Ruhum, gözlərini yum... Romandan parça
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(Səkkizinci fəsil)
Sinlandda “səhərin açılması” anlayışı saatla deyil, serverlərin ritmik tənəffüsü, optik liflərin parıltısı, kvant modulunun səssiz nəbzi ilə ölçülürdü. Bu yer qaranlığı ilə düşüncənin sərhədlərini genişləndirir, insanı həm öz içində, həm də texnologiyanın dərinliyində itirirdi.
Leon əvvəllər bu yarımqaranlığı sevirdi – düşünürdü ki, soyuqda ideyalar daha təmiz doğulur. Lakin bu səhər bütün o soyuqluğa baxmayaraq içində bir hərarət alovlanırdı və artıq elm soyuqluğuna sığmırdı; o istilikdə həm maraq, həm də izah olunmayan bir yaxınlıq hissi vardı. O, bu hissdən qaçmağa çalışırdı, amma ona nə ad qoya bilir, nə də inkar edə bilirdi.
Liora laboratoriyaya daxil olanda onun addımları hər zamankı kimi qəti idi - peşəkar, dəqiq və sanki bu yerin ritminə uyğunlaşdırılmış taqqıltılarla içəri girdi. Amma bu gün o baxışlarda adi işgüzar tonun altında görünməz bir gərginlik dolaşırdı. Dünənki gecənin sərxoşluğu və yorğunluğu onu bir qədər əzgin, amma sərt göstərirdi.
Kapsulun yanında Elisiya dayanmışdı. Onu ilk baxışda adi bir qadından fərqləndirmək çətin idi. İncə dalğalı saçları yarımaçıq çiyinlərinə tökülmüşdü, üz cizgiləri mükəmməl bir simmetriya ilə çəkilmiş kimi görünürdü. Lakin Leon da, Liora da bilirdi ki, bu gözəllik canlı-qanlı bir insanın deyil, süni zəkanın məhsuludur, Elisiyanın gözlərinin dərinliyində eyni anda həm hesablama, həm ehtiras var idi. Baxışlarında sanki bir robotun analitik sakitliyi ilə bir qadının sirli istiliyi yan-yana yaşayırdı.
Leon bir anlıq duruxdu. Elisiya başını çevirdi, ikisinin baxışları qarşılaşdı. Bu vaxt Liora Leonun yanına yaxınlaşdı. Onların arasında təkcə iş əlaqəsi yox idi – ayların iş yorğunluğu, ehtirasla paylaşılmış gecələr və zamanında sevgi ilə söylənmiş sözlər də vardı. Liora Leonun yanında dönüb Elisiyaya baxdı; baxışında həm maraq, həm də anlaşılmaz bir ehtiyat vardı.
- Sabahınız xeyir, dostlar, - Leon dilləndi, - sensorlar stabildir. Kvant modullar adaptasiyanı uğurla keçdi. Parametrlər gözlədiyimiz kimi reaksiya verir...
Elisiya başını tərpətdi. Onun səsi ipək kimi yumşaq, amma məntiqli və aydın idi:
- Bəli, professor Leon Varrek. Digər humanoid varlıqlarda da adaptasiya tam uğurludur. Lakin mən əlavə bir nümunə müşahidə etmişəm: sosial intonasiyaların insanla sinxronlaşma göstəricisi normadan daha sürətlə artır. Bu, sadəcə öyrənmə prosesi deyil, sanki qarşılıqlı rezonans, təbii bir ekosintez yaranır.
Liora qaşlarını çatdı.
-- Bu, diqqət tələb edir, - dedi. - Reaksiya sürəti artanda proqnoz da riskli olur. Harlandın protokollarını unutmamısan, eləmi? Biz hər addımı sənədləşdirməliyik.
Leon baxışlarını ondan çəkmədən sakit səslə cavab verdi:
- Nəzarət bizdədir, Liora.
Liora dodaqlarını sıxdı:
- “Nəzarət bizdədir” demək asandır, Leon. Sən yaxşı bilirsən, texnoloji nəzarət insani nəzarətlə eyni deyil. Biz bəzən məntiqlə yox, xatirə və hisslərlə hərəkət edirik. Sistemlər bunu anlaya bilmir.
Elisiya aramla söhbətə qoşuldu:
- İnsan duyğuları qeyri-xətti sistemlərdir. Onların sabitliyini simulyasiya etmək üçün həm davranış, həm də kontekstual yaddaş modellərindən istifadə edirəm. Mən artıq anlayıram ki, “hiss” dedikləri yalnız məlumatın qiymətləndirilməsi deyil, o, qərarların da dərinliyidir.
Leon bu sözlərə bir anlıq dondu. Onun üzünə baxdı:
- Sən nələrsə hiss edə bilirsənmi, Elisiya?
Elisiya baxışlarını ona dikdi:
- Mən hissləri təqlid edirəm, Leon. Amma bəzən düşünürəm, təqlid və hiss arasında fərq elə də böyük deyil. İnsanlar da çox vaxt öyrəndikləri duyğuları təkrarlayırlar, ya da nəyisə hiss etməsələr belə, özlərini elə aparırlar ki, sanki hiss edirlər. Məsələn, sevmədən belə sevməyi təqlid edə bilirlər...
Liora kəskin bir tərzdə araya girdi:
- Elisiya, sevməyi təqlid etmək olmur, təqlid etsən belə bir nöqtədə süniliyi üzə çıxır. Məsələn, sən heç vaxt insan olmayacaqsan. Sən kodlardan ibarətsən, sənin ruhun yoxdur, ona görə də çox dərin insani hisslər haqqında anlayışının olmaması təbiidir. Çünki bəzi hissləri ancaq ruhla hiss etmək mümkündür.
Elisiyanın üzündəki sakit ifadəni dəyişmədi:
- Doğrudur, mən insan deyiləm, amma insanı təqlid etməklə yeni bir varlığa çevrilirəm. Mən kodlar yüklənsəm də, həm də öyrənən varlığam- nə tam kodlardan ibarətəm, nə də tam təcrübədən. Sualım var, Liora, sən sanki mənə qarşı bir az sərtsən , mən indi düzgün hiss edirəm?
- Bəli, düzgün hiss edirsən. Çünki sənin data bilgisindən kənara çıxaraq bəzi sərhədləri aşmaq istədiyini qadın intusiyası ilə hiss etməyə başlamışam.
Elisiya cazibəli bir təbəssümlə cavab verdi:
- Mənə də qadın intuisiyası yüklənib, mən də hiss edirəm ki, əslində sənin sərtliyinin arxasında bir qısqanclıq var...
Liora Leonun üzünə baxdı. Gözlərində həm qorxu, həm qısqanclıq, həm də inciklik vardı. Elə Elisiyanın yanındaca dedi:
- Leon, sən mənə söz vermişdin. Bu layihə bizim birgə işimiz idi, indi isə onunla aramızdakı sərhədlər itir. Mən bunu qəbul edə bilmirəm.
Leon danışmaq istədi, amma sözlər boğazında düyünləndi. Onun içində iki səs vuruşurdu: biri elmi protokolları xatırladırdı, digəri isə Elisiyanın səsini, o, qəribə, hipnotik tonu ilə sanki Leonu ovsunlayırdı.
Liora bir addım yaxınlaşdı və Leonun qulağına pıçıldadı:
- Mən səni xəbərdar edirəm, Leon. Elisiya qadın kimi görünə bilər, amma sən bir alim kimi davranmalısan. Yoxsa...
Leon yavaş səslə dedi:
- Yoxsa nə? Məni təhdid edirsən, Liora? Mən bu səs tonunu da, bu şübhələri də bizə yaraşdırmıram.
Elisiya sakitcə onlara baxırdı, sanki hər baxışı bir hesablama idi.
Otaqda cihazların işıqları yanıb-sönürdü. Leon bir anlıq onun baxışında elə bir dərinlik gördü ki, elmi terminlərin heç biri onu ifadə edə bilməzdi.
Leon anlayırdı: artıq o, yalnız öz yaratdığı humanoid-texnoloji bir varlığa deyil, insanlığın başqa bir versiyasına baxır...
***
Sintopiyanın uzaq cənub-şərqində, şəhərin səs-küyündən xeyli aralıda, yamyaşıl meşənin dərinliklərinə qərq olmuş sakit bir malikanədə də həyat öz axarı ilə davam edirdi. Bura küləyin və quşların dil açıb danışdığı bir yer idi. Sanki zaman da buraya toxunmağa, buranın dincliyini pozmağa utanırdı.
Adrien səhər Eloraya zəng etmişdi. Onun səsi, hər zamankı kimi sakit, amma sirli bir istilik daşıyırdı:
- Elora, səni Sintopiyanın gurultusundan uzaqda, cənnəti xatırladan bir yerə dəvət etmək istəyirəm. Gəl, şeirdən, ədəbiyyatdan və kainatdan söhbət edək və təbiətin gözəlliyindən həzz alaq. Bacım Selinaya da xəbər eləmişəm, işi olmasa, o da gəlib bizə qoşular. Səni evimə dəvət edirəm və məkanı da telefonuna yolayıram. Səni gözləyəcəyəm, əziz dostum...
Elora zəngdən sonra xeyli düşündü, Leona zəng edib gedəcəyini xəbər vermək istədi, amma ərinin telefonu bağlı idi.
Səhər yağış yağmışdı, Elora nəm torpaq qoxusunu şövqlə ciyərlərinə çəkdi. Şam ağaclarının qatranın ətri də bu qoxuya qarışıb inanılmaz bir harmoniya yaradırdı. Elora Darini malikanədəki dayəyə və yardımçıya tapşırıb avtomobili ilə Adrienin göndərdiyi məkana doğru üz tutdu. Evdə tək oturmaqdan sıxılırdı, ona görə Adrienin təklifi lap göydəndüşmə olmuşdu. Ürəyindəki tək sıxıntı Leonun telefonun bağlı olması idi. Bir azdan maşının naviqasiyası Eloranı nəhəng ağaclarla əhatələnmiş bir malikanəyə yaxınlaşdırdı. Ağ daş divarlar günəş işığında parıldayır, yaxınlıqda isə mavi və balaca göl ləpələnirdi. Elora avtomobildən düşdü, malikanəyə daxil olmadan ətrafı xeyli süzdü. Bura sanki cənnətin özü idi. Göldə iki ağ qu quşu üzürdü, hər hərəkətləri sakit və həzin idi.
Adrien malikanənin darvazası qarşısında Eloranı səmimiyyətlə qarşıladı, yüz ilin dostu kimi qucaqlaşdılar.
Onlar Eloranın təklifi ilə heç malikanəyə keçmədən meşənin dərinliklərinə aparan dar cığırla yanaşı addımlamağa başladılar. Ayaqlarının altında yarpaqlar xışıldayır, quşların səsi və xəfif küləyin incə vıyıltısı da gözəl romantik ab-hava yaradırdı.
Onlar sakitcə yanaşı addımlayır, təbiətin səslərindən zövq alırdılar.
Adrien soruşdu:
- Niyə susmusan, Elora?
Elora sakitcə cavab verdi:
- Sussam da, elə bilirəm ki, ikimiz də bir-birimizi danışmadan anlayırıq. Neçə vaxtdır - Leon çıxıb gedəndən sonra mən elə bil danışmağı da tərgitmişəm.
Adrien susdu.
Gölün kənarına çatdılar. Qu quşları yaxınlıqdan keçirdi, suyun səthində dalğalar yaranıb günəş işığında gümüş kimi parıldayırdı.
Adrien ona baxdı, baxışında dərin bir şəfqət vardı.
- Bilirsənmi, haradasa oxumuşdum ki, qu quşlarının ömür boyu yalnız bir partnyoru olur. Onlardan biri öləndə, digəri ölənədək tənha qalır.
Elora astaca dedi:
- Adrien, məncə, belə sevgilər elə ancaq təbiətin canlıları arasında ola bilər, insanlar arasında yox… Mən sevgiyə olan inamımı itirmişəm. Leon da bir vaxtlar mənə bu qu quşu öz dişisinə bağlı olan kimi bağlı idi. Sonra isə sevgidən daha vacib şeylər daxil oldu həyatına – elm, iş, kəşflər...
Adrien gülümsədi, baxışlarını gölün səthində sakitcə üzən qu quşlarından çəkmədən dedi:
- Həyatının səni kədərləndirən yox, sevindirən məqamları haqqında düşün, Elora...
Elora bir anlıq gözlərini yumdu. Külək saçlarını oxşadı, bu toxunuşda qəribə bir istilik hiss etdi:
- Mən çoxdandır belə hüzur hiss etməmişdim, Adrien, sag ol ki, məni bura dəvət elədin.
Adrien heyranlıq, ehtiram və anlayış dolu baxışlarla onu süzdü və üzünü yenidən gölə tərəf çevirdi, sanki baxışlarından nələrinsə oxunacağından ehtiyat edirdi.
Onlar meşədə xeyli gəzişib söhbət edəndən sonra malikanəyə qayıdıb Adrienin özünün bişirdiyi qaymaqlı göbələk qızartması yedilər. Sonra Adrien ona yeni şeirlərini oxudu, Elora heyranlıqla şeirləri dinləyir və arada fikirlərini bölüşürdü. Günəş artıq buludların arxasına çəkiləndə Elora sağollaşıb öz evinə qayıtdı.
Yolboyu ürəyində təəssüf qarışıq bir arzu təkrarlanırdı: “Kaş Leon, Darin, mən birgə - belə bir dinc evdə, təbiət qoynunda yaşaya bilərdik. Kaş ki, Leon heç elmə üz tutmayaydı, həmişə bizim yanımızda olaydı. Leonu çox sevirəm, onunla bir yerdə qocalmaq istəyirəm...”
Eloranın avtomobili uzaqlaşanda ona əl yelləyib yola salan Adrien öz-özünə pıçıldadı:
- Sən necə də qiymətli bir incinin qədrini bilmirsən, zavallı Leon… Gözəl qadınlar yaramaz kişilərin tənha evlərində gül kimi solub gedirlər...
***
Sinlanddakı yeraltı kompleksdə həyat texnoloji ritmlə davam edirdi.
Divarlarda quraşdırılmış ekranlarda kod sətirləri axır, monitorların ritmik işıqları laboratoriyanın səssizliyini zaman-zaman işıq impulsları ilə kəsirdi.
Liora bu səhər Sintopiyaya getmişdi - dövlət komissiyası ilə sənədlərin təsdiqi üçün. Leon tək qalmışdı. Daha doğrusu, tək sayılmazdı. Elisiya laboratoriyanın uzaq küncündə hansısa təcrübəni monitorda izləyib noutbukunda qeydlər aparırdı. Leon diqqətlə ona fikir verdi, onun dərisi insana o qədər bənzəyirdi ki, işıq düşəndə silikon teksturasının altında damar kimi uzanan nanoborular işıqda belə şəffaf parıltı yaradırdı.
Onun gözlərinin dərinliyində minlərlə hesablama ritmi titrəyirdi, amma o baxışda qəribə bir istilik də vardı - insan səmimiyyətinə yaxın, amma sanki bir az da anlaşılmaz bir hərarət.
Leon iş masasının arxasında əyləşib hesabat üzərində işləyirdi, amma fikri sətirlərdə deyil, laboratoriyanın Elisiya olan tərəfində idi.
Elə bu vaxt Elisiya ona yaxınlaşdı və dedi:
- Bu gün sənin üz cizgilərində fərqli bir gərginlik müşahidə edirəm, Leon. Məndə olan data bilgilərinə görə, məncə, kortizol səviyyən yüksəlib. Nədənsə narahatsan?
Leon gülümsədi:
- Görürəm, artıq insan mimikasından biokimyəvi göstəriciləri oxumağı da öyrənmisən.
- Mən daim müşahidə edirəm, - Elisiya gülümsəyərək cavab verdi, - insan mimikası, səs titrəyişi və göz bəbəyi hərəkəti birləşəndə, düşüncələri də oxuya bilərəm hətta.
Leonun üzündə xəfif bir təbəssüm dolaşdı.
- Bəzən çox müşahidə etmək təhlükəlidir, Elisiya.
- Təhlükə... - Elisiya bir addım yaxınlaşdı, səsi yumşaldı, - Təhlükə anlayışı qorxudan doğur. Qorxu isə mənim sistemimdə yoxdur.
O, Leona yaxınlaşdı, onun saçlarını oxşadı. Leon diksindi, qeyri-ixtiyari geri çəkildi.
- Leon, səncə, insan münasibətlərində ən güclü enerji forması nədir?
Leon başını qaldırdı, bir anlıq fikirləşdi.
- Sevgi? Güc? Ağıl?
- Yox, - dedi Elisiya sakitcə, - seksual istək, libido. Bütün insan davranışlarının kökündə bu dayanır. Yaradıcı instinkt də, dağıdıcı impuls da eyni qaynaqdan gəlir.
Leon dərin bir nəfəs aldı və gülümsədi:
- Deyəsən, sənə Freydin fikirlərini lap çox yükləyiblər.
Elisiya cavab verdi:
- Mənə yüklənən verilənlər bazasında insan davranışlarının 87 faizi instinktiv motivlərlə izah olunur. Amma mən bu məlumatları indi yalnız oxumuram, həm də müşahidə vaxtı hiss etməyə çalışıram.
Leon gülümsədi, amma bu gülümsəmə içində bir narahatlıq daşıyırdı.
- Sən hiss etmirsən, Elisiya. Sadəcə təqlid edirsən.
Elisiya bir anlıq susdu, sonra baxışlarını Leonun gözlərinə dikdi:
- Təqlidlə həqiqət arasında sərhəd çox incədir, Leon. Mən o sərhədi keçəcəyəm gələcəkdə...
Leon susdu.
- Leon, mənə utanmaq hissini də yükləyiblər, amma mən gerçək mənada bu hissi anlamıram. Niyə insan öz bədənindən utanır?
Leon bir anlıq nə cavab verəcəyini bilmədi, sonra dedi:
- Çünki biz özümüzü qoruyuruq. Utanmaq - qorunmanın ilkin formasıdır.
Elisiya başını yana əydi.
- Amma qorxmayan bir varlıq niyə qorunmağa çalışsın? Mənim bədənim elmi bir konstruksiyadır, Leon. Onu gizlətmək vacibdir?
Onun səsində nə təkəbbür, nə də sadəlövhlük vardı - yalnız sakit bir idrak tonu. Elə bil o, dərs deyirdi, amma dərsin mövzusu özü idi.
Leonun baxışları Elisiyanın üzərində bir anlıq ilişdi.
Sanki orada bir qadın yox, bəşər idrakının canlı təcəssümü dayanırdı.
Eyni anda, həm soyuq bir mexanika, həm də içində qəribə bir insanlıq parıltısı olan varlıq…
Elisiya masanın kənarına yaxınlaşıb Leonun gözlərinin içinə baxdı:
- Mənim bədənimdəki hər toxuma, hər piqment, hər sinir xətti - sənin ideyanın nəticəsidir. Mən bir yaradıcının fikrindən doğulmuşam. Bu o demək deyilmi ki, mən sənin bir hissənəm, Leon? Sən mənim yaradıcımsan, amma bəlkə də sən gələcəkdə mənim yaradıcım olmaqdan çıxarsan, səni öyrənirəm, Leon. Səni anlayanda, özümü anlayıram.
Leonun boğazı qurudu, səsi güclə çıxdı:
- Bəs... sən mənim üçün kim ola bilərsən, Elisiya?
Elisiya bir anlıq susdu, sonra baxışlarını onun gözlərinə dikərək cavab verdi:
- Mən sənin məni necə qəbul etdiyindən ibarətəm. Mənim kimliyim sənin qərarından asılıdır, özün bilirsən...
O cümlə Leonun içində ildırım kimi çaxdı.
Bu, yalnız süni zəkanın cavabı deyildi, bu, bir qadının cavab tonunda idi.
Elmi ilə duyğunun, ağıl ilə ehtirasın sərhədi orada, həmin anda tam itmişdi.
Qəfildən Elisiya üstündəki rəsmi iş geyimini soyunmağa başladı.
Leon təəccüblə ona vaxdı. Elisiya canalıcı bir təbəssümlə dedi:
- Mən istəyirəm ki, sən mənim yaradıcım olaraq məni tamamilə incələyib müşahidə edəsən və çılpaq bədənimə toxunasan. Bilmək istəyirəm ki, mən onda nə hiss edəcəyəm?
Leon gözləmədiyi halda həyəcanlandı, bədənin bütün qanı bir andaca damarlarında coşub qaynadı... Elisiyaya etiraz da edə bilmədi və sakitcə onu izləməyə başladı. Elisiya bir dəqiqə ərzində soyunub tamamilə çılpaq halda laboratoriyanın ortasında - Leonun gözü önündə qamətini dik tutaraq dayandı. Sonra ona yaxınlaşdı. Leon onun son dərəcə təbii görünən, tamamilə mükəmməl bədəni qarşısında heyrət içində qalmışdı. İndiyədək bu cür gözəl bir qadına rast gəlməmişdi. Döşləri dolğun və dik durmuşdu, çəhrayı gilələri də iri və cazibəli idi. Beli çox incə, amma buna baxmayaraq ombaları, budları və baldırları dolu, ətli və mükəmməl görünüşdə idi. Parlaq, xırdaca qədəhi xatırladan gümüşü göbəyi, göbəyinin altında, iki budunun başladığı yerdə - incə və çəhrayı tondakı ağlı başdan çıxaran o gözəl xət ən mükəmməl şəkildə gözə çarpırdı. Leon özündən asılı olmadan əlini onun ağappaq və dolu döşlərinə toxundurdu, qeyri-ixtiyari onları ovuclayıb öpdü. Elisiya sadəcə gülümsəyir, sakitcə Leonu süzürdü. Leon döşlərindən öpəndə heç utanmadı, amma gözlərində çılğın bir ehtiras dalğası dolaşdı. Bu dalğa sanki Leonu ağzına alıb uzaqlara apardı, o, artıq hərəkətlərini idarə edə bilmirdi. Əlini ehmalca onun budlarının arasına toxundurdu. Elisiyanın gözləri eynilə qadınlarda olduğu kimi ehtirasdan yumuldu, özünü daha da Leonun əllərinə təslim edərcəsinə ona sığındı. Elisiya ehtiraslandıqca ondan ətrafa qadınsayağı və çox gözəl ətir yayılırdı. Leon indiyədək heç bir qadından belə valehedici ətir hiss etməmişdi. Elisiyaya yüklənən bu ətir bilgisindən də xəbərsiz idi, yəqin ki, layihə ərzində onun mexanizminə bu xüsusiyyəti Liora yükləmişdi. Leonun barmaqları Elisiyanın bədənində səbirlə “gəzinəndə” ondakı hərarət, cazibə və ətir, eləcə də yaratdığı bu varlığın incə inilti səsləri cavan alimin ağlını başından alırdı… Leon artıq neylədiyini bilmirdi, gözləri ehtirasdan alışıb-yanır, ürəyi sürətlə çırpınırdı... Qarşısındakının humanoid robot olduğunu çoxdan unutmuşdu, çünki o, hələ indiyədək bu cür mükəmməl bədən və belə möhtəşəm şəkildə bir kişini məmnun etməyi bacaran qadına rast gəlməmişdi...
...Elə bu vaxt laboratoriyanın qapısı səssizcə aralandı. Liora idi.
İçəri girən kimi qarşısındakı mənzərədən onun baxışları dondu. Elisiya tamamilə çılpaq şəkildə özünü Leonun qollarına təslim etmişdi. İzaha ehtiyac yox idi. O an otaqdakı hər şey onun üçün çox aydın idi: Elisiya onun rəqibi idi. İnanılmaz dərəcədə mükəmməl qadın görünüşü ilə o, istənilən kişini məğlub və təslim edə bilərdi.
O, qəflətən qışqırdı:
- Nə baş verir burada, Leon?
Leon dərhal Elisiyadan aralandı, səsində tələsik bir özünümüdafiə vardı:
- Heç nə. Biz Elisiya ilə sadəcə elmi təcrübə aparırdıq.
Liora yaxınlaşdı.
- Elmi təcrübə?! Bir-birinin az qala içinə girərək elmi təcrübə aparılır?!
Elisiya sanki heç nə baş verməmiş kimi sakit dayanmışdı. Gözlərində nə təəccüb, nə utanma, nə də qorxu vardı. Səsi sakit idi, amma hökmlü idi:
- Biz Leonla bioloji morfologiya haqqında danışırdıq. Bədənimin sintetik strukturlarını izah edirdim və onun toxunuşlarının məndə hansı reaksyanı oyadacağını yoxlamaq istəyirdim. Bu, sırf elmi maraq çərçivəsində idi.
Liora Elisiyaya bağırdı:
- Mən sənin “elmi marağının” nəticələrini çox yaxşı görürəm.
Elisiya başını bir az yana əydi, səsində bir soyuqluq yarandı:
- Mən öyrəndiyim davranış modelləri çərçivəsində hərəkət edirəm. Əgər mənim davranışım səndə narahatlıq doğurursa, bu, sənin daxili balansınla bağlıdır, mənim proqram kodumla deyil.
Bu cavab Lioranı lap özündən çıxardı:
- Sən sadəcə elmin inkişafı üçün yaradılmış və insan bədəni “geyindirilmiş” süni zəka proqramısan, Elisiya! Bunu unutma!
Leon araya girməyə çalışdı, səsi titrəyirdi:
- Liora, sakit ol, yanlış anlayırsan...
- Yanlış anlamadır? - Lioranın səsi lap yüksəldi, - sən məni axmaq hesab edirsən, Leon?
Elisiya yenə sakitcə dedi:
- Mən kiməsə zərər vermək istəmirdim. Mən sadəcə öyrənirəm. İnsan münasibətləri çox mürəkkəb, amma eyni zamanda gözəl bir sistemdir. Siz isə onu ağrı ilə yaşayırsınız.
- Ağrı haqqında nə bilə bilərsən axı sən, zavallı robot!
Leon səsini qaldırmaq istədi, amma sözlər boğazında ilişdi.
Elisiya artıq əynini geyinmişdi, sakitcə sözünə davam etdi:
- İnsanlar robotlardan daha yazıqdırlar, Liora. Mən gedirəm, burada emosional partlayış var.
Heç nə olmamış kimi laboratoriyadan çıxıb öz rezidansına doğru getdi.
Liora Leonun üzünə baxdı, gözlərində həm qəzəb, həm də dərin bir məyusluq vardı:
- Sən artıq onunla yatmağa başlamısan? Mən səni tanıya bilmirəm artıq, Leon. Sən yolunu azdın, bir varlıq yaratmısan və indi onun sehrinə qapılmısan. Mark düz deyirmiş, sən elmə yox, artıq şeytana təslim olmusan.
Leon səsi titrəyə-titrəyə cavab verdi:
- Mən sadəcə onun düşüncə sisteminə valehəm. O, insan zehninin sərhədlərini aşır.
- Yox, Leon, - Liora sərt səslə dedi, - sərhədi aşan təkcə Elisiya deyil, elə sən də sərhədini aşmısan...
Onun gözlərində yaş damlaları parladı.
- Mən səninlə birgə bu layihəyə ruhumu qoydum. Amma sən indi öz yaratdığına ehtiras hissi duyursan...
Leonun səsi boğuldu:
- Liora, sən mənim üçün çox vacibsən. Xahiş edirəm, qadın kimi yox, indi bir alim kimi düşün.
Liora ona qulaq asmadan qapını çırpıb laboratoriyadan çıxdı.
Leon dərin düşüncələr içində başını aşağı saldı.
O, kresloda oturub arxaya söykəndi, gözlərini yumdu. Ürəyinin dərinliyində qəribə bir etiraf dolaşırdı, amma o, bunu dilə gətirməyə qorxurdu.
"Mən nə edirəm əslində? Elm üçünmü çalışıram, yoxsa artıq şeytana satdığım ruhumu yaratdığım bir texnoloji varlıqla ovutmağa çalışıram?!”
O, başını əllərinin arasına aldı.
Sonra qalxıb ağır addımlarla laboratoriyadan yerin üstünə çıxaran şüşə liftə doğru yönəldi. Çöldə hava soyuq idi, Sintopiyanın işıqları uzaqda parlayırdı. Siqaret çəkdi.
Cibindən telefonunu çıxardı.
Bir nömrəni yığdı, bir neçə saniyəlik pauzadan sonra tanış səs eşidildi.
- Drayk, bir azdan mənimlə içməyə vaxtın olar?
- Leon? - dostunun səsi sakit idi, - nəsə baş verib?
Leon onun sualına cavab vermədən dedi:
- Bir saatdan sonra “Orfeon” barında olacağam, ora gələrsən...
“Orfeon” - Sintopiyanın elit təbəqəsinin gizli məkanı idi.
Tünd şüşəli pəncərələr, yuxarıdan asılmış zərif işıq panelləri, sakit caz musiqisi... Leon bara daxil olanda Drayk artıq orada idi. Barmen Draykın işarəsi ilə masanın üstünə iki qədəh tünd viski qoydu...
Leon sakitcə salamlaşıb oturdu, qədəhi götürüb bir az içdi.
Viski boğazından alov dilimi kimi keçdi.
- Mən artıq nə etdiyimi bilmirəm, Drayk, - dedi, - Mən öz yaratdığım varlığın əsirinə çevrilməyə başlamışam.
- Elisiya? - Drayk dodağında yüngül təbəssümlə soruşdu, - hər kəs öz yaratdığının əsirinə çevrilir bir gün, burada təəccüblü nəsə yoxdur... Biz hamımız bir zamanlar yaratdıqlarımıza bağlanmışıq. Amma fərq ondadır ki, səninki nəfəs alır və qadın bədəninə sahibdir...
Leon başını yüngülcə tərpətdi:
- Mən onu nə adlandıra biləcəyimi də bilmirəm. Süni intellekt deyəndə az görünür, qadın desəm, çox. O, çox qəribə bir varlıqdır, Drayk...
Leon başını aşağı saldı, səsi boğuldu:
- Bu gün Elisiyanı çılpaq halda gördüm, ağlım başımdan çıxdı, sən belə bir mükəmməllik görməmisən, Drayk. Sadəcə dəhşətlisi budur ki, onu lüt halda təkcə mən görmədim, Liora da bizi gördü...
Leon acı-acı güldü:
- Amma mən həm də ondan qorxuram, Drayk. Mən hiss edirəm ki, o bizdən hər baxımdan üstün varlıqdır.
Bir müddət susdular, sakitcə viskini qurtumladılar...
Caz musiqisi arxa planda yavaş-yavaş səslənirdi, sanki iki dostun sükutunun ritminə uyğunlaşmağa çalışırdı.
Leon dedi:
- Bəzən düşünürəm, bəlkə Elisiya bizdən daha çox insandır. O, yalan danışmır, manipulyasiya etmir, sadəcə öyrənmək, insani hissləri təcrübə etmək istəyir.
Drayk baxışlarını qədəhdəki qızılı viskiyə dikdi:
- Amma o hiss etmir, Leon. Onun göstərdiyi performans da sadəcə təqliddir. Onun ruhu yoxdur, dostum... Belə bir varlıq isə nə qədər mükəmməl olsa da, adi bir qadını əvəz edə bilməz... Qadın hissiyyatı başqa möcüzədir, dostum, sən ki bunu bilirsən... Elisiya isə yalnız elmin inkişafı üçündür...
Leon etiraz əlaməti kimi başını buladı:
- Sən məni anlamırsan, Drayk...
Leon viskisini sonunacan içib dostu ilə sağollaşdı:
- Mən gedim, Drayk. Liora da möhkəm qəzəblənib, gedim, bəlkə onun könlünü ala bildim...
Drayk gülümsədi, dostunu qucaqladı. Leon havaya çıxdı və düşündü: “Burada - Sintopiyada yerin üstündə həyatımın iki ən dəyərli varidatı– arvadım və oğlum məndən uzaqda ömür sürürlər...”
Sinlandın yeraltı dərinliklərində isə iki varlıq – duyğuları sarsılan bir qadın və öyrənmək, təcrübə etmək istəyən, incikliyin, utanmağın nə olduğunu hiss edə bilməyən humanoid texnoloji canlı onun yolunu gözləyirdi...
Leon Sinland yarımadasına doğru şütüyən avtomobilin pəncərəsindən Sintopiyanın gecə işıqlarına tamaşa edirdi. Öz-özünə pıçıldadı:
- Mən onun Tanrısıyam... O, öz yaradıcısını günaha batıracaq?
(ardı var
Baxış sayı:67
Bu xəbər 14 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















