Qurban bayramının təmtəraqla qeyd olunması Azərbaycan xalqının sahib olduğu nəcib keyfiyyətlərlə əlaqəlidir RƏY
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qurban bayramı İslam aləmində ən böyük və təmtaraqla qeyd edilən bayramlardan biridir. Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar tənqid hədəfi olsa da, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqımızın dininə, milli adət-ənənələrinə, dini bayramlarına hörmət artdı, xüsusi diqqət və qayğı ilə yanaşılmağa başlandı. Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşadıb. Ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilib. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə, yüksək əhvali-ruhiyyə ilə keçirilir. Bayram günləri dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyə işləri görülür, qurbanlar kəsilir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, Ramazan bayramı kimi Qurban bayramı da Azərbaycanda hər il daha böyük miqyasda, coşqu ilə qeyd olunur.
“Bunun bir neçə səbəbi var. Hər şeydən əvvəl, bu, Azərbaycan xalqının İslamın tarixi kimliyi ilə, təxminən, on iki əsrlik tanışlığı və özünü bu coğrafiya üçün doğmalaşdırması ilə əlaqəlidir. İslam bu coğrafyaya doğma dindir. Azərbaycan xalqının keçmişi, mədəniyyəti, adət-ənənələri böyük ölçüdə İslam dini ilə əlaqəlidir. Təsadüfi deyil ki, azərbaycanlılar, Azərbaycan xalqı İslamı qəbul edən ilk xalqlardandır. Biz VIII əsrin sonu - IX əsrin əvvəllərində tamamilə müsəlmanlaşmış xalq idik. Bununla yanaşı, Qurban bayramının belə coşqu, təmtəraqla qeyd olunması Azərbaycan xalqının sahib olduğu nəcib keyfiyyətlərlə əlaqəlidir. Biz köməkləşməyi, bir-birimizin dadına çatmağı, çətin anlarda əl uzatmağı sevən xalqıq. Həmrəylik, birlik xalqımızın milli-mənəvi, əxlaqi keyfiyyətlərindəndir. Qurban bayramı da özündə təkcə fərdi deyil, həm də ictimai aspektləri ehtiva edən bayram olduğundan bizdə həmrəylik, birlik, yardımlaşma kimi duyğular formalaşıb. İslam dininin, Qurban bayramının ictimai aspektləri xalqımızın nəcib keyfiyyətləri ilə üst-üstə düşdüyündən bu bayramın Azərbaycanda ildən-ilə daha geniş miqyasda qeyd olunmasının şahidi oluruq”.
İlahiyyatçı-psixoloq Fazil Əhməd isə bildirib ki, Azərbaycanda son on ildə, xüsusən Qurban bayramını təntənəli şəkildə keçirən insanların sayı artıb:
“Bu, insan psixologiyası ilə bağlı olan məsələdir. İnsan psixologiyasında belə bir xüsusiyyət var ki, toplu şəkildə keçirilən mərasimlərdə ehtiyaclı insanlara yardımlar paylaşılır. Xeyirxah işlərdə yardımlaşma toplu halda olanda başqalarını da cəlb edir. Hər kəs istəyir ki, onun da belə işlərdə payı olsun. Son illər, xüsusən, məscidlərdə bu kimi xeyriyyə işlərinin aparılması səbəb oldu ki, kənar insanlar da, yəni məscidə gəlməyən insanlar da internet şəbəkələrində paylaşılan yardım kampaniyalarına dəstək olsunlar. Məsələn, mərhum ilahiyyatçı Şahin Həsənlinin təşəbbüsü ilə on-on beş il əvvəl Qurban bayramında məscidlərdə qurban kəsimlərinin xüsusi çəkidə paylaşılması, dəqiq ünvanlara çatdırılması səbəb oldu ki, başqaları da bu işdə iştirak etsinlər. İnsanlarda etibar yaranır ki, kəsəcəkləri qurban ehtiyacı olanlara çatır. Əvvəllər isə bu, sistemli deyildi, pərakəndəlik var idi. Bu səbəbdən insanların etibarı az idi. Həm də internet saytları, sosial şəbəkələr belə məsələlərdə çox böyük rol oynayırlar. Əvvəllər insanların qurban kəsimi bu dərəcədə kütləvi gözə çarpmırdı. Eyni zamanda Azərbaycan dövlət olaraq müxtəlif İslam təşkilatlarına üzvdür. Hətta İslamla bağlı müxtəlif tədbirlərə ev sahibliyi edib. İstər-istəməz cəmiyyətdə də İslami dəyərlərə xüsusi önəm vermək halı artıb. Məsələn, Ramazan ayında oruc tutanların statistikasına fikir versəniz, görərsiniz ki, on il bundan əvvəlki fərqlə oruc tutanların sayı xeyli artıb. 30 il əvvəl hətta Qərb ölkələrində oruca önəm vermək ənənəsi yox idi. İndi isə hətta ABŞ-də son on ildə dövlət səviyyəsində belə Ramazan ayında iftarlar verilir, bayram xüsusi təbrik edilir. Xristian dövlətlərin rəhbərləri müsəlman ölkələrinin rəhbərlərini bayram münasibətilə xüsusi təbrik edirlər. Sanki insanların dinə, dini ayinləri icra etməyə maraqları, meyilləri artıb. Qurban bayramı bu gün ölkəmizdə dövlət bayramı kimi təbliğ olunur, ölkə başçısı səviyyəsində xalqımız təbrik edilir. Azərbaycan xalqının əsas hissəsi müsəlman xalqıdır. Xalqımız öz dininə dəyər verdiyi üçün son illər Qurban bayramında qurbanlıq ətinin insanlara paylanması halları daha çox vüsət alıb. “Qurani-Kərim”in dili ilə desək, sanki müsəlmanlar yarışa giriblər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova


