Qrenlandiya üzərində böyük oyun: Trampın açıqlamaları, Danimarkanın suverenliyi və Avropa üçün “Maduro ssenarisi”
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qrenlandiya coğrafi baxımdan Avropa ilə Şimali Amerika arasında yerləşən sadə bir ada deyil. Arktika bölgəsində yerləşməsi, nadir torpaq elementləri, enerji ehtiyatları, yeni dəniz marşrutları və hərbi-logistik üstünlükləri onu XXI əsrin əsas geosiyasi obyektlərindən birinə çevirib. ABŞ üçün Qrenlandiya həm Rusiya və Çinin Arktikada artan təsirinə qarşı balans aləti, həm də qlobal təhlükəsizlik strategiyasının mühüm komponentidir.
Nicat İsmayılov
“Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları ilk baxışdan qeyri-adi və ya populist görünə bilər. Lakin mahiyyət etibarilə bu bəyanatlar Vaşinqtonun uzunmüddətli strateji baxışını ifadə edir. ABŞ Arktika məkanında tam nəzarəti strateji prioritet hesab edir. Danimarka hüquqi baxımdan tam suveren dövlətdir və Qrenlandiya üzərində beynəlxalq hüquqla tanınmış səlahiyyətlərə malikdir. Lakin müasir geosiyasətdə suverenlik anlayışı yalnız hüquqi sənədlərlə ölçülmür. Böyük güclərin maraqları, təhlükəsizlik asılılığı və iqtisadi rıçaqlar bu anlayışı faktiki olaraq yenidən formalaşdırır.
Qrenlandiya məsələsində Danimarka çətin balans qarşısındadır. Bir tərəfdən ABŞ-la strateji tərəfdaşlığı qorumaq, digər tərəfdən isə öz suveren qərarvermə imkanlarını itirməmək. Bu vəziyyət Venesuelanın illər öncə düşdüyü geosiyasi təcrid və təzyiq mexanizmlərini xatırladır, lakin kontekst tamamilə fərqlidir”-deyən politoloq qeyd edib ki, Venesuelada Nikolas Maduronun hakimiyyəti dövründə baş verənlər, legitimliyin beynəlxalq səviyyədə tanınmaması, alternativ siyasi fiqurların dəstəklənməsi, iqtisadi sanksiyalar və daxili siyasi parçalanma klassik “təzyiq və yönləndirmə” modelinin nümunəsi idi. Bu model əsasən zəif institutlara malik, iqtisadi baxımdan asılı ölkələrdə effektiv nəticə verdi.
Nicat İsmayılov bildirib ki, Danimarka və ümumilikdə, Avropa ölkələri üçün bu ssenarinin eyni formada təkrarlanması real görünmür: “Məsələ burasındadır ki, “Maduro hadisəsi” artıq yalnız hakimiyyət dəyişikliyi yox, strateji qərarların kənardan yönləndirilməsi mexanizmi kimi də çıxış edir. Avropada açıq legitimlik böhranı yaratmaq, seçilmiş hökuməti tanımamaq və ya alternativ lider elan etmək çətin və risklidir. Amma müasir dövrdə bunun əvəzinə daha incə alətlərdən istifadə olunur. İnformasiya və media təsirləri, təhlükəsizlik arqumentləri ilə siyasi basqılar, iqtisadi təşviq və ya məhdudiyyətlər, NATO və transatlantik öhdəliklər üzərindən təsir. Bu baxımdan Avropada “Maduro ssenarisi”nin sərt yox, yumşaq və institusional forması mümkündür.
“Qrenlandiya məsələsi Avropa İttifaqının uzun müddətdir müzakirə etdiyi “strateji muxtariyyət” anlayışının real sınağına çevrilib. Əgər Danimarka bu məsələdə öz mövqeyini müstəqil şəkildə müdafiə etməkdə çətinlik çəkərsə, bu, Aİ-nin digər üzvləri üçün də ciddi presedent yaradacaq. Bu presedent Avropanın gələcəkdə təhlükəsizlik, enerji və yüksək texnologiyalar kimi sahələrdə daha çox xarici təsirə açıq olacağını göstərə bilər.
Donald Trampın siyasi üslubu açıq, sərt və kompromissizdir. Onun Qrenlandiya ilə bağlı bəyanatları da bu üslubun davamıdır. Tramp üçün müttəfiqlik anlayışı simvolik deyil, faydaya əsaslanan münasibətdir. Bu isə Avropa üçün yeni reallıq yaradır”.
Nicat İsmayılov vurğulayıb ki, nəticə etibarilə, Danimarkanın Venesuelanın taleyini yaşaması ehtimalı zəifdir və Avropada klassik “Maduro hadisəsi”nin təkrarlanması real deyil. Lakin bu, təhlükənin mövcud olmadığı anlamına gəlmir. Əsas risk ondan ibarətdir ki, Avropa ölkələri formal suverenliklərini qoruduqları halda, strateji qərarvermə imkanlarını tədricən itirə bilərlər. Qrenlandiya məsələsi bu baxımdan təkcə regional mübahisə deyil, qlobal güc siyasətinin Avropa üzərində yeni sınağıdır. Bu proses göstərir ki, müasir dünyada suverenlik artıq yalnız bayraq və konstitusiya ilə yox, geosiyasi iradə və real güc balansı ilə ölçülür”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 05 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















