsa da, Azərbaycan xalqının və Türk dünyasının ideyalarını ifadə edirdi. İndi özünü ziyalı adlandıran bəzi şəxslər deyirlər ki, Birinci Türkoloji Qurultayı Sovet hökuməti xalqın iradəsindən kənar olaraq keçirirdi. Məqsəd isə o idi ki, Azərbaycanda, Türk dünyasında nə qədər türkçü təfəkkürlü adam varsa, onların siyahısını tutsunlar, sonra da onları öldürsünlər. Zahirən elə görünsə də, amma belə deyildi.
1916-1917-ci illərdən 1926-cı ilə qədər Azərbaycanda və Türk dünyasında mövcud vəziyyət Birinci Türkoloji Qurultayın keçirilməsinə zəmin hazırlamışdı. Bu əhvali-ruhiyyəni nə ruslar, nə də Sovet hökuməti yaratmışdı. Bu, bizim xalqlarımızın iradəsi idi. Çünki hər bir xalqın həyatında milli oyanış baş verir.
Qurultayın konyunkturası həm də onda idi ki, Sovet hökuməti də bu xalqlara azadlıq, demokratiya və milli birlik vəd etmişdi. Əgər Sovet hökumətinin fikri Türk xalqlarını ayırmaq idisə, Türkoloji Qurultayın keçirilməsinə niyə razılıq verirdi? Bəzən deyirlər ki, ərəb əlifbası bu dilləri birləşdirirdi, çünki burada sait səslər yox idi, heroqlif tipində yazılırdı - türkmən bunu türkməncə, azərbaycanlı azərbaycanca, kazan tatarı da tatarca oxuyurdu. Elə olmur, dillərin özü ayrılır, dilləri heç kim ayıra bilməz. Yəni türkməni, qazağı, krım tatarını, özbəyi Sovet hökumətimi ayırmışdı? Xeyir, onlar XVII-XVIII əsrlərdən artıq ayrı-ayrı xalqlar idi.
Ən yaxın olan iki xalqın - Azərbaycan türkləri ilə Türkiyə türklərinin dilində, əhvali-ruhiyyəsində fərqlər əmələ gəlmişdi. Hələ Səfəvilər dövründə bu xalqların ayrılmasının faciəvi tərəfləri özünü göstərmişdi. Sultan Səlimlə Şah İsmayılın müharibələri hökmdarlarla yanaşı, həm də xalqların müharibələri idi. Xalqlar özünü təsdiq edir, Vətən hüdudlarını müəyyənləşdirdilər. Bunu Sovet hükumətinin boyunda qoymaq olmaz.
Birinci Türkoloji Qurultay 10 il müddətində hazırlanmışdı və 10 ildə də onun ideyaları həyata keçirildi. 10 ildən sonra nələr baş verdi? 30-cu illərin əvvəllərindən başlayaraq Sovet hakimiyyəti gördü ki, dünyada kommunizm qurmaq mümkün deyil. Ona görə də başqa xalqlara hörmət, qarşılıqlı münasibətlər, kommunist beynəlmiləlçiliyi, komintern kimi anlayışlar aradan qalxdı. İlk illərdə özünü rus çarizminin düşməni kimi təqdim edən Sovet Rusiyası 30-cu illərin ortalarından faktiki olaraq onun varisi idi. Artıq rusçuluq meydana çıxmışdı, ona görə də latın əlifbasını kirilə çevirdilər, repressiyalar başlandı.
– Birinci Türkoloji Qurultayda iştirak edən 131 nümayəndədən təxminən 20-si azərbaycanlı idi və demək olar ki, hamısı repressiyaya məruz qaldı.
– Yalnız qurultayda iştirak edənlər öldürülmədilər. Hüseyin Cavid qurultayın nümayəndəsi deyildi, Mikayıl Müşfiqin də qurultayla əlaqəsi yox idi. Qurultayın çoxlu sayda iştirakçıları – qazaxlar, özbəklər, qırğızlar da repressiyaya uğradılar. Çünki bunlar xalqın ziyalıları idilər və çoxunun da tərcümeyi-halında ciddi millətçilik təzahürü var idi. Məsələn, Qazaxıstanda milli azadlıq, maarifçilik və dövlətçilik ideyalarını daşıyan Alaş hərəkatında iştirak edən Əhməd Baytursunov milli Qazax hökumətinin liderlərindən biri olmuşdu. Qurultayda iştirak etsə də, etməsə də 30-cu illərin “qayda-qanunu” ilə onu güllələnmə gözləyirdi.
Bu mənada, bizim bəzi “vətənpərvərlər” Birinci Türkoloji Qurultayda nələr müzakirə olunub, hansı məsələlər qaldırılıb, bu hədəf nə dərəcədə əhəmiyyətli olub və bu müzakirələrdən çıxan nəticələr bu gün bizə nələri deyir - bunları öyrənmək əvəzinə, qurultayın adını çəkən kimi repressiyadan danışırlar. Bir daha vurğulayıram ki, repressiyaların qurultaya birbaşa dəxli yoxdur. Sovet hökuməti bu qurultayı keçirməmişdi ki, türk millətçilərini seçsin və onları repressiyaya uğratsın. Bu cür söhbətləri yığışdırmaq lazımdır. Repressiya Birinci Türkoloji Qurultayla bağlı deyildi, sonradan yaranmış siyasi hadisə idi.
Sovet hökumətinin qurultayın keçirilməsinə razılıq verdiyi vaxt belə bir iddiası olmayıb. Səməd ağa Ağamalıoğlunun rəhbərliyi ilə keçirilən qurultayda çarizm, velikorus şovinizmi kəskin tənqid olunub. Hətta çıxış edən azərbaycanlı ziyalılar rus millətçiliyinə qarşı kəskin fikirlər söyləyiblər.
– Türk dillərinin yazı sistemi, orfoqrafiya qaydaları qurultayda müzakirə olunan əsas mövzulardan idi.
– Rusiyadan da gəlmiş elm adamlarının çox ciddi nəzarəti ilə keçirilən Qurultayın ideya və siyasi rəhbəri Səməd ağa Ağamalıoğlu olsa da, çox nəhəng türkoloq Bəkir Çobanzadə elmi rəhbər idi. O, hansı məsələ ilə bağlı mübahisə yaranırdısa, dərhal işə qarışır, imkan vermirdi ki, məsələ öz məhvərindən çıxsın, mahiyyət unudulsun. Həmin o böyük elm adamlarının sayəsində qurultayın çox mükəmməl strukturu, sxemi olub. İlk olaraq, mübahisə törətməyən məsələlər – tarix, etnoqrafiya, tarixşünaslıq, ümumi altay dilləri, dil əlaqələri, nəzəri məsələlər müzakirə olunub. Sonra keçiblər qurultayın ən ciddi mövzularından olan terminologiya məsələsinə. Terminologiyada müəyyən mübahisələr olub, amma bu diskussiya mətləbdən kənara çıxmayıb. Qərarlaşdırıblar ki, ilk növbədə, xalqın öz dilindəki, sonra türk dillərindəki, sonda isə Avropa terminləri götürülsün.
Ərəb əlifbasını elə islah etmişdilər ki, köhnə ərəb əlifbasını bilən yeni əlifba ilə yaza bilmirdi. Niyə islaha ehtiyac var idi? Məsələn, ərəb dilinin tələblərinə uyğun olaraq bir səs 2, 3 və 4 hərflə yazılırdı. Çünki ərəb əlifbasında bir neçə “t”, bir neçə “z” hərfi var ki, o türk dillərində yoxdur. Bunların biri saxlanılıb. Kazan tatarları və qazaxlardan başqa heç kim ərəb əlifbasının nə yeni, nə də köhnə variantını müdafiə etmirdi. Ümumiyyətlə, qurultayda ərəb əlifbasının saxlanılması söhbəti olmayıb.
Orfoqrafiyanın müzakirəsi əlifba məsələsinə gətirib çıxarıb və iş o yerə çatıb ki, rus dilini tənqid ediblər. Hətta Əhməd Baytursunov rusların ən böyük alimlərinin iştirak etdikləri bir məclisdə deyib ki, rus dilində hər söz bir prinsiplə yazılır. Bu dil çox qarışıq, çox qeyri-mədəni dildir. Təbii ki, ruslar bu fikirlə razılaşmayıblar və deyiblər ki, sizin diliniz məktəbə gəlsə, sizə terminologiya lazım olsa, o zaman rus dilinin gününə düşəcək. Tatar Qalimcan Şərəf, qazax Əhmət Baytursunov bildiriblər ki, orfoqrafiya üçün əsas ahəng qanunudur ki, bir sözdə eyni tipli - ya qalın, ya incə saitlər olsun. Qazax dili ona görə gözəldir və ahəng qanununa tabedir ki, xalq dilini qoruyub.
Amma azərbaycanlılar, Türkiyə türkləri, hətta kazan tatarlarının dillərində ahəng qanunu pozulub. Ona görə də bu dil xəstədir, onu sağaltmaq lazımdır. Bəkir Çobanzadə isə bildirib ki, dilimizə alınma sözlər gəlib və gəlməlidir, çünki o sözlər mədəniyyəti, elmi ifadə edir. Orfoqrafiya ilə bağlı məsələlərdə əlifba da açıq müzakirəyə çıxarılıb. Bu mənada qurultay həm də elmi qurultay idi və burada yalnız praktik məsələlər həll olunmayıb.
– Qurultayın iclaslarında başqa hansı məsələlər müzakirəyə çıxarılıb?
– Birinci Türkoloji Qurultay yalnız əlifba islahatı ilə məhdudlaşmadı. Burada dilçilik, ədəbiyyat, tarix, terminologiya, folklor və mədəniyyət sahələrində ümumi prinsiplərin müəyyənləşdirilməsi, ortaq elmi istiqamətlərin qurulması məsələləri də müzakirə edilib. Amma bu məsələlərin müzakirəsində çox ciddi səhvlər buraxılıb. Məsələn, Fuad Köprülü kimi böyük bir alim ədəbiyyatla bağlı məruzəsində ədəbiyyat tarixindən, ədəbi dil tarixindən danışıb. Lakin verdiyi məlumatlar XVI-XVII əsrlərlə bitib. Qurultay canlı prosesi bildirməli idi: bu gün türk dilləri, türk ədəbiyyatları bir-birindən ayrılıbmı, ya ümumi bir ədəbiyyatdırmı?
Ədəbiyyatın ideyası, mövzusu, problemləri bütün türk xalqları üçün eynidirmi, ya artıq fərqli ədəbiyyatlar yaranıb? Fuad Köprülü bu suallara cavab vermək istəməyib. Ona görə də onun çıxışlarının praktik olaraq Birinci Türkoloji Qurultayın gündəliyinə elə bir təsiri olmayıb.
Ciddi problemlərdən biri də bu olub ki, türklərin tarixi haqqında çıxış edən türkoloq Vasili Bartold bu xaqları tayfa, köçəri adlandırıb. İmperiya quran xalq isə heç vaxt köçəri ola bilməz.
Türkiyə nümayəndələri qurultaya gələndə onların arasında macarlar, almanlar da olub. Onlar dil, əlifba məsələsinə qarışmaqdan imtina ediblər. Görünür, Atatürkün göstərişi idi ki, qurultayda Türkiyə türklərinin latın əlifbasına keçib-keçməməsi barədə heç bir fikir söylənilməsin. Maraqlıdır ki, sonra elə birinci Atatürk latın əlifbasına keçib, amma nümayəndə heyəti müdrikcəsinə susub. Bəlkə də o dövrdə elə susmaqları daha əhəmiyyətli idi.
– Bəkir Çobanzadə və Hənəfi Zeynallının türk dilləri üçün orfoqrafik lüğətlərin və vahid transkripsiya sisteminin işlənib hazırlanması təklifi necə qarşılanıb?
– Bu təklifi latın əlifbasına keçidin tərəfdarları, o cümlədən Bəkir Çobanzadənin təsiri altında olan krım tatarları dəstəkləyiblər. Latın əlifbasının tərəfdarı olmayanlar isə təbii ki, yaxşı qarşılamayıblar. Birincisi, onlar deyirdilər ki, biz müsəlmanıq, Quranın əlifbasından bu cür asanlıqla imtina etməyək. Xalq bunu dini qiymətləndirməmək kimi başa düşəcək. İkinci məsələ qədim əlyazmalardan uzaqlaşmamaq idi. Bir də eqo–mənəmlik olubdur: ermənilər, gürcülər latın əlifbasına keçmirlərsə, biz nə üçün keçməliyik? Bir tərəfdən də, adət etdiyin bir mədəniyyətdən fərqli mədəniyyətə keçmək asan deyildi. Digər kənar məsələlər də var idi ki, bunlar da fərqli təsir doğururdu.
Ərəb əlifbasının saxlanılmasının tərəfdarlarının əsas məqsədi o idi ki, biz orta əsrlərdəki yazılarımızdan imtina etməyək, onları oxuya bilək. Prosesin gedişində onlardan yeni ərəb əlifbasında bir neçə söz yazmalarını istəyiblər və yazıblar. Yerdən onları gülünc vəziyyətdə qoyan atmacalar atılıb ki, bu nədir, bununla nəyi yazmaq olar. Sual veriblər ki, yeni ərəb əlifbasını qəbul etsək, gənc nəsil köhnə ərəb əlifbasını oxuya biləcəkmi? Axı bu əlifbalar ayrı-ayrı olub. Ərəb əlifbasında hərflər, qrafimlər bir-birinə birləşir, həm də hərf sözün əvvəlində, ortasında, sonunda fərqli yazılır. Ona görə də islahatçılar ərəb əlifbasının bu xüsusiyyətlərini atıb, onu heroqliflikdən çıxarıblar, hər bir hərfi ayrı-ayrı yazıblar və gülünc bir mənzərə alınıb. Ona görə də orfoqrafiyanı yeni ərəb əlifbası əsasında qaydaya salmaq çox çətin olub.
Ərəb əlifbasında sözlər sağdan sola, rəqəmlər isə soldan–sağa yazılır. Deməli, sağdan–sola yazanda rəqəm üçün nə qədər yer saxlamalı olduğunu bilmirsən. Kimyəvi reaksiyalar da soldan–sağa yazılır. Bu məsələlərə görə qərara alınıb ki, ərəb əlifbasının nə köhnə, nə də yeni variantı qəbul oluna bilməz. Bir daha deyirəm ki, ərəb əlifbasının islahatının tərəfdarları o qədər də çox deyildi.
– Türkoloji Qurultay türk xalqlarının mədəni birliyinin təməl daşlarından idi. Bu, ideyalar indi TDT-nin fəaliyyətində özünü necə göstərir?
– Türk Dövlətləri Təşkilatının yaranması bizim tariximizdə bir obyektiv gedişdir. Təxminən 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev Bakıda keçirilən Türk dünyası yazarlarının Qurultayında demişdi ki, bizim mədəni, etnoqrafik birliyimizi siyasi birliyimiz tamamlamalıdır. Türk xalqlarının siyasi birliyi, əlbəttə, çox vacibdir və bu birliyi biz artıq görürük. Azərbaycan Prezidenti İlham Əliyev də söylədi ki, bizim birliyimizi təmin edən amillər var – kökümüz birdir, ortaq musiqimiz, ədəbiyyatımız, elmimiz, psixologiyamız var. Bunlar bizi məcbur edir ki, birləşək.
Türk xalqlarının tarixi, bütün digər xalqların tarixi kimi bölünmə tarixidir. Xalqlar, dillər, ədəbiyyatlar bölünməsə yaşamır, məhv olur. İnkişaf xalqın bölünməsindən ibarətdir. Türk xalqları bölünüb və ayrı-ayrı xalqlar əmələ gəlib. Bəzən milli təəssübkeşlik edərək deyirik ki, yox, biz bölünməmişik, eyni xalqıq, bir-birimizi yaxşı başa düşürük. Xeyir, biz bir-birimizi başa düşmürük və düşə də bilmərik, çünki biz Türk dünyasının daxilində fərqli xalqlarıq.
Ortaq etnoqrafik köklərdən istifadə edərək siyasi birlik yaradanda bu, artıq diferensiasiya yox, inteqrasiyadır. Yəni siyasi yolla inteqrasiyaya nail olmaq olar. Dil, mədəniyyət inteqrasiya olunmayacaq, amma ortaq cəhətlər qalacaq. Bu isə bizim vahid olmağımız demək deyil. Ona görə də bu gün türk xalqları üçün Türk Dövlətləri Təşkilatının qəbul etdiyi şüar bundan ibarətdir ki, daha az diferensiasiya, daha çox inteqrasiya.
Bu baxımdan, qurultay bizə çox zəngin materiallar verir. Birinci Türkoloji Qurultaydan başqa, bizim elə bir tarixi toplantımız olmayıb ki, xalqlarımızın ən böyük ziyalıları bu həcmdə bir yerə yığışsınlar. Bax bu, bizim üçün istinad olunacaq ən böyük mənbədir. Ona görə də Türk Dövlətləri Təşkilatı Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinə çox böyük həvəslə hazırlaşır. Biz də çalışırıq ki, Qurultayda müzakirə olunan məsələlərə geniş və analitik münasibət bildirək.
Bilirsiniz ki, qazaxlar və qırğızlar hələ də latın əlifbasına keçməyiblər. Rusiya özünü qorumaq üçün buna mane olur. Çünki Rusiyanın tərkibindəki xalqlar qıpçaqlardır. Əgər qazax, qırğız latın əlifbasına keçərsə, tatar, başqırd, qaraqalpaq, qaraçay, balkar, kumık, bir sözlə, bütün Şimali Qafqaz xalqları keçmək istəyəcək, çünki onların dilləri çox yaxındır. Beləliklə, bir hərəkat yaranacaq və ruslar düşünürlər ki, bu, onların sonu olacaq. Ona görə mane olurlar. Bu gün Türk Dövlətləri Təşkilatının qarşısında belə problemlər dayanır. Bu baxımdan, Birinci Türkoloji Qurultay gələcək hədəflər üçün həm praktik, həm elmi əsaslar verir.
– Birinci Türkoloji Qurultayda siyasi motivlər də olubmu?
– Bəli, olub. Çıxış edənlərin əksəriyyəti Oktyabr inqilabına bir tərif deyib, sonra məsələyə keçiblər. Amma bu, ikinci, üçüncü, hətta deyərdim ki, dördüncü dərəcəli olub. Əsas elmi-praktik, əlifba, orfoqrafiya, terminologiya məsələləri idi. Akademik müzakirələr isə siyasət qədər üzdən gedib. Bizim belə bir qurultayımız olub və orada gedən söhbətlər tariximizin mahiyyətidir.
Qurultayı repressiyanın içərisində əritməklə onu tariximizdən silmək istəyənlər, guya, vətənpərvər olduqlarını göstərməyə çalışırlar. Türk xalqlarının birliyinin və onlar arasında hansısa problemlərin ən obyektiv və ən səmimi həlli məhz Birinci Türkoloji Qurultaydadır. Biz onu tariximizdən silə bilmərik.
– Maraqlı söhbətə görə çox sağ olun.
Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















