Icma.az
close
up
RU
Qərbdən Şərqə böyük Avrasiya yolu Azərbaycandan keçir

Qərbdən Şərqə böyük Avrasiya yolu Azərbaycandan keçir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sakit okeandan Atlantikə uzanan bu marşrutun strateji önəmi ildən-ilə artır

Müasir dünyada nəqliyyat dəhlizləri artıq təkcə yüklərin bir coğrafi məkandan digərinə daşınmasını gerçəkləşdirən infrastruktur xətləri kimi qiymətləndirilmir. Bu, eyni zamanda, qlobal iqtisadi münasibətlərin dəyişməsi, beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, geosiyasi təhlükələrin artması və təchizat zəncirlərinin təhlükəsizliyinə dair narahatlıqların yaranması fonunda formalaşan nəqliyyat-kommunikasiya sistemlərinin strateji əhəmiyyətli amilə çevrilməsi baxımından yüksək dəyərləndirilir. Bu baxımdan Avrasiyanın nəqliyyat xəritəsində xüsusi diqqət çəkən Orta Dəhlizin inkişafı son illər beynəlxalq gündəliyin mühüm mövzuları sırasında yer alır.

Bakıda sentyabrın 7-dən 9-dək keçirilən “Qara dəniz və Xəzər Yük Daşımaları Forumu: 2026” adlı 5-ci beynəlxalq konfransa da məhz bu baxımdan mühüm platforma olaraq yüksək önəm verildi. Forum çərçivəsində Orta Dəhlizin inkişaf perspektivləri, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və yeni regional infrastruktur təşəbbüslərinin gələcək təsirləri geniş müzakirə edildi.

Bu müzakirələr bir daha göstərdi ki, Orta Dəhlizin gələcəyi təkcə yeni polad magistralların salınması, dəniz və quru yollarının açılması anlamına gəlmir. Dəhlizin rəqabət qabiliyyəti limanların imkanlarından, dəmir yolu şəbəkələrinin əlaqələndirilməsindən, müxtəlif nəqliyyat növləri arasında tənzimləmə aparılmasından, sərhəd-keçid prosedurlarının sadələşdirilməsindən və logistika sistemlərinin rəqəmsallaşdırılmasından birbaşa asılıdır.

Orta Dəhlizin əhatəsi genişlənir

Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmizə Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü funksiyasını yerinə yetirmək imkanı verib. Lakin müasir mərhələdə respublikamızın üstünlüyü təkcə coğrafi mövqeyi ilə məhdudlaşmır. Son illərdə həyata keçirilən məqsədyönlü infrastruktur siyasəti bu coğrafi üstünlüyün real iqtisadi və logistika imkanlarına çevrilməsinə əlverişli şərait yaradıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu, respublikanın müasir avtomobil magistralları, logistika mərkəzləri, Ələt Azad İqtisadi Zonası və digər infrastruktur layihələri ölkənin beynəlxalq yükdaşımalar sistemində rolunu əhəmiyyətli dərəcədə gücləndirib.

Xüsusilə Bakı – Tbilisi – Qars dəmir yolunun imkanlarının genişləndirilməsi və Xəzər sahilində liman infrastrukturunun inkişaf etdirilməsi Orta Dəhlizin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu infrastruktur vahid nəqliyyat sisteminin ayrı-ayrı elementləri deyil, bir-birini tamamlayan və Avrasiya məkanında yeni logistika arxitekturası yaradan strateji layihələrdir.

Azərbaycan bu gün Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, buradan isə Türkiyə və Avropa istiqamətinə daşınmasında əsas tranzit məkanlardan biridir. Bu prosesin sürətlənməsi isə respublikanın həm tranzit imkanlarını artırır, həm də iqtisadiyyatın nəqliyyat və logistika sektorunun inkişafına əlavə stimul verir.

Son illərin geosiyasi prosesləri beynəlxalq ticarətdə bir mühüm məsələni – dünya iqtisadiyyatının təkcə bir və ya iki əsas nəqliyyat marşrutundan asılı ola bilməməsi həqiqətini də ortaya çıxarıb. Təchizat zəncirlərində fasilələrin baş verməsi, regional münaqişələrin yaranması və müxtəlif geosiyasi narahatlıqların nəzərə çarpması alternativ marşrutların mövcudluğunu iqtisadi təhlükəsizliyin vacib şərtinə çevirib. Məhz bu şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayan bu marşrut tranzit xətti olmaqla bərabər, həm də geniş bir iqtisadi əməkdaşlıq məkanı kimi formalaşıb.

Dəhlizin əsas üstünlüyü onun bir neçə regionun iqtisadi potensialını vahid logistika sistemində birləşdirməsidir. Mərkəzi Asiyanın zəngin təbii ehtiyatları və sənaye imkanları, Cənubi Qafqazın tranzit potensialı, Türkiyənin Avropa ilə inteqrasiya olunan nəqliyyat infrastrukturu və Avropa bazarlarının geniş imkanları bu marşrutun iqtisadi məntiqini gücləndirir.

Lakin Orta Dəhlizin gələcək uğuru təkcə onun coğrafi üstünlükləri ilə müəyyən edilməyəcək. Bu, daha çox adıçəkilən marşrutun digər beynəlxalq nəqliyyat xətləri ilə müqayisədə nə dərəcədə sürətli, etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli olması baxımından nəzərə çarpacaq.

Orta Dəhlizin ən mühüm xüsusiyyətlərindən biri multimodal xarakter daşımasıdır. Burada dəmir yolu, avtomobil və dəniz nəqliyyatı vahid logistika zəncirində birləşir. Xəzər dənizi isə bu sistemdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əsas körpü rolunu oynayır. Qazaxıstan və Türkmənistandan gələn yüklərin Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qara dəniz limanlarına, Türkiyəyə və Avropaya çatdırılması isə Orta Dəhlizin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.

Bu səbəbdən Xəzər dənizində yükdaşımaların həcminin getdikcə artması liman infrastrukturunun paralel şəkildə inkişafının sürətləndirilməsini zəruri edir. Limanların ötürücülük qabiliyyəti, bərə və konteyner daşımalarının imkanları, yükün limanda emal sürəti və logistika xidmətlərinin keyfiyyəti dəhlizin ümumi rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.

Burada ən vacib məsələlərdən biri də müxtəlif ölkələrin liman və dəmir yolu operatorları arasında koordinasiyanın gücləndirilməsidir. Çünki multimodal daşımaların əsas problemi çox zaman nəqliyyat vasitələrinin öz imkanları deyil, bir mərhələdən digərinə keçid zamanı yaranan vaxt itkisidir.

Yükün polad magistraldan limana, buradan gəmi nəqliyyatına, daha sonra yenidən dəmir yoluna və ya avtomobil nəqliyyatına keçirilməsi vahid cədvəl və rəqəmsal koordinasiya əsasında reallaşdırılmadıqda, hətta ən yüksək keyfiyyətli infrastruktur da gözlənilən səmərəni verə bilmir. Bu mənada gələcəkdə ayrı-ayrı limanların və dəmir yollarının inkişafı ilə bərabər, onların vahid logistika ekosisteminin fəaliyyət göstərməsi də qarşıya əsas vəzifə kimi qoyulur.

Rəqəmsallaşan qlobal dəhliz

Hazırda Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx əlaqələndirilməsi xüsusi diqqət çəkir. Bu istiqamət xüsusilə böyük perspektivlər vəd edir. Belə ki, Qara dəniz limanları vasitəsilə Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi Orta Dəhlizin alternativ istiqamətlərini artırır və onun ümumi dayanıqlılığını gücləndirir.

Müasir logistika sistemində bir marşrutun üstünlüyü təkcə ən qısa məsafə ilə ölçülmür. Əsas məsələ yük sahibinin bir neçə alternativ istiqamət arasında seçim imkanına malik olmasıdır. Bu baxımdan Xəzər – Qara dəniz bağlantılarının genişləndirilməsi Avrasiya nəqliyyat sistemində çevikliyi artıran mühüm amildir. Azərbaycanın isə bu prosesdə rolu yenə də xüsusi önəm daşıyır. Ölkəmiz Xəzərin şərq sahili ilə Qara dəniz və Aralıq dənizi istiqamətləri arasında təbii logistika qovşağı funksiyasını yerinə yetirir. Bu imkanlardan səmərəli istifadə olunması üçün fiziki infrastrukturla yanaşı, vahid tarif siyasəti, tranzit prosedurlarının uyğunlaşdırılması və yük hərəkətinin proqnozlaşdırılması sistemlərinin yaradılması da zəruridir.

Müasir dövrdə nəqliyyat dəhlizinin keyfiyyəti təkcə yollar, körpülər və limanların vəziyyəti ilə yanaşı, həm də rəqəmsal infrastrukturla müəyyənləşir. Bu, o deməkdir ki, yükün harada yerləşməsi, hansı nəqliyyat vasitəsində olması, sərhəd-keçid prosedurlarının hansı mərhələdə həyata keçirilməsi, habelə limanlarda və terminallarda gözləmə müddəti barədə məlumatların real vaxt rejimində əldə edilməsi rəqəmsallaşmanın tətbiqi ilə beynəlxalq daşımalarda səmərəliliyi əhəmiyyətli dərəcədə artırır.

Gələcək logistika sistemində “bir pəncərə” prinsipi əsasında işləyən rəqəmsal platformaların rolu daha da artacaq. Yükdaşıyan şirkət müxtəlif ölkələrin onlarla qurumu ilə ayrı-ayrılıqda əlaqə yaratmaq əvəzinə, vahid elektron sistem vasitəsilə bütün zəruri prosedurları həyata keçirə biləcək. Eyni zamanda, elektron sənəd dövriyyəsi, rəqəmsal gömrük sistemləri, elektron yük qaimələri, yükün izlənilməsi və süni intellekt əsasında logistika planlaşdırılması Orta Dəhlizin gələcək inkişafında mühüm istiqamətlərdən biri olacaq.

Bu baxımdan rəqəmsallaşmaya nəqliyyat infrastrukturunun ayrılmaz hissəsi kimi yanaşılmalıdır. Çünki fiziki infrastruktur yükü hərəkət etdirirsə, rəqəmsal infrastruktur həmin hərəkətin sürətlənməsini gerçəkləşdirir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı böyük həcmli investisiyalar tələb edir. Limanların genişləndirilməsi, yeni dəmir yolu xətlərinin çəkilməsi, mövcud yolların modernləşdirilməsi, logistika terminallarının yaradılması və rəqəmsal sistemlərin qurulması uzunmüddətli maliyyə resursları tələb edən prosesdir. Bu baxımdan dövlət – özəl sektor əməkdaşlığı xüsusi önəm daşıyır. Belə ki, dövlət strateji infrastrukturun yaradılmasında və əlverişli hüquqi-institusional mühitin formalaşdırılmasında, özəl sektor isə logistika xidmətlərinin genişləndirilməsi, müasir texnologiyaların tətbiq edilməsi və yeni biznes modellərinin qurulmasında mühüm rol oynayır.

TRIPP Orta Dəhlizə yeni güc qatacaq

Bakı forumunda yeni infrastruktur təşəbbüslərindən biri olan Tramp marşrutu (TRIPP) ilə bağlı da ətraflı danışılıb. Müzakirələrdə TRIPP-in əsas ideyasının regionda multimodal tranzit əlaqələrinin genişləndirilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin gerçəkləşdirilməsi ilə yanaşı, Orta Dəhlizin nəqliyyat sisteminə yeni imkanlar yaratmaq olduğu da bildirilib. Eyni zamanda, bu il Ermənistan və ABŞ arasında TRIPP üzrə qəbul edilən sənədlərdə layihənin dəmir və avtomobil yollarını, enerji və fiber-optik infrastrukturunu da əhatə edə biləcəyinin multimodal təşəbbüs kimi nəzərdə tutulduğu vurğulanıb.

TRIPP-in perspektivi yalnız ayrıca bir nəqliyyat xəttinin yaradılması ilə məhdudlaşmır. Onun uğurla həyata keçirilməsi regionun ümumi bağlantı səviyyəsinə təsir göstərə və Cənubi Qafqazda yeni iqtisadi münasibətlərin formalaşmasına imkan yarada bilər. Əlbəttə, hər bir yeni infrastruktur təşəbbüsünün reallaşması üçün siyasi sabitlik, qarşılıqlı etimad, beynəlxalq hüquq prinsiplərinə hörmət və dövlətlər arasında səmərəli əməkdaşlıq vacibdir.

Məhz bu şərtlər təmin olunduğu halda, yeni kommunikasiya xətləri tranzit gəlirlərin artması ilə yanaşı, həm də regional iqtisadi inteqrasiyanın güclənməsini gerçəkləşdirir. Bu baxımdan TRIPP və digər regional kommunikasiya layihələri Orta Dəhlizin alternativi kimi deyil, Avrasiya bağlantısını tamamlayan yeni imkanlar olaraq qiymətləndirilir.

Beləliklə, Orta Dəhlizin perspektivləri bu gün təkcə tranzit yüklərinin həcmi ilə ölçülmür. Beynəlxalq təcrübə göstərir ki, böyük nəqliyyat marşrutları onların keçdiyi ölkələrdə sənayenin, ticarətin və xidmət sektorunun inkişafına da ciddi təsir göstərir. Dəhliz boyunca logistika mərkəzləri, anbarlar, sənaye zonaları, emal müəssisələri və xidmət infrastrukturu yaradılır. Bu isə yeni iş yerlərinin açılmasını, regionların iqtisadi fəallığının artırılmasını və qeyri-neft sektorunun inkişafını şərtləndirir.

Beynəlxalq maliyyə institutlarının və xarici investorların prosesə cəlb olunması da Orta Dəhlizin inkişafını sürətləndirə bilər. Lakin investisiyanın cəlb olunması məqsədilə təkcə iqtisadi potensial kifayət etmir. İnvestor üçün siyasi sabitlik, uzunmüddətli qaydaların mövcudluğu, tranzit prosedurlarının şəffaflığı və layihələrin iqtisadi əsaslandırılması da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən nəqliyyat dəhlizlərinin inkişafı həm də regional dövlətlərin institusional əməkdaşlığından asılıdır.

Nəhayət, Orta Dəhlizin fəaliyyətində diqqətçəkən məqamlardan biri də ölkəmizin tranzit imkanlarının genişləndirilməsi ilə bağlıdır. Belə bir şərait isə büdcə gəlirlərinin artması, eyni zamanda, Azərbaycan istehsalçılarının xarici bazarlara daha rahat çıxışı, idxal-ixrac əməliyyatlarının sürətlənməsi və respublikanın regional biznes mərkəzi kimi mövqeyinin möhkəmlənməsi deməkdir. Bu mənada, Orta Dəhlizdən keçən hər bir yük tranzit statistikasında qeydə alınan göstərici olmaqla yanaşı, həm də yeni iqtisadi əlaqələrin, investisiya imkanlarının və regional əməkdaşlığın daşıyıcısıdır.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri