Qəbələdən dünyaya: Türk dövlətlərinin güclənən İNTEQRASİYASI
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“XXI əsrin ikinci rübündə beynəlxalq münasibətlər sistemi təkqütblü sabitlikdən çoxqütblü dinamizmə keçid dövrünü yaşayır. Bu dəyişən dünya düzənində Türk dünyası yalnız ortaq dil və mədəni irs birliyi ilə deyil, həm də geosiyasi idarəetmə, enerji təhlükəsizliyi və normativ suverenlik baxımından diqqət mərkəzinə çevrilmişdir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında tədqiqatçı Əli Qədimov deyib.
O qeyd edib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvəsi bu transformasiyanın simvoluna çevrildi:
“Zirvə göstərdi ki, Türk birliyi artıq ideoloji konsepsiya deyil, praktik siyasi laboratoriyadır – burada müxtəlif idarəetmə modelləri, hüquqi konsepsiyalar və iqtisadi strategiyalar təcrübədən keçirilir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi dövlətlər bu laboratoriyada həm milli maraqlarını qoruyur, həm də ortaq gələcəyin konturlarını formalaşdırırlar.
“Laboratoriya” metaforası Türk inteqrasiyasının struktur mahiyyətini təsvir etmək baxımından son dərəcə yerindədir: əgər Avropa İttifaqı normativ hüququn sərt inteqrasiyasını, BRICS isə əsasən iqtisadi qarşılıqlı asılılığı sınaqdan keçirirsə, Türk Dövlətləri Təşkilatı bu iki model arasında yumşaq hüquqa söykənən elastik inteqrasiya laboratoriyası kimi fəaliyyət göstərir. Bu laboratoriyanın dayanıqlığı üç dayağın sintezindən yaranır: birincisi, institusional çeviklik – tövsiyə xarakterli qərarlar üzv dövlətlərə suverenliyi qorumaqla yanaşı, koordinasiyalı hərəkət imkanını saxlayır; ikincisi, normativ yenilik – 2009-cu il Naxçıvan Sazişi və “Türk Dünyası 2040 Vizyonu” regional hüquq təcrübəsini yeni çərçivədə kodlaşdırır; üçüncüsü, mədəni baza – inteqrasiya ideoloji dogmatizmdən deyil, identiklik və ortaq dəyərlərdən güc alaraq uzunmüddətli dayanıqlıq yaradır. Nəticə etibarilə, Türk birliyi həm siyasi praqmatizmi, həm də mədəni əsaslı birgəliyi vəhdətdə birləşdirən unikal çoxsistemli model kimi formalaşır.
Türk birliyinin hüquqi əsasları 2009-cu il Naxçıvan Sazişi ilə formalaşmışdır. Bu sənəd suveren bərabərlik, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri ilə yanaşı, “ümumi məsuliyyət” anlayışını da hüquqi diskursa daxil etmişdir. Nəticədə, regional hüquqda suverenlik və kollektiv öhdəlik arasında tarazlaşdırılmış model formalaşmışdır ki, bu da inteqrasiya prosesinin hüquqi sabitliyini təmin edən əsas sütunlardan biridir.
2021-ci ildə qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədi həmin hüquqi çərçivəni strateji planlaşdırma səviyyəsinə yüksəltmişdir. Bu sənəd beynəlxalq hüquq nəzəriyyəsində “yumşaq konstitusiya” kimi dəyərləndirilir: məcburi normativ qüvvə daşımadan üzv dövlətlərin davranış standartlarını və qarşılıqlı fəaliyyət prinsiplərini müəyyənləşdirir, eyni zamanda regional hüquq mədəniyyətində yeni normativ koordinasiya mühiti yaradır”.

Ə.Qədimov diqqətə çatdırıb ki, Türk inteqrasiyası yalnız geosiyasi əməkdaşlıq mexanizmi deyil, həm də regional hüququn yenidənqurma və harmonizasiya platforması kimi çıxış edir:
“Bu prosesdə hüquqi standartların mərhələli şəkildə uyğunlaşdırılması, ortaq məsuliyyət prinsiplərinin hüquq sistemlərinə inteqrasiyası və normativ suverenliyin qorunması Türk birliyinin institusional davamlılığını təmin edən əsas komponentlərdir.
Türk birliyinin praktiki müstəviyə keçidi ilk növbədə iqtisadi və nəqliyyat inteqrasiyası sahəsində özünü göstərir. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avrasiya məkanında yaranan yeni enerji-loqistika arteriyası kimi çıxış edir. Bu marşrut Qərb üçün Rusiya və İran ərazilərindən asılılığı azaldan alternativ ticarət koridoru, Çin üçün isə Avropa bazarına birbaşa və daha təhlükəsiz çıxış imkanını təmin edən strateji xətt rolunu oynayır.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında Orta Dəhliz üzrə Koordinasiya Platformasının təsdiqi bu istiqamətdə mühüm institusional addım olmuşdur. Platforma regional infrastruktur siyasətlərini uzlaşdırmaq, tranzit qaydalarını sadələşdirmək və sərhəd-keçid prosedurlarını harmonizasiya etmək məqsədi daşıyır.
Bu sistemdə Azərbaycan enerji və nəqliyyat qovşağı funksiyasını, Qazaxıstan və Özbəkistan resurs bazası rolunu, Türkiyə isə sənaye istehsalı və təhlükəsizlik körpüsü missiyasını yerinə yetirir. Nəticədə, Türk inteqrasiyası artıq təkcə mədəni və siyasi ideya kimi deyil, real iqtisadi mexanizm və funksional regional struktur kimi formalaşır. Bu, həm də Türk birliyinin konseptual mərhələdən tətbiqi mərhələyə keçidinin mühüm göstəricisidir.
Avropa analitik platformaları Türk inteqrasiyasını eyni zamanda regional sabitlik mexanizmi və geopolitik rəqib kimi qiymətləndirirlər. Avropa ictimaiyyətində və ekspert dairələrində bu proses həm maraqla, həm də müəyyən ehtiyatla qarşılanır.
İtalyan Special Eurasia jurnalının təhlilinə görə, Türk Dövlətləri Təşkilatı Qafqaz və Orta Asiya regionlarında “mədəni birliyi siyasi alətə çevirmə cəhdi” kimi xarakterizə olunur. Platforma qeyd edir ki, bu inteqrasiya prosesi təkcə mədəni yaxınlıq deyil, həm də Avrasiya geosiyasətində yeni güc mərkəzinin formalaşması baxımından diqqətəlayiqdir.
Hague Research və Elcano Institute analitikləri isə vurğulayırlar ki, Türkiyənin artan rolu Avropa İttifaqının normativ güc modelinə alternativ yaradır. Onların qənaətinə görə, “Türk modeli” Brüsselin universalist hüquq narrativini balanslaşdıraraq regional identiklik əsasında formalaşan yeni hüquqi mədəniyyət təqdim edir. Bu isə Avropa üçün həm normativ, həm də siyasi rəqabət müstəvisi yaradır.
Digər tərəfdən, Stear Think Tank Kipr məsələsini misal göstərərək xəbərdarlıq edir ki, TDT-nin genişlənməsi Avropa hüququnun “tanınmamış subyektlərə neytrallıq prinsipi” ilə ziddiyyət təşkil edə bilər. Bu yanaşma göstərir ki, Avropa mediasında ümumi ton “şərti dəstək və hüquqi ehtiyatlılıq” arasında tarazlaşır: Türk birliyinin iqtisadi və sabitlik potensialı qəbul edilir, lakin onun normativ müstəqilliyi Avropa hüquq sistemləri tərəfindən ehtiyatla qarşılanır.
ABŞ-da nəşr olunan The Diplomat jurnalı 2025-ci ilin Qəbələ Zirvəsini “Türk dövlətlərinin Avrasiya geosiyasətində yüksələn laboratoriyası” kimi təqdim edir. Nəşrin analitik təhlilinə görə, Türk birliyi ABŞ üçün iki əsas strateji istiqamətdə mühüm əhəmiyyət kəsb edir:
Birincisi, Çin-Rusiya təsir zonasının balanslaşdırılmasıdır – Orta Asiyada güclənən Çin iqtisadi nüfuzu və Rusiyanın hərbi-siyasi mövqeləri fonunda Türk dövlətlərinin koordinasiyalı fəaliyyəti ABŞ üçün çevik geosiyasi manevr imkanları yaradır. Bu, Vaşinqtonun Avrasiya siyasətində çoxqütblü balans yaratmaq məqsədinə uyğun gəlir.
İkincisi, enerji və ticarət marşrutlarının təhlükəsizliyinin təmin edilməsidir – Xəzər hövzəsindən keçən Orta Dəhliz ABŞ-ın Avrasiya enerji strategiyası ilə uzlaşır və Avropanın Rusiya enerji asılılığını azaltmaq baxımından mühüm vasitə kimi dəyərləndirilir. Bu marşrut həm də Qərbin enerji diplomatiyasında alternativ sabitlik xətti yaradır.
Eyni mövqe Atlantic Council və Brookings Institution kimi nüfuzlu düşüncə mərkəzlərinin hesabatlarında da ifadə olunur. Bu institutlar hesab edirlər ki, Türk birliyi NATO-nun cənub-şərq cinahında strateji tampon zonası funksiyasını yerinə yetirir və həm transatlantik təhlükəsizliyə, həm də Avrasiya sabitliyinə mühüm töhfə verir”.
Tədqiqatçının fikirincə, Amerika yanaşması Avropa baxışından fərqli olaraq daha praqmatik və təhlükəsizlik yönümlüdür:
“ABŞ analitik mühitində Türk Dövlətləri Təşkilatı nə rəqabətçi, nə də ideoloji aktor kimi deyil, əksinə, Qərb alyansının tamamlayıcı elementi və enerji təhlükəsizliyinin regional dayaq mexanizmi kimi təqdim olunur. Bu kontekstdə Türk birliyi Vaşinqton üçün qlobal çoxqütblülük şəraitində balans yaradan, enerji marşrutlarını diversifikasiya edən və geosiyasi sabitliyi təmin edən regional laboratoriya kimi qiymətləndirilir.
Rusiya mətbuatı – xüsusilə Nezavisimaya Gazeta, Vedomosti və Caspian Institute kimi nəşrlər Türk birliyini Rusiya təsir zonasına alternativ platforma kimi təqdim edir. Bu yanaşma Rusiya siyasi elitasının və akademik dairələrinin Orta Asiyada baş verən inteqrasiya proseslərinə münasibətində ehtiyatlı, lakin diqqətli mövqe tutduğunu göstərir.
Rus analitiklərinə görə, Türk Dövlətləri Təşkilatı əsasən Türkiyənin Orta Asiyada artan təsirinin siyasi aləti kimi çıxış edir və bu proses müəyyən mənada Avrasiya İqtisadi Birliyi (AİB) ilə rəqabət mühiti yaradır. Bu rəqabət birbaşa qarşıdurma xarakteri daşımır, lakin Moskvanın uzunmüddətli regional strategiyasında “Türk vektoru”nun nəzərə alınmasını zəruri edir.
HSE Journal və KISI.kz kimi elmi mənbələrdə vurğulanır ki, TDT artıq “imic və mədəni platforma mərhələsini” arxada qoyaraq “praktik siyasi və iqtisadi koordinasiya mərhələsinə” keçmişdir. Bununla belə, analitiklər hesab edirlər ki, Türkiyənin liderlik ambisiyalarının balanslaşdırılması vacibdi; əks halda, təşkilatdaxili dinamika asimmetrik xarakter ala bilər.
Ümumilikdə Rusiya mediasında Türk inteqrasiyasına münasibət rəğbət və ya qarşıdurmadan çox, ehtiyatlı müşahidə mövqeyi üzərində qurulmuşdur. Rəsmilərin ritorikasında “yaxın əməkdaşlıq potensialı” tez-tez vurğulansa da, Kremlin ekspert dairələri bu birliyi geosiyasi balansın dəyişdirici faktoru kimi diqqətlə izləyir.
Eyni zamanda TRT Russian platformasında fərqli ton müşahidə olunur. Burada Türk birliyi “artmaqda olan regional güc mərkəzi” kimi təqdim edilir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “TDT+” təşəbbüsü – yəni dost və müşahidəçi ölkələrin də əməkdaşlığa cəlb olunması müsbət qiymətləndirilir. Bu fakt mərkəzi Rusiya mediası ilə regional rusdilli media arasında diskurs fərqliliyini üzə çıxarır: birincisi daha ehtiyatlı və strateji ton saxlayır, ikincisi isə iqtisadi və texnoloji əməkdaşlıq perspektivlərinə açıq şəkildə optimist yanaşır.
Beləliklə, Rusiya mətbuatında Türk birliyi həm rəqabət obyekti, həm də mümkün əməkdaşlıq müstəvisi kimi dəyərləndirilir – bu isə Moskvanın çoxqütblü sistemdə öz yerini qorumaqla yanaşı, yeni güc mərkəzlərini də nəzərə almağa məcbur olduğunu göstərir.
Türkiyə mediasında (AA, Yeni Şafak, Daily Sabah) Türk birliyi anlayışı “geosiyasi yenidən doğuluş” kimi təqdim olunur. Prezident Rəcəb Tayyib Ərdoğan Qəbələ Zirvəsində çıxışı zamanı vurğulamışdır: “Türk dövlətlərinin birliyi bölgədə sülhün, ədalətin və iqtisadi tərəqqinin təminatçısı olacaq.” Bu bəyanat Türk inteqrasiyasının artıq mədəni və tarixi bağları aşaraq konkret geosiyasi istiqamətə çevrildiyini göstərir.
Xarici işlər naziri Hakan Fidan da bu mövqeyi diplomatik müstəviyə daşıyaraq bildirmişdir ki, “davamlı sülh yalnız türk dünyasının birliyi ilə mümkündür.” Bu fikirlər Türkiyənin TDT-ni regional sabitliyin və qlobal ədalət balansının formalaşmasında mühüm aktor kimi gördüyünü nümayiş etdirir”.
Əli Qədimov Azərbaycan üçün isə Türk inteqrasiyası həm mədəni-siyasi identiklik, həm də strateji balans məsələsi olduğunu diqqətə çatıdırb:
“Bakı coğrafi mövqeyi, diplomatik fəallığı və enerji siyasəti baxımından Türk birliyinin “katalizatoru” rolunu oynayır. 2009-cu il Naxçıvan Sazişi ilə başlanmış yolun 2025-ci il Qəbələ Zirvəsində davam etməsi Azərbaycanın bu prosesdəki ardıcıl və sabit liderliyini təsdiq edir.
Beləliklə, Türk birliyi XXI əsrin beynəlxalq münasibətlər sistemində yeni hüquqi və siyasi laboratoriya yaratmışdır. Bu model klassik inteqrasiya formullarını təkrarlamadan, regional təcrübədən və dəyərlər əsaslı praqmatizmdən qaynaqlanan alternativ birgəlik mexanizmini təqdim edir.
Bu çərçivədə dövlətlərin suverenliyi qorunmaqla yanaşı, ortaq məsuliyyət prinsipi də möhkəmləndirilir. Yəni üzv dövlətlər milli müstəqilliklərini itirmədən, kollektiv təhlükəsizlik, iqtisadi sabitlik və mədəni davamlılıq istiqamətlərində birgə məsuliyyət daşıyırlar. İqtisadi inteqrasiya regional sərhədləri aşaraq enerji, nəqliyyat və texnoloji sahələrdə yeni əməkdaşlıq sinerjisi yaradır, mədəni kimlik isə qlobal homogenliyə qarşı dayanıqlı özünüdərk mənbəyi kimi çıxış edir.
Türk birliyi nə Avropa İttifaqıdır, nə Avrasiya Birliyidir, nə də BRICS modelinin təkrarıdır. O, Türk modelidir – elastik hüquq, dəyər əsaslı siyasət və praqmatik diplomatiyanın orijinal sintezidir. Bu model ideologiyadan çox təcrübəyə, normadan çox real əməkdaşlığa söykənir və çoxqütblü beynəlxalq sistemin daxilində yeni nizamlayıcı eksperiment sahəsi yaradır.
2025-ci ilin Qəbələ Zirvəsi bu modelin manifestinə çevrilmişdir: Türk birliyi artıq nəzəri konsepsiya və ya mədəni ideya deyil, sınaqdan keçmiş siyasi reallıqdır. Burada aparılan təcrübələr və qəbul edilən qərarlar yalnız regionun deyil, bütün beynəlxalq nizamın gələcək arxitekturasını formalaşdırır. Türk birliyi bu mənada XXI əsrin geosiyasi laboratoriyasında normativ yenilənmənin, iqtisadi transformasiyanın və mədəni özünüdərk harmoniyasının canlı nümunəsidir”.


