Qəbələdən dünyaya mesajlar...
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.







Bizi tarix birləşdirir!
TDT-də Azərbaycana artan inam
Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) daha bir mötəbər tədbirinə - qurumun Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə uğurla ev sahibliyi edib. Respublikamızın digər bir tarixi şəhəri olan Qəbələdə Türkdilli ölkələrin liderlərinin iştirakı ilə baş tutan Zirvə Görüşü TDT-nin inkişafında starteji bir addım kimi dəyərləndirilir. Tədbir çərçivəsində qəbul olunan qərarlar və birgə Bəyanat qarşıdakı strateji mərhələdə Türk dünyasının əsas hədəflərini müəyyənləşdirib. Zirvə Görüşündə dost ölkələrin dövlət və hökumət başçıları çıxış edərək TDT-nin gücləndirilməsi və gələcək birgə fəaliyyətlə bağlı fikirlərini bölüşüblər. Qəbələdə səsləndirilən bəyanatlar və fikirlər, ümumilikdə, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün indiki çağırışlar fonunda aktual olan istiqamətləri müəyyən edir.
Sədrliyin Qırğızıstandan Azərbaycana ötürülməsi
Bu gün TDT sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın bu səviyyəyə yüksəlməsində və Türkdilli ölkələr arasında hazırda məmnunluq doğuran inteqrasiyanın güclənməsində Azərbaycanın müstəsna rolu olub. Zirvə Görüşündə liderlərin çıxışlarında belə bir ümumi qənaət ifadə olunub ki, Azərbaycan TDT-nin güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Son olaraq isə Azərbaycan Türk Dövlətləri Təşkilatının Qəbələdə baş tutan Zirvə Görüşünə ev sahibliyi edib. Təşkilatın keçdiyi yolda Azərbaycanın roluna diqqət çəkən Qırğız Respublikasının Prezidenti Sadır Japarov vurğulayıb: “Qəbələ iki min illik tarixə malik qədim bir şəhərdir və bizim burada yığışmağımız heç də təsadüfi deyil. Oktyabrın 3-də 16 illiyi tamam olan Naxçıvan Sazişi olduqca vacib bir sənəddir. Bu qısa dövr ərzində təşkilatımız dinamik şəkildə inkişaf edib və regional səviyyədə nüfuzunu gücləndirib”.
Qəbələ Zirvə Görüşündə TDT-yə sərlik dost Qırğızıstandan Azərbaycana keçib. Respublikamızın qısa müstəqillik tarixində müxtəlif beynəlxalq təşkilatlara uğurlu sədrlik təcrübəsi var. Azərbaycanın tərkibində 120 dövləti bir araya gətirən Qoşulmama Hərəkatına (QH) sədrliyi dönəmində Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra önəmli qərarlar qəbul olunub, qurumun funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. QH daxilində yeni qolların yaranması da ölkəmizin müstəsna xidmətləri sayəsində mümkün olub.
O cümlədən Azərbaycanın TDT-yə bundan əvvəlki sədrliyi də bir sıra mühüm uğurlarla yadda qalıb. Məlumdur ki, respublikamızın TDT-yə bundan əvvəlki sədrliyi qlobal pandemiya dövrünə təsadüf edib. Azərbaycan əvvəlcədən məsuliyyətli bir gündəlik müəyyənləşdirmişdi. Ancaq qlobal pandemiyanın yaratdığı çağırışlar fərqli idi və buna görə də respublikamız gündəliyini yeni tələblərə uyğunlaşdırmaq məcburiyyətində qaldı. Həmin çətin günlərdə Prezident İlham Əliyev o mövqedən çıxış etdi ki, qlobal çağırışlara ancaq beynəlxalq həmrəyliyi gücləndirməklə cavab vermək mümkündür. Beləliklə, dövlətimizin başçısının təşəbbüsü ilə Türkdilli ölkələrin dövlət başçılarının onlayn formatda çox mühüm Zirvə Görüşü təşkil olundu. Bu, qlobal pandemiya dövründə beynəlxalq səviyyədə təşkil olunan ilk belə tədbir idi. Həmin təcrübəyə istinad edərək belə bir qənaəti əminliklə ifadə edə bilərik: Azərbaycan bu dəfə də liderlik keyfiyyətləri nümayiş etdirməklə uğurlu sədrlik həyata keçiriəcək. Buna əminliyini bildirən Prezidenti Sadır Japarov “Bu Zirvə Görüşü çərçivəsində Qırğız Respublikası təşkilata sədrliyini başa çatdırır və onu qardaş Azərbaycana ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi çərçivəsində təşkilat öz inkişafını davam etdirəcək və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Eyni zamanda, türk xalqlarının firavanlığına yönəlmiş bütün təşəbbüslər inkişaf edəcək”, - deyə bildirib.
“Türkün türklə ədavətə haqqı yoxdur”
Hazırda dünyada kədərli proseslər izlənilir. Bunlardan biri də qütbləşmənin dərinləşməsidir. Ayrı-ayrı dövlətlər bu və ya digər təşkilatlarda, ittifaqlarda birləşirlər və təəssüf ki, bu birliklərin fəaliyyəti heç də hər zaman xoş niyyətə əsaslanmır. Bu gün dünyada imperialist maraqların, güc amilinin, ikili standartların önə çıxması acı reallıqdır. Belə bir şəraitdə Türkdilli ölkələrin daha sıx birləşməsi, vahid platformadan çıxış etmələri çox vacibdir. Həm də dünyada yaranan formal birliklərddən fərqli olaraq Türkdilli ölkələrin daha sıx birləşməsini mümkün edən çoxsaylı amillər var. Bizi ilk növbədə tarix birləşdirir. Türkdilli xalqların hamısının kökü eynidir. Biz bir ağacın qol-budaqlarıyıq və oxşar dilləri, milli-mənəvi dəyərləri, adət-ənənələri, həyat tərzini bölüşürük. Bu xüsusda fikirlərini bölüşən Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov “Türk Dövlətləri Təşkilatı birgə tarixə, mədəniyyətə, irsə və dilə malik qardaş xalqları bir araya gətirir. Təşkilatın əsas hədəfi həmrəyliyi, dostluğu və qardaşlığı gücləndirmək, regional və beynəlxalq səviyyədə birgə fəaliyyəti təşviq etməkdir”, - deyə vurğulayıb.
İndiki dövrdə Türkdilli ölkələrin daha sıx inteqrasiyasının vacib olduğuna diqqət çəkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə çıxışında məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadədən sitat gətirərək deyib: “Türkün türklə ədavətə haqqı yoxdur”. Bizim ağsaqqalların dedikləri bu kimi sözləri çox yüksək tutmalı və türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik”.
Kasım-Jomart Tokayev Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaradılmış yaşıl enerji dəhlizini Türk dünyasında uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. İndiyədək azərbaycan Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrlə müxtəlif istiqamətlərdə sıx əlaqələr qurub. “Yaşıl enerji” dialoquna başlanılması ilə bu əməkdaşlıqda yeni səhifə açılır. Həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri zəngin bərpa olunan enerji potensialına malikdirlər. Artıq bu sahədə investisiya qoyuluşuna və istehsal fəaliyyətlərinə start verilib. Qarşıdakı mərhələdə isə yaşıl enerjinin idxal bazarlarına ötürülməsi kimi vacib məsələni həll etmək lazımdır. Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 2024-cü ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb. Həmçinin bəhs olunan Sazişin həyata keçirlməsi məqsədiilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisənin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.
Yeri gəlmişkən, Qəbələ zirvə Görüşündəki çıxışında Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanda və Mərkəzi Asiya dövlətlərində reallaşdırılan yaşıl keçid layihələrinin Avrpoa üçün böyük önəm daşıdığını vurğulayıb. “Hörmətli cənab Prezident, Sizin heyrətamiz nailiyyətləriniz, iqtisadiyyatın inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan sərmayə onun sübutudur ki, Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının “qızıl ehtiyatı”dır. Cənab Prezident Əliyevə təşəkkür edirəm ki, Azərbaycanın ən mühüm qaz yatağında macar şirkətinin iştirakı üçün şərait yaratdı. Bu, bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Prezident Əliyevi və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, biz strateji tərəfdaşıq”, - deyə Baş nazir əlavə edib.
Türkiyə bölgədə sülhə və sabitliyə töhfə verəcək addımları yüksək dəyərləndirir
Haqq yolunda olan, beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibə aparan qalib Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail olub. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun de-yure təsdiqlənməsidir. Qeyd olunan sənədlərin imzalanması bir daha göstərdi ki, dünya Azərbaycanın sülh gündəliyini qəbul edir.
Birgə Bəyanatda və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan sülh sazişində regionda qalıcı sülhə nail olmağı hədəffləyən mühüm müddəalar yer alıb. Əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.
Vaşinqtonda əldə olunan razılaşmalara uyğun olaraq 44 günlük müharibədən sonra əhəmiyyətini itirmiş Minsk qrupu artıq de-yure də ləğv olunub. Bu o anlama gəlir ki, keçmiş Dağlıq Qarabağ problemi beynəlxalq gündəlikdən tamam çıxarılıb.
Beləliklə, onilliklər ərzində işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayır. Azərbaycanın gücü və iradəsi sayəsində münaqişənin əsas səbəbi aradan qaldırılıb. Ölkəmizin yaratdığı reallıqlar regionda sülh, əməkdaşlıq və təhlükəsizlik üçün yeni fürsətlər açıb və bu fürsətlərdən istifadə olunmalıdır.
Regionda sülhyaratma prosesinin irəliləməsinə Türkiyə hər zaman öz töhfələrini verib. Rəsmi Ankara həmçinin Vaşinqton razılaşmalarını dəstəkləyir. Qəbələdə baş tutan Zirvə Görüşündəki çıxışında ölkəsinin yanaşmalarını, bölgədə sülhə və sabitliyə töhfə verəcək addımların əhəmiyyətini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Azərbaycan ilə Ermənistan arasında avqustun 8-də imzalanan Birgə Bəyannaməni bu baxımdan xeyirli addım olaraq görür, davamının gəlməsini arzulayırıq. Bu gün bir daha türk dövlətləri olaraq aramızdakı həmrəylik, qarşılıqlı hörmət və qardaşlıq ruhu ilə gələcəyə əmin addımlarla irəlilədiyimizi göstərdik. Biz böyük Türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq”.
Azərbaycanın yaratdığı reallıqlar sayəsində Cənubi Qafqazda sülh şəraitinin bərqərar olması digər Türkdilli ölkələrin liderləri tərəfindən də alqışlanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Vaşinqton razılaşmalarının birgə maraqlara xidmət etdiyini bildirib. O, dövlətimizin başçısına xitab edərək deyib: “Heç bir mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız sülhlə bağlı Birgə Bəyannamə məhz Sizin siyasi iradəniz sayəsində mümkün olmuşdur və bu, türk dövlətlərinin birgə nailiyyətidir. Bu Bəyannamə ilə iqtisadiyyat, ticarət, nəqliyyat və humanitar sahələrdə də geniş əməkdaşlıq imkanları açılır”.
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də keçmiş Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək verib. ŞKTC-nin Prezidenti Ersin Tatar Qəbələ Zirvə Görüşündəki çıxışında bildirib ki, bu Zirvə Görüşünün ortaq tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin beşinci ildönümünə təsadüf etməsi mühüm məna daşıyır. “Qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Qələbə yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük Türk dünyasının ortaq zəfəridir”.
Türk dünyası üçün yeni iqtisadi və tranzit imkanlar
Vaşinqtonda əldə olunan razılaşmalardan biri Zəngəzur Dəhlizinin (Tramp marşrutunun) yaradılması ilə bağlıdır. Bu dəhlizin yaradılması ilk növbədə Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi baxımından önəmlidir.
Eyni zamanda, bu marşrut qonşu dövlətlərin, eləcə də bütün Türkdilli ölkələrin mənafeyinə uyğundur. Azərbaycan bu dəhlizi Transxəzər marşrutunun bir qolu kimi inkişaf etdirmək niyyətindədir. Bu isə o deməkdir ki, Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr öz yüklərini Avropa bazarlarına daha asan çıxarmaq imkanı qazanacaqlar. “Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Zəngəzur dəhlizinin açılması qədim İpək Yolunun bərpası ilə yanaşı, bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Çin, Qırğızıstan, Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artacaq”, - deyə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında bildirib.
Çıxışında “Bu gün Türk Dövlətləri Təşkilatı mühüm regional təşkilata çevrilir”, - deyən Baş katib Türk Universitetlər Birliyinin Daimi Katibliyinin və xüsusi proqram fondunun təsis edildiyini bildirib və qeyd edib ki, Azərbaycanın ianə etdiyi 2 milyon ABŞ dollarının bir hissəsi məhz bu layihənin maliyyələşdirilməsinə yönəldiləcək.
Mübariz ABDULLAYEV


