Qərib nənənin qərib nəvəsi Əli Tudə Cavadzadə
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Turan Uğur
AYB - nin üzvü
(Sonsuz şövq və sevgi ilə yazdığım “Qərib nənənin qərib nəvəsi” adlı esseni 21 Azər Hərəkatının 80 illiyinə - fədailərimizin uca ruhlarına ithaf edirəm)
Azərbaycanın Vətən şairlərindən olan Əli Tudənin yaradıcılığı bütün həmşərilərimin və onların timsalında İsmayıl babamın sinəsində qalaqlanmış güney həsrətinin qaynar ocağıdır.Maalisəf bu ocağın istisi qədər, gözlərimizi xirələmiş tüstüsü də göylərə az qovzanmayıb.Əli Tudə qürurlu fədai olmaqdan ziyadə bir yurddaş idi.21 yaşında Təbriz Filarmoniyasının direktoru olandan şimaldakı şeir kitablarının çıxmasına qədər – bütün bu keşməkeşli yollarda Cavadzadə kişiyana, ağırbatman ömür sürüb.Vətən içində vətənləşənlərin bir aqibəti də qəriblikdir və bu qəriblik özgə qəribliklərə bənzəməz.Əli Tudənin xatirəsini uca tutaraq haqqında bədii proqramlar hazırlamış,“Qərib nənənin qərib nəvəsi” adlı esse də yazmışam.Həmin esseni
“Türküstan” qəzetinin sayğıdəyər oxucularına təqdim etməyi özümə borc bilir, ruhunu sayğı ilə anıram.
Qərib nənənin qərib nəvəsi
-Müəllif: Gəl, Əli! De görüm, Təbrizdən nə gətirdin?
-Ə.Tudə: Sizə mehman gələndə hava ayaz idi, azər (dekabr) ayının soyuğu sıcaq ideyalarımızı, istiqlal arzularımızı çarmıxa çəkmişdi.
Müəllif: Bəs dilində söz, əlində qələm - dəftər var idimi?
Ə.Tudə: Əslində, əlim bomboş idi. Şeirdə yazmağıma baxmayın.Dəftər, qələm nə gəzirdi, Naxçıvandan keçib, quru canımızı götürüb güclə gəlmişdik.Çox idik, hamımız naçar, hamımız yorğun, hamımız əzgin.Çanaxbulaqdan, Savalandan, Ərdəbildən, Təbrizdən doğma qardaşılarımıza güman gətirdik, özü də pünhan gətirdik.
-Müəllif: Yox,əvvəla burada qonaq sayılmzasan, Əli.Bir də ki, əliboş niyə? Yaxşıca xatırla!
Müəllif: Gəl, bir də başlayaq.Adın?
Ə.T: Əli
Müəllif: Soyadın?
Ə.T: Cavadzadə.
Müəllif: Özünlə nə gətirdin?
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Hələ təzə dövrana çox vardı, bir az əvvələ qayıdıram.1924 –cü ilə.Bakıda doğulan uşaq var, əslən Ərdəbilli.Adına Əli demişlər.Özündən olsaydı istərdi ki, onu “Vətən” çağırsınlar.Çün Əli bu xitabdan daha məmnun olardı.Görürəm, duyuram, ehsasatına bələdəm ona görə.Böyüyür Əli, 20-ci, 30 cu illərin təbəddülatlı Bakısında, Sovet Azərbaycanında nənəsi Qəribin umuduna qalır, çünki valideynlərini erkən itirir.Nənə Qəribin ocağında qəriblik demək nə qədər düz olar?! Vətənin o başı, bu başı olmaz ki, bu səbəbdən Əlinin yaşadığı illərə qərib illər deməyək.
Ata-baba yurdu Savalan ətəyində yerləşən Çanaxbulaq idi.Ələmqulu kişi və Şahbəyim ananın yurdu qədim Ərdəbildən boy verirdi, amma Əlinin dünyaya təşrif buyurduğu şəhərin adına Bakı deyəcəyik.Əli atasını 1, anasını 5 yaşında itirir.Şeirdən öncə könlünü verdiyi sənət rəssamlıq idi.Bir şakəri də varmış balaca Əlinin.Evin divarlarını qəzetlərdən kəsdiyi şəkillərlə doldurarmış.Divardakı şəkillərdən nafilə söz etmirəm, səbəbi var.
-”Ala gözlər” səbəbmi?
-Mən də bilmirəm.
Gecə mənə baxdın bir mələk kimi,
Çaldı gözlərimi ala gözlərin.
Könlümdən şığıyıb bir şimşək kimi
Az qaldı canımı ala gözlərin.
Əslində, şair Əlinin bütün lirik şeirlərinin qəhrəmanları da sanki Təbrizə, Ərdəbilə bənzəyir.Bu ikiləşmə, bu paralellər bəlkə də ən çox Əli Tudəyə yaraşırdı.Divar şəkillərini unutmadım, yox...Bakıda hələ o illərdə divarlardakı afişaların nadir şəkillərini Əlidən soruşun, o bilir neyləmək lazım olduğunu.Təsəvvür edin ki, bir yabançı filmin afişası ilə qabaq-qənşər dayanıb yeniyetmə Əli.Lap elə olsun romantik bir filmin afişası.Əvvəlcə filmin məzmunundan sizi hali edim, sonra keçək mətləbə.
Gözəl, ipək saçlı, ağ bədənli, büllur buxağlı, qaraqaş, qaragöz, lap Əlinin xətrinə olsun siyah telli Allahın bir bəlası, yəni bir afət.Yanında da bir bığıburma, çərkəzi paltarlı igid.Heybətli, zabitəli, zəhmli birisi.Sıyrılmış xəncəri göyə bülənd olub, yoxsa qızı vurmaqmı istəyir? Bu dəm məhəl qoymayasan o gənc oğlana.Çəngələyəsən o qızcığazın ipək tellərini.Başa düşək ki, sehrli çubuq kimi bir şeydi afişadakı qızın ipək saçları.Biqəfil rəssam olursan, yox rəssamlıq bir tutqudur, şair olursan, yəni Əli Tudə olursan.Hələki bir azca Əli Tudə.
Siz ey yanar gözləri!
Yuxusuz gecələrim!
Qorxulu gecələrim,
Qorxusuz gecələrim!
Siz nə qədər uzunsuz,
Siz nə qədər dərinsiz,
Siz nə qədər acısız,
Siz nə qədər şirinsiz...
Uzunsuz-
görünməyir
Əvvəliniz, sonunuz.
Dərinsiz-
bilinməyir.
Nə rəngdədir donunuz.
Acısız-
həyatımı
Əllərimdən alırsız.
Şirinsiz-
yaratdığım.
Şeirlərdə qalırsız...
Saçımda
nə qədər artsa dən,
Heç təəssüf etmirəm-
Sizə minnətdaram mən!
Axı, Yalnız sizinlə
Sirdaşım!
Heç nəylə yox!
Vətənimin borcunu
Ödəyirəm mən az-çox...
Axı, yalnız sizinlə
Dinir mənim rübabım,
Axı yalnız sizinlə
Yazdığım hər kitabım,
Həm günəşli, həm aylı
Kainatımdır mənim!
Vətənin qarşısında
Hesabatımdır mənim!
Yox! Bu azdır!
Vətənim
Mənə həyat veribdir
Zirvələrə uçmağa
Mənə qanad veribdir!
Düşünürəm...
Nə olar,
Dincliyə həsrətəm mən
Gərək bütün ömrümü
Vətənə həsr edəm mən!
Balaş Azəroğlu, Şıxəli Qurbanov, Teymur Elçin ilə “Ədəbiyyat “ dərnəyinə üzv oldular.”Heydər Rzazadə” ismi ilə şeirləri də çıxırdı adda-budda. Yeri gəlmişkən, “Heydər” adının da maraqlı tarixçəsi var.Şəhadətnaməsini alarkən dünyasını dəyişən əmisinin adını qoya bilməyən atası bərk kövrəlmiş ilk ağlına gələn adı demişdi.Yəni “Heydər” adını.İmam Əlinin ləqəbi Heydər Şahi-mərdana yaraşan kimi, şair Əliyə də xub yaraşdı.
Əli Tudə:
“Mən bunun səbəbini nənəmdən soruşanda dedi ki, atan şəhadətnaməni alanda Mirzəhüseyn yazdırmağa dili gəlməyib, gənc qardaşı bütün məziyyətləri ilə yadına düşüb.Sevinci kədərinə qarışıb, duruxub; anidən Heydər adını yazdırıb.Evdə isə səni Mirzəli, sonra isə Əli çağırıblar”
Çanaxbulaq kəndi onları müdam haylayırmış, doğmalarının yolunu gözləyirmiş.14 yaşında ikən güneylilərimiz sürgün ediləndə Əli və nənəsi də İrana geri qaytarılır.İnqilabi hərəkata hələ bir az vardı.Qağayılara bənzər ağ dalğalar Qərib nənə ilə yeniyetməni Ənzəliyə uğurlayacaqdı.1946-cı ildə yenidən Bakıya dönsün deyə, amma bu dəfə bilmərrə və nənəsiz.
Əvvəlcə Təbrizə deyil, Ənzəliyə gedirlər, sonra Ərdəbildə “Yumruq”, “Cövdət”, Təbrizdə ”Vətən yolunda” , “Azərbaycan” qəzetlərində şeirləri nəşr olunur.İnqilabi hərəkata qoşulanda lap gənc idi Əli, ancaq yaşından böyük idi, sirdaşlarına şeirin incəliklərini öyrədirdi.Əruz vəznində yazmağa özünə adət eləmiş şairləri heca vəznindəki gözəl nümunələri ilə heyrətləndirə bilirdi.Pişəvəri hökumətində Maarif Nazirliyində tədris şöbəsinin müdiri olur. 22 yaşında, hələ bu harası idi! Təbrizdə Dövlət Filarmoniyasının əsasını, özülünü qoyur.1-ci sinifdən 3-cü sinfə kimi olan ana dilindəki kitablarının nəşrini hazırlayır.
Sonra isə məlum hadisələr...Demokratik Firqənin süqutu...Əlinin iztirablı həyatı. Gündüzlər gizlənib gecələr yola düşurlər.Min-bir əzabla Əli Tudə, Aşıq Hüseyn Cavan və tarzən Yaqub dayı ilə bu taya keçirlər.
Quzeydə kimdən sorsan Əli Tudəni hər kəs deyər ki, mərd adamdı, comərd adamdı.Sözü kəsərli idi.Haqqın, dürüstlüyün yanında durmağı, sözü düz deməyi özünə peşə seçmişdi.Orta məktəbdə Həmdulla müəllimin silləsi onun qarsalanmış üzündə iz buraxandan bu yana yaxşını təqdir, pisi tənqid etmişdi.
“Mən yanar ürəyimə bəzən ürək desəm də,
Bir mürəkkəb qabı tək gəzdirmişəm sinəmdə” - deyən Əli Tudənin 40-a yaxın kitabında nəşr oluanan coşqun şeirlərini oxucular istəyirdi.
Əli Tudənin “Cənub nəğmələri” adlanan ilk kitabının çapı 1950-ci ilə təsadüf edir.Sonra “Bakının işıqları”, “Vətən sevgisi”, “Buludlar” kitabları oxucularla görüşür.Şairin də başı üzərindən buludlar çəkilir.Yazır, yaradır.Şəfiqə xanımı ömür-gün yoldaşı seçir.Təranə, Pərvanə, Rəna, Natiq kimi layiqli övladlara ata olur, amma tək onların taleyində yox, mühacir ömrü yaşamış hər kəs də Əli müəllimin atalıq payı var.Bu gün də nəvəsi Əlinin ömründə yaşamaqda davam edir Əli Tudə, hələ qonaq da gəlib bizə.1946-cı ilin gəlişindən daha fərqli, daha amiranə və daha dostanə.
Müəllif: Gəl, bir də başlayaq.Adın?
Ə.T: Əli
Müəllif: Soyadın?
Ə.T: Cavadzadə.
Müəllif: Ləqəbin?
Ə.T: Tudə, yəni xalq.
Müəllif: Özünlə nə gətirdin?
Əllərin boş görünür.
Ə.T Əllərim boş olsa da,qəlbimdə Təbrizi gətirdim.
Müəllif: Nə yaxşı.Onda, bundan sonra Qərib nənənin qərib nəvəsi sayılmazsan ki!
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















