Qiymət manipulyasiyasına qarşı sərt qanun qəbul ediləcək KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu yaxınlarda McDonald’s şirkətinin qiymət siyasətində süni intellektdən getdikcə daha fəal istifadə etməsi barədə yazmışdım. Məlum olmuşdu ki, alqoritmlər çoxsaylı amilləri təhlil edərək müxtəlif restoranlarda eyni məhsula fərqli qiymətlər müəyyən edə bilir. Nəticədə bir-birindən cəmi 3,2 kilometr məsafədə yerləşən iki eyni McDonald’s restoranında Big Mac-ın qiyməti arasında 21 faiz fərq yaranmışdı”.
KONKRET.az xəbər verir ki, ekspert Pavel Dukaç bildirir ki, Nyu-York qanunvericiləri də bu problemdən narahat olaraq, “müşahidəyə əsaslanan qiymətqoyma” (surveillance pricing) adlanan praktikanı qadağan etməyə yönəlmiş qanun layihəsi hazırlayıblar. Əgər sənədi şəhər meri imzalayarsa, şirkətlər şəxsi məlumatlardan və alqoritmlərdən istifadə etməklə eyni məhsulu müxtəlif müştərilərə fərqli qiymətə təklif edə bilməyəcəklər.
Qanun layihəsinin təşəbbüskarı, Nyu-York Şəhər Şurasının sədri Culi Menin bu cür qiymət manipulyasiyasının hansı üsullarla həyata keçirildiyini göstərən bir neçə nümunə təqdim edib.
Birinci nümunə: Böyük taksi sifarişi platformalarından birində çalışmış davranış iqtisadçısının sözlərinə görə, sərnişinin telefonunun batareya səviyyəsi aşağı düşəndə tətbiq gediş haqqını artıra bilər. Məntiq sadədir: telefonu sönmək üzrə olan insanın bahalı gedişə razılaşmaq ehtimalı daha yüksəkdir. Çünki o, başqa nəqliyyat vasitəsi tapmasa, evə çatmaq imkanını itirə bilər.
İkinci nümunə: Araşdırmalardan birində müəyyən edilib ki, tətbiqlərdəki qiymətlər müştərinin yerləşdiyi məkandan asılı olaraq dəyişə bilər. Məsələn, mağazada satılan televizorun qiyməti alıcı ticarət mərkəzinin dayanacağına daxil olan kimi 499,99 dollardan 599,99 dollara yüksəlib. Tətbiq müştərinin geolokasiyasını müəyyən edib və onun artıq alış-veriş etməyə hazır olduğunu ehtimal edərək qiyməti artırıb.
Üçüncü nümunə: Böyük ərzaq çatdırılması platformalarından biri alqoritmik qiymətqoyma sistemini sınaqdan keçirib. Nəticədə eyni məhsul üçün müxtəlif müştərilərə təklif olunan qiymətlər arasında fərq 23 faizə çatıb.
Burada ümumi prinsip kifayət qədər aydındır: qiymət artıq yalnız məhsulun xüsusiyyətlərindən deyil, alıcının şəxsi xüsusiyyətlərindən də asılı olur. Müştərinin alış-veriş tarixçəsi, geolokasiyası, gəlir səviyyəsi və internetdəki davranışları təhlil edilir. Alqoritm bütün bu məlumatlar əsasında konkret insanın nə qədər pul ödəməyə hazır olduğunu müəyyənləşdirir və qiyməti ona uyğun formalaşdırır.
Beləliklə, qanun layihəsinin əsas məqsədi eyni məhsulun şəxsi məlumatlar əsasında müxtəlif müştərilərə fərqli qiymətlərlə satılmasının qarşısını almaqdır. Təklif olunan qaydaların pozulmasına görə hər bir pozuntu halı üçün 1000 dollar cərimə nəzərdə tutulur.
Nyu-Yorkun bu təşəbbüsü daha geniş tendensiyanın bir hissəsidir. Ötən il Sietl şəhəri mənzil kirayəsi bazarında bu cür qiymətqoymanı qadağan edən ilk şəhərlərdən biri olub. Gələn ildən etibarən isə qadağanın ərzaq mağazalarına və çatdırılma xidmətlərinə də şamil edilməsi nəzərdə tutulur.
Nyu-York ştatında isə biznes subyektlərini qiymətlərin yanında xüsusi xəbərdarlıq yerləşdirməyə məcbur edən qanun artıq qüvvədədir. Həmin xəbərdarlıqda alıcılara qiymətin onların şəxsi məlumatlarından istifadə edən alqoritm vasitəsilə müəyyənləşdirildiyi bildirilməlidir.
Bundan əlavə, şəxsi məlumatlara əsaslanan qiymətqoymanı tamamilə qadağan etməyi nəzərdə tutan “Vahid Ədalətli Qiymət Aktı” da qubernatorun imzasını gözləyir. Merilend, Konnektikut, Kaliforniya və Nyu-Cersi ştatlarında da oxşar təşəbbüslər qəbul edilir və ya müzakirəyə çıxarılır.
Təbii ki, biznes nümayəndələri bu prosesdən narazıdırlar. Sahibkarların fikrincə, yeni məhdudiyyətlər yaxşı niyyətlə hazırlansa da, arzuolunmaz nəticələrə səbəb ola bilər. Onlar uzun illər ərzində qurduqları loyallıq proqramlarının, fərdiləşdirilmiş endirim və təkliflərin də bu qadağaların təsiri altına düşəcəyindən ehtiyat edirlər.
Bundan başqa, şirkətlər İT sistemlərini yenidən qurmalı, proqram təminatlarını dəyişməli və mövcud biznes proseslərinə yenidən baxmalı olacaqlar. Ən ciddi narahatlıq doğuran məsələlərdən biri isə məhkəmə iddialarıdır. Sahibkarlar hesab edirlər ki, yeni qaydalar müxtəlif şirkətlərə qarşı çoxsaylı və bəzən əsassız məhkəmə iddialarının açılmasına şərait yarada bilər. Bunun biznes üçün hansı hüquqi və iqtisadi yük yaradacağını indidən proqnozlaşdırmaq çətindir.
Görünür, yaxın gələcəkdə iqtisadi mübarizənin yeni istiqaməti formalaşacaq. Bir vaxtlar fabriklərin və istehsal müəssisələrinin milliləşdirilməsi müzakirə olunurdusa, indi gündəmdə alqoritmlərin, məlumatların və qiymət müəyyənləşdirmə mexanizmlərinin ictimai nəzarətə götürülməsi məsələsi dayanır.
Fabriklərin ekspropriasiyası dövrü geridə qalır, indi növbə alqoritmlərin ekspropriasiyasına çatır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















