Ruhlar şəhərindən çiçəklənən diyara
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini
Azərbaycanın zəngin tarixi, əsrarəngiz təbiəti və strateji əhəmiyyətli coğrafiyası ilə seçilən bölgələrindən biri də Cəbrayıl rayonudur. Araz çayının sol sahilində yerləşən bu qədim diyar əsirlər boyu Vətənimizin müdafiə istehkamı, mədəniyyət və ticarət mərkəzlərindən biri olmuşdur. Lakin XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz Cəbrayılın da taleyində dərin və ağrılı izlər buraxdı.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Erməni təcavüzkarlarının hücumları nəticəsində rayonun 1 şəhəri və 90 kəndi zəbt edildi. Bu işğal təkcə hərbi-siyasi fəlakət deyil, həm də böyük insan faciəsi idi. 27 il sürən işğalın nəticələri olduqca ağır oldu: yüzlərlə dinc sakin şəhid oldu, yaralandı və əsir düşdü. Rayonun zəngin flora və faunasına, kənd təsərrüfatına dəyən maddi ziyan milyardlarla dollarla ölçülürdü. İşğaldan əvvəl Cəbrayıl rayonunun infrastrukturu yüksək səviyyədə inkişaf etmişdi. Rayonda onlarca məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana, sənaye müəssisələri və inkişaf etmiş kənd təsərrüfatı şəbəkəsi mövcud idi. Lakin işğal dövründə erməni vandalizmi nəticəsində bu infrastruktur tamamilə yerlə-yeksan edildi. Ermənilər rayonun tarixi, dini və mədəni abidələrini, qəbiristanlıqlarını təhqir edib dağıtdılar, evləri sökərək tikinti materialı kimi daşıdılar, meşələri qırdılar və torpaqları minaya basdırdılar. Cəbrayıl sözün əsl mənasında "ruhlar şəhəri"nə çevrildi.
İşğal nəticəsində 60 mindən çox Cəbrayıl sakini doğma ocaqlarından didərgin düşərək məcburi köçkün statusu almağa məcbur oldu. Cəbrayıllılar respublikanın 58 müxtəlif rayon və şəhərində çadır şəhərciklərində, yataqxanalarda və uyğunlaşdırılmış binalarda məskunlaşdılar. Çətin köçkünlük həyatına, mənəvi və maddi məhrumiyyətlərə baxmayaraq, Cəbrayıl əhalisi doğma torpaqlarına qayıtmaq ümidini və dövlətə olan inamını bir an da olsun itirmədi.
Cəbrayılın azadlıq tarixi və Böyük Qayıdışın ilk qaranquşu Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi ilə bağlıdır. 1994-cü ilin əvvəlində keçirilən uğurlu Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, Lələtəpə yüksəkliyi düşmən nəzarətində olduğu üçün kənddə yaşamaq təhlükəli idi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Lələtəpə strateji yüksəkliyi azad olundu. Bununla da Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayış təmin edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə yenidən quruldu, kəndə həyat qayıtdı və bu proses Böyük Qayıdışın mənəvi-siyasi təməlini qoydu.
Həqiqi tarixi ədalət isə 2020-ci ilin payızında bərqərar oldu. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Cəbrayıl rayonunun işğaldan azad olunması əməliyyatına başladı. İki həftəlik gərgin və şücaətli döyüşlərdən sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi düşməndən təmizləndi. 27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl şəhərində yenidən Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı.
Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi hərbi cəhətdən müstəsna dəyərə malikdir. Ermənistan silahlı qüvvələri 30 ilə yaxın müddətdə burada keçilməz müdafiə xətləri, mühəndis-istehkam qurğuları və dərin eşelonlaşdırılmış sədlər qurmuşdu. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi oldu. Bu əməliyyat Azərbaycan Ordusuna Zəngilan, Qubadlı və Laçın koridoru istiqamətində irəliləməyə, həmçinin Şuşa şəhərinə doğru hərbi manevrlər etməyə geniş imkanlar açdı. Cəbrayılın azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların xidmətləri yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və minlərlə əsgər və zabit bu medalla təltif olundu.
Cəbrayıl əməliyyatının mühüm tarixi və mənəvi məqamlarından biri də oktyabrın 18-də Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalandırılması oldu. Əsrlər boyu Azərbaycan xalqının birliyinin və bütövlüyünün rəmzi olan tarixi Xudafərin körpüsünün azad edilməsi və orada bayrağımızın ucaldılması bütün dünya azərbaycanlılarında böyük qürur və coşqu hissi yaratdı.
İşğaldan azad edilmiş ərazilərdə Zəfər salnaməsini əbədiləşdirmək məqsədilə dövlət səviyyəsində mühüm addımlar atıldı. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi təsis olundu. Hər il bu tarix rayon sakinləri və bütün Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edilir.
Müharibədən dərhal sonra Cəbrayılda yeni dövr və bərpa-quruculuq işləri başladı. Dağıdılmış şəhər və kəndlərin yerində müasir, smart texnologiyalara əsaslanan infrastrukturlar layihələndirildi. Bu çərçivədə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Bu zonada logistika mərkəzləri, sənaye müəssisələri və kənd təsərrüfatı emalı obyektləri tikilir ki, bu da minlərlə yeni iş yerinin açılmasına və regionun iqtisadi potensialının sürətlə artmasına xidmət edir.
Cəbrayıl rayonunun elektrik təchizatı tamamilə yenidən qurulur. Şəhərdə və kəndlərdə müasir yarımstansiyalar tikilib istifadəyə verilib, yaşıl enerji konsepsiyasına uyğun layihələr icra olunur. Paralel olaraq, Cəbrayılın yol infrastrukturaları sıfırdan inşa edilir. Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları və Zəngəzur koridorunun tərkib hissəsi olan dəmir yolu xətlərinin çəkilişi Cəbrayılı mühüm nəqliyyat və logistika qovşağına çevirir.
Şəhərin gələcək simasını müəyyən edən Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı hazırlanmışdır. Baş plana əsasən, Cəbrayıl ekoloji təmiz, rahat və müasir şəhərsalma standartlarına cavab verən yaşayış məkanına çevrilir. Şəhərdə inzibati binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, parklar və sosial obyektlər inşa olunur. Şəhər fəal şəkildə bərpa olunmaqla yanaşı, rayonun kəndlərində də yenidənqurma sürətlə davam etdirilir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində yenidənqurma layihələri həyata keçirilir, sakinlərin rahat yaşaması üçün bütün zəruri şərait yaradılır.
Bu nəhəng layihələrin məntiqi nəticəsi kimi artıq Cəbrayıla qayıdış prosesi reallığa çevrilib. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurduna dönən sakinləri qəbul etmək üçün müasir Cəbrayıl yaşayış kompleksi istifadəyə verilib. Yüksək standartlara cavab verən çoxmənzilli binalardan ibarət bu kompleksə artıq yüzlərlə ailə köçürülmüş, onların doğma torpaqlarda dinc və firavan yaşaması təmin edilmişdir.
Cəbrayılın azad edilməsi və onun dirçəlişi prosesində Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri xüsusi rol oynayır. Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın rayona çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin, sənaye müəssisələrinin, yeni yaşayış komplekslərinin, məktəb və xəstəxanaların təməli qoyulmuş və açılışları edilmişdir. Bu səfərlər cəbrayıllılara olan böyük diqqət və qayğının, eləcə də işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsi iradəsinin əyani sübutudur.
Bu gün Cəbrayıl rayonu dağıntılardan sürətlə dirçələn, gələcəyə inamla addımlayan müasir və çiçəklənən bir diyardır. Oktyabrın 4-ü – Cəbrayıl Şəhəri Günü yalnız bir ərazinin azad edilməsi günü deyil, həm də milli qürurumuzun, sarsılmaz birliyimizin və Zəfər ruhumuzun bayramıdır. Cəbrayılda dalğalanan üçrəngli bayrağımız bu torpaqların əbədi sahiblərinin qayıtdığını bütün dünyaya bəyan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 02 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















