Regional tərəfdaşlıq ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Məlumdur ki, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişlənməsində nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın regional və beynəlxalq müstəvidə əlaqələri sürətlə genişlənməkdədir. Bu inkişaf özünü xüsusilə türk dövlətlərilə münasibətlərdə daha aydın göstərir. Türkmənistanla münasibətlər də bu kontekstdə yeni mərhələyə qədəm qoyub.
Yeri gəlmişkən, qeyd edək ki, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da ölkəmizə səfərə gəlib. "Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq". Bu fikirləri Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşdə səsləndirib.
Azərbaycana səfərə dəvət edildiyinə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edən Türkmənistan Xalq Məsləhətinin sədri bildirib ki, Azərbaycana bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq. Qeyd edib ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında qazanılan ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.
Onu da qeyd edək ki, 2023-cü ildə Türkmənistanda xalqın ali nümayəndəlik orqanı olan "Türkmənistan Xalq Məsləhəti" yaradılıb. Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən iclasda qanuni təklifləri araşdırmaq və təsdiqləmək kimi geniş səlahiyyətlərə malik olan Türkmənistan Xalq Məsləhətinin yaradılması haqqında əsasnamə qəbul edilib. "Türkmənistan Xalq Məsləhəti"nin səlahiyyətlərinə Konstitusiyaya uyğun olaraq qanunların qəbulu, əlavə və dəyişikliklərin edilməsi təkliflərini araşdırmaq və təsdiq etmək, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən etmək, sülh və təhlükəsizlik məsələlərini qiymətləndirmək, Türkmənistan qanunlarında nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək daxildir. Qurbanqulu Berdiməhəmmədov "Türkmən xalqının ümummilli lideri" adına layiq görülüb.
Məlum olduğu kimi, zəngin neft və qaz yataqlarına malik Türkmənistan bu ehtiyatların həcminə görə dünyada 4-cü yeri tutur. Türkmənistanın əsas gəlirli sahəsi neft və qaz kompleksidir. Ölkənin gəlirlərinin 60 faizi bu sahələrin payına düşür. Maşınqayırma sənayesi neft-qaz və kənd təsərrüfatına xidmət sahələrindən ibarətdir. Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodları müəssisələri yaratmaqda maraqlıdırlar. Türkmənistanın su, meşə və torpaq ehtiyatları azdır. Əkinçilik üçün yararlı torpaqların yarısından çoxu pambıqçılıqda istifadə olunur. Ölkənin tranzit mövqeyi nəqliyyatın inkişafı üçün geniş imkanlar açır. Karbohidrogen ehtiyatları ilə zəngin olan ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas hissəsini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Azərbaycan-Türkmənistan münasibətləri davamlı inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquqi baza yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Nəqliyyat-tranzit sahəsi də tərəfdaşlığın əsas istiqamətlərindəndir, yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir. Mərkəzi Asiya Asiyanın cənub-qərbində Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çin və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan böyük bir ərazini əhatə edir. Bura keçmiş sovet respublikaları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan daxildir. Əvvəllər "Türküstan" adlandırılan Mərkəzi Asiya bu gün Qərb və Şərq dünyası arasında mühüm qovşağa çevrilib. Ümumi ərazisi 4 milyon kvadratkilometrdən çox olan Mərkəzi Asiya ölkələrinin əhalisi 77 milyon nəfərdir. Bu ölkələrdə ildə 400 milyard dollardan çox məhsul istehsal olunur. Regionun zəngin təbii ehtiyatları, inkişaf etməkdə olan bazarları və artan iqtisadi potensialı böyük perspektivlər açır.
Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayan Prezident İlham Əliyev 2023-cü il iyulun 22-də "China Global Television Network" telekanalında yayımlanan müsahibəsində demişdir: "...Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq... Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq".
Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsir göstərəcək. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. Xüsusilə enerji təhlükəsizliyi, Trans-Xəzər əməkdaşlığı və Orta Dəhliz çərçivəsində logistika layihələri gündəmdə olacaq. Azərbaycan və Türkmənistan regionda mühüm strateji layihələrin icrasında tərəfdaşlıq edir və bu əməkdaşlıq getdikcə güclənməkdədir.
Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki qardaş ölkə arasında strateji münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Qarabağa səfəri də planlaşdırılır. Bu, sadəcə rəsmi protokolun bir hissəsi olmaqdan daha çox, regional həmrəylik və Azərbaycanın ərazi bütövlüyünə verilən qardaş dəstəyinin bariz nümunəsidir. Qarabağda Berdiməhəmmədovun azad edilmiş şəhər və kəndlərə, həmçinin bərpa olunan infrastruktur obyektlərinə baş çəkəcəyi, burada aparılan quruculuqla tanış olacağı gözlənilir. Bu səfər eyni zamanda beynəlxalq ictimaiyyətə də bir mesajdır: Azərbaycan öz torpaqlarında sülh və dirçəliş qurur və bu prosesə dost ölkələrin dəstəyi əvəzolunmazdır.
Ən əsası, səfər təkcə iki dövlət arasında dostluq münasibətlərinin nümayişi deyil, həm də regionda sülh, sabitlik və əməkdaşlıq naminə verilən ortaq mesajdır.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri


