Qərbi Azərbaycan Xronikası: Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Ermənistanda demoqrafik fəlakətin yaşanması və bu problemin həllinin Qərbi Azərbaycana dönüşdən keçdiyi vurğulanır.
Bildirilir ki, son illər Ermənistan əhalisinin təbii artımında ciddi problemlər yaranıb:
"Bir tərəfdən doğum səviyyəsi azalır, digər tərəfdən ölüm halları artır. Ermənistanda doğum səviyyəsi bu il son 7 ilin ən aşağı səviyyəsinə çatıb. Yeddi ayda cəmi 17 568 uşaq doğulub. Buraya Qarabağdan Ermənistana qayıdan ermənilərlə bağlı statistika da daxildir. Doğum sayı ötən illə müqayisədə 1 000, 2023-cü illə müqayisədə 2 589, 2022-ci illə müqayisədə 1 924, 2021-ci illə müqayisədə 2 558, 2020-ci illə müqayisədə isə 1 867 nəfər azdır. Doğum səviyyəsinin aşağı düşməsinin səbəbləri iqtisadi və sosial problemlər, gənclər üçün iş şəraitinin olmaması və mənzil problemlərinin artmasıdır. Bununla yanaşı, 44 günlük müharibədə Ermənistanın verdiyi onminlərlə itki də demoqrafik fəlakətin dərinləşməsinə səbəb olub".
Qeyd olunur ki, Ermənistanda demoqrafik fəlakətin qarşısını almaq üçün çıxış yollarından biri əcnəbilərin Ermənistanda vətəndaşlıq almasıdır:
"Bir müddət öncə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirmişdi ki, demoqrafik problemi yalnız mühacirət yolu ilə yaxşılaşdırmaq mümkündür. Onun bu fikri İrəvanda yenidən gündəmə gəlib və Qərbi Azərbaycana dönüşün demoqrafik fəlakətin həll yollarından biri olacağını müzakirə edirlər".
168.am saytı yazır ki, hakimiyyət "əcnəbilər" dedikdə azərbaycanlıların qayıdışını nəzərdə tutur və onların geri qayıdıb məskunlaşmasına etiraz etmir.
Demoqraf Mikael Malxasyanın sözlərinə görə, Zəngəzur bölgəsində hər beş nəfərdən biri bölgəni tərk edir. Statistikaya görə, Zəngəzur bölgəsində yaşayan əhalinin sayı 2011-ci illə müqayisədə 20 faiz azalıb. "Hraparak" nəşri isə yazır ki, Zəngəzurda əhalinin azalması xüsusilə 2019-cu ildən sonra sürətlənib.
Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış regionun qaçılmaz reallığıdır və iki ölkə arasında davamlı sülhün təməl prinsiplərindən biri məhz bu humanitar problemin həllindən asılıdır: "Zəngəzur bölgəsində erməni əhalisinin sürətlə azaldığı sirr deyil. Qərbi Azərbaycana qayıdış məsələsində azərbaycanlıların boşalan Zəngəzurda - öz doğma yurdlarında məskunlaşması perspektivi mümkün variantlardandır. Bunun baş verməsi həm də Ermənistanda demoqrafik fəlakətin yeganə həll yolu ola bilər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası: "Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur"


