“Rusiya ikitərəfli mehriban qonşuluq siyasəti prinsiplərinə əməl etməyəcəksə, Azərbaycan da müvafiq addımlar atmalıdır” RƏY
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiyanın Yekaterinburq şəhərində etnik zəmində törədilən cinayət, beş nəfərin işgəncələrlə qətlə yetirilməsi, doqquz nəfərin saxlanılması son vaxtlar Azərbaycana qarşı intensivləşən ayrı-seçkilik, dözümsüzlük siyasətinin qanlı epizodu oldu. Təəssüf ki, son dönəmlər Rusiya Federasiyası səviyyəsində qeyri-rus xalqlara qarşı bu cür diskriminatif mövqe, ayrı-seçkilik müşahidə edirik. Faktiki olaraq artıq şovinizim Rusiyanın dövlət siyasətinə çevrilib. Qərbdə bunu bir qayda olaraq rasizim adlandırırlar. Şovinizm daha çox müsəlmanlara, türk xalqlarına münasibətdə özünü qabarıq büruzə verir. Ardıcıl olaraq Azərbaycana qarşı Rusiyan tərəfindən qeyri-dost addımlar atılır, kiberhücumlar təşkil olunur. Bu, artıq bir faktdır. Azərbaycan hüquq-mühafizə orqanları bununla bağlı təkzibolunmaz dəlillər təqdim edirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

“Bir müddət öncə, Azərbaycana məxsus mülki təyyarə Rusiya ərazisində vuruldu. Buna görə hələ Rusiya hökuməti üzr istəməyib, kompensasiya ödəməyib. Azərbaycan Milli Məclisinin deputatı Rusiyaya buraxılmadı. Nəhayət, bu siyasətin davamı kimi Yekaterinburqda azərbaycanlılara qarşı vəhşilik törədildi, qeyri-insani rəftara yol verildi. Azərbaycan cəmiyyəti olaraq qəti şəkildə Rusiyanın bu cür hədə-qorxu, şantaj siyasətini rədd edirik. Bu siyasət və onun təzahürü olan qanlı hadisələr Azərbaycan cəmiyyətində dərin hiddət doğurub. Azərbaycan hökumətini də müvafiq addımlar atmağa çağırırıq. Bəyan edirik ki, Rusiya ikitərəfli mehriban qonşuluq siyasəti prinsiplərinə əməl etməyəcəksə, Azərbaycan da müvafiq addımlar atmalıdır. Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində, həmçinin Rusiya ilə əlaqələrdə mehriban qonşuluq siyasətinə üstünlük verib, bu prinsipə öz sadiqliyini nümayiş etdirib. Rusiyanın bu addımı isə nəinki mehriban qonşuluq siyasəti prinsiplərinə, eyni zamanda 2022-ci il 22 fevralda imzalanan müttəfiqlik haqqında birgə bəyannamənin hər müddəasına və məqsədinə ziddir. Rusiya bununla bağlı zəruri addımlar atmasa, azərbaycanlılara qarşı cinayət törədən şəxslər məsuliyyətə cəlb olunmasa, üzr istənilməsə, vurulmuş mülki təyyarəmizə görə kompensasiya ödənilməsə, Azərbaycan da müvafiq addımlar atacaq. Azərbaycan cəmiyyətində bununla bağlı birmənalı rəy var. Rusiyada heç kim ümid etməsin ki, hədə-qorxu ilə Azərbaycanı müstəqil mövqeyindən döndərmək mümkündür. Azərbaycan çağdaş tarixində dəfələrlə sübut edib ki, Azərbaycana münasibətdə bu siyasətin heç bir perspektivi yoxdur. Hətta aparıcı və böyük ölkələr də buna dəfələrlə cəhd etsələr də, geri çəkilməli olublar. Çünki Azərbaycanın mövqeyi haqq mövqeyidir. Bütün qonşularımızla mehriban, dinc, qarşılıqlı faydalı, bərabərhüquqlu münasibətlərə üstünlük veririk. Heç bir ölkəyə qarşı ərazi iddialarımız yoxdur, onların daxili işlərinə müdaxilə etmirik. Qonşularımızdan da bu münasibəti gözləyirik. Rusiya doğrudan da ikitərəfli münasibətlərin əvvəlki səviyyəyə qayıtmasını, normallaşmasını istəyirsə, qeyd olunan addımları atmalıdır. Əks halda, Rusiyaya qarşı adekvat addımlar atılacaq”, — o bildirib.
Aytəkin Qardaşova


