Rusiyadakı azərbaycanlılar haqda narahatedici məlumat yayıldı Bakının cavabı...
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb. Son olaraq 20 azərbaycanlının cəbhəyə aparıldığı iddia edilib. Hətta bildirilir ki, onların yaxınları məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti orqanlara müraciət edib.
20 azərbaycanlının Ukrayna ilə müharibəyə cəlb edilməsi istiqamətində rəsmi Bakı hansı addımları ata bilər?
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, əgər vətəndaşların Rusiya tərəfindən öz iradələrinə zidd olaraq Ukraynadakı hərbi əməliyyatlara cəlb edilməsi faktlarla sübuta yetirilərsə, bu hal beynəlxalq hüquq baxımından ciddi pozuntu kimi qiymətləndirilə bilər:
“Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə əsas sənədlər, o cümlədən İnsan Hüquqları Ümumi Bəyannaməsi, zorla hərbi xidmətə dair birbaşa və açıq qadağa nəzərdə tutmasa da, onun əsas prinsipləri — şəxsi azadlıq, toxunulmazlıq və iradə azadlığı — şəxslərin zorakılıq və məcburiyyət yolu ilə silahlı münaqişələrə cəlb edilməsini istisna edir. Bu baxımdan, zorla hərbi xidmətə cəlbetmə halları fundamental insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə pozuntuların qarşısının alınması və hüquqi qiymət verilməsi məqsədilə ilk növbədə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya rəsmi nota təqdim etməsi, yayılan iddiaları pisləməsi və faktların obyektiv araşdırılmasını tələb etməsi mümkündür. Bu addım beynəlxalq hüquqda ənənəvi və legitim diplomatik vasitə olmaqla yanaşı, dövlətlərarası məsuliyyət mexanizmlərinin işə düşməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Əlövsət Allahverdiyev
Hüquqşünas bildirib ki, eyni zamanda Azərbaycan müvafiq beynəlxalq təşkilatlara müraciət edərək şikayət prosedurlarını işə sala bilər:
“Bu cür müraciətlər vasitəsilə faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıla, insan hüquqları pozuntularının araşdırılması tələb oluna və beynəlxalq monitorinq mexanizmləri hərəkətə gətirilə bilər. Lakin mövcud geosiyasi və institusional reallıqlar fonunda bu mexanizmlərin qısa müddətdə effektiv nəticə verəcəyi hazırkı şəraitdə o qədər də real görünmür”.
Politoloq Zeynal Əmrəliyev isə xatırladıb ki, 29 dekabr 2025-ci ildə Baş prokurorluq Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı barədə xəbərdarlıq yayıb:
“Bildirilib ki, bu cür münaqişələrdə iştirak hüquqi məsuliyyət yaradır. Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşların başqa dövlətlərin silahlı qüvvələri yaxud silahlı birləşmələri tərkibində döyüşməsi qadağandır və cinayət məsuliyyəti daşıyır. Bu baxımdan müharibədə istər Rusiya, istərsə də Ukrayna tərəfdən iştirak edən vətəndaşlarımız bilməlidirlər ki, bu, qanun pozuntusudur və ağır cəzalar nəzərdə tutulur”.
Zeynal Əmrəliyev
Politoloq qeyd edib ki, xüsusilə Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan vətəndaşlarına daha çox rast gəlinir:
“Bu da qəbuledilən hal deyil. Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada işğalçı müharibə aparır və vətəndaşlarımızın bu prosesdə iştirak etməsi arzuolunan nəticələrə gətirib çıxarmır. Məlumdur ki, Kreml ön cəbhəyə əsasən Rusiya vətəndaşlarını deyil, digər millətlərin nümayəndələrini göndərir. Bu, həm Rusiya Federasiyasının daxilində yaşayan xalqlara, həm də postsovet məkanından müxtəlif vədlərlə cəlb olunan şəxslərə aiddir və onların müharibədə həlak olma riskini artırır. Azərbaycan vətəndaşlarının işğalçı müharibədə iştirak etməsi və həyatlarını təhlükəyə atması yolverilməzdir”.
Siyasi şərhçi əlavə edib ki, vətəndaşlar özləri də bu məsələdə son dərəcə diqqətli olmalıdırlar:
“Xaricdə yaşayan vətəndaşlarımıza müharibəyə cəlb olunmaları ilə bağlı təzyiq göstərilirsə, onlar dərhal Azərbaycanın diplomatik nümayəndəlikləri — səfirliklər və konsulluqlarla əlaqə saxlamalı, bu barədə məlumat verməlidirlər. Belə hallarda vaxtında müdaxilə mümkündür. Lakin müharibədə iştirak baş verdikdən sonra edilən müdaxilələr effektiv olmur və çox vaxt gec sayılır. Vətəndaşlar ayıq-sayıq davranaraq vaxtında rəsmi qurumlara müraciət etsələr, lazımi tədbirlər görülə və onların müharibəyə cəlb olunmasının qarşısı alına bilər”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Yanvar 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















