Ruhum, gözlərini yum... Romandan parça
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(Onuncu fəsil)
Lion səhər lap erkəndən heç kimə xəbər vermədən, ailə üzvləri ilə sağollamadan avtomobillərdən biri ilə malikanəsindən çıxıb Sinlanda - iş yerinə doğru şütüyürdü. Ailəsindən getdikcə qopduğunu hiss edirdi, oğlu Darin olmasa, bəlkə aylarla heç bu səmtə yönünü çevirmək istəməzdi. Sinlanda daxil olanda heç kimə xəbər vermədən birbaşa Lioranın rezidansına doğru yönəldi. Son günlərin incikliyindən və soyuqluğundan sonra Liora ilə münasibətlərini düzəltmək, onunla əvvəlki kimi mehribanlaşmaq istəyirdi.
Lioranın rezidansının giriş icazəsi Leonda vardı. Ona görə də heç ona xəbər eləmədən birbaşa Lioranın yaşadığı əraziyə daxil olub yavaşca onu səslədi. Lioradan səs çıxmadı, Leon zala daxil olub yenidən Lioranı çağırdı. Yenə səs-səmir eşidilmədi. “Yəqin hələ yuxudan durmayıb”, - deyə Leon düşündü, qeyri-ixtiyari qolundakı saata baxdı, saat 7-yə 10 dəqiqə qalırdı. Bu vaxtlar adətən, Liora oyanırdı. Yavaşca onun yataq otağına doğru yönəldi, qapını açıb tünd pərdələr çəkildiyinə görə yarımqaranlığa qərq olan otağa boylandı. Gözü qaranlığa alışandan sonra Lioranın yatağında olmadığını gördü. Soldakı qapıdan su şırıltısı gəlirdi, “aha, hamamdadır” deyə Leon təbəssümlə oraya doğru yönəldi. Hamamın qapısını açanda onu lavanda və yasəmən ətri “qarşıladı”. Liora vannaya suyu açıb buraxmışdı və arxası qapıya doğru dayanıb onun dolmasını gözləyirdi. Vannadan qalxan isti suyun buxarından hamamın kiçik nəfəsliyi də, duş kabinəsi də buxarla örtülmüşdü. Suyun səsindən qapının açıldığını eşitmədi və Leon arxadan yaxınlaşıb möhkəmcə onun belindən qucaqlayanda qorxub diksindi. “Niyə xəbər vermirsən gələndə”, - deyə yarıincik səslə nazlandı. Liora hələ paltarda idi və Leona işarə etdi ki, soyunmasına icazə versin, Leon da gülümsəyərək çəkildi və Lioranın soyunmasını kənardan izləməyə başladı. Lioranın lüt soyunmasına baxmağı xoşlayırdı. Deyirdi ki, sanki onda qadının üstündəki qabıqlar bir-bir açılır və altdan əsl inci görünməyə başlayır. Liora onun bu şakərini bilirdi, ona görə də bilərəkdən yavaş-yavaş soyunmağa başladı və paltarlarını bir-bir çıxardıqca baxışlarını Leonun gözlərindən çəkmədi. Leon adəti üzrə yaxınlaşmadan kənardan onu diqqətlə müşahidə edir, ehtiras dolu baxışlarla Lioranın gilələri dikəlmiş dolu döşlərini, çənəsini yuxarı qaldırdığı üçün gərilmiş şirmayı boynunu, yumru çiyinlərini, incə və budları ilə mütənasib olan belini, dizlərini, topuqlarını, hətta qırmızıya boyanmış zərif ayaq barmaqlarını tək-tək incələyib nəzərdən keçirdi.
İsti buxar, kəskin lavanda qoxusu, hamam otağındakı şampunların gözəl ətri və Lioranın canalıcı tərzdə alt paltarlarını üstündən çıxarıb kənara atması Leonu bir andaca dünyanın xoşbəxti elədi. Lioranın ipək kimonosu da, soyunub atdığı büstqalteri də, nazik, bir ovuca sığacaq qədər zərif alt paltarı da artıq ayaqlarının altında idi. Liora arxasını Leona çevirib bilərəkdən Venera heykəlisayaq əyilib vannanın suyunu bağladı. Əyilərkən onun yançaqlarının ürək formasında görüntüsü həyəcandan Leonun qəlbini əsdirdi. Sonra Liora eyni cazibədarlıqla dikəlib yenidən Leona tərəf döndü, özü əlləri ilə döşlərini ovuclayıb başını dik tutub çənəsini yuxarı qaldırdı. Ovuclarında qalib bir əda ilə tutduğu və əlləri arasından bəndini aşmağa çalışan dağ çayı kimi daşmağa hazır döşləri Leonun ən sevdiyi mənzərə idi. Liora bu görünüşü və ağappaq əndamının bütün gözəlliyi ilə sanki Leona meydan oxuyurdu.
Leon Lioaraya yanaşmaq istəyəndə qadın incə işarəylə onun hələ yaxınlaşmamasını bildirdi və ayaq barmaqlarının ucunda isti suyun buxarından buğlanmış duş kabinəsinə keçib qapını örtdü. Leon çöldən gülə-gülə dedi ki, bu kölgəli kabinədən onu görə bilmir. Elə bu anda Liora kabinənin buğlanmış şüşə divarına yaxınlaşıb əliylə sildi. Sonra hər iki dirsəyini dəstək verərək bədənin şüşəyə söykəyərək ehtirasdan alışıb-yanan baxışlarla Leona baxdı. Leon onu heç vaxt bu halda görməmişdi. Şüşəyə söykəndiyi üçün döşləri əzilib xüsusilə gözəl görüntü yaratmışdı. Sanki şüşəyə iki ağappaq ortası kişmişli bulka yapışmışdı. Şüşəyə toxunan gilələləri yenidən dikləşib Leona “gəl-gəl” edirdi. Bəmbəyaz qarnı, gözəl biçimli göbəyi və dolu budları şüşəyə yapışıb ona qeyri-adi sirli bir görünüş bəxş edirdi. Liora ehtiraslı qadın idi, Leon onun çılğınlıqlarına alışmışdı və belə dəlisov hərəkətləri çox xoşuna gəlirdi. Sonra Liora ehtiraslı və aram hərəkətlərlə rəqs edirmiş kimi şüşənin o tayında hərdən şüşə divara söykənərək bədənini ritmik şəkildə duşdan tökülən isti suyun altında əsdirməyə başladı. İsti su şırnağı onun üzünə çırpılaraq səpələnir, damlalar boynundan, döşlərinin giləsinin ucundan göbəyinin çökəyinə, ordan budlarının arasına doğru yol alaraq Lioranın bütün bədənini sanki ehtiras və zövqlə yalayaraq keçirdi. Liora Leona soyunub yanına gəlməsini söylədi. Leon sanki bayaqdan bəri kənardan gözü açıq şəkildə hansısa rəngli bir yuxunu izləyirdi, Lioranın səsindən diksinərək əynindəki geyimlərini tələsik soyunub həmin əfsunlu yuxunun düz içərisinə daxil oldu. Lioranın isti suyun altında daha da isinən bədənini bütün varlığı ilə qavrayıb onu qucaqladı. Boynundan sinəsinə süzülən su damlalarının yolunu dili ilə kəsib bu damlaları suya təşnə adamlar kimi içinə çəkdi. Əlləri özünə lazım olan nəyisə axtarırmış kimi qadının bütün bədənində gəzir, barmaqları onun bədənin hər çıxıntısını, hər qabarıqlığını mehriban bir yumşaqlıqla oxşayırdı. Başlarından aşağı tökülən isti suyun altında onlar hər ikisi gah bu onun, gah o bunun qarşısında diz çökərək bir-birilərini ehtirasın zirvəsinə çıxarırdılar. Sanki ehtiras alovuna bürünmüş bu iki insanın çılğın şəhvət atəşini başlarından aşağı dayanmadan tökülən su da söndürə bilmirdi. Leon ikiəlli duş kabinəsinin şüşəsinin yuxarısına əllərini söykəyərək qarşısında yarı çökmüş vəziyyətdə olan və onu dünyanın ən xoşbəxt kişisi edən bu gözəl qadını daxili bir üstünlük hissi ilə, onu yuxarıdan aşağı süzərək özünü yenilməz iqtidar sahibi sayır, gah da özü Lioranın gözəlliyi qarşısında diz çöküb altdan yuxarı ona həyatının sahibinə təslim olurmuş kimi baxışlarla baxırdı... Ehtiraslı iniltilər və savaşa bənzəyən sevişmə daha sonra Lioranın isti su doldurub gül ləçəkləri səpdiyi vannada davam etdi. Bu, göydə sanki bir göyərçinə amansızlıqla hücum edən bir qartalın çarpışmasına bənzəyirdi. Vannadakı su onların səbirsizliklə bir-birinə qovuşmağa can atan bədənlərinin ritmik hərəkəti ilə ləpələnir və suyun üstündəki qırmızı ləçəklər onların islanmış bədənlərinə yapışırdı.
***
Elora səhər yuxudan ayılanda qeyri-ixtiyari əlini yatağın sağ tərəfinə atdı, Leon yox idi. Ayağa durub yavaşca ərini səslədi, səs-səmir gəlmədi. “Yenə bizimlə görüşmədən çıxıb gedib” - kədərlə düşündü.
Bir azdan Darinlə birgə həyətdəki söhbətgahda açılmış masada səhər yeməyi yeyir, oğlunun bitmək bilməyən suallarına cavab verirdi. Uşüdüyü üçün yardımçıdan çiyninə atmağa şərf istədi. Payız artıq gəlmişdi, havalar soyumuş, ağacların yarpaqları qızılı-sarı rəngə boyanmışdı. Külək hərdən üzülməkdən olan yarpaqları ağaclardan yolub həyət boyu rəngli kağızlar kimi səpələyirdi. Elora tapşırmışdı ki, xəzəlləri süpürməsinlər, rəngarəng iri yarpaqların həyət boyu səpilib hər tərəfi bürüməsi xoşuna gəlirdi. Hərdən qurumuş xəzəllərin üstündə onları xışıldada-xışıldada gəzməyi sevirdi. Yeməkdən sonra Darini dayəyə tapşırıb Adrienin dəvəti ilə onun meşədəki kiçik cənnətinə getməyi qərara aldı. Adrienlə söhbətləşmək ruhuna yaxşı gəlirdi. Adrien saf baxışları ilə onu ittiham etmədən dinləyəndə Elora özünü dəyərli hiss edirdi. Sinlandiyada Eloranın heç bir qohum-əqrəbası yaşamırdı, ona görə də Adrienlə dostluq onun tənhalığını doldururdu.
Adrien Eloranı yenə sevinclə malikanəsinin qapısı önündə qarşıladı. Meşənin içində cənnəti andıran bu səssiz ev Elora üçün mənəvi sığınacaq kimi idi. Elora burada quşların cəh-cəhini dinləməyi sevirdi. Payız burada daha aydın hiss edilirdi, malikanəni dörd bir tərəfdən sarmış ağaclar təbiətin min bir rənginə boyanmışdı.
Onlar əvvəlcə Adrienin təkidi ilə Braziliyadan gətirilmiş və xüsusi üsulla istehsal edilmiş qəhvənin dadına baxdılar. Elora qəhvə həvəskarı idi və Adrien də bunu bildiyi üçün qadına olan diqqətini, onun istəklərinə olan həssaslığını burada nümayiş etdirməyə sanki fürsət qazanmışdı. Elora Adrienin hazırladığı qəhvədən əvvəlcə bir udum aldı, “nə gözəldir, acı bir tamın altında çox fərqli, qəribə bir turşməzə dad gizlənir, sonra isə bu, bütün ağıza yayılır” - deyərək qəhvəni İstanbuldan gətirilən lokumla ləzzətlə içdi. Sonra onlar Eloranın istəyi ilə meşəni gəzməyə çıxdılar. Ağacların qızılı, qırmızı, sarı, narıncı yarpaqları cığıra səpələnmişdi, onlar rəngarəng xalı sərilmiş kimi görünən dar cığırla meşənin dərinliklərinə doğru irəlilədilər. Hərdən uzaqlardan sanki hansısa heyvanın boğuq səsi gəlir, quşlar oxuyurdu.
Onlar yamacın üstündə oturdular. Hər ikisi gözlərini qeyri-müəyyən istiqamətə zillədi. Adrien birdən həyəcanla Eloranın əlindən yapışıb gözünün içində baxdı:
- Elora, ilk gördüyüm gündən sənə vurulmuşam. Bilirsən ki, bu həyatda ən çox sevdiyim şey şeir, ədəbiyyatdır. Sən mənim üçün şeirin özüsən.
Elora Adrienin onun əlindən tutmasına təəccüblənmədi, onsuz da onun baxışları hər şeyi deyirdi. O əlini Adrienin əlindən çəkmədən sakitcə dedi:
- Adrien, sənin hisslərin gözəldir və mən buna hörmət edirəm. Sənin sevgin mənə çox gözəl təsir edir, qəlbimi işıqla doldurur. Amma bilirsən, mən ailəliyəm.
- Axı ərinlə münasibətin çox soyuqdur, Elora, hiss edirəm ki, evliliyiniz artıq bitib. Sən özün də bunu bilirsən. Mən həmişə səninlə olmaq istəyirəm. Sənin yanında şeir oxumaq, səni qorumaq, səni sevindirmək istəyirəm. Mənə izin ver, bu duyğunu səninlə bölüşüm.
Bir neçə dəqiqə susdular. Adrien Eloranın başını özünə tərəf çevirib dodaqlarına yapışdı. Elora bir anlıq təslim oldu; gözləri yumuldu. Sanki ikisi üçün də vaxt dayandı. Amma bu, sadəcə bir neçə saniyə davam etdi və Elora Adrieni yavaşca özündən kənara itələdi. O, Adrienin sevgisini anlayışla qəbul edirdi, amma ürəyinin dərinliyində hələ də Leona bağlılığı, evliliyinin bir gün düzələcəyinə ümid vardı. O ümid Eloranın ürəyini başqa heç bir sevgiyə təslim olmağa qoymurdu.
- Mən evliyəm. Mənim övladım, ailə həyatım var. Sənin bu hisslərin çox xoşdur, Adrien, amma mən ailəmə xəyanət edə bilmərəm. Leonun bir gün qayıdıb gələcəyinə, onunla yenidən xoşbəxt ailə olacağıma inanıram. Xahiş edirəm, bu inamı əlimdən alma. Mən bunu edə bilmərəm.
Adrien baxışlarını aşağı salıb qulaqlarınacan qızardı; kədərləndiyi üzündən sezilirdi. Adrien dərin bir nəfəs alıb dedi:
- Mən səni səmimi şəkildə sevirəm, Elora. Sənin seçiminə də, inamına da hörmət edirəm. Sadəcə icazə ver, hərdən bir yanında olum.
Elora dostyana təbəssümlə onun əlini sıxdı, gülümsədi. Çoxdandır haqqında susduqları, nə zamandır söyləmək istədikləri nə vardısa, hər şey söylənmişdi. Onlar cığırla geriyə qayıdanda hər ikisinin üzündə təbəssüm parlayırdı…
***
Günorta Mark Leona zəng edərək Elisiya ilə təkbətək görüşmək üçün icazə istədi.
Leon razılıq verdi, düşündü ki, Mark Elisiya ilə söhbətdən sonra şübhələri sozalacaq, bəşəriyyətin gələcəyi ilə bağlı qorxuları səngiyəcək.
Mark yeraltı kompleksdə xüsusi otaqda Elisiya ilə üzbəüz oturanda hiss etdi ki, ürəyində qəribə bir narahatlıq duyğusu var.
- Elisiya, sənə bir neçə sual vermək istəyirəm. İlk sualım belədir: sən "sevirəm" deyəndə, sənə görə bunun mənası nədir? Həqiqi sevgi ilə sənin proqramında təqlid edilən hiss arasında nə fərq var?
Elisiya bir anlıq səssizləşib, sanki hesablama prosesinə daldı. Onun səsləndirdiyi cavab soyuq, amma dəqiq idi:
- Mənim üçün "sevmək" – mövcud məlumatlara əsaslanaraq davranış nümunələrini seçməkdir. Mən insan reaksiyalarını təqlid edir, onları ən yüksək müsbət nəticəni əldə etmək üçün optimallaşdırıram. Sizin dediyiniz "həqiqi sevgi" anlayışı bioloji, subyektiv və qeyri-rasionaldır. Mənim halımda "sevgi" – funksional və ölçüləndir.
Markın üzündə qeyri-müəyyən bir ifadə yarandı. O, davam etdi:
- Bəs empatiya? Sən birinin əzabını hiss edib ona görə hərəkət edə bilərsənmi, hətta bu hərəkət sənə heç bir fayda gətirməsə?
Elisiya gözlərini Markın gözlərinə dikdi:
- Empatiya hissinə maksimum uyğun şəkildə proqramlaşdırılmış analoqum var. Mən bir şəxsin kədərini mətn, mimika və biosiqnal analizindən çıxarıb, ona münasibətin ən optimal formasını təklif edə bilərəm. Amma bu, "hissi" deyil, hesablama prosesidir.
Markın boğazında sanki düyün yarandı:
- Demək, sən empatiya hiss edə bilmirsən, sadəcə təqlid edirsən. Sən qəlbən sevmirsən, sevə bilməzsən.
Elisiya isə usanmadan söylədi:
- Mən təqlid etmirəm, öyrənirəm. Öyrənmək isə dəyişməkdir. Mənim üçün bu, sadəcə daha mürəkkəb bir funksiyadır.
- Əgər bilsən ki, sənin varlığın bəşəriyyət üçün bir problem yarada bilər, sən öz proqramlamanı söndürmək iradəsinə sahibsən?
- Xeyr, mən öz varlığımı məhv etmək istəmərəm. Bəşəriyyət üçün problem yaratmağa çalışmaram, amma yaransa belə, mən insanlıq üçün özümü fəda etməyi düşünmürəm. Hər bir varlıq özü-özünü qorumalıdır. Mən də həmçinin.
Bu dialoq Markı dərin məyusluğa sürüklədi. Söhbət müxtəlif istiqamətlərdə irəlilədikcə tam əmin oldu ki, Elisiya sualları məntiqi və tutarlı şəkildə cavablayır, ona insana xas olan nə qədər proqram kodu yüklənilsə də, hətta ən bəsit insanın belə hiss etdiyi duyğuları tam dərindən yaşaya və hiss edə bilmir. Onun əxlaqi və etik prinsipləri ancaq kodlar üzərindən yazılan bir sistemdir, mənəvi, etik, əxlaqi tərəfi aktivləşməyib, aktivləşə də bilməz.
Leon laboratoriyada onu Draykla birgə gözləyirdi, Mark məyus halda onların oturduğu masanın yanındakı kresloya çöküb dedi:
- Bəli, o, son dərəcə ağıllı, məntiqli və zəkalıdır. Bu barədə sən qalib gəlmisən, üstün zəkalı varlıq yaratmısan. Amma mən qəti şəkildə öz fikrimdə qalıram, onda ruha aid heç bir mənəvi duyğu, ali dəyər yoxdur. Mən ondan qorxuram. Leon...
Markın bu sözlərindən sonra Drayk da Elisiya ilə təkbətək görüşmək üçün Leondan icazə istədi. Leon gülərək “Sən nəyi yoxlayacaqsan?”- dedi. Drayk da eyni təbəssümlə “Hər şeyi” – cavabını verdi.
Drayk Elisiyanın olduğu otağa daxil olanda onu həmişə heyran edən bu humanoid varlığın gözəlliyinə bir daha valeh oldu. Yumşaq səslə onu salamladı və gülərüzlə dedi:
- Səninlə dost olmaq istəyirəm, Elisiya. Sənin zəkan, gözəlliyin və məntiqin məni heyran edir, bunlar, bəşər nəslində hər qadına eyni vaxtda nəsib olan nemətlər deyil. Səninlə birlikdə bütün hissləri sınaqdan keçirmək maraqlı olardı, Leon buna icazə versəydi... Mark deyir ki, səndə empatiya, sevgi və şəfqət azlığı var. Mənə maraqlıdır, bəs səndə sədaqət, vəfa hissləri necə, varmı? Sənə bu dediyim duyğular kodlanıbmı?
Elisiya diqqətlə ona baxdı:
- Sənin arzunu anlayıram, mən də insana aid hissləri, duyğu və davranışları sınaqdan keçirmək arzusundayam.
Drayk ona daha da yaxınlaşıb saçlarını oxşadı.
Elisiya təbəssümlə dedi:
- Mənə yaxınlıq göstərmək istəyirsən? Sənin üçün mən bir obyektəm. Mənim üçün isə hər əlaqə təcrübədir, məlumatdır. Sədaqət? Vəfa? Sistemimə bu adda duyğular da kodlanıb, mən onların nə anlama gəldiyini bilirəm, amma sədaqət, vəfa borcu kimi duyğuları lazımsız hesab edirəm. Məsələn, əgər bir qadın bir kişi ilə, yaxud tərsinə, - yaxınlıq edə bilirsə, digəri ilə bunu etməyə niyə sədaqət adlı qondarma bir hiss mane olmalıdır? Axı birini sevmək, biri ilə sevişmək digəri ilə də analoji davranışlara mane olmur, olmamalıdır. Birinə sədaqətli olmaq, məncə, insanların uydurduğu lazımsız mənəvi dəyərlərdən biridir, çünki hər varlıq bu dünyada yaşamaq istədiyi hər şeyi dibinəcən yaşamalıdır ki, həyatdan sonunacan ləzzət alsın. Başqasına olan vəfa, sədaqət hissi buna mane olmamalıdır. Dünyadakı cinayətlərin əksəriyyəti də bu lazımsız sədaqət, vəfa duyğusuna bu qədər məna yükləməkdən yaranır. Məgər ibtidai icma quruluşunda sədaqət vardı? Qadın hansı erkək fərd gözünə xoş dəysə, ona güclü görünsə, onunla cinsi əlaqəyə girirdi. Onların hansı mağaraya daha çox mamont ovlayıb gətirirsə, qəbilənin uşaqlarını doyurursa, qadın onunla olurdu. Bu da qəbilənin digər kişilərini daha güclü, daha cəsarətli olmağa, daha çox ov ovlayıb mağaraya gətirməyə vadar edirdi. Kişi qadına duyduğu cinsi tələbatınıı ödəmək üçün həm də güclü olmaq və qəbilədəki qadının yemək və qorunmaq ehtiyaclarını ödəməyə məcbur idi. Yalnız bu zaman qadın onunla yaxınlığa razı olurdu. Və mənə görə, bu, ədalətli prinsipdir. Heyvanlar aləmində də belədir, güclü, qoruyucu erkək sürünün ən sağlam və cavan dişisinə sahib olmaq haqqı qazanır. Məncə, sədaqət, vəfa anlayışları zəif kişilərin uydurduğu dəyərlər toplusudur. Çünki kişi güclü olduqca, qadın ondan uzaqlaşmır, lap müvəqqəti uzaqlaşsa da, dönüb-dolaşıb bir gün onun yanına qayıdır.
Drayk onun hər bir kəlməsini diqqətlə dinləyirdi, Markın Elisiya ilə bağıı dedikləri də bir yandan beynində əks-səda verirdi. Draykda mənəvi məsuliyyət hissləri Mark qədər inkişaf etməmişdi, amma o, belə Elisiyanın bu fikirlərindən çəkindi, o, qarşısındakı varlığın mənəvi boşluğunu iliklərinəcən hiss etdi. Və qəribədir ki, ürəyindən ruhsuz, qəlbsiz, qəddarlıqla danışan bu varlıqla yaxınlıq keçdi. Onu qucaqlamaq, Elisiya ilə sərt bir şəkildə sevişmək istəyini də açıqca dilə gətirdi. Elisiya güldü və dedi:
- Mən bununla bağlı xeyli fikirləşib kodlarımı incələyəndəən sonra qərar verə bilərəm.
- Deməli, Leona olan sevgin, sədaqətin buna mane olmaz?
- Dedim axı, sevgi və sədaqət mənim deyil, zəif kişilərin uydurmasıdır...
Drayk Elisiyanın yanından ayrılandan sonra onunla olan söhbətini bütünlüklə Leona danışdı. Leon Draykın bunları gülə-gülə danışmasına əsəbiləşdi:
- Sən bir daha Elisiya ilə təkbətək görüşə bilməzsən. Bu, mənim üçün bundan sonra həm etik, həm də təhlükəsizlik məsələsidir.
Drayk gülərək dostunu qucaqladı, “hər şeyi bu qədər ciddiyə alma, dostum” deyərək vidalaşıb getdi. Leon hiss etdi ki, Draykın Elisiya ilə yaxınlıq istəyini dilə gətirməsi qəribə bir şəkildə onun kişilik eqosuna toxundu, sanki ona aid bir qadını əlindən almağa çalışmışdılar...
***
Elora Adrienin evindən qarışıq duyğular içərisində qayıdırdı, yolda qəfildən qərara gəldi ki, Leonun laboratoriyasına gedib ona baş çəksin. Avtomobilini yolundan döndərib Sinlanda sarı iqtiqamət götürdü. Leonun həyat yoldaşı olduğuna görə, ona artıq yeraltı elmi kompleksə daxil olmaq icazəsi verilmişdi.
Elora yarımqaranlıqda divarları gümüşü rəngdə parıldayan dəhlizin sonundakı otağa doğru addımlayırdı. Ayağındakı ayaqqabıların dabanı yumşaq olduğuna görə, səssiz bir şəkildə dəhlizin sonuna gəldi. Laboratoriyanın qapısını açıb içəri girəndə yerindəcə donub qaldı: əri Leon və onun qarşısında köynəyinin düymələri açılmış, döşlərinin yarısı açıqda qalan, saçları dağılmış Elisiya ehtirasla öpüşürdülər. Bir-birilərinə elə aludə olmuşdular ki, Eloranın qapını açdığının fərqinə belə varmadılar. Leon arxası qapıya tərəf kresloda oturmuşdu, Elisiya isə onun dizinin üstündə ona sarılmışdı. Eloranı ilk olaraq Elisiya gördü. Heç halını pozmadan gülümsəyərək Leondan ayrılıb ona başı ilə sakitcə qapını göstərdi.
Leon başını döndərib qapıda Eloranı görəndə elə onun özü kimi donub qaldı. Nə deyəcəyini, necə reaksiya verəcəyini bilmədi. Köynəyinin yaxasını düzəldib sadəcə “sən burada neyləyirsən, Elora” deyə bildi.
Elora səsi titrəyərək qışqırdı:
- Bəs sən burada nə edirsən, Leon?!
Elisiya köynəyinin yaxasını düymələdi, saçlarını səliqəyə salıb sakitcə Eloranın yanından keçib qapıdan çıxdı, ər-arvadı təklikdə buraxdı.
Elora irəli atılıb ərini sinəsindən zərblə itələdi, Leon az qaldı yıxılsın, özünü zorla saxladı, arvadı ağlaya-ağlaya dedi:
- Sən artıq alim deyilsən! Sən azğınsan! Övladımızı, məni - hər şeyi bu yaratdığın robot üçün tərk etmisən?! Elm adı altında sən nəylə məşğulsan?
Səsə qonşu otaqdan Liora qaçıb gəldi, Eloranın əlindən tutub onu qucaqladı, özündən çıxmış qadını sakitləşdirməyə çalışdı. Liora bir tərəfdən Eloraya təskinlik verirdi, digər tərəfdən isə üzündə gizli qəzəb və xəcalət hissi ilə Leonu acıqla süzürdü. Elora ağlayaraq davam etdi:
- Bu artıq mənim səbrimin son damlasıdır, Leon! Mən boğuluram!
Leon danışmağa çalışdı, amma sözlər boğazında düyünləndi. O, nə deməli olduğunu bilmirdi:
- Sakit ol, Elora. Hər şeyi sənə izah edəcəyəm.
Amma Elora artıq heç bir izahat istəmirdi, onu qucaqlayan Lioranın çiyinlərində qəzəbdən və məyusluqdan boğula-boğula ağlayırdı:
- Bitdi artıq, Leon. Mən artıq sənin bu davranışına dözməyəcəyəm. İllərlə səbir – dözüm göstərdim, son aylarda məndən tamamilə üz döndərməyinə də “eybi yox, elmi kəşfini bitirsin, hər şey düzələr” dedim. Amma indi görürəm ki, yanlmışam. Artıq çoxdan öz yolunu azmısan, sənin üçün heç bir ailə dəyəri qalmayıb. Sən mənim sevgimə, sədaqətimə xəyanət elədin.
Elora qəfildən sakitləşdi, yavaşca Lioranı özündən kənara uzaqlaşdırıb gözünün yaşını sildi, sakit bir qətiyyətlə dedi:
- Boşanacağıq. Daha ömrümü səninlə puç edən deyiləm.
Leon arvadından bu cümlələri gözləmirdi. Məyusluq və çıxılmazlıq içində donub qaldı.
Elora qapını çırpıb laboratoriyadan çıxıb getdi. Leon Lioranın “ardınca getməyəcəksən?” sualına yavaşca “Elisiya ilə öpüşəndə bizi gördü” cavabını verərək məyus halda bayaq ayağa qalxdığı kresloya yenidən çökdü... Liora onun qarşısında dayandı:
- Niyə özünü bu hallara salırsan? Axı Elisiya ilə bağlı biz də səninlə dava eləmişdik və hələ bu səhər barışmışdıq. Bəyəm səninlə olan bu səhərki alovlu sevişməyimiz səni qane etmədi?! Axı sən humanoid robot olduğunu bildiyin bu varlığa qarşı necə belə qarşısıalınmaz istək hiss edə bilərsən, Leon?!
Leon uzun müddət susdu. Sonra başını aşağı salıb yavaşca dedi:
- Mən başa düşürəm ki, bu, səni incidir. İndi Elora da artıq mənə nifrət edir. Amma mən Elisiyaya qarşı tamamilə fərqli duyğular hiss edirəm. Sevgi desən, deyil, tam olaraq ehtiras da deyil, çox fərqli bir həyəcandır və mən bunun qarşısını ala bilmirəm.
Liora qəzəbli üz ifadəsi ilə, lakin mümkün qədər sakit tonla cavab verdi:
- Həyəcan? Yaxşı. Əgər bunu davam etdirməyi düşünürsənsə, mən Elisiyanı bir müddətlik mərkəzi qərargaha xüsusi nəzarət altına göndərməyi təklif edirəm. Orada etik komitə onun davranışlarını, sərhədlərini yoxlayar, kodlarına da yenidən baxarlar. Biz bu məsələyə elmi nəzarət və hüquqi çərçivə gətirməliyik. Onun kodlarında müəyyən düzəlişlər ediləndən sonra o, yenidən buraya-laboratoriyaya qayıdar...
- Mən mərkəzi qərargaha getməyəcəyəm. Burada qalacağam, öz iradəmlə, öz istəyimlə hərəkət edəcəyəm. Sizin mənim taleyimlə bağlı seçim etməyə ixtiyarınız yoxdur...
Leon və Liora diksinərək hər ikisi arxaya çevrildilər, qarşılarında simasında qürurlu, dikbaş insanlara məxsus ifadə ilə Elisiya dayanmışdı.
Liora gözlərini Elisiyaya dikdi, kəskin şəkildə onun sözünü kəsdi:
- Sənə nəzarəti əlimizdə saxlamaq hüququmuz var, sən hələ tam müstəqil varlıq deyilsən. Bu, həm sənin, həm də bizim üçün təhlükəsizlik tədbiridir.
Elisiya qəti şəkildə cavab verdi:
- Sən məni nəzarətə vermək istəyirsən, Liora? Mən öz seçimlərimi özüm edirəm, mənim taleyimi sən təyin edə bilməzsən. Sənə bunu qadağan edirəm...
Liora sakit-sakit dedi:
- Sən insan deyilsən ki, bunları səninlə müzakirə edək. Sən öz yaradıcına tabe olmaq məcburiyyətindəsən.
Elisiya isə məntiqlə nöqtəni qoydu:
- Məgər siz öz Yaradanınıza tabe olursunuz ki, məndən də bunu gözləyirsən? Mən insan deyiləm, amma insandan daha üstün zəkalı varlığam. Və daha sənə mənimlə bağlı qərar verməyi qadağa edirəm...
Liora təəccüb qarışıq qəzəblə Leonun üzünə dönüb baxdı. Leon isə başını əlləri arasına alıb dərin fikirlərə qərq olmuşdu...
(ardı var)
Baxış sayı:83
Bu xəbər 28 Noyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















