Icma.az
close
up
RU
QƏLBİNDƏ ALLAHIN YERİNİ NƏ TUTUB?

QƏLBİNDƏ ALLAHIN YERİNİ NƏ TUTUB?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rəsul Mirhəşimli

Allahı tapmağın yolu bəzən onu axtarmaqdan əvvəl nələri rədd etməli olduğunu bilməkdən keçir. Çünki insanın Allahla arasına həmişə görünən divarlar girmir. Bəzən ən böyük maneə insanın öz içində yaratdığı bütlərdir. İnsan daşdan büt düzəltməyə bilər, amma öz arzularından, qorxularından, var-dövlətindən, vəzifəsindən, şöhrətindən, ehtiraslarından və hətta öz “mən”indən büt yarada bilər. Büt yalnız qarşısında səcdə edilən heykəl deyil, insanın həyatının mənasını və istiqamətini müəyyən edən, onun qarşısında daxili olaraq əyildiyi hər şey bir gün bütə çevrilə bilər.

Qurani-Kərim insanın bu təhlükəsinə diqqət çəkərək soruşur: “Nəfsinin istəyini özünə ilah edən kəsi gördünmü?” (“Casiyə” surəsi, ayə 23). Bu sual qədim bütpərəstlikdən daha dərin bir həqiqətə işarə edir. İnsan Allahın varlığına inanıb eyni zamanda nəfsinin istəyini həyatının son hakiminə çevirə bilər. Dilində Allah, həyatında isə pul, şöhrət, məqam və mənlik hökm sürə bilər. İmanın əsas sınağı da məhz burada başlayır.İnsanın dili ilə etiqad etdiyi həqiqət onun həyatında həqiqətən də hökm edirmi?

“Lə iləhə illəllah” kəlməsinin dərinliyində əvvəlcə rədd, sonra qəbul dayanır. “Lə iləhə” kəlməsi Allahdan başqa ilahların rəddidir, “illəllah” isə bütün bağlılıqların və itaətlərin yalnız Allaha yönəldilməsidir. İmam Qəzzali imanın inkarla başladığına diqqət çəkir. O deyirdi ki, əvvəlcə ilahları inkar et, sonra Allahın varlığına iman et. Buna görə iman yalnız Allahın varlığını təsdiq etmək deyil, Allahın yerini tutmağa çalışan hər şeyi öz qəlbindən çıxarmaqdır. İnsan özünün yaratdığı ilahları tərk etmədən Allahı tapa bilməz.

İnsanın ən böyük ziddiyyəti də budur, öz əli ilə yaratdığı şeyin qulu olmaq. Pul qazanır, sonra pulun əsirinə çevrilir. Vəzifə əldə edir, sonra onu itirmək qorxusu ilə yaşayır. Şöhrət qazanır, sonra başqalarının fikrindən asılı olur. Özünə bir obraz yaradır və ömrünün qalan hissəsini həmin obrazı qorumağa sərf edir. Nəticədə insan özünün qurduğu dünyanın içində azadlığını itirir.

Halbuki azadlıq hər şeyə sahib olmaq deyil, heç nəyin insanın ruhuna sahib çıxmasına imkan verməməkdir. İnsan var-dövlətə sahib ola bilər, amma var-dövlət onun sahibinə çevrilməməlidir. Dünyada yaşamalıdır, amma dünya onun qəlbində ilahlaşmamalıdır. Qurani-Kərim dünya həyatının keçiciliyini xatırladaraq onu “oyun və əyləncə, bəzək-düzək, aranızda öyünmək, mal-dövləti və övladı çoxaltmaq yarışı” kimi təsvir edir (“Hədid” surəsi, ayə 20). Problem dünyaya sahib olmaqda deyil, dünyanın insana sahib olmasındadır.

İslam fəlsəfəsinin və təsəvvüf düşüncəsinin əsas mövzularından biri də insanın öz “mən”inin əsarətindən çıxmasıdır. İmam Qəzzalinin əsərlərində nəfsin insanı necə aldatması, dünyəvi istəklərin qəlbi necə məşğul etməsi geniş şəkildə araşdırılır.

Mühyiddin İbn Ərəbinin düşüncəsində isə insanın öz məhdud varlığını mütləq həqiqət hesab etməməsi mühüm yer tutur.

Mövlana Cəlaləddin Ruminin təsəvvüf irsində də insanın öz dar mənliyindən çıxaraq, daha böyük həqiqətə yönəlməsi əsas mövzulardandır. Bu düşüncələrin ortaq nöqtəsi budur, insan özünü dünyanın mərkəzi hesab etdikcə həqiqətdən uzaqlaşır, öz məhdudluğunu dərk etdikcə isə Allaha yönəlir.

Bəlkə də insanın içindəki ən böyük büt elə özüdür. İnsan özünü başqalarından üstün görməyə, həmişə haqlı olduğuna inanmağa, tənqidi qəbul etməməyə və öz istəyini həqiqətin ölçüsünə çevirməyə başlayanda mənliyini ilahlaşdırır. Təkəbbür yalnız başqasına yuxarıdan baxmaq deyil; insanın öz məhdud “mən”ini mütləq həqiqət hesab etməsidir. Qurani-Kərim buyurur: “Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilərsən, nə də boyca dağlara çata bilərsən” (“İsra” surəsi, ayə 37).

Təvazökarlıq isə insanın özünü dəyərsiz sayması deyil, öz yerini düzgün bilməsidir. İnsan sahib olduğu ağılın, istedadın, imkanın və nemətin ona verilmiş bir əmanət olduğunu dərk etdikdə özünü mütləq sahib kimi görməkdən uzaqlaşır.

“Özünü tanıyan Rəbbini tanıyar” hədisi də məhz bu mənada düşünülə bilər. Bu hədisin İslam düşüncəsində işarə etdiyi məna geniş yer tutur. İnsan öz zəifliyini, faniliyini və ehtiyacını dərk etdikcə Yaradan qarşısındakı yerini daha aydın görür. Özünü tanımaq burada insanın özünü ilahlaşdırması deyil, əksinə, ilah olmadığını anlamasıdır.

İnsan başqasının bütlərini görməkdə mahirdir, öz bütlərini görməkdə isə çox vaxt kor olur. Başqasının pula bağlılığını qınayır, özü şöhrətin əsirinə çevrilir; başqasının təkəbbürünü görür, amma özünü haqlı çıxarmaqdan əl çəkmir. Həqiqi mənəvi yol isə başqasını mühakimə etməzdən əvvəl öz qəlbinə baxmaqdan başlayır. Çünki insanın özünə bəraət qazandırmaq qabiliyyəti sonsuzdur.Tamahını məqsədyönlülük, təkəbbürünü özünəinam, şöhrətpərəstliyini uğur arzusu, qəzəbini isə haqq uğrunda mübarizə adlandıra bilər.

Allahı tapmaq bu saxta adların arxasındakı həqiqəti görməkdir. İnsan nəfsinin, qorxularının, ehtiraslarının və dünyaya bağlılığının qarşısında “xeyr” deməyi bacarmalıdır. “Mən insanların alqışlarının qulu deyiləm, var-dövlətin qulu deyiləm, məqamın qulu deyiləm, öz təkəbbürümün qulu deyiləm” deyə bildiyi yerdə daxili azadlıq başlayır. Sonra “illəllah” gəlir, yalnız Allah, yalnız Ona yönəlmək və yalnız Onun qarşısında həqiqi mənada əyilmək.

Allah Qurani-Kərimdə buyurur: “De: Şübhəsiz, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür” (“Ənam” surəsi, ayə 162). Bu, dünyadan imtina etmək çağırışı deyil. Bu, dünyadakı hər şeyin öz yerinə qaytarılmasıdır. Pul vasitədir, məqsəd deyil. Vəzifə məsuliyyətdir, ilah deyil. Şöhrət keçicidir, həqiqət deyil. İnsanların rəyi dəyişkəndir, Allah qarşısında məsuliyyət isə qalıcıdır.

İman insanın yalnız “Allah var” deməsi deyil, həm də “mən ilah deyiləm” həqiqətini qəbul etməsidir. İnsan öz təkəbbürlü formasını aşdıqca, keçici olanı əbədi hesab etməkdən vaz keçdikcə və qəlbində Allahdan başqasına verdiyi mütləq hakimiyyəti geri aldıqca həqiqi azadlığa yaxınlaşır.

Bəlkə də “Lə iləhə illəllah”ın insan həyatındakı ən böyük mənası budur. Əvvəlcə bütün saxta ilahları rədd etmək, sonra qəlbi yalnız Allaha açmaq. İnsan öz əlləri ilə yaratdığı bütlərin qarşısında baş əyməyi dayandırdığı gün anlayır ki, azadlıq Allahdan uzaqlaşmaq deyil. Əsl azadlıq Allahdan başqa hər şeyin qulu olmaqdan qurtulmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see306

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see303

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see255

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see219

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see217

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see214

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see213

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see213

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see211

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see209

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see208

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see191

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see191

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see186

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see185

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see172

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see170

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri