Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış mövzusundakı beynəlxalq konfransın yekun sənədi qəbul edilib

Qərbi Azərbaycana qayıdış mövzusundakı beynəlxalq konfransın yekun sənədi qəbul edilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.

İcmadan APA-ya verilən xəbərə görə, sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir.

Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub.

Yekun sənəddə deylir:

“Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər.

İştirakçılar qeyd etdilər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir.

İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar.

İştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğuladılar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırdılar. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistematik şəkildə məhv edilməsindən narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırdılar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğuladılar.

İştirakçılar xatırlatdılar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına səbəb olmuşdur. Onlar vurğuladılar ki, Qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət bir nümunə ola bilər.

İştirakçılar vurğuladılar ki, ədalət barışıq və daimi sülh üçün zərurətdir. İştirakçılar Ermənistanı, azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırdılar. Onlar vurğuladılar ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması və birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

İştirakçılar qayıdacaq Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırdılar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd etdilər və Qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini vurğuladılar.

Onlar Ermənistan hökumətini regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırdılar. Onlar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini qeyd etdilər.

İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiq etdilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiəsi, azad olunmuş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Onlar həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə etdilər.

Bu xülasə, konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülh, təhlükəsizlik və barışığın təşviq edilməsinə xidmət edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see243

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see141

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see136

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see133

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see118

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri