Qazaxıstan Prezidenti: Birpalatalı parlamentə keçid beynəlxalq tendensiyalara tam uyğundur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 14 oktyabr, AZƏRTAC
Parlament islahatı ölkənin, xalqımızın taleyinə birbaşa təsir edən məsələdir.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatları üzrə işçi qrupun ilk iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı Qazaxıstanda müxtəlif sahələrdə genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edib.
O bildirib: “Gücləri birləşdirərək siyasi və sosial-iqtisadi islahatlar həyata keçiririk. Bu transformasiyalar davam edəcək. Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz. "Güclü Prezident - nüfuzlu parlament - hesabatlı hökumət" konsepsiyasını rəhbər tutaraq, dövlətimizin köklü modernləşdirilməsi strategiyasını davam etdirmək vacibdir. Beləliklə, ölkəmizdə prezident üsul-idarə sistemi öz aktuallığını qoruyacaq”.
O qeyd edib ki, ümumilikdə birpalatalı parlamentə keçid beynəlxalq tendensiyalara tam uyğundur.
“Dünya ölkələrinin üçdə ikisi belə bir parlament sistemini qəbul edib. İndi ümumi təlimatlar, düşünülmüş və balanslaşdırılmış təkliflər hazırlamaq lazımdır” -deyə Tokayev vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


