Sahilə çıxan tək gəmi Rafael Hüseynov yazır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Tarix boyu belə olub. Böyük mədəniyyətlər tarixən böyük şəhərlərdə yaranıb, yaşayıb, inkişaf edib və dalğa-dalğa uzaqlara yayılıb. Başqa şəhərlərdən, özgə yurdlardan gələn mədəniyyətlər də ən əvvəl böyük şəhərlərdə yerli mədəniyyətlə qaynayıb-qarışıb və bu qovuşmadan mədəniyyətin yeni istiqamətləri, təzə çalarları ortaya çıxıb.
Orta əsrlərdə müsəlman Şərqində elmin, mədəniyyətin, ədəbiyyatın inkişafından söz açarkən göz önündə sıra-sıra əzəmətli şəhərlər canlanır: Bağdad, Bəsrə, Qahirə, Dəməşq, İsfahan, Səmərqənd və digər böyük şəhərlər ki, onların hər biri orta çağda mədəniyyət paytaxtı sayılırdılar.
Və bu sərvət baxımından da Azərbaycan həmişə zəngin olub. Yurdumuzun bir çox şəhərləri var ki, oralar yalnız Azərbaycan üçün deyil, əslində bütün Yaxın-Orta Şərqdən ötrü mədəniyyət və elm mərkəzi idilər. Orta əsrlərin məşhur Azərbaycan şəhərlərinin hər biri məhz sədası və təsiri oçağkı mədəni dünyanın dörd bucağına çatan başlıca mərkəzlər cərgəsində idilər. O yanda Təbriz də, Marağa da, Xoy da, Zəncan da, Ərdəbil də, bu tərəfdə Bərdə də, Gəncə də, Beyləqan da, Bakı da, Şamaxı da hərəsi özünə görə bir mərkəz idi. Buralara dünyanın dörd bir tərəfindən - elə bu cür mədəniyyət, elm paytaxtları olan şəhərlərdən çağdaşlığın, irəliçiliyin, zövq üstünlüyünün şüaları gəlib çatırdı.
Və təbii olaraq orta əsrlərin xəritəsində işıqlar kimi parlayan o şəhərlərin hamısının bir-biri ilə əlaqəsi vardı.
XII-XIV yüzillər Azərbaycan şəhərlərinin həyatında xüsusi yüksəliş mərhələsidir. Ancaq həmin əsrlərdəki Azərbaycan şəhərləri artasında elm və sənət mərkəzi olmaq baxımından daha artıq üstünlüyü ilə Marağa seçilməkdədir.
XIII yüzildə Marağa həm də paytaxt idi. Ancaq onun inzibati mərkəz olmağından daha üstdə bir başqa paytaxtlığı da vardı. Xacə Nəsirəddin Tusi (1201-1274) Marağada 1259-cu ildə rəsədxana qurmuşdu. Həmin rəsədxananın yanında Marağa Akademiyası fəaliyyətdə idi. Bu akademiya və rəsədxanada Çindən tutmuş Orta Asiyaya qədər, Hindistandan başlamış Qafqazlaradək ən müxtəlif ölkələrdən və iri şəhərlərdən olan alimlər çalışırdı.
Elə həmin XIII yüzildə Fəzlullah Rəşidəddin (1247-1318) Təbrizdə onun adıyla tanınan Rəşidiyyə mədrəsəsini qurmuşdu. Həmin universitet və elm mərkəzində yalnız bu əsrin deyil, sonrakı neçə yüzilin də ölçüləri baxımından heyrət doğuran miqdarda öyrənci və araşdırıcı çalışırdı. Rəşidiyyənin müəllimlər tərkibi beynəlmiləl idi və burada oxuyan uşaqların sayı 7 min nəfərə çatırdı.
Elə həmin sayaq XII, XIII, XIV, XV yüzillərdə Gəncə də, Bərdə də, Beyləqan da, Şamaxı da, Naxçıvan da inkişafda idi. Şəhərlərdən şəhərlərə karvanlar gedib-gəlirdi. Bu ticarət karvanları yalnız alqı-satqı üçün məişət yüklərini deyil, həm də mədəniyyət və elm daşıyırdı. Bu karvanlar yalnız daşıyıcı yox, həm də ötürücü, özünəməxsus mədəniyyət naqilləri idi. Bir karvan bu şəhərdən çıxıb o biri böyük şəhərə yollananda həm də özü ilə cild-cild əlyazmalar aparırdı. Beləcə, elm, mədəniyyət, maarif, düşüncə, zövq məmləkət-məmləkət, şəhər-şəhər ötürülürdü.
Şəhərin Orta əsrlərdə mədəniyyətin əsas təşəkkül məkanı olmasının bir başqa göstəricisi də ondan ibarətdi ki, dilimizdəki "mədəniyyət" kəlməsinin mənası da elə şəhər deməkdir. Bu şəhərdən o şəhərə gedən əlyazmaların üstündə müəlliflərin adları yazılırdı və hər adın da böyründə adətən nisbə olurdu - həmin qələm sahibinin hansı şəhərə, yurda, məkana mənsubluğunu nişan verən söz. Şirvanilər, Bakuvilər, Zəncanilər, Naxçıvanilər, Ərdəbililər, Təbrizilər, Urməvilər və neçə-neçə başqa şəhərli məşhurlarımız adlarının yanında daşıdıqları yurd ünvanları ilə doğulub boya-başa çatdıqları məkanların mədəniyyət, elm mərkəzi olması fikrini dünyaya çatdırır, əsərlərinin digər məziyyətləri ilə yanaşı, həm də öz vətənlərini tanıdır, təbliğ edir, ucaldırdılar. Müəyyən mənada bu həm də borcqaytarma idi. Axı onların özlərini də ən əvvəl mühit araya-ərsəyə gətirmiş, böyük şəhərlər yetişdirmişdi.
Orta əsrlərin bütün məşhur Şərq və Azərbaycan şəhərləri arasında xüsusi mövqeyi ilə seçilən Marağanı yüksəldən və ona iftixar bəxş edən yalnız buradakı rəsədxana və akademiyada cəmləşmiş alimlər deyildilər. Marağanın intibah havalı ədəbi, elmi, mədəni aləmində əli qələmli, üstün zəkalı bir silsilə parlaq söz ustaları da yaşayıb-yaradırdı ki, həmin möhtəşəm sırada mütəfəkkir şair Əvhədi Marağayinin məxsusi yeri vardı.
VII-VIII əsrlərdən etibarən, İslamın gəlişi və nəhəng bir coğrafiyanı tutmasından sonra mədəni aləmdə ciddi dəyişikliklər baş verdi. Ərəbcənin hökmranlıq zamanları başladı. Uzun müddət yalnız elm deyil, elə ədəbiyyat da təbii gedişi ilə yox, siyasi yönəldiciliklə ərəbcə yaradıldı. Ancaq IX əsrin sonları, X əsrin əvvəllərindən buna qarşı açıq etirazlar da baş verdi, milli hissiyyatın coşması zəminində şüubiyyə kimi qüvvətli bir hərəkat da coşdu. Tədricən bütün Mərkəzi Asiyada ərəbcə ortaq elm dili kimi qalsa da, tədricən farsca müştərək şeir dilinə çevrildi.
İslam dini, ərəb əlifbası, ortaq dillər və müştərək mənəvi dəyərlər nəhəng bir məkanı balacalaşdırır, yaxınlaşdırır, ölkələrin, mədəniyyətlərin qovuşmasına, bir-birində qaynayıb-qarışmasına bais olurdu. Yeni zamanın kürəsəlləşmə dediyi şey Orta çağda elə məhz bu idi. XI-XII əsrləri farsdilli ədəbiyyatın "altun dövrü" adlandırırlar və azərbaycanlılar, başda Nizami, Xaqani olmaqla, bu axının önündə gedənlər idilər.
Fəqət XIII əsrdən mənzərə dəyişməyə başlayır. Uzun vaxt boyunca başqa dillərin libasında ifadə olunmuş milli ədəbiyyat, o sıradan elm ana dilində üzə çıxmaq ehtiyacını milli vəzifə kimi müəyyənləşdirir.
Amma təəssüflər olsun ki, XX əsrin hətta 60-70-ci illərinə qədər XIII əsrdə yaranmış mədəni sərvətlərimizdən biz kifayət qədər məlumatlı olmamış, böyük şəxsiyyətlərimizi yetərincə tanımamışıq. Uzaqbaşı, bəzilərinin adlarından xəbərimiz olub. Çoxlarınınsa nə ömür hekayətləri gərəyincə bilinib, nə də qiymətli əsərləri ortaya çıxarılaraq insanlara çatdırılıb. Ərəbcə, farsca yazdıqları öz yerində, ən mühümü - ana dilində qələmə aldıqları da yeni nəsillərə naməlum qalıb.
XIII əsrdə köhnə xətt artıq qismən davam edirdi, yəni bir para şairlər farsca yazmağında qalırdısa da, artıq həm də ana dilində şeirlər qələmə alırdılar.
Həmin əsrdə yaşamış İzzəddin Həsənoğlunun anadilli şeirləri əyan edir ki, XIII əsrdə türkcəmiz artıq qədərincə əruza uyğunlaşmış səviyyədə imiş.
Zülfiqar Şirvani XIII əsrdə yaşadı, təqribən yüz illik ömür sürdü və qəsidələrindən birində özünü təsdiqləməsincə 6 dildə sərbəst nəsr və şeir yazdı. Təbii, həmin 6 dildən biri ana dilində olan şeirlər idi və türkcə ayrı-ayrı misraları onun elə farsca "Divan"ında da yer almaqdadır. Gərəyincə aranılırsa, ana dilində olan şeirlərinin də aşkarlanacağı ehtimalı çoxdur.
Təəssüflər olsun, XIII əsrdəki söz xəzinələrimizə qayıdışlar yalnız XX yüzildə başlanıb. "Gülşən-i raz" kimi qiymətli fəlsəfi əsər doğurmuş Mahmud Şəbüstərini (1288-1340) də, ilk mənzum farsca-türkcə lüğət yaratmış Hüsaməddin Xoylunu da, Yunus İmrə ilə şeirdə üstünlük yarışmasına çıxmış Molla Qasım Şirvanini də, Mövlananı Mövlana edən Şəms Təbrizini də məhz XX yüzildə yerli-yataqlı tədqiqə başlamışıq.
Olsun ki, Əvhədi Marağayi farsca ilə yanaşı, ana dilində də yazıb-yaradıb. Amma onun nə anadilli irsi lazımınca aranılıb, nə də farsca bədii və elmi mirası mətnşünaslıq baxımından kifayət qədər öyrənilib.
Əvhədi Marağayini dövrünün güclü şairi və düşüncə adamı kimi elmimiz yalnız XX yüzilliyin ortalarından etibarən tanımağa başlayıb.
Orta çağ ədəbiyyatşünasları arasında Əvhədi Marağayi haqqında ilk söz açan Dövlətşah Səmərqəndi (1438-1491) olmasa da, hər halda şairimiz haqqında birinci dəfə daha müfəssəl xəbərləri "Təzkirət üş-şüəra"sında məhz o çatdırır. Yazır ki, Əvhədi "müvəhhid arif və səxavətli şəxs olub. Süluk və ürfan cəhətdən kamil olmaqla bərabər, zahiri fəzilətində də heç bir nöqsanı yox imiş. O, övliyanın böyüklərindən şeyx üş-şüyux Əvhədəddin Kirmaninin, həmçinin, İslamın və müsəlmanların şeyxi Şihabəddin Əbu Nəfs Ömər Sührəvərdinin müridi olub. O, dörd rükət xüftən namazında tamam "Quran"ı oxuyarmış, sülukda onun ali məqamı var. Bağdad xəlifəsi əl-Müstənsir onun müridi olub". Əvhədini "fazil adam" adlandıran Dövlətşah oradaca bunu da əlavə edir ki, Marağayi "məlik ül-hükəma" - "alimlər başçısı" Xacə Nəsirəddin Tusinin şərəfinə "Dəhnamə" əsərini yazıb. Bu xəbəri çatdıran Dövlətşah dərhal həmin əsərin qiymətini də verir: "...olduqca lətif və incədir".
Dövlətşahın bizə çatdırdığı soraqlar arasındakı bu xəbər Əvhədinin şəxsiyyətinə və yaradıcılığına nə qədər yüksək hörmət və rəğbət bəsləndiyinin təsdiqidir. Əvhədinin "Cam-i Cəm" əsərini İsfahanda yazdığını bildirəndən sonra Dövlətşah dəqiqləşdirir: "Həvəskarlar 1 ay ərzində həmin məsnəvidən 400 nüsxə köçürərək, həcmcə kiçik olmasına baxmayaraq, çox baha qiymətə satdılar. Bu, həvəskarların sevimli kitabı idi. Bu zəmanədə isə o kitab yoxdur. Həqiqətən, təriqət qaydaları barəsində gözəl kitabdır".
Əvvələn, Dövlətşahın yazdıqları o cəhətdən diqqətəlayiqdir və onu sadəcə ədəbiyyat salnaməçisi kimi yox, həm də ədəbiyyatşünas olaraq səciyyələndirməyə əsas verir ki, o, sadəcə məlumat çatdırmır, həm də təhlil edir, burada - Əvhədidən bəhs açanda da, təzkirəsinin digər hissələrində başqa şairlərin hekayətini nəql edərkən də ayrı-ayrı ədəbi nümunələrə peşəkar qiymətverici baxışlarını da ortaya qoyur.
Orta əsrlərdə, əsərlərin hələ yalnız əlyazma halında yayıldığı əyyamlarda bir şairin hər hansı əsərinin bir neçə yüz nüsxə köçürülməsi haqqında ayrı mənbələrdə xəbərlərə rast gəlinmir. Hətta saraylarda, bu işi yerinə yetirən və dövlətdən məvacib alan xüsusi mütəxəssislər dəstəsinin çalışdığı dərbar kitabxanalarında belə ən məşhur şairlərin əsərləri də barmaqla sayılacaq az sayda çoxaldılıb yayılırdı. Əvhədinin "Cam-i Cəm"inin hətta üç əsr sonra daşbasma üsulu ilə kitab çapının geniş yayılmağa başladığı dövrdə olandan da çox sayda köçürülməsi, tezliklə də satılıb qurtarması, bunca iri miqdarda yayılmasına baxmayaraq, həmin məsnəvinin nüsxələrinin artıq iki əsr sonra tapılmaz olması haqda Dövlətşahın şahidliyi Əvhədinin qibtə ediləsi şairlik şöhrətinin göstəriciləridir.
Dövlətşahın Əvhədi haqda qeydlərinin dəyərini artıran bir də odur ki, Marağayiyə zamanca daha yaxın olmuş Həmdullah Mustovfi Qəzvini (1281-1339) "Tarix-e qozide"sində şairimizdən söz açarkən "yaxşı şeirləri olub" deməklə işini bitmiş hesab edir və bircə rübaisini örnək gətirir.
Farsdilli ədəbiyyatın "qızıl dövr"ünün son nəhəngi Əbdürrəhman Cami (1414-1492) qabil şair olmaqdan savayı, həm də alim idi, üstəlik, təzkirəçi idi və onun "Nəfəhat ül-üns" əsəri də xələflərə yadigar qalıb.
Caminin təzkirəsini digər bu qəbil təzkirələrdən fərqləndirən həm də o xüsusiyyətdir ki, orada Dövlətşahdakından da artıq ədəbiyyatşünaslıq səliqəsi müşahidə olunur.
Cami, əksər təzkirələrdən fərqli olaraq, təzkirəsinə hər şairin adını salmayıb - vasvasılıqla seçib, öz sanbalına müvafiq gələnlərin əsərləri və şəxsiyyəti barədə söz açıb. İkincisi də, haqqında yazdığı şairlərin hər birinə bir-iki cümlə ilə elə sərrast qiymət verir ki, həmin söz ustalarının mahiyyəti, böyüklük dərəcəsi istər-istəməz hiss edilir.
Cami "Nəfəhat ül-üns"də Əvhədinin şeirlər toplusuna belə qiymət verir: "Onun bədii və çox şirin bir şeir "Divan"ı olmuşdur".
Caminin bu bircə cümləsinin çəkisi çox ağırdır. Axı o, sadə bir təzkirəçi deyil. Bu, böyük peşəkarın, ustad şairin bir başqa qələm sahibini layiqincə və genişürəkliliklə dəyərləndirməsidir.
Əvhədi haqqında məşhur təzkirələrdən - Lütfəli bəy Azərin (1722-1780) "Təzkire-yi atəşkədə"sində, Şəmsəddin Sami bəyin (1850-1904) "Qamus ül-əlam"ında məlumatlar yer alırsa da, bu xəbərçatdırmalar şair haqda dürüst bilgilərimizin artmasına kömək etmir, əksinə, yanlış tarixi məlumatlarıyla dolaşıqlıqlar yaradır.
Ümumən Orta əsr müəlliflərinin hər biri ilə əlaqədar təzkirə məlumatlarına daim son dərəcə ehtiyatlı yanaşmaq, dönə-dönə tutuşdurmalar aparmaq vacibdir. Çünki təzkirələr ağızdan-ağıza eşidilənlər, daha çox nağılvari söyləmələr əsasında yazıldığından, oradakı məlumatların mənbələri də göstərilmədiyindən dəqiqlik əmsalı həmişə xeyli aşağıdır. Hətta təzkirəçilər arasında elmi səviyyəsi ilə seçilən Rzaqulu xan Hidayətin (1800-1871) belə bir sıra şairlər, o sırada Əvhədi barəsindəki məlumatlarında yanlışlar gözə dəyir. Bunları çox doğru və haqlı yazır ki, "Marağalı Əvhədi öz dövrünün fazili və böyük ariflərindən biridir. Uzun müddət səyahət etmiş və çox zaman İsfahanda qaldığına görə oralı kimi tanınmışdır, halbuki əslində marağalıdır".
Bunlar hamısı çox yaxşı. Rzaqulu xan ən azı bir məsələ - Əvhədinin haralılığı ilə bağlı mübahisələrə düzgün nöqtə qoyur. Ancaq digər təzkirələrdən gələn başqa xətanı o da təkrarlayır. Yazır ki, "Bir çox elmlərdə zəmanəsinin fəxri olan Əvhədi Orqunxan zamanında yaşamış, Şeyx Əbu Hamid Əvhədəddin Kirmaniyə iradət yetirdiyinə görə "Əvhədi" təxəllüsünü götürmüşdür".
Təzkirədən-təzkirəyə keçən bu səhvə Mehmed Fuad Köprülü (1890-1966) "Türk ədəbiyyatında ilk mütəsəvviflər" kitabında (1918) diqqət yönəltmişdi.
Təzkirələrin birindən o birinə adlayan, guya Marağayinin Kirmana gedib Şeyx Əbu Hamid Əvhədəddin Kirmanini özünə mürşid və onun şərəfinə də özünə Əvhədi təxəllüsünü seçməsi xəbəri ona görə qəbuledilməzdir ki, bu görüşün mümkünlüyünü rəqəmlər rədd edir. Marağalı Əvhədinin təvəllüd tarixi 1274, vəfatı 1338-ci ildir. Əbu Hamid Əvhədəddin Kirmaninin vəfat tarixi isə 1236-cı ildir. Hətta bəzi qaynaqlar onun bundan da qabaq - 1159, ya 1166-cı ildə dünyadan köçdüyünü bildirir. Yəni o, bizim Əvhədinin doğumundan əvvəl həyatdan gedib və əlbəttə ki, onların görüşləri haqdakı rəvayət sadəcə "qələt-i məşhur"dur.
Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"sında Əvhədi Marağayi ilə qeydlərindəki bir məqam xüsusən diqqət çəkir. Vurğulayır ki, Əvhədi Marağayi "həqiqətləri yazan bir şair idi".
Orta çağda istedadlı şairlərin əksəriyyəti hansısa sarayla bağlı olurdular. Səbəbsiz deyildi. Yaradıcılığın tanınması, yayılması maddi imkanlara da bağlı idi. Saray vasitəçi olurdu ki, şairlərin "Divan"ları köçürülsün, nüsxələri artırılsın, ayrı-ayrı ölkələrə yayılsın. Hər "Divan"ın hazırlanması isə xeyli vəsait tələb edirdi və hər şairin bunun öhdəsindən gəlməyə imkanı çatmırdı.
Əvhədi Marağayi "Divan"ından gələn sədalar da, ayrı-ayrı təzkirələrin verdiyi soraqlar da anladır ki, o, saraylara biganə, könlünü tox tutan inşanmış. Arzuladığı, layiq olduğu qədər firavan həyat yaşamayıb, sıxıntılar görüb, çətinliklər çəkib. Ancaq həmişə məhz daxili azadlığı, könlü istəyəni deyə bilməsiylə fəxr edib.
Klassik farsdilli ədəbiyyatın ustacasına araşdırılmasında sayğıya layiq xidməti olan alimlər cərgəsində ingilis şərqşünası Edvard Braunun (1862-1926) yeri ucadadır.
Onun XX yüzilliyin əvvəllərində nəşr edilmiş dördcildlik "Literary History of Persia" ("Persiyanın ədəbi tarixi") adlı sanballı əsəri farsdilli ədəbiyyata həsr edilmiş ən mükəmməl qaynaqlardandır. Edvard Braun İranı, o cümlədən, Güney Azərbaycanın şəhərlərini ölməz şairlərin izi ilə qarış-qarış gəzmiş, gücü yetdikcə onların irsini toplamağa çalışmışdı. Əvhədi Marağayinin də 4.500 beytlik bir "Divan"ının əlində olduğunu özü bəyan edir. Braunun bir xidməti də Əvhədi Marağayinin doğum-ölüm tarixləri ilə bağlı bir qaranlıq nöqtəni aydınlığa çıxarmasıdır. Bütün təzkirəçilərdən fərqli olaraq, Əvhədinin nə vaxt doğulub vəfat etməsi haqda məhz Edvard Braun qətiyyətlə yaza bilib. Səbəb bu idi ki, o gedib Əvhədi Marağayinin məzarını tapmışdı, qəbir daşının üstündəki yazıları oxumuşdu. Bu daş sənəd, əlbəttə ki, daşdan keçən sübut idi. Marağa qəbiristanlığındakı o daş həm də bəzi təzkirələrin guya Əvhədinin İsfahanda basdırılması gümanını da kənara atmağa imkan açdı.
Tarix boyu müxtəlif siyasətlər və o siyasətin ifadəçisi olanlar Azərbaycanın yalnız yeraltı-yerüstü sərvətlərinə göz dikməyiblər, böyük şəxsiyyətlərimizi də qamarlamağa, mənimsəməyə, özlərinə çıxarmağa can atıblar. Keçmişlərdə olub, bu gün də var və gələcəkdə də olacağı istisna deyil. Ona görə biz sayıqlığımızı əldən verməməliyik. Əvhədi Marağayini də Azərbaycandan ayırmağa, azərbaycanlılıqdan çıxarmaqçün çox əlləşiblər. Bunlar niyə baş verir? Çünki belə şəxsiyyətlərlə Azərbaycan, millət daha böyük görünür.
Əvhədi daim səfərlərdə, səyahətdə, yollarda idi. Bir müddət Təbrizdə ömür sürdü, xeyli vaxt İsfahanda yaşadı, bir ara Kirmanda da sakin oldu. Lakin Əvhədini Marağadan qoparmaq, Azərbaycandan ayırmaq istəyənlər onu "Əvhədi Təbrizi" kimi yox, "Əvhədi Kirmani", "Əvhədi İsfahani" kimi yazıblarsa, elə bunun özü düşündürücüdür.
Orta əsrlərin bir çox şairləri olub ki, yaradıcı ömrü boyu təxəllüsü bir neçə dəfə dəyişib. Gəncliyində bir təxəllüs götürüb, ahıl çağlarında bir ayrısını, yaşlı vaxtlarında tamam fərqlisini. Ancaq müvəqqəti istifadə edilən təxəllüslər tədricən arxa sıraya keçib, unudulub, şair ədəbiyyatın tarixində, sözün keçmişində son təxəllüsü ilə şöhrətlənib.
Əvhədi Marağayinin adı Əvhədi idi, elə bu söz həm də təxəllüsünə çevrildi. Ancaq gəncliyində bir başqa təxəllüsü də olmuşdu. Bunu "Suhuf-i İbrahim" təzkirəsi xəbər verir ki, Əvhədəddin Marağayi cavanlıqda "Safi" təxəllüsü ilə yazırdı.
Zaman keçib, Marağayi həmin təxəllüsdən imtina edib. Gəncliyində istifadə etdiyi "Safi" təxəllüsü keçmişdə qalıb, ancaq elə gəncliyindən başlayaraq Əvhədi Marağayinin misralarına xas saflıq ömrünün sonunacan onun sözünü tərk etməyib.
1900-cü illərin başlanğıcı idi, ingilis Edvard Braun dayanmışdı Marağada, Əvhədinin qəbir daşının qarşısında, təsirlənmişdi və sırf elmi əsər yazsa da, ora belə duyğulu sətirlər artırmışdı: "Bu məzar daşı altı yüz ildir ki, toxunulmadan bir abidə kimi qalır".
Braunun həmin sətirləri qələmə aldığı çağlardan bir əsrdən də artıq vaxt keçir və Əvhədinin saf şeirləri artıq yeddi əsrdir ki, abidə kimi qalır. Amma qəbir daşından fərqli olaraq, bu irs, bu söz abidəsi toxunulmaz deyil, daim insanlarla həmnəfəs olaraq yaşayır.
Əvhədinin məzar daşına sığal çəkib onu anmaq ehtiramın bir ifadəsidirsə də, bu anda onun "Divan"ındakı bir parçanı ilk dəfə şeirlə dilimizə çevirməyi də ziyarətin və sayğının bir başqa nişanəsi hesab edirəm:
Safi ço tora did rəvan minaləd,
Bər sine ze ğəm səngzənan minaləd.
Qofti to ke nalidən-e Safi əz çist
Canəş be ləb amədəst əz an minaləd.
Safi səni görüb olmuş belə zar,
Sinəsinə vurub qəm daşın ağlar.
Sorursan ki, Safi nədən sızlayır?
Son nəfəsi çatan belə ağlayar.
Bu şeirdə son nəfəsinin çatdığını deyən Safi, sonraların Əvhədi Marağayisi həmin misraları yazarkən, əlbəttə, axır nəfəsinin yetişməsindən çox-çox uzaq idi. Onda cavan bir oğlan idi - eşqə düşmüşdü. Onu eşqin belə ağladan dərdi idi. Ancaq sevdası baş tutmur. Həmin marağalı gözəl, təzkirələrin, ayrı-ayrı rəvayətlərin və Əvhədi Marağayinin "Divan"ının çatdırdığı xəbərlərə görə, ailəsi ilə birlikdə köçüb Təbrizə gedir. Bir müddət sonra bu hicrana dözə bilməyən Əvhədi də Təbrizə yollanır.
Ancaq Təbriz dövrünün həm "Divan"ında, həm də "Cam-i Cəm"ində qalan təəssüratları yalnız sevda ağrısı, eşq yanğısı deyil. Təbrizdə elmin, mədəniyyətin, maarifin tərəqqisi ilə bağlı müşahidə etdikləri də onu vəcdə gətirir.
Kuy-insorxaba gedir, Rəşidiyyə mədrəsəsini ziyarət edir, gördüklərini də şeirləşdirir. Rəşidiyyədə seyr etdikləri onu necə heyran qoyursa, həmin mədrəsəyə 38 beytlik ayrıca bir məsnəvi həsr edir.
Və məsnəvisində onun vətənpərvərliyi, millətsevərliyi, doğma xalqının heysiyyətini yüksək tutması qabarıqlığı ilə sezilməkdədir.
Rəşidiyyə, bugünkü deyilişlə söylənəcək olursa, bir universitet şəhərciyi idi. Həmin şəhərcikdə şair bir saray görür, həmin tikilini Təq-i Kəsraya - Ənuşirəvanın adıbəlli imarətinə bənzədir. Lakin təəssübkeşliklə ondan qat-qat üstün tutur. Deyir ki, Təq-i Kəsra bunun yalnız bir parçası ola bilər.
Elə həmin o Sorxab məhəlləsində, həmin Rəşidiyyə şəhərciyində ucaldılmış bir məscidin də yanına yetişir. Məscid əzəməti ilə, memarlığıyla çox cazibədarmış. Əvhədi Marağayi burada da müqayisə aparır. Həmin məscidi o çağlar müsəlman aləmində ən böyük məscid sayılan Bəsrə məscidiylə müqayisə edir və yenə təəssübkeşliklə bunu ondan daha üstün tutur.
Və belə vətənçi mövqe, təəssübkeş yanaşma Əvhədi Marağayinin bütün yaradıcı ömrü boyu davam edib.
Əvhədi Marağayinin Rzaqulu xan Hidayətin təsdiqlədiyi doğruçuluğunu, aşıqlar sayaq gördüyünü çağırmasını onun mütəmadi səfərlərinin saxlancı olan başqa qoşqularında da tapırıq.
1309-cu il idi, İsfahana gəlmişdi, rastlaşdığı uyğunsuzluqlar qəlbini incitmişdi və narahatlığını ləngimədən isti-isti şeirləşdirmişdi.
Delxəste həmi başəm, zin molk-e behəmrəfte
Xəlqi həme sərgərdan, del morde vo dəmrəfte.
Yek bənde nemiyabəm həncar vəfadide
Yek xace nemibinəm bər səvb-e kərəmrəfte.
Bezdim bu viran olmuş, sahmanı itən yurddan,
Taqət kəsilib xalqda, qalmış hamı sərgərdan.
Yox bircə nəfər, olsun düzgün və sədaqətli,
Bir xacə kərəm əhli sən burda tapammazsan.
Etirazçılıq, müşahidə elədiyi cəmiyyət nahamvarlıqlarına laqeyd qalmamaq Əvhədi Marağayinin bütün yaradıcılığının səciyyəvi keyfiyyətidir.
Əvhədi Marağayi saraylardan, məqam sahiblərindən aralı duran insan idi, ancaq sifarişlə yazdığı əsər də var.
Zahirən təəccüb də doğura bilər. Ancaq bu sifarişli əsəri də bir elm adamının arzusuyla qələmə almışdı. Xacə Ziyaəddin ibn Yusif Xacə Əlis məşhur Nəsirəddin Tusinin nəvəsi idi.
Söz yox, o da atasının, babasının getdiyi yolun yolçusu idi, elmə, ədəbiyyata, sənətə bağlı idi və Əvhədi Marağayinin qələminin gücünə də bələd idi. Di gəl, şairin ağır xasiyyəti haqqında da eşitmişdi.
Xacə Əlis həm də imkanlı adam idi və qəsdi bu idi ki, Əvhədiyə həmin əsəri yazdırmaqla ona müəyyən maddi kömək göstərə bilməkçün də bəhanəsi yaransın.
Ancaq yenə birbaşa müraciət etməyə ürək etməmişdi, "Məntiq ül-uşşaq" adlı məsnəvinin yazılması arzusunu Əvhədiyə dolayı yollarla, müxtəlif vasitələrlə çatdırmışdı.
Bunu da bir başqası yox, elə Əvhədi Marağayi həmin məsnəvidəcə özü təsdiq edir.
Məsnəvisinin əvvəlində bu əsərin necə meydana gəlməsinin səbəbini də izah edir və kitabının adını "Dəhnamə" qoyur - "On məktub". Lakin təəccüblüdür ki, Əvhədinin bu gözəl məsnəvisi yetərincə məşhurlaşmayıb, sanki kölgədə qalan kimi olub. Bunun da səbəbi var. Səbəb araya bir ərəb, din barmağının girməsidir. İş ondadır ki, son Abbasi xəlifəsi Mötəsimbillah və onun uşaqları Hülaku tərəfindən qətlə yetirilmişdi. Belə söylənirmiş ki, həmin qətlin fitvasını verən Nəsirəddin Tusi olub. Buna görə də Xacə Nəsirəddin Tusiyə də, onun şəcərəsinə də, üstündən xeyli keçəndən sonra belə, həmin tayfa kinlə baxırdı. "Məntiqül-uşşaq" - Dəhnamə" məsnəvisinin müqəddiməsində isə Xacə Nəsirəddin Tusi də, nəvəsi də açıqca tərənnüm edilirdi. Məhz bu adların məsnəvinin lap əvvəlində çəkilməsi, onların vəsf edilməsi əsərin sonralar geniş yayılmasının qarşısında bir maneəyə çevrilmişdi. Əvhədi Marağayiyə qədər "Dəhnamə" yazan olmamışdı. On məktubdan ibarət məsnəvilər silsiləsinin təməlini qoyan elə Əvhədi olur. Ondan az sonra İbn İmad Fəqih Kirmani Əvhədi Marağayinin "Dəhnamə"sinə cavab yazır, elə adını da "Dəhnamə" qoyur. İbn İmad 1373-cü ildə vəfat edib. Zamanca elə təxminən Əvhədi ilə yaxın bir dövr. Ancaq Əvhədi Marağayinin "Dəhnamə" qələmə almasının üstündən iki əsr keçəndən sonra şah şairimiz Xətai də "Dəhnamə" yazır - artıq ana dilində ilk o, qələmə alır. Artıq Azərbaycan dilində.
Beləcə, Əvhədi Marağayi yaradıcılığının daşıdığı bütün gözəlliklər və gücdən əlavə, həm də qələmi ilə ülgülər yaradan bir qələm sahibi idi.
Əvhədi Marağayinin ömrünün müxtəlif illərində yaratdığı ədəbi inciləri bu gün mütaliə edərkən onların hamısında elm ağırlığı, elm dərinliyi hiss edilməkdədir. Bu özəllik "Cam-i Cəm"də daha bariz bir şəkildədir. Əvhədi Marağayinin şah əsəri "Cam-i Cəm" 9.142 misradan ibarətdir və burada onun şairliyinin də, alimliyinin də bütün əlvanlığı duyulmaqdadır. "Cam-i Cəm"i orta əsrlərdən bəri çox zaman Sədi Şirazinin "Gülüstan"ı ilə müqayisə ediblər. Sədi Şirazinin "Gülüstan"ısa bütün müsəlman Şərqində orta əsrlər boyu ta XIX yüzilliyin sonları, XX əsrin əvvəllərinə qədər sadəcə bir ədəbi nümunə olmayıb, həm də iki anlamda dərslik kimi istifadə edilib - mədrəsə və həyat dərsliyi kimi! O kitab vasitəsilə həm ərəb əlifbasını, farscanı öyrədiblər, həm də səhifələrindəki hikmətlərlə oxuyana yaşayış, davranış elmi aşılanıb. Ona görə "Gülüstan" haqqında deyiblər ki, onu 7 yaşında oxuyarlar, yetmiş yaşında başa düşərlər. Rəvayətlər bizə Sədi Şirazinin özünün məşhur bir düsturunu pıçıldayır. Guya onun sözüdür ki, insan gərək 30 il oxusun, öyrənsin, biliklərə yiyələnsin, sonra 30 il ərzində səyahətlərə çıxaraq gəzsin-dolaşsın, aləmi görüb həyat təcrübələri yığsın, kitablardan aldığı bilikləri həyatdan yığdığı təcrübələrlə bütövləşdirsin, yalnız bundan sonra, yəni ikinci 30 il başa çatanda yazmağa başlasın.
Bu söyləmə nə dərəcə doğrudur, - bir ayrı məsələdir, lakin Sədinin öz ömrü elə təxminən həmin gedişatı nişan verir - 30 il oxuyub, öyrənib, biliklərlə dolub, sonra elə 30 ilədək müddətdə səyahətlərdə olub və yalnız bundan sonra qələm götürərək "Gülüstan" və "Bustan" kimi söz möcüzələrini yaradıb.
Və bilərəkdənmi, ya həyatın özünün təkilif etdiyi gedişlə Əvhədi Marağayi də "Cam-i Cəm"i məhz 60 yaşı tamam olandan sonra, püxtə yaşında qələmə alıb. Həmin səbəbdən də bu məsnəvidə onun həm kitablardan aldığı biliklər var, həm də həyatdan götürdükləri. Əsərinin başlanğıcında məramını belə elan edirdi:
Adını Cəmşidin camı qoydum mən,
Varlığın əksini orda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
...İnsanlar televiziya, təsvirin, səsin dalğalar kimi ötürülməsi haqqında təsəvvürlərinin olmadığı əski əyyamlarda əfsanə yaratmışdılar - Cəmşidin camı haqqındakı söyləməni. Guya həmin camın aynasına baxınca orada dünyada baş verən nə varsa, hamısını görə bilərsənmiş.
Kim bilir, bəlkə də Cəmşid camı haqqındakı rəvayət gələcəyigörmə yox, keçmişlərdə olmuş bilginin artıq nağıllaşmış əks-sədası idi?
Cəmşidin əfsanəvi camı kimi bütün dünyanı, insanın içərisinin üzdən görünməyən çox qatlarını göstərən "Cam-i Cəm" məsnəvisində Əvhədi Marağayi çox mətləblərdən bəhs edir və orada ibrətli bir fəsil də var - əslində bu, məsnəvi içində məsnəvidir: "İnsanın doğumundan ta sona qədərki macəraları".
Zahirən balaca olan bu söz meydanında Əvhədi uzun bir yolu qət edir - insanın dünyaya gəldiyi andan gözlərini yumduğu saniyəyəcən olan məsafəni.
Və həmin bölmə insanın aqibətinə, elə birbaşa Əvhədi Marağayinin özünə aid olan iki misra ilə bitir:
Bu yolda məhv olar bütöv bir cahan,
Ta sahilə çıxar biri onlardan.
Bu, bəşər övladıdır, onun taleyidir. İnsanlar gəlir, gedir - labüd yazıdır. Ancaq illəri və əsrləri adlayıb keçən minlərin, onminlərin, yüzminlərin, milyonların arasından təklər də çıxır ki, getmir, fani dünyanın məntiqinə əks olaraq qalır. Ona görə getmir ki, bu dünyada özündən sonra qalacaq iz qoyur. Məhz bu irsin, bu izin sayəsində dünyaya və insan ömrünə xas olan müvəqqətilik bu qəbil şəxsiyyətlərə üstün gələ bilmir.
On üçüncü yüzilin Azərbaycan şairi və mütəfəkkiri Əvhədi Marağayi getməyə məhkum minlərin, yüzminlərin, milyonların arasından salamat qurtararaq sahilə çıxmağı bacaran və əbədi yaşayan təklərdən oldu.
2 dekabr 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















