Qəzaya görə “Latsio”ya transferi alınmayan İsmayılov: “Qaçhaqaç başlayanda futbol oynayırdıq” MÜSAHİBƏ
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabiq futbolçu, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovunFutbolinfo.az-a müsahibəsi
– 1978-ci il avqustun 30-də Qərbi Azərbaycanda dünyaya gəlmisiniz. Orada keçirdiyiniz günləri xatırlayırsınız?
– Uşaqlıq illərimi çox yaxşı xatırlayıram. Hətta qardaşımla danışanda doğulduğum kəndi ev-ev də deyəndə, söyləyir ki, bunlar sənin necə yadında qalır? Amma qəribədir ki, 5 il əvvəlki tarixi xatırlaya bilmirəm. Uşaqlıq ağ vərəqə köçürülübmüş kimi beynimdədir.
– Neçənci ilə qədər orada qalmısınız və köçürülmə anlarını xatırlayırsınız?
– 1988-ci ilə qədər orada yaşamışıq və deportasiya olunduğumuz günləri çox yaxşı xatırlayıram. 10 yaşım var idi. O vaxt məktəblərarası çempionatlar keçirilirdi, mən də bu yarışlarda çıxış edirdim və hətta özümdən böyüklərlə də oynayırdım. İnanırsınız, biz qaçhaqaç başlayanda meydanda futbol oynayırdıq. Ləmbəli kəndimizin böyük yaşıl meydanı var idi. Yeri gəlmişkən, kəndimiz Gürcüstandakı Sadaxlı kəndi ilə qonşu idik. Nə isə, biz futbol oynayanda tez xəbər göndərdilər ki, evə gəlin, vəziyyət pisdir. Dedik ki, yox, biz gəlmirik, futbol oynayırıq. Dedilər, gəlmirik nədi, biz gedirik, bizi qovurlar. Topu da ora tulladıq, hərə bir tərəfə qaçdı. Gəldim evə gördüm ki, Körpulü kəndindəki bibim artıq deportasiya nəticəsində yüklərini bizə gətirib. Təəccübləndik ki, qovmaq nədir? Dedilər ki, yox e, indi gəlib bizi də qovacaqlar. Bir sözlə, kənddə aləm bir-birinə dəyib. Gecə ilə nəyimiz var idi maşına yüklədik, gördük ki, mənfur düşmənlərimiz əlləri avtomatla kəndə tökülüşdülər.
– Avtomatlı dığalar. Qorxu var idi?
– Əlbəttə. Biz uşaq olmuşuq, nə görmüşük ki. LAZ və “İkarus”larla gəldilər ki, haydı, çıxın! Kimin böyük maşını var idisə, yükünü tam götürüb çıxa bildi, bizim maşınımız balaca idi, nəyimiz var idi, yüklədik, sonradan atam qayıdıb bəzi əşyalarımızı da götürdü. Neçə gündən sonra özüm də Gürcüstandan yenidən kəndimizə qardaşım və sinif yoldaşımla qayıtdım. Evə gəlib göyərçinlərimizi götürüb apardım, itimizi tapa bilmədim.
– Ovaxta qədər kənddə gərginlik hiss edirdiniz? Ermənilərlə münasibət necə idi?
– Elə bir şey yox idi, amma onlar bizə həmişə “turk” deyirdilər. Bizim kənddə çox da erməni olmayıb. 5-10 ailə ola, ya olmaya. Qalan hamısı azərbaycanlı idi. Hətta ermənilər də azərbaycanca danışırdı.
– Bakıya nə vaxt köçdüz?

– Birinci Gürcüstana köçdük. Sonra Gürcüstandan oxumaq üçün Tovuza gəldik. Orada Girzan kəndində (indiki Hunanlar) bibim yaşayırdı. Gürcüstanda çox az qaldım. Biz orada qaldıq, atam geri qayıtdı. 1989-cu ilin may ayına qədər orada oxuduq. Daha sonra Bakıya köçdük.
– Yenidən tarixi torpaqlarımıza qayıdacağınıza ümid edirsiniz?
– Mən ümid etmirəm, amma valideynlərim bu inamla yaşayır. Bunu həddindən artıq çox istəyirlər. İndi onların görüşü başqadır, mənim fikrim başqa. Mənə elə gəlir ki, bu, mümkün deyil. Onlar hər addımda sənə tələ quran adamlardır. Ermənilərin xisləti pisdir. Bəlkə də yaşlı nəslin nümayəndələridir deyə valideynlərim belə düşünür ki, bundan sonra ermənilər bizə heç nə etməz, amma biz artıq gördüyümüzü görmüşük. Hər milləti tanıyırıq. Valideynlərim deyir ki, bəlkə yaxşı oldu, deyirəm ki, “bəlkə” ilə yaşayırsınız da.
– Futbola maraq elə o illərdən yaranıb?
– Deməzdim. Mənim atam da futbolçu olub. 1970-ci illərdə Gəncədə təhsil alırmış, orada da zona birinciliyində mübarizə aparan komandaların birində oynayırmış. Kəndimizin hər bir sakini təsdiqləyə bilər ki, atam çox güclü futbolçu olub. Kəndlərarası futbol yarışları keçiriləndə, komandamızın kapitanı idi. O mənə deyirdi ki, “atam məni futbol oynamağa qoymadı, amma mən sənin qarşını kəsmək istəmirəm. Sənə nə şərait lazımdırsa, kömək edəcəyəm”. Mən də fikirləşdim ki, sən mənə nə kömək edə bilərsən. Doğrudur, valideyn kimi dəstək çox vacibdir. Amma mənə maddi dəstəyə ehtiyac yoxdur. O vaxt mən futbola gedəndə aylıq 3 rubl ödəyirdim. Onu da atam verirdi ki, get, davam elə! Anam narazı olurdu ki, pul yoxdur, bu nəyə lazımdır ki. Bizə Bakıda rəhmətlik Hüseyn müəllim futbolun sirlərini öyrədirdi. I Liqada “Naxçıvan” komandasında oynayırdıq. Komandamızda Rizvan və Fuad Fərzəliyevlər, Samir Musayev, Zaur Ramazanov, Ramiz Hüseynov və Təhmuraz Rzayev kimi futbolçular da var idi. Ümumiyyətlə, uşaqlıqdan Hüseyn müəllimin komandasında oynamışıq, onun məktəbini keçmişik.
– Özünüzə Qərbi Azərbaycandan çıxan ən istedadlı futbolçu deyə bilərsiniz?
– Vallah, heç nə deyə bilmərəm. O zonadan çox futbolçu çıxıb. Qərbi Azərbaycandan Samir Əliyev, Xaqani və Füzuli Məmmədovlar çıxıb. Hətta deyilənə görə Vidadi Rzayevin də əsli oradandır. Qoy mənə kənardan qiymət versinlər, mən necə deyə bilərəm ki, o bölgədən çıxan ən yaxşı futbolçu mənəm. Bəlkə mənə deyəcəklər ki, sən 5-ci yerdəsən.
– İlk peşəkar klubunuz Bakının “Dinamo” klubu olub, yoxsa “Naxçıvan”ı ilk iş yeriniz sayırsınız?
– Peşəkar karyera baxımından “Dinamo” sayılır, amma mən ilk olaraq “Naxçıvan”ın üzvü sayılmışam. Çünki orada bizə maaş yazılırdı, müqavilə ilə I Liqa klubuna məxsus idim. “Dinamo”nun özü də I Liqada oynayıb. Mənim uğurlarım məhz “Dinamo”dan başlayıb. O vaxt Hüseyn müəllim daxili qoşunlardan Salman Musayevi dəvət etdi, onlara sponsor olmağı təklif etdi, qarşı tərəfdə həvəs yaratdı, bizim əsgərlik məsələmizi həll etdilər, adını da qoydular “Qartal 95”. Mənimlə birgə Emin Quliyevi də “Dinamo”ya keçirtdilər.
– “Naxçıvan” da Bakını təmsil edirdi?
– Hə, Hüseyn müəllim onu öz gücünə saxlayırdı. Komandanı yaşatması üçün evini, sonradan aldığı avtobusunu satdı. Nəticədə sponsor axtarışına çıxdı.
– “Neftçi”dən necə təklif aldız?
– Mən “Dinamo”da oynaya-oynaya əsgər idim. Məni Ruslan Abdullayev “Abşeron” otelinə söhbətləşməyə çağırdı. 18-19 yaşım var. Bilmirdim də, elə bildim ora birbaşa müqavilə imzalamağa gedirəm. Dedilər yox, belə olmaz, əsgərliyin bitəndən sonra “Neftçi”yə keçərsən. Dedim ki, mənim üçün fərqi yoxdur, indi də keçə bilərəm. Daha başa düşmürdüm ki, hərbi xidməti başa vurmamış bunu edə bilmərəm. İnanırsınız, əsgərliyim 3 il çəkdi. Artıq 1999-cu il idi, “Neftçi”yə Əhməd Ələsgərov gəlmişdi. Bu müddət ərzində Əhməd müəllimin özü də mənimlə danışmışdı. Hərçənd, bu müddətdə “Şəmkir”, “Kəpəz” və “Qarabağ”la danışıqlarım olmuşdu. Amma “Neftçi” flaqman idi, mənim uşaqlıq xəyalım idi. Ona görə də “ağ-qaralar”la müqavilə imzaladım. Fikrimcə, səhv addım atmadım. 5-6 il orada oynadım.
– İranın “Sənət Neft Abadan” klubuna necə keçdiniz?
– Orada futbolumuzda fasilə yarandığı dövrdə oynadım. Məcburiyyətdən ora keçdim. Doğrudur, o ərəfədə Ukraynadan “Volın”, Rusiyadan “Lada” variantı da var idi. Sadəcə, İran variantı daha real idi, bir də daha yaxşı maaş verirdilər. Futbolçu da pula görə oynayır da. Hərçənd mən 2003-də İrana yollanmışdımsa, 2001-ci ildə Tolyattiyə getmişdim. “Lada” ilə müqavilə imzalayan anda rəhmətlik Fuad Musayev zəng etdi ki, “qayıt, sən mütləq “Neftçi”də olmalısan, orada səni oynamağa qoymayacağam”. Baş məşqçisi də Aleksandr Qarmaşov idi. Məni təyyarə ilə geri qaytardılar. Gəlib Fuad Musayevlə danışdım, yalvar-yaxar razılığını aldım, qayıdım təyyarəyə minəndə mənə Vaqif Qasımov zəng etdi ki, “yox, Fuad Musayev dedi ki, geri qayıtsın, mən onu buraxmayacağam, biz millinin bütün uşaqlarını “Neftçi”yə yığırıq”. Halbuki, az əvvəl icazə vermişdi e. Məni təyyarənin pilləkənindən düşürdülər. Nə edim, başqa çarəm yox idi. 3 ay Tolyattidə qalmışam, məni yedizdirib-içizdiriblər. Fuad Musayevin AFFA prezidentliyindən devrildiyi dövrdə mən də futbolsuz qalmamaq üçün İranı seçdim. 6 ay Abadanda oynadım, oradan da birbaşa Ukraynaya yollandım. Samir Əliyev və Kamal Quliyev də orada idi.
– İrandakı karyeranız necə alındı?

– Bütün oyunlarda meydana çıxdım, İlham Yadullayevlə bir yerdə idik. Abadan da İranın cənub hissəsində, İraqa yaxın idi. Ora neft şəhəri, şəhərin də yarısı ərəblər idi. Çox isti olurdu. Otaqdan çıxa bilmirdik, təsəvvür edin, otaqda eyni vaxtda həm kondisioner, həm də “ventilyator” işləyirdi. Həyətə çıxırdın, nəfəsin kəsilirdi. Müqaviləm bitən kimi Ukraynaya getdim.
– “Volın” karyeranız haqda nə deyə bilərsiniz?
– Ukrayna karyeram çox yaxşı başladı, amma həmin dönəmdə Bakıda avtomobil qəzasına uğradım. Ağır bir sonluq oldu, qəzanın təfərrüatları ilə bağlı danışmaq istəmirəm. Çox yaxşı dönəm idi. Yeri gəlmişkən, mənim Ukraynada ilk oyunum səfərdə Kiyev “Dinamo”suna qarşı olub. Sonra evdəki ilk matçımda qol da vurdum. Sonra elə oldu ki, “Latsio” ilə danışıqlara başladıq. Artıq İtaliyaya yollanmağa hazırlaşırdım. Həkimdən keçməli idim. “Latsio”nun nümayəndələri Bakıya gəlib Finlandiya ilə oyunda çıxışımı izləmişdi. Hər şey hazır idi. Elə oldu ki, İtaliyaya yollanmağıma bir gün qalmış qəzaya uğradım. Gedib çıxa bilmədim, bizimkilərdən soruşublar ki, niyə gəlməyib, vəziyyət belə… Onlar da məyus olmuşdular. Həmin hadisədən sonra mən 2-3 ay yataqdan qalxa bilmədim. Düzələndən sonra yenidən “Volın”ın düşərgəsinə qayıtdım, onların sıralarına Türkiyədə təlim-məşq toplanışında qoşuldum. 21 günün son 1 həftəsində meydana çıxdım. Ukraynada çempionata başladılar, gördüm yox, Vitali Kvartsyanı ilə alınmır. Baş məşqçi artıq mənə güvənmirdi. Mən də oynamaq istəyirəm, belə davam edə bilməzdi. Özü ilə danışdım, geri qayıtmağa icazə vermədi. Kvartsyanı bir az başqa cür adam idi, mənə deyirdi ki, müqavilə müddətini yenilə, sənə şans verim. Mən də cavab verirəm ki, məni oynatmırsansa, necə müqaviləni yeniləyim? Nə isə, qabağıma şərtlər qoydu. Məsələ ondadır ki, bunlardan alacaqlarım da var idi. Deyirdi ki, müqaviləni yenilə, məvaciblərini ödəyək. Dedim ki, yox, gedirəm.
– Bura qayıtdıqdan sonra klubları əlcək kimi dəyişdiniz: “Qarabağ”, “Karvan”, yenidən “Neftçi”, “MKT-Araz”, “Olimpik-Şüvəlan”, “Qəbələ” və “Muğan”. Tez-tez klub dəyişməyinizin səbəbi nə oldu?
– Ukraynadan qayıtdıqdan sonra “Qarabağ”a keçdim, Şahin Diniyev komandaya rəhbərlik edirdi. Sağ olsunlar, mənə imkan yaratdılar, 6 aylıq müqavilə imzaladım. Onda da biz UEFA Kubokunda Slovakiyanın “Dukla” klubu ilə oynadıq. Onda Şahin müəllim çıxdı, Ponamoryov gəldi. Banska-Bıstritsada 0:3 hesabı ilə uduzduq. Cavab oyunu ərəfəsində bir az maaş məsələsində problemlər oldu. Gecikmələr olurdu, mən də klubu tərk etdim. O vaxt da bir tərəfdən “Karvan”, digər tərəfdən “Xəzər Lənkəran” məni çağırırdı. Nazim Süleymanovla Arif Əsədov mənə dedi ki, Lənkəranda belə bir klub yaranır, hər cür şəraiti var. Düzü, “gələrəm” dedim, amma həmin vaxt “Xəzər” heç kimi cəlb etməmişdi. Deyirdilər ki, gəl, düzələcək. Bu yandan Yunis Hüseynov da deyirdi ki, “gəl, Tərlan Əhmədov, Kamal Quliyev buradadır, filankəs gəlir və s…” Yevlax klubuna söz verdim, ora da keçdim. İqor Ponomaryova dedim ki, məni üzrlü say, hələ pul ödənməyib, mən burada qala bilmərəm. Bir sözlə, “Karvan”la müqavilə imzaladım, iki il orada qaldım. Sonra “Neftçi”yə keçdim. Ramin Musayev zəng etdi ki, “baş məşqçimiz Qurban Qurbanov səni komandamızda görmək istəyir”. Özü ilə də danışdım, dedi ki, gəl! Razılaşdıq və keçidim baş tutdu. Sadəcə, elə şeylər var ki, mən müəyyən səbəblərə görə seçimimi edib oradan çıxdım. Sonradan fikirləşdim ki, nahaq “Neftçi”dən ayrıldım. Bir sözlə, səhvə yol verdim. Halbuki, Qurban müəllim mənə yenə də təklif etdi ki, burada qal, müqaviləni də yeniləyək.
– Və “MKT Araz”a keçdiniz…
– Hə. Bu komanda da UEFA Kubokunda çıxış etdikdən sonra dağıldı. Sonra da “Olimpik-Şüvəlan”dan Əsgər Abdullayev məni dəvət etdi. Keçdim, elə bilirəm ki, pis də alınmadı. Doğrudur, çempion da ola bilərdik, sadəcə, dramatik sonluqla titul əldən çıxdı.
– Davam edək: “Qəbələ”…
– Məni “Qəbələ”yə Ramiz Məmmədovla Kənan Kərimov çağırdı. Mənə yaxın adamlar olduqlarına görə təkliflərini qəbul etdim. Orada da uğursuzluqla üzləşdim, iki dəfə ayağım qırıldı. İki ay məşqlərdən kənarda qaldım, müalicə aldım. “Neftçi”dəki Rəhim həkimin yanına gedir, fizioterapiya kursları keçirdim. Qayıdanda Ramiz müəllimə dedim ki, üzrlü sayın, daha sizə kömək edə bilməyəcəyəm.
– Və “Muğan”…
– Salyan klubu məni məşqçi-oyunçu kimi görmək istəyirdi. Məni məşqçi kimi yetişdirmək istəyirdilər. Təkliflərini qəbul etdim, haradasa, ilyarım orada oynadım. Hətta klub prezidenti məni oxumağa göndərib sonradan baş məşqçi Kamal Alispahiçin yanında köməkçi işləməyi təklif etdi. Fikirləşirdim ki, hələ tezdir. Elə orada da dizimdəki ağrılar baş qaldırdı. Bir il oynadım, gördüm ki, daha getmir. Məşqçi kimi qalıb işləməyi məsləhət gördülər, imtina etdim. Bu ideya ağlıma batmırdı. Amma karyeramı bitirəndən sonra öz-özümə fikirləşdim ki, bəlkə gedib məşqçi işləyim?
– Rumıniyanın “Ploieşti” klubuna keçəcəkdiz, nə baş verdi?
– Getmişdim də. Ancaq bir həftə Türkiyədə iki meneccer pul yeməkdən ötrü məni ortada saxladılar. Bunlar pulu bölüşdürə bilmədilər. Gördüm ki, söhbət uzanır, məsələ həll olunmur. Dedim ki, yox, qala bilmirəm. Məni ora aparan menecer dedi ki, “bu biri işi elə qurub ki, razılıq əldə olunsa, sənin puluna girəcək, yaxşısı budur ki, səni Şimali Kipr Türk Cumhuriyyəti komandalarından birinə aparım” . Onlar da UEFA bayrağı altında oynamırlar. Amma yaxşı da pul verirlər. Fikirləşdim ki, orada oynasam, müəyyən problemlər yarana bilər, cəzaya məruz qalaram. Bir sözlə, razılaşmadım. Orada nə çempionat olacaqdı ki?

– Bəs “Qaziantep BB”də niyə qala bilmədiniz?
– “Qaziantep BB”də də oldum, “Adana Dəmirspor”da da. Yenə bu menecer məni aparmışdı. Qaziantepdə məni bəyənmişdilər də. Menecer zəng etdi ki, hər şey alınır, gedək bunu kafedə qeyd edək. Biz elə yolda olanda buna zəng gəldi, nəsə danışdı, qanı qaraldı. Sən demə, bunlar hücumçusunu hansısa komandaya satmışdılar, onun pulunu ala bilməmişdilər. Nəticədə həmin hücumçu da geri qayıdır. Əllərində pul olmadığına görə mənim keçidim baş tutmadı.
– Başqa hansı klublarla adınız hallanıb?
– Tehranın “İstiqlal” komandadı ilə. Hətta Tərlan Əhmədovla birgə onlarla indiki “Hilton” otelində müqavilə imzalamışdıq. Haradasa 2000-2001-ci illər idi. “İstiqlal” onda İran çempionatında 1-ci yerdə gedirdi. Sadəcə, yenə də Fuad Musayev imkan vermədi.
– 5 dəfə Azərbaycan çempionatının gümüş mükafatını qazanmısınız, 3 dəfə ölkə kubokunun finalında oynamısınız, amma heç bir halda titul qazana bilməmisiniz. Fərrux İsmayılovun çempionluğu yoxdur. Bu, bəxtsizliklə əlaqədardır?
– Yəqin ki. “Neftçi”də oynayanda mövsüm boyu lider olmuşuq, son turda çempionluğu əldən vermişik. “Olimpik”də də eyni vəziyyət. “Karvan”da da buna oxşar ssenari olub. Kubokun finalında da, hansı komanda ilə oynamışamsa, 1:0 hesabı ilə öndə olmuşuq, sonda 1:2 hesabı ilə uduzmuşuq. Şükür Allaha ki, idmanda bəxtim gətirib, bəxtsiz olduğumu söyləyə bilmərəm. Sevinirəm ki, “Neftçi” və “Qarabağ” kimi titullu komandalarda və yaxud Ukrayna və İran çempionatlarda oynamışam. Ən əsası, millidə çıxış etmişəm.
– Fərrux İsmayılova ən doğma olan klub hansıdır?
– Əlbəttə ki, “Neftçi”! Mən 10 il hansısa bir komandada oynayım, “Neftçi”də ondan az oynayım, mənim üçün “Neftçi” elə “Neftçi”dir. O pis vəziyyətdə olsa belə, klubun adı onun üstündədir.
– Klubun bugünkü vəziyyəti sizə çox pis təsir edir?
– Mən deməzdim ki, “Neftçi”nin bu günkü gününə acıyıram. Klubda hər cür şərait var. Buna bəxtsizlik deyim, nə deyim, bilmirəm. Ola bilər ki, işi əvvəldən düzgün qurmayıblar. Ona görə də Samir Abasov indi əziyyət çəkir. Mən “Neftçi”ni belə vəziyyətdə görmək istəməzdim. Elə “Qarabağ”ı da güclü görmək istəyirəm. Qoy çempionatda rəqabət olsun. “Kəpəz” də gəlib rəqabətə qoşulsun, necə ki, “Turan Tovuz” artıq meydana atılıb. İndi Tovuz klubunun adı gələndə rəqiblər əsir.
– Milli komandaya gəlincə, 4 qol vurmusunuz…
– 4 deyil, 5-dir. Ümumiyyətlə, millidə çox qol vurmuşam, amma yazılmayıb. Şahin Diniyevin vaxtında Kipr millisi ilə oynamışıq, onlara 2 qol vurmuşam. Onları İranda 3:2 hesabı ilə məğlub etmişik. O qollar heç yerdə yoxdur.
– Elədirsə, onda 6 olmalıdır.
– Hə, iki qol yoxdur. Olsun da, nə edək?
– Ora gələcəkdim ki, millidə ən yaddaqalan qolunuz Serbiya və Çernoqoriya yığmasına qarşı olub. Podqoritsada Qurban Qurbanov, Bakıda isə siz qəhrəmana çevrildiz. O oyunları xatırlayanda hansı hissləri keçirirsiz?
– Həqiqətən də, yaxşı hissdir. Geridönüşləri nəzərə alanda həqiqətən də möhtəşəm alındı. Həmin dövrdə çempionat dayansa da, biz futbolsuz qalmamışdıq. Onda Fuad Musayev bizi “Beşiktaş”ın bazasına apardı, orada 2 həftədən çox təlim-məşq toplanışı keçdik. Ağır dövrlər olsa da, o vaxt heç kim pulu fikirləşmirdi. Hamımız milli üçün canımızı qoyurduq. Himn çalınanda hamımız ucadan oxuyurduq. İndi tam fərqlidir, bu mövzunu müzakirə etmək istəmirəm. Bakıda vurduğum qol geridönüş və son dəqiqədə vurulduğuna görə daha yaddaqalan oldu. Şedevr olmasa da, tarixə düşən qol oldu. Finlərə cərimə zərbəsindən vurduğum qol da qəşəng alınmışdı.
– Sizin dövrün millisi ilə indiki yığma komanda üz-üzə gəlsə, sizcə hansı tərəf qalib gələr?

– Çətin sualdır. Mən desəm ki, bizim dövr daha yaxşı idi, məndən qabaqkı deyəcək ki, yox, biz daha güclü idik. İndiki də öz dövrünü tərifləyir. Hər halda, indi daha sürətli və daha atletik futbol oynayırlar. O vaxt gəzə-gəzə də oynaya bilərdin. Ona qoy xalq qiymət versin. Bəlkə indiki milli daha yaxşıdır.
– Yenidən məşqçi kimi özünüzü sınamaq istəyərdiz?
– Millinin aşağı yaş qruplarından ibarət komandalarında çalışmışam. Hazırda federasiyada Kütləvi Futbol Departamentinə rəhbərlik edirəm. Futbolun kütləviliyinin artması üçün əlimdən gələni edirəm. Hazırda məşqçiliklə bağlı heç bir fikrim yoxdur. Amma təklif gəlsə, düşünmək olar.
– Ümumiyyətlə, məşqçilik sizi cəlb edir?
– Əlbəttə, mən AFFA-ya təzə işə düzələndə yerimdə dayana bilmirdim. O vaxt Elxan Məmmədov mənə U-15-lərin yığılmasını tapşırdı. Onları baş məşqçi kimi bir yerə topladıq, 3 dəfə təlim-məşq toplanışı keçdik. Dedi ki, qıraqda qalma, həm burada işlə, həm də orada seleksiya işi ilə məşğul ol. 1 il belə çalışdım, gördüm çatdıra bilmirəm, yavaş-yavaş uzaqlaşdım. Yorulurdum.
– Burada işiniz çox olur?
– Çox da sözdür?! Regionlara və yaxud ölkə xaricinə səfər. Təzəlikcə Polşadan qayıtmışam. Bizdə ildə 2-3 dəfə konfranslar olur.
İdman.biz


