Icma.az
close
up
RU
Rəfiqəm, Kalaşnikov və Çexovun Annası Aytac Sahəd yazır

Rəfiqəm, Kalaşnikov və Çexovun Annası Aytac Sahəd yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Aytac SAHƏD

"Əgər müharibə olmasaydı, yəqin ki, kənd təsərrüfatı sahəsində yeni texnikaların layihəsini hazırlayırdım. Mənim nə günahım var ki, almanlar müharibəyə başladılar" (Mixail Kalaşnikov).

Rəfiqəmin sevgilisi sevmir onu. Dəfələrlə xəyanət edib, həmişə də incidir. Ancaq hər ayrılıqdan sonra boş bir bəhanəyə bürünüb alır könlünü. Gözəl-göyçək qızdır, özü də çox mülayim xasiyyəti var. Oğlansa qədrini bilmir ki, bilmir.

Rəfiqəmin iş sarıdan da bəxti gətirməyib. İllərdir qədirbilməz müdirin əlinin altında qəpik-quruşa işləyir. Halbuki günü bu gün şeytanın qıçını qırıb, oradan uzaqlaşsa, işdən çox iş var ona. Üç dildə sərbəst danışır, üstəlik, universiteti də qırmızı diplomla bitirib.

Sanki belə olmalı imiş kimi də yaşayır. Xoşbəxt deyil, ancaq etiraz edəcək cəsarəti də yoxdur, daha doğrusu, söykənə biləcəyi bir səbəbi. Çünki sahib olduğu məziyyətlərdən xəbərsizdir.

Çoxdur belə adamlar. Onların sayəsində bir həqiqəti özüm üçün yəqin etmişəm: Dəyərli olmaqdan daha vacibi bu dəyərin fərqində olmaqdır. Yoxsa çantandakı qızıl külçədən xəbərsiz gümüş dilənəcəksən.

Həyatda nəyə qadir olduğunu bilmədən nəyə layiq olduğunu da anlamırsan.

Məhz bu həqiqətə varandan sonra sənə əyan olur ki, özündən nə istəməlisən, başqalarından nə. Başqaları... Özünlə sual-cavabın bitəndən sonra kənardakılarla haqq-hesabın başlayır. İnsan həm də özü öyrədir yan-yörəsinə ona qarşı necə davranılmalı olduğunu. Əlbət, kənardakılar da bizi yanılda bilər. Bu səbəbdən özümüzü yalnız başqalarının arşını ilə də ölçməməliyik.

Qarşındakı yanlış insandırsa, sənin doğruların da gözə görünmür. Leyliyə Məcnun gözü ilə baxmaq da var axı.

Bir yanğınsöndürəndən royalla skripkanın fərqini soruşanda cavab verir ki, royal daha çox yanır.

Kəsəsi, hər şey o məşhur deyimdəki kimi insanın özündə başlayıb özündə bitir. Bu yolda ən önəmlisi qızıl ortanı tapmaqdır.

Dəyərin şkalasını olduğundan çox götürəndə də yanlış yollarda yorulmağa məhkum qalırsan. Qeyri-reallığın diktəsi səni uduzacağın müharibələrə sürükləyir. Qazın qartal olmaq xəyalı kimi. Budda deyirdi ki, arzularınızdan muğayət olun.

Bəs niyə belə taleyüklü məsələdə yanılır adamlar?

Yəqin hər taledə bu sualın cavabı müxtəlifdir. Kimi əzəldən dəyərsiz olduğuna inanmağı seçir, kimi də buna inandırılır. Yanlış adamların qoyduğu travmalar insandan nələr alır, nələr.

Dəyərsizlik insana yalnız fədakar, fağır obrazı biçmir, həm də yanlış istiqamətlərə yönəldir. Bunun ən gözəl nümunələrindən birini Çexovun "İt gəzdirən xanım" hekayəsində görürük.

Ərini Qurovla aldadan Anna bədbəxtliyinə səbəb axtarır. Bu dialoq isə onun faicəsinin icmalıdır:

"Qadın dilləndi:

- Heç yaxşı olmadı. İndi mənə hörmət eləməyənlərdən birincisi elə siz olacaqsınız.

Nömrədəki stolun üstündə qarpız vardı. Qurov bir dilim kəsib, tələsmədən yeməyə başladı. Sükut ən azı yarım saata qədər uzandı.

Qurov soruşdu:

- Mən sənə niyə hörmət eləməməliyəm? Nə danışdığını heç özün də bilmirsən.

O:

- Qoy Allah günahımdan keçsin! - dedi və gözləri doldu. - Dəhşətdi.

- Sən elə bil özünü təmizə çıxarmağa çalışırsan.

 - Nəylə özümü təmizə çıxarım? Mən ağılsız, rəzil qadınam, özüm özümə nifrət edirəm və bəraət haqqında fikirləşmirəm. Mən ərimi aldatmadım, mən özümü aldatdım. Özü də indi yox, xeyli vaxtdı aldadıram".

İlk baxışda bu dialoq qadının vicdan əzabı çəkməsinə yozula bilər. Ancaq bütöv hekayə ilə tanış olanda Anna Sergeyevnanın psixoloji portreti sənə bütün səbəbləri göstərir. Xüsusilə də hekayənin əvvəlində Qurovun onun haqqında dediyi bu cümlə: "Qadın ömründə bəlkə də birinci dəfəydi ki, tək qalırdı, elə şəraitə düşmüşdü ki, mənasını özünün də anlamadığı sirli bir məqsədlə onun dalınca düşürdülər, ona nəzər salırdılar, onunla söhbət edirdilər".

Bəli, Anna məhz dəyərsizlikdən əziyyət çəkirdi. Nə ərini sevirdi, nə də ondan istədiyi sevgini görürdü. Hələ üstəlik, özünü də sevmirdi, inanmırdı. Yoxsa niyə sevgilidən hörmət görüb təsdiq olunmağa bu qədər ehtiyac duysun ki?

Şəxsi münasibətlərdə dəyər qavramı insanın özü və ətrafındakılarla daha çox bağlı olsa da, ictimai məsələlərdə vəziyyət bir qədər fərqlidir. Çünki burada şəxsin özündən asılı olmayan onlarca faktor həlledici amilə çevrilir.

Məsələn, Azərbaycanın kino sahəsində itirilən doxsanlar nəsli var. Daha doğrusu, gəncliyi bu illərə təsadüf edən nəsil. Onlarla müsahibələrim zamanı daim bir nisgil hiss edirəm. Layiq olduğu dəyərə yanlış zaman ucbatından vara bilməyən adamlar...

Hansı ki, onlar yaraşıqlı, qıvraq, qısası çılğın gənci oynamalı olduqları yaşda nə kino çəkən vardı, nə bu haqda düşünən. Bəlkə də həmin aktyor, aktrisaların ifasında neçə-neçə uğurlu rollar görə bilərdik. Düzdür, indi də vəziyyət güllük-gülüstanlıq deyil. Ancaq bugünki gündə ağır doxsanlardan fərqli olaraq kino çəkmək daha əlçatandır. Həmin aktyorlar isə arzuladıqları baş rolun ya anasını oynaya bilərlər, ya xalasını.

Məsələyə daha bəşəri baxsaq, Kalaşnikov kimi xeyli nümunələrə rast gələrik.

Maraqlıdır, həqiqətən də, Mixail Kalaşnikovun produktiv dövrü müharibəyə düşməsəydi, kənd təsərrüfatındakı layihələri ilə biz onu bu gün tanıyacaqdımı? Məsələ çox sadədir, o, lazım olan məqamda lazım olan şeyi edib layiq olduğu dəyəri almışdı.

Başa düşülmək üçün doğru zamanla yanaşı, doğru yerdə, sənin qiymətini dərk edəcək insanlarla əhatələnmək lazımdır. Əlbəttə ki, həqiqətən dəyər daşıyıcısısansa...

Kəsəsi, əgər sənin məramın bu qısa ömrü xoş yaşamaqdırsa, nə müharibələrə ehtiyac var, nə dolaşıq yollara. Qiymətini bilən üç-beş adamla da gününü gün edə bilərsən. Dəyər görmədiyi ünvanda məskən salmaq insanın özünə qarşı etdiyi ən böyük haqsızlıqdır. Mənim rəfiqəmin etdiyi kimi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri