Rusiyanın dizel yanacağı ABŞ üçün yox, dünya üçün nəzərdə tutulub
Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp Moskva ilə əldə olunan razılaşma çərçivəsində Rusiyadan alınacaq dizel yanacağının yalnız ABŞ üçün deyil, dünya bazarı üçün nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, tədarükün artırılması qlobal yanacaq qiymətlərinin yüksəlməsinin qarşısını almağa kömək etməlidir.
Bu barədə Reuters məlumat yayıb.
“Dizel yanacağı ilə bağlı bu razılaşma bizim üçün deyil. Yanacaq bizə yox, dünya bazarına daxil olur”, – deyə Tramp Ağ Evin cənub çəmənliyində jurnalistlərə bildirib.
ABŞ prezidenti razılaşmanı dizel yanacağı çatışmazlığı və neft emalı güclərinin azalması ilə izah edib. Onun sözlərinə görə, dizel istehsal edən neft emalı zavodlarının sıradan çıxması dünya bazarına mənfi təsir göstərir.
Oktyabrın 9-da Tramp Rusiya prezidenti Vladimir Putinlə razılaşma əldə edildiyini açıqlayıb. Razılaşmaya əsasən, Moskva ABŞ və dünya bazarlarına dərhal 300 min tondan çox dizel yanacağı göndərməlidir. Tramp əlavə tədarük planlarını da açıqlayıb: noyabrda 500 min ton, daha sonra isə əlavə 1 milyon ton dizel yanacağının göndərilməsi nəzərdə tutulur.
Razılaşma ABŞ-da və Ukraynada tənqidlərə səbəb olub. Əleyhdarlar hesab edirlər ki, Rusiyanın yanacaq ixracına tətbiq olunan məhdudiyyətlərin yumşaldılması Ukraynaya qarşı davam edən müharibə fonunda Moskvaya əlavə gəlir gətirə bilər.
Bundan başqa, ABŞ qanunvericiləri razılaşmanın Rusiyanın enerji resurslarının idxalına dair qüvvədə olan məhdudiyyətlərə uyğunluğunu şübhə altına alıblar.
ABŞ administrasiyası Rusiyadan bəzi yanacaq tədarüklərinə münasibətdə sanksiya məhdudiyyətlərini müvəqqəti yumşaldıb. Tramp bu addımı yük daşımalarında, kənd təsərrüfatında və isitmə sistemlərində istifadə olunan dizel yanacağının qiymət artımının qarşısını almaq zərurəti ilə əsaslandırır.
Bununla belə, analitiklər Rusiyadan əlavə yanacaq tədarükünün öz-özlüyündə qiymətləri əhəmiyyətli dərəcədə aşağı salacağına şübhə ilə yanaşırlar. Onların fikrincə, vəziyyətə neft emalı güclərinin qlobal çatışmazlığı və enerji resurslarının tədarükündəki fasilələr də təsir göstərir.
S.Abdulla
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Oktyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















