Qobustan Xəstəxanasında laporoskopik öd kisəsi əməliyyatları başladı
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TƏBİB regionda fəaliyyət göstərən tibb müəssisələrini də müasir cərrahiyyə texnologiya və avadanlıqları ilə təmin etməyə davam edir. Maddi-texniki bazanın gücləndirilməsi region səhiyyəsinin inkişafına, əhalinin vaxtında və məsafə qət etmədən keyfiyyətli tibbi xidmət almasına hesablanıb.
"Medicina" xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq laporoskopik üsulla xolesistektomiya (öd kisəsi) əməliyyatlarına start verilib. Tibb müəssisəsində bu əməliyyatlar 5 həkim-cərrah tərəfindən icra olunur.
Belə ki, xəstəxanaya kəskin daşlı xolesistit diaqnozu ilə müraciət edən 42 yaşlı pasiyent üzərində laporoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi davam edir.
Əməliyyatlar müasir tibbin tələblərinə uyğun minimal invaziv metodlarla aparılır. Məlumat üçün bildirək ki, bu cür müdaxilələr zamanı daha az ağrı hissi olur, həmçinin qısa müddətdə sağalma və sürətli reabilitasiya imkanı yaranır.

Qeyd edək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.
MEDİCİNA.AZ


