Icma.az
close
up
RU
QÜRBƏTDƏ DOLAŞAN QƏRİB RUH Zəka Vilayətoğlu yazır

QÜRBƏTDƏ DOLAŞAN QƏRİB RUH Zəka Vilayətoğlu yazır

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yolum yenə Gürcüstanadır. Gürcüstanın kurort şəhəri Borjomiyə gedirəm. Paytaxt Tiflisdən çıxıb Borjomiya aparan beton yola düzəlincə olan maşın da, mən də rahatlanırıq. Yol çox hamardır.

Borjomiyə çox az qalıb. Günəş Borjomi dağlarının, meşələrinin arxasında batmağa tələsir, mən isə Borjomiyə yetməyə. Qarşıda maşın karvanı ağır-ağır irəliləyir. Səbrim lap tükənib. Bir az uzaq yolun yorğunluğu, bir az da gözəl Borjomiyə tezliklə yetişmək həvəsi yol hərəkəti qaydasını pozmağıma səbəb olur və qoşa xətti tapdayaraq, qarşıdakı yük maşınını keçmək istəyirəm. Bu dəm qarşıda avtomobil müfəttişi görünür. Onun işarəsiylə maşını saxlayıram. Yaxınlaşıb özünü təqdim edir. Gülərüz, mehriban, orta yaşlı bir polisdir. Deyir: "Qayda pozuntusuna görə əlli lari cərimə olunursunuz". "Canınız sağ olsun" deyirəm, gülümsəyərək. Sənədlərimi alır və nəsə yazır. Sonra sənədlərimi qaytararaq “ Simvolik olaraq, on lari cərimə yazdım. Bu cəriməni, - zəhmət olmasa, - üç gün ərzində ödəyin, əks halda bu məbləğ yüz səksən lari olacaq... Güman edirəm, məndən incimədiniz" - bir daha gülümsəyərək deyir. Böyük razılıq hissiylə vidalaşıb ayrılıram.

Borjomi məni yamyaşıl təbəssümlə qarşılayır. Hər yan sıx meşələrlə əhatə olunub. Yolun sol tərəfində dərə boyunca böyük çay axır. Təbiətin gözəlliyi heyran edir məni. Meşələr necə gözəldir, necə qoruyub saxlayıblar ağacları...

Gürcüstana, həmişəki gəlişlərimdən fərqli olaraq, bu dəfəki səfərimdə əsas məqsədlim, Borjomidə istirahətdən daha çox, hələ Sovetlər zamanında Gürcüstan torpağında qəhrəmanlıqla həlak olmuş bir soydaşımızın abidəsini axtarıb tapmaq və ziyarət etməkdir. Hər gəlişimdə cəhd etsəm də, bu, baş tutmayıb. Əvvəla həmin abidənin harada olduğunu dəqiq bilmirdim. İnternetdə axtarıb, bu barədə hər hansı bir məlumatı əldə edə biləcəyim də, nədənsə heç ağlıma gəlməmişdi.

Soydaşımız, 1987-ci ildə Gürcüstanda hərbi xidmətdə olarkən baş verən təbii fəlakət zamanı qəhrəmanlıqla həlak olan Rahib Məmmədov idi. O zaman mən hələ orta məktəbdə oxuyurdum. Onun qəhrəmanlığından bütün ölkə mətbuatı yazır, radio, televiziya xəbərlər yayırdı. 
O vaxtlar nəhəng Rioni çayı yağıntılar nəticəsində qəfildən daşır və Rahib Məmmədov böyük fədakarlıqla, qəhrəmanlıqla idarə etdiyi tankın köməyi ilə altımış nəfərdən çox adamı azğın sulardan xilas edir. Hadisənin baş verdiyi yer Gürcüstanın Xobi rayonunun Çaladidi kəndi idi. Nəhəng Rioni çayı bu kənddən keçib uzaqlara axırdı.

Azğın sulardan çoxsaylı insanları xilas edən Rahib Məmmədov sonuncu dəfə suda batmaqda olan daha bir adamın xilası üçün sürdüyü tankla yenidən çaya baş vurarkən boğulur. Və həmin gün kənddə doğulmuş körpə oğlan uşağına, Rahib Məmmədovun şərəfinə Rahib adı verirlər.
İki gün Borjominin təmiz havasında nəfəs alıb, doyunca borjomi suyundan içdikdən sonra Poti istiqamətində yola düzəlirəm. İki yüz əlli kilometrlik bir məsafəni qət etməliyəm.

Poti, Gürcüstanın Qara dəniz sahilində yerləşən qədim bir liman şəhəridir. Gürcüstanın digər şəhəri Batumi ilə aralarında, təxminən iyirmi beş kilometrlik bir məsafə var. Xobi rayonu da Poti yaxınlığındadır və Çaladidi kəndi bu rayona aiddir.

Qəhrəmanlar həmişə maraq dairəmdə olub. Necə olur ki, insan qəhrəman olur və əsasən hansı insanlar qəhrəman olurlar? Və ya insanlar anadan doğularkən onlarla birgəmi doğulur bu ali keyfiyyət? Bu da bir istedaddırmı, bacarıqmı və ya bir qabiliyyətmidir, nədir?
Məni həmişə düşündürən bu suala qismən cavab da tapıram; zənnimcə, bir insan dahi yazıçı, şair, böyük bəstəkar, müğənni ola bilər, amma böyük insan olmaya bilər. Yəni riyakar, hiyləgər, yaltaq, qorxaq, satqın olan çox sənət adamları görmüşük, amma bütün bunlara, adətən göz yumub, böyük sənətinə önəm vermişik. Qǝhrəmanlıq isə, tamamilə fərqlidir. Qənaətim belədir; mənəviyyatı çürük, yaltaq, ikiüzlü, qorxaq, satqın adam heç cür qəhrəman ola bilməz. Bax, sirr də elə bundadır, qəhrəmanlığın sirri...

Yol gedirəm. Sağ və sol tərəfdə yenə meşə zolağı uzanıb gedir. Ətraf aləm o qədər gözəldir, mənə elə gəlir, illərlə bu yollarda maşın sürsəm yorulmaram. İçimdə böyük sevgi, qəhrəmanlığa, insanlığa, qəhrəmanımızın ruhuna olan sevgim bu dəm təbiətin bu füsnkar yaşıllığına bələnib. Fərəhimdən uçuram. Qəhrəmanımızın ruhuyla görüşə gedirəm. İnanıram və ümid edirəm, onun abidəsini ziyarətim, Rahib Məmmədovun, bu qərib diyarda dolaşan qərib ruhunu olduqca şad edəcək. 

Hələ Potiyə çox var. Yolda dayanmış iki geyimləırindən hərbçiyə oxşayan gəncin yanında maşını saxlayıb, Xobi rayonuna aparan yolu soruşuram. İstiqaməti göstərirlər və onları da qarşıdakı rayonlardan birinəcən maşına götürməyimi xahiş edirlər. Etiraz etmirəm. Onlardan biri yanımda, digəri arxada əyləşərək mənə təşəkkür edir. Diqqətlə qara, Günəş eynəyimin arxasından onların geyimlərinə baxıram. Yox, hərbçi geyimi deyil. Görünür, başqa sahədə çalışan adamlar idilər. Sadəcə uzaqdan onların geyimlərini hərbçi geyiminə oxşat- mışam.
Susqunluqla xeyli yol gedirik. Sükutu pozmaq üçün maqnitofonu işə salıram. Azərbaycan musiqiləri səslənir. Yolumuz uzanır, onlar isə hələ maşını tərk edənə oxşamırlar. Bir anlıq düşünürəm: "Qərib yerdə və uzaq, kimsəsiz yolda tanımadığın adamları maşına götürmək heç yaxşı iş deyil. Nə bilmək olar, bəlkə bunlar qərəzli adamlardır! Bəlkə ermənilərdir! Azmı olmuş belə şeylər, yolda təsadüfi adamlar sürücünü öldürmüş, maşınını qaçırmışlar?!.. Lənət olsun şeytana, bu fikir ağlıma hardan gəldi? Yoxsa qorxur, ehtiyatmı edirəm?! Hanı bəs o qəhrəmalıqla bağlı hisslər, düşüncələr?! Vaaay, bir qəhrəmanın ruhuyla görüşə, onun abidəsini ziyarətə getdiyini nə tez unudursan?” Özümü qınayır, bu suallarla ittiham edirəm. Və qəfildən öz düşüncələrimə acı-acı gülür və həmişə olduğu kimi tam rahatlıqla düşünürəm: “Olmalı bir şeyin olması labüd və qaçılmazdır. Buna görə can üzməyə, sıxılmağa, qorxmağa dəyməz. Bir bədbəxt hadisə üçün əmr, göstəriş səni yaradan qüvvə tərəfindən gəlirsə, qaçış, xilas mümkünsüzdür!" Bundan sonra, yalnız Rahib Məmmədov haqqında düşünməyə başlayıram. Xəyalən Çaladidiyə daxil oluram. Abidəni çox gözəl bir məkanda təsəvvür edirəm. Sanki Rahib Məmmədovun özüylə görüşürəm. Əlini sıxır, onu bağrıma basıram. O, indi məndən çox gəncdir. İyirmi yaşında qalıb. Mən isə... Hə, o zaman onun iyirmi yaşı vardı, mənimsə, on beş. İndi yenə də onun iyirmi yaşı var, mənimsə daha çox... Bu düşüncələrdəykən maşındakılar "qabaqda, sağ tərəfdə saxlayın, zəhmət olmasa" deyincə, düşüncələrimdən ayrılıram...

Çaladidi kəndinə az qalıb. Yoldakı bir dairəni sola dönüb Poti istiqamətində irəliləmə liyəm.

- Gürcüstan. Poti. Çaladidi kəndi.

İşıqforda dayanınca, yaxında dayanmış bir masında, sürücünün yanında əyləşmiş bığlı bir gürcü başını yelləyir, əlini qaldırıb mehribanlıqla məni köhnə tanışı kimi salamlayır. Hiss edirəm ki, maşından düşüb mənimlə görüşmək istəyir. Maşını yolun kənarına sürüb saxlayıram. Onun maşından endiyini görüncə, mən də öz maşınımdan enirəm və yaxınlaşaraq, ondan Çaladidiyə azmı, çoxmu qaldığını soruşmaq istəyirəm. O mənə cavab vermədən sürücüyə sevinclə rus dilində deyir: “Gördüüün, odur, mənim dostumdur! Sənə dedim axı!"
Gürcü kişi mənə yaxınlaşıb qollarını açır, boynuma dolayır, üzümdən öpür: "Oooo, bico, xoş gəlmisən! Gör, nə vaxtdır görüşmürük!.. Necəsən, nə var-nǝ yox?.. Gəl, sür arxamızca, gedək yaxşı bir yerdə yeyib-içək!" - deyir.

"Yox, bico, vaxtım azdır, başqa vaxt. İndi mənə təcili Çaladidiyə getmək lazımdır", - deyirəm və özümü o yerə qoymuram, guya həqiqətən biz köhnənin tanışlarıyıq.

"Çaladidiyə burdan on dörd kilometr ancaq olar. Amma ora gedən yol indi xarabdır. Ona görə də bir az uzaq gedəcəksən,.. heç olmasa otuz kilometr... Ancaq, bico, biz yenidən görüşüb, yeyib- içməliyik. Yaxşı şərabım da var. Get, amma işlərini görüb qurtaran kimi mənə zəng et, görüşək,.. mənim telefon nömrəm səndə var dəəəə?!"

"Var, əlbəttə! Mən sənə mütləq zəng edərəm”, - deyirəm və biz yenidən qucaqlaşıb, köhnə dostlar sayağı öpüşərək ayrılırıq. Amma ayrılanacan gülməkdən özümü zorla saxlayıram...

Çaladidiyə aparan yol o qədər də rahat, hamar deyil. Məsafənin azlığı mənə bir az təskinlik verir. Amma necə olsa, mən o kəndə gedib çıxmalıyam və gedib çıxıram da.

Rioni çayının üstündəki nəhəng körpüdən keçib bir qədər sonra sağa buruluram və yaxınlıqdakı dükanın qarşısında toplaşmış bir neçə adamdan Çaladidini soruşuram. “Bura Çaladididir” - deyirlər.

Rahib Məmmədovun abidəsinin harada olduğunu bilmək istəyincə, “Odur, o yük maşınının arxasında” əl uzadıb qarşı tərəfi göstərirlər. Həyəcanla deyilən istiqamətdə gedirəm və yük maşının arxasında, tozlu, nahamvar yolun düz qırağındakı abidəni görüncə həm sevinir, sanki doğma bir insanı görürəmmiş kimi fərəhlənir, həm də kədərlənirəm. Abidə baxımsız qalıb və ürəkaçan bir görünüşdə deyil. Buna baxmayaraq, çox fərəhliyəm; istəyimə çatmış, axtardığımı tapmışam. Kövrək duyğular hakim olur ürəyimə. Bu dəm mənə elə gəlir, Rahib Məmmədovun ruhu, bax elə burda, başım üstündədir.

Kənardan bir gürcü baxır mənə. Altımışa yaxın yaşı olar. Üzünü tük basıb, qayğılı bir görkəmi var. Mənə yaxınlaşmaq istəyir, ancaq elə bil cürət etmir. Diqqətlə baxır. Mən də ona diqqətlə baxıram və nəhayət o, mənə yaxınlaşır. Mən bir söz demədən o; "Rahib igid adam idi. O, qardaşdır. Heyif ondan! O, gürcü xalqının qardaşı, xilaskarıdır. Biz onu çox sevirik" - rus dilində deyir. Sonra əlavə edir: "Bağışla, bico, rus dilini yadırğamışam, ona görə çətinlik çəkirəm. Onun haqqında biz çox şey bilirik. Amma yaxınlıqda, onun haqqında ən yaxşısını bilən bir qoca var. O qocada Rahiblə anasının şəkli də var. Hətta o qoca, Rahib Məmmədova şeir də həsr edib. Əgər istəsəniz, mən sizi onun yanına apara bilərəm. O, çox şey bilir. Mən də bilirəm. Bax, Rion çayı o illərdə çox azğınlaşmışdı. Elə daşmışdı ki, on iki kilometrlik bir ərazini ağzına almışdı. Çox dəhşətli idi. Gördüyünüz bu ərazi bütünlüklə su altında qalmışdı. Rahib Məmmədov, altımışdan çox adamı xilas etdi. Çox qoçaq, igid oğlan idi”.

-Vaxtınız varsa gedək Elqucanın yanına, o, sizə çox şeylər danışacaq.

Bu istiqanlı, sadə gürcünün adı Emzardır, - Emzar Kurtanidze. O, məni Elquca Qiqaşvili adlı qoca gürcünün yanına aparır. Elquca Quqaşvilinin evinəcən burdan cəmi bir kilometrdir.

Elquca kişi bağdakı üzüm çardağının altında oturub dincəlirdi. Nimdaş geyimdə qarşımıza çıxıb əlimi sıxarkən utandığını hiss edirəm. Üzr istəyərək evə gedir və geyimini dəyişib yenidən bizə yaxınlaşır. O da Emzar kimi rus dilini yadırğadığını, iyirmi ildir, bu dildə danışmadığını deyir və bununçün üzr istəyir. Sonra bir bükülünü açıb Rahib Məmmədovla anasının fotosunu, ona həsr etdiyi şeirini, hadisənin qısa təfərrüatlarını yazdığı bir parça kağızı çıxarıb stolun üstə yanaşı düzür. Səsi qocalığın təsirindən titrəyə-titrəyə deyir:

-Oğlum, indiyəcən mənim yanıma çox adamlar gəlib. Rahib Məmmədov haqqında çox soruşublar. İnanın, çoxunu qəbul etmək istəməmişəm. Bilirsiz, xəstəyəm, çox üzgünəm, danışamağa heyim belə qalmayıb. Amma sizin qəlbinizə dəymək istəmədim. Uzaq yol gəlmisiz, həm də, doğrusu, ürəyimə yatdınız... İllərdir, tənha yaşayıram. Heç kəsim yoxdur. Emzar, sağ olsun, yaxşı adamdır, hərdən mənə baş çəkir, hal-əhval tutur... 

Dayanın, bir az səbr edin, mən indi gəlirəm, - qoca nə fikirləşirsə, söhbətini saxlayıb bizi tərk edərək evə sarı gedir. Az sonra əlində iki çirkli stəkan və bir litrlik butilkada sarı maye qayıdır. Emzar gülümsəyərək mənə deyir: "Bico, bu feyxoa şərabıdır. Bunu Elquca özü hazırlayır, can dərmanıdır".
Elquca kişi Rahib Məmmədovdan danışmağa başlayır, Emzarın fikri isə şərabdadır, tez-tələsik stəkanlara şərab süzür və stəkanın birini mənə uzadıb, “Əvvəl bunu için, sonra söhbət edərsiniz” deyir. Hörmət xatirinə stəkanı alıb yenidən stola qoyuram və maraqla Elquca kişini dinləməyə başlayıram. Emzarsa şərab dolu stəkanı yuxarı qaldırıb fərəhlə deyir: "Mən bu şərabı gürcü xalqının ən yaxın dostu, qardaşı olan Azərbaycan xalqının şərəfinə içirəm!" Elquca kişi hər ikimizə baxıb gülümsəyir, həvəslə, həyəcanla danışmağa başlayır. Sanki Rioni indicə daşıb ətrafı ağzına götürüb. Danışdıqca qocanın gözləri yaşarır:

-O, altımışdan çox gürcünü seldən xilas etdi. Sonuncu dəfə suya girərkən boğuldu. Bəlkə də boğulmaz, ölməzdi Rahib. Adamları siyahıya alan erməni onu aldatmışdı ki, suda yenə adam qalıb, gir, xilas et və o da suya yenidən girərkən boğuldu, - Emzar söhbətə müdaxilə etdi.
- Mən, düz üç gün üzüstə yıxılıb ağladım. Onun ölümünə bütün Gürcüstan ağladı, çariçamız Tamaranın ruhu ağladı. O, bizim xilaskarımız idi. Rahib Məmmədov təkcə Azərbaycanın deyil, Gürcüstanın da əziz övladı, oğludur" - Elquca yanğıyla, həm də fəxarətlə danışır, Rahib Məmmədova həsr etdiyi şeirini oxuyur. 

Sonda bir daha maraqla soruşuram: "Sel fəlakətindən neçə nəfəri xilas etdi Rahib Məmmədov?"

-Çox, lap çox.

-İyirmi səkkiz göstərilir, bütün yazılarda, xəbərlərdə, - deyirəm. 

-Xeyr! - Etiraz edir. Çox idi, altımışdan çox idi. Bu, yanlışdır. - Xilas edilənləri siyahıya alan erməni olub. Görünür, o, bilərəkdən az yazıb, adamların sayını, - Emzar söhbətə qarışır və erməniləri lənətləyir.

Bir saatlıq maraqlı görüşdən sonra təzə dostlarımdan ayrılıram. Buraların istisinə dayanmaq mümkün deyil, yenidən sərin Borjomiyə qayıtmaq üçün yola düşməyə hazırlaşıram. Bunu hiss edincə, Elquca kişi Emzarın əlinə bir səbət verir ki, bağdakı meyvələrdən mənimçün dərsin. Etiraz edirəm, amma o, əl çəkmir. Hətta özü də mənimçün alça, gavalı, fındıq dərməyə başlayır.

Bağın bir tərəfində uzun bir arx var, bəlkə də arx deyil, mən arxa bənzədirəm. Emzar deyir, bu, Elqucanın balıq vətəgəsidir. Burda qəşəng, dadlı sazanlar var. Əgər bir neçə saat da ləngiyə bilsəm, məni balığa da qonaq edəcəklər. Balıq həvəskarı olsam da onlara əziyyət vermək istəmirəm və yola düzəlirəm. Ayrılarkən hər iki gürcü dostum boynuma sarılır. Elquca kişinin gözləri yaşarır, arxamca uzun-uzadı əlini yelləyir.

Çaladididən çıxhaçıxda bir daha Rahib Məmmədovun abidəsi önündə dayanır, abidənin hissiz, duyğusuz, soyuq gözlərinə baxıram və elə bil, qəfil bu gözlər işıqlanır, hərəkətə gəlir, qəriblikdə ürəyi sıxılmış, darıxmış bir qəribin gözlərini xatırladır. Bu gözlərə baxa-baxa ürəyimdə, beynimdə hüznlü bir şeirin misraları qanadlanır. İllər öncə oxumuşdum bu şeiri və hətta musiqi də yazmış, nəğməyə çevirmişdim. Nakam Azərbaycan şairi Əhməd Cavadın bu şeiri elə nəğmə kimi də səslənir ürəyimdə, ruhumda:

Əgər sizin eldə varsa bir qərib 
Baxın, gözlərində nə var, axşamlar! 
Qəribin halını vətəndən əsən 
Tanrının yelləri sorar axşamlar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see142

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see136

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see135

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see129

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see128

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see125

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see124

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see122

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see120

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see120

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see119

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see118

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see116

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see110

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri