Rusiyada əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir Məqsəd nədir?
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada əcnəbi tələbələrə nəzarətin gücləndirilməsi planlaşdırılır. Yeni qaydalar təhsil almaq üçün bu ölkəyə üz tutan Azərbaycan vətəndaşlarına da təsir göstərə bilər.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın ali təhsil müəssisələrində və texnikumlarında oxuyan əcnəbi tələbələrin dərsə davamiyyəti, tədris proqramlarını mənimsəmə səviyyəsi, qiymətləri və aralıq attestasiya nəticələrinin yoxlanılması nəzərdə tutulur.
Bununla bağlı “Rusiya Federasiyasında təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə Dövlət Dumasına təqdim edilmək üçün hazırlanıb.
Yeni qaydaların əsas məqsədi əcnəbi tələbələrin həqiqətən təhsil alıb-almadığını müəyyənləşdirməkdir. Rusiya tərəfinin yanaşmasına görə, bəzi xarici vətəndaşlar təhsil vizasından ölkədə qalmaq, işləmək və qazanc əldə etmək məqsədilə istifadə edirlər.
Bəs Rusiyanın bu addımının arxasında hansı məqsədlər dayanır? Yeni qaydalar azərbaycanlı tələbələr üçün hansı çətinlikləri yarada bilər?
Milli Məclisin deputatı Azər Allahverənov “Bakupost”a bildirib ki, beynəlxalq təcrübədə təhsil vizasından başqa məqsədlərlə istifadə hallarına rast gəlinir.
Onun sözlərinə görə, xüsusilə təhsil sisteminə qəbul şərtlərinin nisbətən əlverişli olduğu ölkələrdə bu hallara daha çox təsadüf edilir:
“Bəzi ölkələrdə şəxsin faktiki olaraq təhsil almamasına, yaxud lazımi səviyyədə bilik qazanmamasına göz yumulur. Rusiyada isə görünür, bu məsələyə daha sərt yanaşılmağa başlanılıb. Rusiya postsovet ölkələrindən olan gənclər üçün ənənəvi olaraq cəlbedici təhsil istiqamətlərindən biridir. Dil uyğunluğu, qəbul imkanları və mövcud qaydalar bu seçimdə mühüm rol oynayır”.
Deputat hesab edir ki, Rusiya hökumətinin əsas məqsədi miqrasiya proseslərinə nəzarəti gücləndirməkdir.
“Rusiya son dövrlərdə miqrasiya qanunvericiliyini ardıcıl şəkildə sərtləşdirir. Ötən ildən etibarən miqrant uşaqlarının orta məktəblərə qəbulu ilə bağlı yeni tələblər tətbiq olunmağa başladı. Bunu məktəblərdə yaranan əlavə yüklə əsaslandırırdılar. Müvafiq qiymətləndirmə mexanizmləri tətbiq edildi. İndi isə oxşar yanaşma ali təhsil müəssisələrində oxuyan əcnəbilərə münasibətdə gündəmə gətirilir”.
Azər Allahverənovun sözlərinə görə, əcnəbi tələbələrin təhsilinin əsasən ödənişli olmasına baxmayaraq, Rusiya hökuməti onların ölkədə qalmasının yaratdığı əlavə xərcləri və digər problemləri də nəzərə alır.
Deputat bildirib ki, yeni yoxlamalar həqiqətən təhsil alan tələbələr üçün ciddi problem yaratmamalıdır:
“Dərslərdə iştirak edən, proqramı mənimsəyən, davamiyyəti və akademik göstəriciləri normal olan tələbə bu yoxlamalardan rahat keçə biləcək. Təhsildən uzaq olan, lakin tələbə statusundan Rusiyada qalmaq üçün istifadə edən şəxslər isə çətinliklə üzləşəcəklər”.
Deputat məsələnin Azərbaycan vətəndaşlarına təsirinə də toxunub.
Onun sözlərinə görə, bəzi əcnəbilər öz ölkələrində hərbi mükəlləfiyyətdən yayınmaq məqsədilə də Rusiyanın təhsil müəssisələrinə qəbul olunmağa çalışırlar:
“Görünür, ayrı-ayrı ölkələrdən Rusiyanın təhsil müəssisələrinə bununla bağlı daxil olan müraciətlər də məsələnin gündəmə gəlməsinə təsir göstərib. Belə şəxslər arasında Azərbaycan vətəndaşlarının olması da istisna deyil”.
Azər Allahverənov hesab edir ki, yoxlamalar nəticəsində müəyyən sayda əcnəbi tələbənin təhsil müəssisələrindən xaric edilməsi mümkündür.
“Bir müddət sonra müvafiq rəqəmlər açıqlandıqda problemin real miqyası da aydınlaşacaq”, – deyə deputat vurğulayıb.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















