Icma.az
close
up
RU
Rəqəmsal “sirdaş”, yoxsa gizli “şahid”?

Rəqəmsal “sirdaş”, yoxsa gizli “şahid”?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Son dövrlər “ChatGPT” və “Gemini” kimi çatbotlar gündəlik rəqəmsal vərdişlərimizin ayrılmaz hissəsinə çevrilib. Şəxsi həyatımızdan tutmuş işlə bağlı problemlərimizə, səhhətimizdəki narahatlıqlara qədər hər mövzuda onlara müraciət edirik. Hətta ən yaxınlarımıza belə deməyə cəsarət etmədiyimiz fikirlərimizi, gələcək planlarımızı bölüşdüyümüz bu sosial platformalar, ilk baxışda, bizim üçün həm mənəvi dəstəkçi, həm həkim, həm də sadiq dost – rəqəmsal “sirdaş” rolunu oynayır. Bəs onlara etibar etmək nə dərəcədə doğrudur?

Bu alətlərlə ünsiyyət qurarkən çox vacib bir məqamı nəzərdən qaçırırıq. Çatbotda “söhbəti sil” düyməsini sıxmaqla bütün izlərin yox olduğunu düşünürük. Halbuki ekrandan silinən hər bir cümlə şirkətlərin serverlərində və cihazın yaddaşında qalır. Ortaya belə bir sual çıxır: bu yazışmalar nə vaxtsa məhkəmədə lehimizə və ya əleyhimizə dəlil kimi istifadə oluna bilərmi?

Əslində bu, sadəcə, ehtimal olunan təhlükə deyil, beynəlxalq təcrübədə artıq kifayət qədər faktlar var. Xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə ağır cinayətlərin açılmasında süni intellekt yazışmalarından rəsmi dəlil kimi istifadə olunur. Müasir hüquq sistemində çatbotlarla aparılan dialoqlar da elektron məlumat daşıyıcılarında saxlanılan digər rəqəmsal sübutlar kateqoriyasına aid edilir. Bu baxımdan, istintaq orqanları məhkəmə sanksiyası və ya rəsmi hüquqi sorğu əsasında texnologiya şirkətlərindən istifadəçinin serverlərdəki yazışma tarixçəsini tələb etmək hüququna malikdir.

Xüsusilə təqsirləndirilən şəxsin törətdiyi əməldən əvvəl çatbota “iz qoymadan insanı necə zəhərləmək olar?”, “qan ləkəsini təmizləmək üçün nə lazımdır ?”, “kameralardan yayınmaq mümkündürmü?” və ya “hadisə yerində izləri itirməyin ən yaxşı üsulu nədir?” kimi şübhə doğuran suallar verməsi cinayətin öncədən planlaşdırıldığını sübuta yetirən əsas dəlillərdən sayılır.

Lakin bu proses bir sıra hüquqi və texniki çətinliklərlə müşayiət olunur. İlk növbədə, rəqəmsal izlərin doğruluğu sübut edilməli, hesaba və cihaza kənar müdaxilənin olub-olmadığı, yazışmanın məhz şübhəli şəxs tərəfindən aparıldığı dəqiqləşdirilməlidir. Digər tərəfdən, fərdi məlumatların qorunması və məxfilik prinsipləri texnologiya nəhəngləri ilə hüquq-mühafizə orqanları arasında ciddi baryerlər yaradır.

Mövzu ilə əlaqədar XQ-yə açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov bildirdi ki, çatbot yazışmaları elektron sübut kateqoriyasına aid edildiyi üçün rəsmi dəlil hesab olunur:

– Cinayət-prosessual qanunvericiliyinə əsasən, çatbot yazışmalarının rəsmi dəlil kimi qəbul edilməsi müəyyən tələblərə söykənir. Hər hansı məlumatın hüquqi qüvvəyə malik olması üçün o, insan azadlıqları pozulmadan, məhkəmənin (və ya təxirəsalınmaz hallarda müstəntiqin) qərarı ilə qanunauyğun şəkildə toplanmalıdır.

Qanunvericilikdə şahid ifadələri, ekspert rəyləri, maddi və rəqəmsal daşıyıcılardakı qeydlər sübut kimi tanınır. Çatbot söhbətləri də elektron dəlil kateqoriyasına aid edildiyindən, prosedura uyğun götürüldükdə və iş üçün əhəmiyyət daşıdıqda cinayətin açılmasında rəsmi istifadə oluna bilər.

Təqsirləndirilən şəxsin cinayətdən əvvəl çatbota verdiyi şübhəli suallar yalnız törədilən əməlin motivləri ilə üst-üstə düşdükdə sübut kimi dəyərləndirilir. Şəxs süni intellektə sadəcə maraq xatirinə də müraciət edə bildiyindən, bu yazışmaların cinayət niyyətini göstərən dolayı dəlil sayılması üçün əməllə sorğular arasında səbəb-nəticə əlaqəsi tam sübuta yetirilməlidir.

Əsas məsələ dəlillərin qanuni yolla toplanmasıdır. Qanunsuz üsullarla əldə edilmiş məlumatların məhkəmədə istifadə olunmasına qanunvericilik imkan vermir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün tarixçəni silməsi onun müdafiə hüququna daxildir. Lakin istintaq həmin yazışmaları qanuni yolla bərpa edib cinayətin motivləri ilə əlaqəsini aşkar edərsə, bu faktlar iş üzrə sübut kimi qiymətləndirilə bilər.

İstintaq orqanlarının "OpenAI" (ChatGPT) və ya "Google" (Gemini) kimi beynəlxalq texnologiya nəhənglərinə hüquqi sorğu göndərərək istifadəçinin yazışma tarixçəsini əldə etməsi mümkündür. Hazırda hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında bu platformalardan istifadəçi datalarını tələb edir. Beynəlxalq təcrübədə bu məlumatlardan dəlillərin toplanmasında geniş istifadə olunur.

İT mütəxəssisi Fərid Kazımovun sözlərinə görə, “söhbət tarixçəsi”nin tamamilə silinməsi texniki baxımdan asan deyil:

– İstifadəçinin “söhbəti sil” düyməsini sıxması yazışmanın sistemdən anında silinməsi anlamına gəlmir. Burada iki mərhələ var: vizual və fiziki silinmə. Əvvəlcə məlumat, sadəcə, ekrandan kənarlaşdırılır, lakin rəqəmsal izlər bulud serverlərində qalır. Şirkətlərin məxfilik siyasətinə əsasən bu data 6 ay, 1 il və ya daha uzun müddət saxlanıla bilər. Bir sözlə, vizual təmizlənmə dərhal baş versə də, məlumatın serverlərdən tam silinməsi müəyyən zaman tələb edir.

Silinmiş yazışma tarixçəsinin, IP ünvanlarının və cihaz məlumatlarının rəqəmsal ekspertiza vasitəsilə bərpası texniki baxımdan müəyyən çətinliklər yaradır. Server loglarında IP ünvanları saxlanıldığı üçün hesaba hansı nöqtədən daxil olunduğunu müəyyən etmək mümkündür. Lakin həmin seansın konkret telefon modeli və ya IMEI kodu vasitəsilə həyata keçirildiyi bu qeydlərdə hər zaman əks olunmur.

Əgər çat daxilindəki mətnlər fiziki olaraq silinibsə, IP vasitəsilə həyata keçirilən seansda dəqiq nəyin müzakirə edildiyini müəyyənləşdirmək mürəkkəbləşir. Sistem yalnız müəyyən zaman kəsiyində hesaba daxil olmanı qeydə alır. Vaxt keçibsə və data serverlərdən təmizlənibsə, bu əməliyyatı konkret mövzu ilə əlaqələndirmək sual altına düşür. Lakin yazışma tarixçədə qalıbsa və ya üzərindən az vaxt ötübsə, rəqəmsal ekspertiza vasitəsilə bütün detalları – IP ünvanını, seans loglarını və məzmunu üzə çıxarmaq daha rahatdır.

Ekspertin fikrincə, IP ünvanı, loglar və rəqəmsal vərdişlərin analizi hesabın ələ keçirilməsini və ya əməliyyatın şəxsin özünün həyata keçirdiyini dəqiq təyin etməyə imkan verir:

– Şübhəli şəxs hesabının ələ keçirildiyini iddia etdikdə, bunun doğruluğunu yoxlamaq texniki baxımdan çətin deyil. Ekspertiza həmin vaxt istifadəçinin IP ünvanını, ev WiFi şəbəkəsini və rəqəmsal vərdişlərini analiz edir. Hər bir şəxsin özünəməxsus fəaliyyət xətti — günün müəyyən saatlarında tətbiqlərə ardıcıl daxilolma sxemi olur. Əgər şübhəli əməliyyatlar zamanı gündəlik rejim dəyişməyibsə, hesabı məhz özünün idarə etdiyi sübut olunur. Kənar IP və fərqli davranış isə haker müdaxiləsini üzə çıxarır.

ABŞ qanunvericiliyinə görə, nəhəng İT şirkətləri hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında məlumat təqdim edə bilirlər. Lakin müraciət Amerika hüquq sisteminin normativlərinə tam cavab verməlidir, əks halda, “Google” və ya “OpenAI” hüquqşünasları sorğunu cavabsız qoyacaq. Hətta qanuni əsas olduqda belə, fərdi hüquq və azadlıqların pozulması təhlükəsi varsa, data paylaşılmır. İstisna yalnız terrorizm və ağır cinayətlərə şamil olunur. Məsələn, şəxsin süni intellektdən cinayət təlimatı aldığı sübuta yetirilərsə, tələb olunan məlumatlar verilir.

Ekspertlərin də fikirlərindən aydın olur ki, sirlərimizi bölüşdüyümüz süni intellekt platformaları o qədər də etibarlı deyil, hər addımımızı dəqiqliklə qeydə alan gözəgörünməz "şahid"lərimizdir. Süni intellekt sürətlə inkişaf etdikcə rəqəmsal məxfilik illüziyası da yox olur. Belə bir reallıqda virtual alətlərlə ünsiyyətdə ehtiyatı əldən verməmək, məhrəmiyyətimizi və daxili dünyamızı texnologiyanın nəzarətindən qorumaq hər birimiz üçün zərurətə çevrilir.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri