Icma.az
close
up
RU
Sarayevo, Sarayevo Aytac Sahəd yazır

Sarayevo, Sarayevo Aytac Sahəd yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Aytac SAHƏD

Sarayevo... Niyəsini heç özüm də bilmirəm, ancaq həmişə bu şəhəri görmək istəmişəm. İllərin arzusundan doğan həvəslə şəhərə çatar-çatmaz dərhal düşdüm küçələrin canına. Əvvəlcə, ara məhəllələri xeyli gəzdim. Məncə, bir şəhərin əsl ruhunu hiss etmək üçün künc-bucaqdan başlamaq lazımdır. Mərkəz həmişə hər şey şeyi olduğu kimi danışmır, bəzən işıqları ilə səni aldada bilir. Ara küçələri isə boyamaq lazım gəlmir, şəhərin əsl rəngi oralarda görünür. 

Sarayevo dağlarla əhatələdir. Buranın təbiəti çox gözəldir. Yol kənarında bitən meyvə ağaclarının sayı-hesabı yoxdur. Evlərin əksəriyyəti hündürmərtəbəlidir və rəngli hasarları göz oxşayır.

Növbələşən məscid və kilsələr təkcə şəhərin memarlığından yox, həm də insanları haqqında çox şey deyir. Mənə isə dinləmək o qədər xoş gəlirdi ki, təxminən, iki saata yaxın piyada gəzdiyimi belə unutmuşdum. Dolanbac yollar nəhayət ki, məni gətirib şəhər mərkəzinə çıxardı. Gün yavaş-yavaş dağların arxasına çəkilirdi. Mütləq bu mənzərədə özümə yer etməli idim. Tək səyahət etməyin yeganə pis tərəfi odur ki, şəkil çəkdirməyə adamın olmur. Gərək tanımadığın kəslərə minnətçi düşəsən. Mən də bu minvalla iki nəfərə yaxınlaşdım. Biri gecikdiyini deyib yola verdi, digəri isə üzündə xoş təbəssümlə xeyli şəklimi çəkdi. Beləcə Stefanla tanış olduq. O, Bosniya və Herseqovina haqqında bilmədiyim xeyli maraqlı məqamlardan danışdı. Eyni zamanda, mən də Azərbaycan, Qafqaz haqqında onun suallarını cavablandırdım. Stefanın 20 yaşı var, musiqi ilə məşğul olur. Sevgilisi gürcüdür. Ona görə də, Qafqaz haqqında müəyyən qədər məlumatlıdır və buralar ona çox maraqlıdır. Bosniya və Herseqovina da əhali əsasən yerli dildə danışsa da, ortabab ingiliscə ilə də vəziyyəti idarə etmək mümkündür. Elə biz də Stefanla ingiliscə ünsiyyət qurduq. Ancaq o, ara-sıra boşnak dilində ifadələr işlədirdi. Stefanın atası boşnak, anası isə serbdir. Bunu öyrənəndən sonra ailəsindəki atmosfer haqqında ona bir neçə sual verdim. Məsələn, soruşdum ki, bu torpaqlarda baş verənlər, iki xalq arasında yaşananlar onun ailəsində hiss olunurmu? Stefanın cavabı isə belə oldu: "Əlbəttə ki, xalqlar arasında baş verən savaşlar asanlıqla unudula bilməz. Ancaq söhbət sıravi ailələrdən gedirsə, məsələyə başqa prizmadan baxmaq lazımdır. Çünki hər şey insana görə dəyişir. Mənim atam müsəlman, anam isə xristiandır. Ailəmdə dindar adam olmadığı üçün inancla bağlı məsələlərdə ziddiyyətlər yaşanmayıb. Sarayevoya Avropanın Qüdsi deyirlər. Bu şəhərdə atamla anam kimi yüzlərlə ailə var".

Növbəti günlərdə şəhərdəki məscid, kilsə, sinaqoqlara baş çəkdim. Gördüklərim Stefanın sözlərini bir daha təsdiqlədi. Sarayevo Avropanın Qüdsidir.

Küçədə bir tərəfdə hicablı xanımlar görürsən, digər tərəfdə isə boynunda xaç asan adamlar. Hər addımbaşı şərqlə qərbin vəhdəti hiss olunur, bu da şəhərin ruhuna xüsusi rəng qatır.

Bosniya və Herseqovina da, o cümlədən Sarayevoda müxtəlif millətlərin nümayəndələri yaşasa da, ölkə əhalisi əsasən boşnaklar, serblər və xorvatlardan ibarətdir. 

Sözsüz ki, bu müxtəliflik şəhərə yalnız gözəlliklər bəxş etməyib. Zaman-zaman xalqlar arasında yaşanan münaqişələr, xüsusən də, qanlı-qadalı doxsanıncı illər Sarayevoda dərin, ağrılı izlər qoyub. Həmin izləri müharibədən sonra hələ də bərpa olmayan binalarda, tez-tez rast gəlinən məlumat lövhələrində, hətta mərkəzə yaxın ərazilərdə belə rastlaşacağın qəbiristanlıqlarda görmək mümkündür. Sarayevo küçələrində gəzərkən qırmızı boya ilə işarələnmiş yerlər diqqətimi çəkdi. Maraqlananda isə məlum oldu ki, sözügedən işarələr vaxtilə həmin yerdə insan öldürüldüyünü göstərir. Çox ağrılı mənzərədir.

Sarayevo tarixi ilə yaxından tanış olmaq üçün şəhərdə olduğum müddətdə bacardığım qədər muzeyləri ziyarət etməyə çalışdım. Onların içərisində isə "Sarayevo Muzeyi" xüsusilə diqqətimi çəkdi. Burada Bosniya və Herseqovina tarixinə dair olduqca qiymətli eksponatlar var. Ancaq ana xətt nəinki Bosniya və Herseqovina, dünya tarixində önəmli yer tutan bir hadisə üzərində qurulub. Söhbət Avstriya-Macarıstan taxt-tacının varisi Hersoq Frans Ferdinand və həyat yoldaşı Sofiyanın, serb millətçisi Qavrilo Prinsip tərəfindən qətlə yetirilməsindən gedir. Tarixdən məlumdur ki, 28 iyun 1914-cü ildə Sarayevoda baş verən bu hadisə Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə oldu.

Muzey binasının önündə qətlin baş verdiyi yer xüsusi işarələrlə göstərilib. Həmçinin divarda şahzadənin xanımı ilə rəsmi və məlumat lövhəsi var.

Ekspozisiyada isə onların geyimləri, ev əşyaları, maşın və silahların maketləri yer alıb. Həmçinin Qavrilo Prinsipin də əşyaları və fotosu da ekspozisiyada sərgilənir. Ümumilikdə isə muzeydə nümayiş olunan video və interaktiv təqdimatlar vasitəsilə o dövrə dair zəngin məlumatlar almaq mümkündür. 

Bu muzey mərkəzdə - şəhərin simvollarından olan Latın körpüsündən şimalda yerləşir. Körpünün cənubunda isə Sarayevonun ən məşhur məkanlarından olan "İnat kuca" görünür. Bu tikilinin çox maraqlı hekayəsi var. Deməli, 19-cu əsrin sonlarında hökumət Sarayevoda bələdiyyə binası tikmək istəyir. Ancaq həmin yerdə evi olan şəxs hökumətin ona evini sökmək üçün etdiyi pul təklifini qəbul etmir və sona qədər sözünün üstündə dayanır. Sonda hökumət evi daş-daş söküb, çayın digər tərəfinə köçürməyə məcbur olur. Beləcə xalq arasında bu evə "İnad Evi" adı verilir. Hazırda bu məkan restoran kimi fəaliyyət göstərir.

Restoran demişkən, Bosniya və Herseqovina mətbəxi rəngarəngliyi ilə seçilir. Ən məşhur yeməklərindən biri isə cevapidir. Bizim lülə kababa bənzəyən bu yemək çörək arasında yanında doğranmış soğanla təqdim olunur. Görüntüsü kimi, dadı da mənə bizim lülə kababı xatırlatdı.

Şirniyyatlarından isə Bosniya və Herseqovina paxlavasını xüsusi olaraq qeyd edə bilərəm. Bu şirniyyatın fərqli və ləziz dadı var. Təəssüf ki, çay süfrələrı haqqında eyni sözü deyə bilməyəcəm. Burada olduğum müddətdə bir stəkan normal çay tapıb içə bilmədim. Belə başa düşdüm ki, Bosniya və Herseqovina mətbəxində çayı o qədər də önəmsəmirlər. Əsas üstünlük isə qəhvəyə verilir. Əgər yolunuz o tərəflərə düşərsə, əvvəlcədən tədarükünüzü görün. Əlbəttə, mənim kimi çayxorsunuzsa...

Bir az da qiymətlərdən danışaq. 

Sarayevoda yemək yediyim ilk restoranda hesabı görəndə xeyli təəccüblənmişdim. Təxmin etdiyimdən iki dəfə az məbləğ yazılmışdı. Üstəlik, restoran mərkəzdə yerləşirdi. Bosniya və Herseqovina Avropanın zəngin ölkələri sırasında yer almır. Paytaxtın ümumi mənzərəsinə baxanda da bunu aydın görmək olur.

Deyərdim ki, burada qiymətlər olduqca münasibdir. Bunu həm restoranda hiss etdim, həm marketdə, həm də xidmət sektorunda. Təəssüf ki, taksi qiymətləri haqqında eyni şeyi deyə bilməyəcəyəm. Sarayevoda olduğum müddətdə qiymət fərqini hiss etsəm də, ən böyük təəccübü Monteneqroya gedərkən yaşadım.

Söhbət açılmışkən, istəyirəm Monteneqro səfərimdən də bir-iki yaddaqalan məqamı sizlərlə bölüşüm. Deməli, əvvəlcədən planlamışdım ki, Bosniya və Herseqovinadan sonra Serbiyaya səfər edim. Ancaq son anda bəzi səbəblərdən planım baş tutmadı. Mən də düşündüm ki, barı quru yolla yaxın olan başqa bir ölkə - Monteneqroya gedim. Beləcə bir günün içərisində bilet alıb yola çıxdım. Taksi qaldığım oteldən vağzala kimi o qədər də uzun olmayan məsafəni 65 manata apardı. Tələsdiyim üçün qarşıma çıxan ilk taksiyə minmişdim. Təbii ki, taksini şirkətdən sifariş versəydim, qiymət bu qədər baha olmazdı. Əlqərəz, aldadıldığımı bilsəm də, mübahisəyə vaxtım olmadığı üçün deyilən məbləği verib vağzala tərəf yollandım. Burada isə başqa problem məni gözləyirdi. Bilet alarkən, avtobusların saatı qarışmışdı. Narahat halda gedəcəyim avtobusu axtarırdım. Növbədə adamlar çox olduğuna görə vağzalın işçilərinə də yaxınlaşıb vaxt itirmək istəmirdim. Bu təlaşımı görən orta yaşlı bir qadın yaxınlaşıb kömək təklif etdi. Düzü, əvvəlcə tərəddüd elədim. Çünki az əvvəl taksi sürücüsü məni aldatmışdı. Qeyri-ixtiyarı içimə qorxu düşmüşdü, elə bilirdim, avtobusa minsəm, yenə onun kimi adamlardan özümü qoruya bilməyəcəm. Ancaq nədənsə bu qadına güvəndim. Əvvəlcə o məni sakitləşdirdi, daha sonra qırıq-qırıq ingiliscə sözlərlə başa saldı ki, gecikməmişəm və o məni dayanacağa apara bilər. İkimizin də avtobusu eyni olduğu üçün təkcə vağzalda yox, elə bütün yolboyu həmin qadın mənim yanımda oldu. Avtobus yolda dayananda da, pasport yoxlanışı zamanı da körpə uşağın əlindən tuturmuş kimi əlimi buraxmadı. Özü üçün aldığı su və şirniyyatı mənimlə bölüşdü. Səfərimiz gecə olduğu üçün dedi ki, yatım, çatanda məni oyadacaq. Dediyi kimi də etdi. Fərqli şəhərlərə getdiyimiz üçün daha tez düşməli oldum. Sağollaşanda məni möhkəm qucaqladı və öz dilində anlamadığım nəsə dedi. O qadını heç vaxt unutmayacam. 

Gecə saat üçə işləyirdi. Monteneqroda tanımadığım bir vağzalda dilini bilmədiyim adamların arasına düşmüşdüm. Hara gedəcəyimi, neynəyəcəyimi bilmirdim. Düzdür, Bosniya və Herseqovinaya da tək gəlmişdim, orada da bir neçə dəfə çətin vəziyyətə düşmüşdüm. Ancaq heç birində bu qədər ümidsizliyə qapılmamışdım. Sarayevoda bir dostum yaşayır. Mən orada olduğum dövrdə özü şəhərdə yox idi. Lakin tapşırmışdı ki, nəsə bir problem olsa, mütləq ona deyim. Hər ehtimala nömrəsini əzbərləmişdim, ancaq xoşbəxlikdən bu nömrəyə zəng etmək lazım gəlmədi. Amma əzbərlədiyim beş-altı rəqəmin verdiyi güvənlə şəhərdən-şəhərə getdim, günlərlə tanımadığım-bilmədiyim ölkədə bir kərə də narahat olmadım. İnamın, güvənin gücü bu olsa gərək ki. Ancaq Monteneqroda çətinə düşsəm, axtaracağım heç kim yox idi. Çox hesab-kitablı adam olsam da, bu dəfə son anda planlar dəyişdiyi üçün belə bir vəziyyətə düşmüşdüm. Səhərin açılmağını gözləməli idim ki, heç olmasa paytaxta gedə bilim. Sözün əsl mənasında həyatımın ən çətin anlarından birini yaşayırdım. Vağzalda bir stulda oturub çantamı bərk-bərk qucaqladım. Filmlərdən tanış olan pasportun oğurlanma səhnəsi gözümün önündən keçdi. Bu isə məni lap təlaşlandırdı. Bir müddət beləcə oturdum. Səhərə qədər yata bilməzdim. 

Vağzalda beş-altı işçi vardı. Onlardan biri də yaşlı gözətçi idi. Qapının ağzında oturduğumu görüb əli ilə stollar olan tərəfə yönəltdi. Öz dilində nəsə desə də, anlamadım. Dərhal pasportumu çıxarıb göstərdim. Azərbaycan adını görüb pis tələffüzlə də olsa, rus dilində bir neçə kəlmə dedi. Beləcə bizim söhbətimiz başladı. Əvvəlcə mənə öz stulunu verdi, çünki vağzalda sərnişinlər üçün qoyulan stullar çox narahat idi. Daha sonra çay təklif etdi.

Bir az özümə gələndən sonra isə dedi ki, tələşlanmayım, üç saat sonra Podqoritsaya gedən avtobuslar gələcək və o, mənim üçün bilet tapacaq.

Həmin vaxta qədər isə dincəlim və heç nədən narahat olmayım. Sonra isə bir xeyli söhbət etdik. Dedi ki, rus dilini uşaq vaxtı öyrənib və uzun illərdir bu dildən istifadə eləmir. Söhbət əsnasında hansısa sözü yadına salanda uşaq kimi sevinirdi. Hətta biz ayrılanda məktəb illərini yadına saldığım üçün mənə təşəkkür elədi. Əlbəttə ki, ən böyük təşəkkür ona düşürdü. Çox güman, o olmasa belə, bir yolunu tapıb getməli olduğum ünvana çatardım. Ancaq təlaşımı anlayıb göstərdiyi şəfqətli münasibəti, üzündəki təbəssümü heç vaxt unutmayacam.

Stefanın, avtobusdakı qadının, vağzaldakı gözətçinin sayəsində bir daha anladım ki, dinindən, dilindən, irqindən asılı olmayaraq, yaxşı insan dünyanın hər yerində yaxşıdır...
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri