Icma.az
close
up
RU
Qoca “Molla Nəsrəddin” yatmış Şərqi oyatmaq üçün gəlmişdi

Qoca “Molla Nəsrəddin” yatmış Şərqi oyatmaq üçün gəlmişdi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Molla Nəsrəddin – 120

Azərbaycan demokratik mətbuatının inkişafında yeni məktəbə çevrilmiş ilk satirik jurnal “Molla Nəsrəddin”in nəşrə başlamasından 120 il ötür.

Bizi deyib gəlmiş “Molla Nəsrəddin” Azərbaycan mətbuat tarixinin, maarifçilik yolunun əbədi məşəlidir. O, xalqı təhsilə, yeniliyə, tənqidə və azadlığa səsləyən dəryadır. Mətbuat tariximizin incisi ilə bağlı Həmidə xanım Cavanşir “Xatirələrim”də yazırdı: “1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış. Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu fırlayıblar”.

Səhər açılanda isə milli mətbuatın sabahına günəştək doğacaq “Molla Nəsrəddin”in tarix yazacaq ilk nömrəsi min bir əməklə çapdan çıxır. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi bizi deyib gəlir...

Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı və publisisti Cəlil Məmmədquluzadə idi. Onun zəhməti, uzaqgörənliyi, xalq sevgisi, cəsarətlə zamanın doğurduğu ictimai ağrıları, milli dərdlərimizi jurnalın hər nömrəsində göstərirdi. Xalqın avamlığını, onlarla “həsbi-hal” edirmiş kimi “Molla Nəsrəddin”lə özünə göstərən, obrazın xarakterində incəliklə aydınladan, cilalayan Cəlil Məmmədquluzadənin ədəbi-bədii yaradıcılığı xalqımızın ictimai fikir dünyasının dəyərli varidatıdır. “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır” amalı ilə məfkurə savaşına başlamış görkəmli ədibin şah əsəri olan “Molla Nəsrəddin” jurnalı fərqli vaxtlarda fasilələrlə – 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda çap edildi. 25 ildən çox gərgin fəaliyyəti dövründə jurnal cəhaləti cəmiyyətin üzünə vuraraq, eyham yolu ilə həqiqəti söyləyir, karikaturalarla həm də bir dövrün mənzərəsini, xalqın dərdini, cəmiyyətin ədalət axtarışını əks etdirirdi.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Onun tənqidi cəsarəti, yumor və ironiyanı ustalıqla birləşdirməsi jurnalın xalq arasında sevilməsinə, populyarlıq qazanmasına səbəb oldu. Bu jurnalın hər nömrəsi bir məktəb idi. Orada məmurlar, vəzifə sahibləri, hətta padşahlar belə tənqid olunur, amma hər zaman incitmədən, məqsədi qoruyaraq verilirdi. İnsanlar bu tənqidi başa düşür, onun vacibliyini dərk edirdilər.

“Molla Nəsrəddin” öyrədir, yol göstərir və cəmiyyəti inkişafa ruhlandırırdı. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını yaratmaqla Azərbaycan mətbuatında yeni bir dövr açdı. Xalqın dərdini, sevincini, ümidlərini əks etdirən ayna oldu. Onun səhifələrindəki hər karikatura və hər satirik yazı öyrəniləsi dərslərlə doludur və bu gün də “Molla Nəsrəddin”in mirası cəmiyyəti düşündürür və gələcəyə doğru ümidlə baxmağa sövq edir.

Cahangir MƏMMƏDLİ,
BDU milli mətbuat tarixi kafedrasının müdiri, professor:

– Azərbaycan satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan “Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti dövründə türk-müsəlman dünyasında, eləcə də Yaxın Şərqdə geniş yayılaraq xalqların azadlıq, müstəqillik, demokratiya uğrunda mübarizəsində mütəşəkkil və ardıcıl rol oynadı. Jurnal Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə, yayıldığı ölkələrdə demokratik ictimai fikrin təkamülünə, satirik mətbuat və ədəbiyyatın inkişafına güclü təsir etdi.

Milli və bəşəri dəyərləri özündə yaşadan jurnalın yürütdüyü ideoloji xətt çağdaş dövrümüzdə də olduqca aktualdır. Əbədiyaşarlıq qazanan “Molla Nəsrəddin” jurnalı xalqımızın zəngin söz xəzinəsidir. Elə bir xəzinə ki, biz bütün dövrlərdə ondan yaradıcılıqla bəhrələnirik. Məhz elə bu yüksək məziyyətlərinə görə də “Molla Nəsrəddin” jurnalı həmişə çoxsaylı oxucuların və ziyalıların diqqət mərkəzində qərar tutur.

“Molla Nəsrəddin” jurnalını geniş oxucu auditoriyasına sevdirən və əhəmiyyətini artıran, həm də onun çoxsaylı, satirikyönümlü rubrikalarıdır. Jurnalın nəşri boyunca istifadə etdiyi folklor nümunələrinə parodiya və perifrazlar şəklində yaratdığı “Atalar sözləri”, “Bayatılar”, “Nağıllar”, “El ədəbiyyatı”, “Tapmacalar”, “Hikmətli sözlər”, eləcə də “Teleqraf xəbərləri”, “Ticarət və ekonomi xəbərləri”, “Daxili xəbərlər”, “Xarici xəbərlər”, “Qafqaz xəbərləri”, “Mətbuat xəbərləri”, “Elanlar” və s. çoxsaylı rubrikalar verilmişdir.

Bu gün 120 ilini tamamlayan “Molla Nəsrəddin” jurnalında onun publisistikası və satirik poeziyası ilə tam uyarlıq yaradan çoxsaylı karikaturaların böyük rolu vardır. Oxucular tərəfindən anlaşılan, istedadlı rəssamların yüksək sənətkarlıqla çəkdikləri karikaturalar jurnalın populyarlıq qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Jurnal keçən əsrin 30-cu illərindən başlayaraq ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, görkəmli ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, nəzəriyyəçi-alimlər tərəfindən müxtəlif aspektdən təhlilə cəlb edilmişdir. “Molla Nəsrəddin” ədəbi hərəkatının mənbəyi və əsas istiqamətləri, tənqidi realizm, mollanəsrəddinçilik, onun dünya nəzəriyyələr sistemindəki yeri, orijinallığı və beynəlxalq aləmdə yayılaraq xarici oxuculara çatdırılması məhz görkəmli alimlərimizin cəfakeşliyi sayəsində reallaşmışdır.

Qulu MƏHƏRRƏMLİ,
Əməkdar jurnalist, professor:

– Molla Nəsrəddin jurnalı, sözün həqiqi mənasında, Azərbaycan mətbuat tarixinin incisidir. Bu jurnalın yaranması mətbuatın qısa müddətdə qazandığı yeni keyfiyyət mərhələsini simvolizə edir. Cəmiyyətin ictimai, sosial və mənəvi problemləri jurnalda özünəməxsus şəkildə, satirik və tənqidi üslubla təqdim olunurdu.

Cəlil Məmmədquluzadə elə bir istiqamət seçmişdi və o bilirdi ki, yalnız satira və tənqid vasitəsilə cəmiyyətin bəzi problemləri başa düşməsi mümkündür. Çünki həmin dövrdə kütləvi savadsızlıq, təhsildən uzaq qalma və məlumatları dərk edə bilməmə insanları geriliyə sürükləyirdi. “Molla Nəsrəddin” bu boşluğu karikaturalar, yığcam felyetonlar və satirik yazılar vasitəsilə dolduraraq tarixi bir missiyanı yerinə yetirirdi. Jurnalın uğrunda naşir Ömər Faiq Nemanzadə və Mirzə Ələkbər Sabir kimi bir çox istedadlı qələm adamlarının rolu əvəzsiz idi. Onların yaradıcılığı milli tərəqqiyə xidmət edir, insanların özünü görməsi və cəmiyyətdə maarifçilik prosesinin genişlənməsi üçün şərait yaradırdı.

“Molla Nəsrəddin”in gücü xalqa olan sevgidən və onları düşünərək gələcəyə yönəlik tənqid etməkdən gələn bir məktəb idi. Onun tərzi, üslubu və yaradıcılıq metodları bu gün də öyrənilməli və nümunə götürülməlidir. O dövrü nəzərdən keçirsək, Mirzə Cəlilin səviyyəsində belə bir cəsarətli və məqsədli milli nəşr çox nadir idi. Bu istedad zəmanənin yaratdığı azacıq imkanla birləşərək jurnalın Azərbaycan mətbuat tarixindəki rolunu möhkəmləndirdi.

“Molla Nəsrəddin” göstərdi ki, tənqid yalnız qüsurları göstərmək deyil, həm də cəmiyyətin inkişafına yol açmaq üçün vasitədir. Bu jurnal qısa müddətdə mətbuatın yeni keyfiyyət mərhələsinə qədəm qoydu və cəmiyyətin ictimai, sosial, mənəvi problemlərini özünəməxsus satirik tərzdə təqdim etməyi bacardı.

Bu gün isə cəmiyyətimiz çox həssaslaşıb və bəzən tənqid təhqirlə qarışdırılır. İnsanlar dözümsüz olub. Halbuki “Molla Nəsrəddin” jurnalının tənqid hədəfləri aydın və konkret idi. Məmurlar, vəzifə sahibləri, hətta padşahlar – İran şahı, Nikolay, qubernatorlar jurnalın obyektiv diqqətindən kənarda qalmırdı. Mirzə Cəlil bunları bir dildə və bir üslubda göstərir, oxucu tənqidi qəbul edir və onun vacibliyini başa düşürdü. Bu baxımdan, “Molla Nəsrəddin”dən öyrənmək həmişə aktualdır.

Jurnalın 120 illiyi tamam olur və bu yubiley həm də bizə xatırladır ki, “Molla Nəsrəddin” hələ də tam öyrənilməyib. Bu, mətbuat və jurnalistika tariximiz üçün əsl məktəbdir. Onun peşəkarlıq xüsusiyyətləri araşdırılmalı, incələnməli və gələcək nəsillərə çatdırılmalıdır. Əlbəttə, artıq çox sayda tədqiqatçı Mirzə Cəlil və “Molla Nəsrəddin”i öyrənib, lakin jurnal elə bir xəzinədir ki, onun bütün incəliklərini tam dərinliyi ilə öyrənmək çox qəliz məsələdir.

Qərənfil DÜNYAMİNQIZI,
BDU milli mətbuat tarixi kafedrasının professoru:

– Molla Nəsrəddin jurnalı Azərbaycan satirik mətbuat tarixində özünəməxsus və silinməz iz qoymuş nadir nəşrlərdəndir. Jurnalın illər əvvəl qaldırdığı problemlər bu gün də öz aktuallığını qoruyur. Jurnalın istənilən sayını vərəqlədikdə ana dilinə qarşı laqeydliyə həsr olunmuş materiallara rast gəlmək mümkündür. Bu problem aradan qalxmayıb, əksinə, müəyyən mənada, bu gün də davam edir.

Əlbəttə, çox dil bilmək mədəni zənginlik və dünyagörüşünün genişlənməsi deməkdir. Bununla yanaşı, əsas prinsip hər bir insanın ilk növbədə öz ana dilini mükəmməl bilməsi, onu qoruması və inkişaf etdirməsidir. Digər diqqətçəkən məqam isə cəmiyyətdə hələ də mövcud olan mövhumat və xurafat elementləridir. Falçılıq, qeyri-elmi inanclar və müxtəlif dini-simvolik yanaşmaların yayılması cəmiyyətin intellektual inkişafına mənfi təsir göstərən amillərdəndir.

Jurnalın fəaliyyət dövrü ilə bağlı mühüm mənbələrdən olan Həmidə xanım Cavanşirin xatirələridir. Onun “Xatirələrim” əsərində jurnalın üzləşdiyi çətinliklər, təzyiqlər və maneələr geniş şəkildə əks etdirilib. Həmidə xanım Cavanşir “Xatirələrim”də Molla Nəsrəddin jurnalının fəaliyyəti ilə bağlı geniş məlumat verir, Tiflis mühitində “Molla Nəsrəddin” jurnalının necə ərsəyə gəlməsi, ideya və təşkilati mərhələlərini də diqqətə çatdırır.

Jurnalın qaldırdığı cəhalət, mövhumat, elmdən uzaqlaşma kimi məsələlər geniş coğrafiyada insanları narahat edən ümumi problemlərdir. “Molla Nəsrəddin” məhz bu problemləri satira vasitəsilə qabardaraq cəmiyyəti maariflənməyə, elmə və təhsilə yönəltməyə çalışırdı. Jurnalın yaradıcısı, ideya müəllifi Cəlil Məmmədquluzadə də öz xatirələrində qeyd edirdi ki, “Molla Nəsrəddin”i onlar yox, zəmanə özü yaradıb.

Bütün bu çətinliklərə baxmayaraq, “Molla Nəsrəddin” fasilələrlə olsa da, təxminən 25 il fəaliyyətini davam etdirə bilib. Xüsusilə 1906-1917-ci illərdə Tiflisdə nəşr olunan saylarından sonra nəşrin Təbrizdə də davam etdirilməsi, burada bir neçə sayın çap olunması onun fəaliyyət coğrafiyasının genişliyini bir daha təsdiqləyir. Jurnalın Bakı dövrü əvvəlki Tiflis və Təbriz dövrlərindən məzmun və mahiyyət baxımından fərqlənir. Həm jurnalın tədqiqatçısı, həm də bu mühitin canlı şahidlərindən biri kimi Qulam Məmmədli qeyd edib ki, “Molla Nəsrəddin”in Təbriz, Tiflis və Bakı dövrlərini bir-biri ilə müqayisə etmək düzgün deyil. Bu yanaşma Şirməmməd Hüseynov və Ataxan Paşayev kimi alimlərin əsərlərində də öz əksini tapır.

Tiflis və Təbriz dövrlərində “Molla Nəsrəddin” daha çox xalqın dərdini, sosial problemləri, cəhalət və mövhumatı hədəf alan, geniş kütlələrin maraqlarını ifadə edən bir nəşr kimi çıxış edib. Bakı dövründə isə Sovet hakimiyyəti şəraitində fəaliyyət göstərən jurnal fərqli ideoloji mühitdə çıxıb. Bu səbəbdən həmin mərhələ bəzi tədqiqatçılar tərəfindən “şura dövrünün Molla Nəsrəddini” kimi xarakterizə olunur. Lakin hər dövr olduğu kimi, yenə Cəlil Məmmədquluzadə üçün əsas prinsip dəyişməz qalıb. Senzuralar səbəbindən Mirzə Cəlilin həyatının son illəri olduqca ağır və faciəli keçib. O, ədəbi və ictimai mühitdən tədricən uzaqlaşdırılıb, yaradıcılıq imkanları məhdudlaşdırılıb, maddi və mənəvi təzyiqlərlə üzləşib. Bütün bu haqsızlıqlar fonunda jurnalın adının “Allahsız” kimi dəyişdirilməsi ədibə çox ağır təsir edib.

Mollanəsrəddinçi sənətkarların hər biri bu məktəbi zənginləşdirərək onun təsir dairəsini genişləndirdi və nəticədə bu istiqamət milli ictimai-bədii fikrin ən parlaq mərhələlərindən birinə çevrildi. Bu gün də həmin məktəb öz aktuallığını qoruyur və müasir jurnalistika üçün nümunəvi irs kimi dəyərləndirilir.

Ləman TƏHMƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri