Icma.az
close
up
RU
Qütbləşmiş dünyada media: etimad uğrunda yeni mübarizə

Qütbləşmiş dünyada media: etimad uğrunda yeni mübarizə

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, iqtisadi rəqabətin dərinləşməsi və media sahəsində baş verən köklü transformasiyalarla səciyyələnən mürəkkəb bir dövr yaşayır. Münaqişələrin, geosiyasi qarşıdurmaların və informasiya müharibələrinin paralel şəkildə genişləndiyi bir şəraitdə informasiya artıq yalnız hadisələri əks etdirən vasitə deyil, həm də ictimai münasibətlərə və beynəlxalq dialoqa təsir göstərən strateji resursdur.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Media Forumunun iştirakçılarına müraciətində məhz bu məsələlərə diqqət çəkib. Dövlət başçısı bildirib ki, fərqli maraq və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir etmək potensialına malikdir.

Bu yanaşma təsadüfi deyil. İnformasiya mühitinin sürətli dəyişməsi media ilə cəmiyyət arasındakı ənənəvi münasibətləri də yenidən formalaşdırır. Xəbərin hazırlanması, yayılması və qəbul edilməsi əvvəlki dövrlərlə müqayisədə daha sürətli baş verir. Bununla yanaşı, informasiyanın mənbəyini, dəqiqliyini və məqsədini müəyyənləşdirmək də çətinləşir.

Reuters İnstitutunun 2026-cı il üzrə “Digital News Report” hesabatında qeyd olunur ki, sosial media və video platformaları ilk dəfə orta hesabla televiziya, xəbər saytları və tətbiqlərdən daha populyar xəbər mənbələrinə çevrilib. Eyni zamanda, xəbərə ümumi etimad göstəricisi hesabatın ölçməyə başladığı 2015-ci ildən bəri ən aşağı səviyyəyə – 37 faizə düşüb. Araşdırmanın əhatə etdiyi 48 bazarın 29-da xəbərə etimad azalıb.

Bu rəqəmlər mühüm bir paradoksu göstərir: informasiya əvvəlkindən daha əlçatan olsa da, onun etibarlılığına dair suallar artır. İnformasiya istehlakının platformalara keçməsi bu problemi daha da mürəkkəbləşdirir. İnsanlar xəbəri getdikcə daha çox sosial şəbəkələrdən, video platformalarından və süni intellekt alətlərindən əldə edirlər. Beləliklə, jurnalistikanın rəqabəti artıq yalnız digər media qurumları ilə deyil, həm də fərdi kontent yaradıcıları, alqoritmlər və süni intellekt sistemləri ilə gedir.

Süni intellektin inkişafı media üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Mətn, foto, video və audio materialların hazırlanması əvvəlkindən daha sürətli və ucuz başa gəlir. Bu texnologiyalar jurnalistlərin məlumat toplamaq, təhlil etmək və kontent hazırlamaq imkanlarını genişləndirə bilər. Lakin eyni texnologiyalar saxta məlumatların hazırlanmasını da asanlaşdırır. Real insanın səsinə, görüntüsünə və davranışına bənzəyən materialların yaradılması nəticəsində auditoriyanın həqiqi və süni kontenti ayırd etməsi çətinləşir.

Dünya İqtisadi Forumunun 2026-cı il “Global Risks Report” hesabatında yanlış və dezinformasiya yaxın 2 il üçün ən ciddi qlobal risklər sırasında göstərilir. Hesabatda süni intellektlə bağlı mənfi nəticələrə dair risklərin uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə yüksəldiyi qeyd edilir.

Burada əsas məsələ yalnız “saxta xəbər” istehsalının artması deyil. Daha böyük problem cəmiyyətin ümumilikdə informasiyaya şübhə ilə yanaşmağa başlamasıdır. Əgər auditoriya həqiqi videonun da saxta ola biləcəyini düşünürsə, bu zaman təkcə yalan informasiya deyil, həqiqətin özü də etimad böhranı ilə üzləşir.

Dezinformasiyanın təsir mexanizmi yalnız yanlış məlumat yaymaqdan ibarət deyil. Emosional başlıqlar, kontekstdən çıxarılmış görüntülər, manipulyativ montajlar və saxta sitatlar insanların hadisələri necə qavramasına təsir göstərə bilər. Dünya İqtisadi Forumunun təhlilində yanlış və dezinformasiya ilə ictimai qütbləşmə arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilir. İnformasiya manipulyasiyası cəmiyyətdə mövcud fikir ayrılıqlarını dərinləşdirə, institusional etimadı zəiflədə və ictimai diskussiyanı daha da parçalaya bilər.

Bu baxımdan media üçün yeni vəzifə yalnız informasiyanı çatdırmaq deyil, həm də onun doğruluğunu yoxlamaq, konteksti izah etmək və auditoriyaya etibarlı mənbə təqdim etməkdir. Rəqəmsal platformalarda sürət əsas üstünlüklərdən birinə çevrilib. Lakin peşəkar jurnalistikanın əsas fərqləndirici xüsusiyyəti sürətdən daha çox dəqiqlik, mənbənin yoxlanılması və kontekst yaratmaqdır.

Sosial şəbəkədə bir görüntü saniyələr ərzində milyonlarla istifadəçiyə çata bilər. Jurnalistin vəzifəsi isə həmin görüntünün harada, nə vaxt və hansı şəraitdə çəkildiyini müəyyənləşdirməkdir. Eyni zamanda, onun əvvəlki hadisə ilə əlaqəli olub-olmadığı, montaj edilib-edilmədiyi və təqdim olunan iddianı həqiqətən təsdiqləyib-təsdiqləmədiyi araşdırılmalıdır. Bu, xəbərin hazırlanmasını sadəcə informasiya ötürməkdən daha mürəkkəb prosesə çevirir.

Azərbaycanın media təcrübəsi də bu qlobal transformasiyanın təsiri altında formalaşır. Son illərdə ölkədə media sektorunun hüquqi və institusional əsaslarının yenilənməsi istiqamətində bir sıra addımlar atılıb. “Media haqqında” Qanunun qəbul edilməsi, Media Reyestrinin yaradılması, media subyektləri və jurnalistlərlə bağlı məlumatların sistemləşdirilməsi, media savadlılığı istiqamətində layihələrin həyata keçirilməsi bu prosesin əsas elementlərindəndir.

Azərbaycanın təcrübəsində media savadlılığı məsələsi xüsusi aktuallıq qazanır. Çünki müasir informasiya mühitində dezinformasiyaya qarşı mübarizə yalnız saxta məlumatın təkzib edilməsi ilə məhdudlaşa bilməz. Auditoriyanın informasiyanı özü yoxlamaq və qiymətləndirmək bacarığının inkişaf etdirilməsi daha uzunmüddətli mexanizm yaradır.

Bu istiqamətdə media savadlılığı layihələrinin əsas məqsədlərindən biri vətəndaşlara informasiya mənbəyini qiymətləndirmək, saxta xəbərləri müəyyənləşdirmək, sosial şəbəkələrdə manipulyativ məzmunu ayırd etmək və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək bacarıqları qazandırmaqdır. Xüsusilə süni intellektin yaratdığı yeni informasiya reallığında bu bacarıqlar daha böyük əhəmiyyət daşıyır.

Azərbaycanın informasiya məkanında süni intellekt vasitəsilə hazırlanmış “deepfake” materialların yayılması ilə bağlı nümunələr də bu təhlükənin artıq nəzəri məsələ olmadığını göstərir. Belə materiallar yalnız ictimai rəyi çaşdırmaq məqsədi daşımır, eyni zamanda, fərdi məlumatların əldə edilməsi və maliyyə fırıldaqları üçün də istifadə oluna bilər. Bu isə media təhlükəsizliyi ilə kibertəhlükəsizlik arasında getdikcə daha sıx əlaqənin yarandığını göstərir.

Digər mühüm məsələ böhran və münaqişə dövrlərində informasiyanın idarə olunmasıdır. Regional və qlobal hərbi-siyasi gərginliklərin artdığı bir vaxtda sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatların yayılması sürətlənir. Belə şəraitdə media qurumlarının qarşısında “ilk xəbəri vermək” və “dəqiq xəbəri vermək” arasında seçim problemi yaranır. Peşəkar jurnalistika baxımından isə xəbərin sürətindən daha vacib olan onun etibarlılığıdır.

Azərbaycan mediası üçün bu proses, eyni zamanda, rəqəmsal transformasiya mərhələsidir. Ənənəvi media qurumları artıq yalnız qəzet, televiziya və ya xəbər saytı kimi fəaliyyət göstərmir. Onların sosial şəbəkələrdə, video platformalarında, mobil tətbiqlərdə və digər rəqəmsal kanallarda mövcudluğu auditoriya ilə münasibətlərin yeni modelini formalaşdırır.

Bu dəyişiklik jurnalistin peşə funksiyasını da genişləndirir. Müasir jurnalist yalnız mətn yazan mütəxəssis deyil. O, məlumatı müxtəlif mənbələrdən toplamalı, rəqəmsal materialların həqiqiliyini yoxlamalı, foto və videonun mənşəyini araşdırmalı, süni intellekt alətlərindən məsuliyyətlə istifadə etməli və xəbəri müxtəlif platformalara uyğun təqdim etməlidir.

Belə şəraitdə medianın əsas kapitalı yalnız auditoriyanın sayı və ya baxış göstəriciləri deyil, etimaddır. Çünki milyonlarla baxış qısa müddətdə əldə oluna bilər, lakin auditoriyanın uzunmüddətli etimadını qazanmaq daha mürəkkəb prosesdir.

Prezident İlham Əliyev müraciətində dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, media savadlılığının artırılmasını və yeni texnologiyaların məsuliyyətli tətbiqini etimadın dayanıqlı əsaslarından biri kimi qeyd edib.

Bu yanaşmadan çıxış edərək müasir media ekosisteminin üç əsas dayağını qeyd etmək olar: peşəkar jurnalistika, texnoloji məsuliyyət və informasiya savadlılığı. Peşəkar jurnalistika faktları yoxlamalı, texnologiyalar şəffaf və məsuliyyətli tətbiq edilməli, auditoriya isə informasiya ilə bağlı tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməlidir. Müasir dünyada informasiya uğrunda rəqabət getdikcə daha çox etimad uğrunda rəqabətə çevrilir. Auditoriyanın diqqətini cəlb etmək kifayət deyil. Əsas məsələ həmin auditoriyanın etimadını qorumaqdır.

Rəqəmsal platformaların, süni intellektin və sosial medianın sürətli inkişafı media qarşısında yeni imkanlar açır. Eyni zamanda, bu imkanlarla yanaşı, daha böyük məsuliyyət də yaradır. Belə bir şəraitdə medianın gələcəyi yalnız texnoloji yeniliklərdən deyil, dəqiqlik, şəffaflıq, peşəkarlıq və ictimai etimad prinsiplərinin nə dərəcədə qorunacağından asılı olacaq. Ona görə ki, informasiya bolluğunun hökm sürdüyü dövrdə ən böyük dəyər artıq informasiyanın özü deyil, etibarlı informasiyadır.

Səbuhi MƏMMƏDOV,

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri