Icma.az
close
up
RU
Qiyamçı : İnsan və qiyamın daxili səhnəsi

Qiyamçı : İnsan və qiyamın daxili səhnəsi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

Əlabbasın “Qiyamçı” romanı haqqında çox sayda məqalə yazılsa da, mənim bu mövzuda yazmağımın əsas səbəbi müəllifin ədəbi dilidir. Onun ifadə tərzi, bölgə şivəsi ilə zəngin söz seçimi və sintaksisi digər yazıçılardan seçilir; hətta müəllifin adı qeyd olunmasa belə, əsərin ikinci cümləsindən oxucu onun əsərin müəllifi olduğunu dərhal hiss edir. Eyni zamanda, bu unikal üslub vasitəsilə əsərin qəhrəmanlarının daxili aləmi və psixoloji vəziyyəti də oxucuya aydın şəkildə çatdırılır.

Ədəbiyyatın əsas missiyası insanın ruhunu, vicdanını, daxili səsini ortaya çıxarmaqdır. Əlabbasın “Qiyamçı” romanı isə bu missiyanı ən sərt və təmkinli şəkildə həyata keçirir. Əsərin adı artıq oxucunu dərhal bir qarşıdurmaya, bir daxili və xarici üsyana hazırlayır. Qiyam burada yalnız siyasi və ictimai hadisələrdən doğan bir hərəkat deyil, həm də insanın öz daxili dünyası ilə apardığı savaşdır. Oxucu Əlabbas vasitəsilə görür ki, qiyam həm şəxsi, həm də sosialdır; daxili üsyan, vicdanın qorunması, mənəvi prinsiplərə sadiqlik və insan ruhunun sarsılmazlığıdır.

Romanda zaman və coğrafi məkan baxımından hadisələr 80-ci illərə işarə etsə də, Əlabbas əsas diqqəti daha qədim dövrlərin mənəvi və ictimai strukturlarına yönəldir. Bu xüsusiyyət oxucuya göstərir ki, “Qiyamçı” yalnız bir tarixi epizodun təsviri deyil; əsərin mərkəzində duran hadisələr, xalqın kollektiv yaddaşı və torpaq, ata-baba köklərinə bağlılığı ilə əlaqədardır. Beləliklə, romandakı hadisələr yalnız xarici təzyiq və ya siyasi zorakılıq fonunda deyil, eyni zamanda milli ruhun və mənəvi dəyərlərin qorunması müstəvisində də baş verir.

Bundan əlavə, romanın qəhrəmanı ətrafındakı ziyalılardan fərqli olaraq, açıq qiyam qaldıran bir fiqur deyil. Ətrafındakı nadir ziyalılar yalnız məsləhət verənlər, hadisələrin gedişində sükutla müşahidə edənlərdir. Bu cizgi romanda xüsusi bir ictimai psixologiyanı, sovet dövrünün qorxu və təzyiqi şəraitində insan davranışının real təsvirini göstərir. Oxucu burada yalnız qəhrəmanın deyil, həm də cəmiyyətin daxili dilemmasını və adaptasiya mexanizmini görür.

Bəbir/Təbriz

Onillik tənha həyat yaşamış, güclü xarakterə sahib, daxili mübarizə aparan bir obrazdır. Suallara cavab axtarmaq, məktublarla xəyali dialoqlarla özünü anlamaya çalışmaq onun ruhani qiyamının və daxili intiqamının əksidir. Özünü öldürmək fikrinə düşən, amma son anda çəkilən, daxili suallarına cavab arayan bir insandır. Səhvlərini və sevgisini uzun müddət gizlətməyi bacarır, intellektual və emosional dərinliyi ilə oxucunu düşündürür. Bəbir dinamik bir obrazdır; daxili aləmi, ailəsi və sevgisi ilə ziddiyyət təşkil edir. Arvadı Şəhrizin onu tərk etməsi, uşaqlarının onu anlamaması onu sarsıtsa da, o, yeni sevgidən imtina etmir. Roman onun jurnalist qızla Əyriqara qayıtması ilə bitir; sevgi xətti hadisələrin digər xətlərini arxa plana keçirir.

Şəhriz

Müəllif, Şəhriz obrazını məktəb illərindən tanıdığı, “tək günahı gözəllik olan” və “heç kimsənin ürək edib yaxın düşə bilmədiyi bədbəxt bir qız” kimi təsvir edir. Bu, onun xarici gözəlliyinin iç dünyasında yaratdığı yalnızlıq və tənhalıqla necə ziddiyyət təşkil etdiyini göstərir. Şəhrizin xoşbəxt ola bilməməsini müəllif öz üzərinə götürür, oxucu isə taleyin günahını kimdə olduğunu sorğulamağa vadar olunur.

Müqəddəs

Təbrizlə sonradan şəhərdə rastlaşan, həyatın nağılvari tərəfini təmsil edən obrazdır. Onun Təbrizlə görüşməsi romanın sonunu nağıllaşdırır, qəhrəmanın daxili gərginliyini yumşaldır və hekayəyə yeni həyat verir. Müqəddəsin Təbrizə yazdığı məktubun illərlə cavabsız qalması, onun içindəki qorxuları və həqiqətlə üzləşməmək üçün etdiyi cəhdləri göstərir. Bu, insanın öz daxili dünyası ilə necə barışmadığını və həqiqətlə üzləşməmək üçün necə özünü aldada bildiyini əks etdirir.

Qəyyum müəllim

Təbrizin həyatında ciddi rol oynayan, taleyini formalaşdıran bir personajdır. Təbrizin daxili sınaqlarında və özünü anlamasında əhəmiyyətli rol oynayır; məktubları qəhrəmanın daxili suallarına cavab verir və mənəvi dəstək olur.

Əlabbas / Müəllif

Mən müəllifi də obraz kimi gördüm. Əlabbas romanın görünməyən, lakin hər yerdə duyulan obrazıdır. O, qəhrəmanların talelərinə bəzən atalar sözlərinin hikməti, bəzən də təbiətin dili ilə qarışır. Onun varlığı oxucunu hadisələrin üzərində dayanan bir şahid kimi müşayiət edir. Əlabbas insanların daxili üsyanını və mənəvi mübarizəsini açır, sosial və tarixi problemləri – məcburi köçürülmə, daxili miqrasiya və sovet dövrünün qəribəliklərini, emosional və psixoloji təcrübə kimi oxucunun qarşısına çıxarır. Müəllif qəhrəmanların dili ilə öz düşüncələrini də ötürür: həyat fəlsəfəsini, daxili səsini, zamanla bağlı narahatlığını çatdırır. Onun bədii təsvirləri yalnız estetik məqsəd daşımır, kəndin və şəhərin mənzərələri, hava və ətraf mühit obrazların psixologiyası ilə üzvi surətdə bağlıdır.

Əlabbasın “Qiyamçı”sında siyasi proqnozlara da rast gəlinir. Məsələn, Zülfüqar müəllim Təbrizlə dialoqunda “Daha ittifaqda ittifaqlıq qalmayıb...” sözləri həm sovet ittifaqının dağılma səbəblərinə işarədir, həm də gələcək geopolitik nizam haqqında proqnozdur. Müəllif rusun Yaxın Şərqdən sıxışdırılaraq çıxarılacağını, İran və İraqda isə onun təsirinin zəifləyəcəyini göstərir. Amerika ilə Türkiyənin regiondakı müttəfiqliyini vurğulayaraq, böyük dövlətlərin maraq savaşının xəritəsini sanki əvvəlcədən cızır. 

Təbriz həyatın sərt qanunları ilə üz-üzə gələn, daxilindəki azadlıq hissini qorumağa çalışan bir şəxsdir. Əlabbas onun daxili monoloqları vasitəsilə insanın varlıq, ədalət və azadlıq haqqında suallarını oxucuya çatdırır. Dramatik pik nöqtələr yalnız xarici hadisələrdə deyil, daxili monoloqlarda da yaranır; bu, romanı hadisə əsəri olmaqdan çıxarıb fəlsəfi meditasiya səviyyəsinə qaldırır.

Əlabbas qəhrəmanlarının psixoloji vəziyyətini incə və realist detalizmlə göstərir, onların psixologiyasının ən uc nöqtələrinə toxuna bilir. Müəllifin dili sərt, eyni zamanda lirizmlə elə doludur ki,  oxucu qəhrəmanların qorxularını, şübhələrini, vicdan əzabını birbaşa özündə yaşayır.

Təbrizlə Şəhrizin münasibətləri əsərin dramatik xəttinə xüsusi rəng qatır. Onların sevgisi ayrılıqlarla sınağa çəkilir, alt qatda gizlənən bağlılıq oxucuya duyulur. Son görüş səhnəsi xüsusilə təsirlidir: Şəhrizin “Bu xasiyyətlə sən elə orda qalsan yaxşıdır” və Təbrizin “mən dəli o vaxt səni məxluq öz xaliqini istəyən kimi istəmişdim” sözləri ömürlük ayrılığın möhürüdür. Oxucu bu səhnədə sevginin həm ən ülvi, həm də ən dağıdıcı gücünə şahid olur. Təbrizin Allaha inancı isə onun davranışlarında, düşüncələrində və sevgisini ifadə tərzində daim – əsər boyu sezilir, burada isə insanın ilahi dəyərlərlə şəxsi hissləri arasında parçalanmasını göstərir.

Əlabbasın üslubu sadə “çölçü dili”, təsirli dialoqlar, daxili monoloqlar və simvolik təsvirlərlə zəngindir. Təkrar olunan “sükut” və “qaranlıq” motivləri daxili tənhalığı, “qırılmazlıq” və “səadət” motivləri isə mübarizəni simvollaşdırır. Atalar sözləri, məsəllər və xalq hikmətləri ilə zənginliyi romanın bədii gücünü artırır, milli ruhla bağlılığı gücləndirir. Romanda bədii dilini zənginləşdirmək, dilin ritmini artırmaq üçün müəllif özünəməxsus deyimlər və ifadələr yaradır. Məs.:“Ovçusu cavan ölən dağların maralı qoca olar.”; “Ayağıma bax, havamı çal”; “Xırsızı danışdıran qəzəb odu yox, qızıl ehtirasıdır.” və s.

Romanda kənd adlarının təsadüfi seçilmədiyi də aydındır:

Əyriqar – “haqqdan uzaq, düzgün olmayan” mənası ilə həm cəmiyyətə qarşı üsyanı, həm də təkliyi simvolizə edir.

Çalmalı – coğrafi çətinliyi və uğursuzluq işarəsi daşıyır.

Naltökən dərəsi – daş-qayalıq yolu ilə sərt maneələri və ayrılıqları simvollaşdırır.

Əsərin ortalarında Təbrizin son görüşdə Şəhrizə dediyi sözlər romanın ən ağır məqamlarından biridir: “Biləsən, Şəhriz, hər şeyə səni ürəkdən istəməyim səbəb oldu…”

Bu cümlə oxucuya dərindən düşündürən bir mesaj verir. Əslində, insan bir başqa insana – nə qədər sevsə də, ürəyini bütövlükdə bağlamamalıdır. Çünki inanclarımıza görə, insanın ürəyi yalnız Yaradan üçün nəzərdə tutulub. Mənəvi dəyərlərdə, dini düşüncələrdə də deyilir ki, Allahdan başqasını ürəkdən istəmək, ona hədsiz bağlılıq göstərmək insanı sınağa çəkir, bəzən də cəzalandırır. Bu baxımdan Təbrizin “səni ürəkdən istəməyim” etirafı həm böyük bir sevgi, həm də bu sevginin fəlakətə çevrilmiş etirafıdır.

Ardınca gələn sözlər isə qəhrəmanın özünüittihamıdır: “O vaxt mən səni bu əllərimlə boğub öldürsəydim, həm sənə olan istəyimi özümlə aparardım, həm də uşaqlarıma adam kimi dədəlik eləyərdim…” Burada Təbriz demək istəyir ki, sevgisinin gücü və ağırlığı o qədər böyükdür ki, bu hiss onu həm qadına, həm də ailəsinə qarşı aciz qoymuşdur. Bu sözlər nə qədər sərt və qəddar səslənsə də, sevgidən doğan bir fədakarlıq düşüncəsidir: “səni öldürsəydim, heç olmasa sevgim bu dünyada qalmayacaqdı, özümlə aparacaqdım, övladlarıma isə vicdanla ata ola biləcəkdim”. Bu, təbii ki, mümkün olmayan və insanın özünü yandıran bir paradoksdur. Oxucu bu səhnədə sevginin həm ən ülvi, həm də ən dağıdıcı gücünə şahid olur.

Təbrizin bu sözləri sadəcə dramatik emosional çıxış deyil, həm də mənəvi-əxlaqi qat daşıyır. Roman boyu Təbrizin Allaha inancı daim sezilir.

Onun davranışları, düşüncələri, hətta sevgisini ifadə tərzi də bu inamın fonunda daha aydın görünür. Bu səhnələrdə oxucu insanın ilahi dəyərlərlə şəxsi hissləri arasında necə parçalandığını görür.

Romanın sonunda romantik sonluq hadisələrin inkişaf məntiqindən doğur və oxucuya həm təsir, həm də düşünmək üçün zəmin yaradır. Müqəddəs və Təbrizin qarşılaşması, Əyriqarın simvolik olaraq yenidən nəfəs alması, həyatın davam etdiyini və insanın azad iradəsi ilə mənasını tapacağını göstərir.

“Qiyamçı” yalnız bir qəhrəmanın daxili mübarizəsini açıb göstərmir, eyni zamanda cəmiyyətin sərt qanunları və ədalətsizlikləri qarşısında insanın daxili çarpışmasını da işıqlandırır. Əlabbas oxucunu həm şəxsi, həm də sosial qiyamın dərinliyinə aparır; qəhrəmanın məktubları və daxili monoloqları onun qorxu, ümid və ruhunun sarsılmaz tərəfini eyni anda əks etdirir. Sadə, lakin lirizm dolu dili, simvolik təsvirləri və metaforaları əsəri həm emosional, həm də fəlsəfi səviyyədə tamamlayır.

Əlabbasın “Qiyamçı” romanı, təkcə bir kənd və onun sakinlərinin hekayəsi deyil, eyni zamanda insan ruhunun dözümü, sədaqəti və həyatın sınaqlarına qarşı mübarizəsinin poetik və təsirli portretidir. Təbriz, sosial və şəxsi itkilər içində yalnız qalmış, lakin əzmkarlığı, vəfası və daxili azadlığı ilə həyatın çətinliklərinə meydan oxuyan bir obrazdır. Əsərin səmimi, pafossuz və şişirtmədən yazılması oxucunu Əyriqar kəndinin mühitinə, Təbrizin evinin otaqlarına, gündəlik həyatın səs-küyünə, pişiyinə, toyuq-cücəsinə qədər yaxınlaşdırır. Bu yaxınlıq əsərin realistik təsirini artırır, oxucu hadisələrin içindədir, nəfəs alır, hiss edir və ağrını paylaşır.

Təbriz vasitəsilə müəllif “qiyam” anlayışını yenidən şərh edir: qiyam dağıtmaq, yıxmaq və zorakılıqla yenisini qurmaq deyil; qiyam səssiz və daxili bir mübarizədir, mövcud olanı qorumaq, vəfaya sadiq qalmaq və daxili prinsipləri müdafiə etməkdir. Təbrizin tənha yaşaması, köçkün kənd sakinlərinə rəhbərlik etməsi və onlarla birlikdə yeni həyata başlamağa çalışması insanlıq dəyərlərinin və mənəvi qiyamın simvoludur. İtkilər və mürəkkəb münasibətlər əsərə dramatik dərinlik və realizm gətirir, müəllifin təbiəti və xarakteri isə Təbriz obrazına sirayət edir; oxucu onu həm roman qəhrəmanı, həm də mənəvi mübarizənin simvolu kimi qəbul edir.

Əsərin sonu oxucu üçün ümid və rahatlıq gətirir. Əlabbas burada göstərir ki, insan yalnızlıq və sınaqlardan qorxmadan, suallarına cavab tapmasa da, mənəvi yüksəlişə və əsl qiymətini anlamaya qadirdir.

Nəticə etibarilə, “Qiyamçı” yalnız kənd həyatının deyil, insan taleyinin, mənəvi mübarizənin və vəfanın romanıdır. Əlabbasın səmimi və təbii dili, obrazların canlılığı və hadisələrin dərinliyi əsəri oxunası, düşündürücü və uzun müddət yadda qalan bir əsər halına gətirir. Bu roman, oxucuya insanın daxili dünyası ilə əlaqə qurmağın, sədaqət, inadkarlıq və mənəvi qiyamın dəyərini göstərən əhəmiyyətli nümunədir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri