Icma.az
close
up
RU
Tarixi köklərimizin canlı ifadəsi olan lüğət

Tarixi köklərimizin canlı ifadəsi olan lüğət

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

Son dövrdə Türk birliyi strategiyasının genişləndirilməsi istiqamətində mədəni-siyasi baxımdan xeyli məqsədyönlü işlər həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY kimi təşkilatlar bu sahədə önəmli rol oynayır. Bu qurumların təşkilatçılığı ilə ortaq dil, ortaq əlifba, ortaq ədəbiyyat, ortaq tarix və ortaq mədəniyyətin öyrənilməsi istiqamətində fəaliyyətlər, tədqiqatlar genişləndirilməyə başlanıb.

Bu baxımdan qardaş Türkiyədəki araşdırmalarda Şimal-Şərqi Anadolu, eləcə də Qafqaz mövzusu aktuallıq qazanıb. Bildiyimiz kimi, Qafqaz türk dünyasının mərkəzlərindən biri kimi öz geosiyasi əhəmiyyəti ilə həmişə böyük önəm kəsb edib. Qafqazın mərkəzi bölgələrindən birini də tarixən Qars vilayəti təşkil edib. Bu bölgə qərb türkləri ilə şərq türkləri arasında körpü rolunu oynayıb. Ona görə də Qarsın etnogenetik xüsusiyyətləri, adət-ənənələri, folkloru, şivə xüsusiyyətləri həmişə elm adamlarının diqqətini cəlb edib. Qars bölgəsində Cənubi Qafqaz, xüsusilə Azərbaycan ədəbi-mədəni mühiti hər zaman özünü aydın hiss etdirib, aparıcı mövqedə olub.

Məlumdur ki, türk dialekt və şivələri qədim türk dili, folkloru, mifologiyası, tarixi, etnogenez və etnoqrafiyasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Dilçiliyin bu mühüm qolunun, sahəsinin araşdırılmasına Azərbaycanda keçən əsrin 20-30-cu illərindən, Türkiyədə isə 40-cı illərindən başlanılmışdır. Türkiyədə dialektoloji tədqiqatların bir elm şəklini almasında İstanbul universitetinin professoru, həmyerlimiz professor Əhməd Cəfəroğlunun mühüm rolu və yeri olub. Onun hələ nəşr olunmamış araşdırmalarını da nəzərə alsaq, 15 cilddən artıq dialektologiyaya aid əsərləri elmi ictimaiyyətin istifadəsinə verilib. Bu araşdırmaların içərisində Qars vilayətinə aid dialektoloji materialların da öz yeri vardır. Onu da qeyd edək ki, Türkiyə Cümhuriyyətinin bir çox vilayətlərinin dialekt və şivələri geniş şəkildə tədqiq edilsə də, təəssüf ki, bu fikri Qars və ətrafının şivələri haqqında söyləmək mümkün deyil. Ə.Cəfəroğlunun və Ə.B.Ercilasunun bəzi tədqiqatları xaricində indiyədək Qars şivələri haqqında kifayət qədər araşdırma aparılmayıb. Bu baxımdan bu yaxınlarda Bursa şəhərində "Təkə akademi" nəşriyyatında nəşr edilən "Kars ve yöresi ağızları sözlüyü" adlı kitab diqqəti cəlb edir. 660 səhifəlik bu kitabın müəllifləri əslən qarslı olan Bursa Uludağ universitetinin professoru Çingiz Alyılmaz və Trabzon Qaradəniz Texnika universitetinin professoru Bahadır Günəşdir. Giriş, sözlük və biblioqrafiyadan ibarət olan bu kitab Qars vilayətinin tarixi, mədəniyyəti və şivələri haqqında yazılmış ən dəyərli tədqiqat əsərlərindən biri kimi diqqəti cəlb edir. Kitabdakı təxminən 90 səhifəlik giriş bölümünün özünü də Qarsın coğrafi mövqeyi və tarixi və Qars və yörəsi şivə qruplarının əsas xüsusiyyətləri kimi yarımbaşlıqlarla iki hissəyə ayırmaq olar.

Müəlliflərin göstərdiyi kimi, dəniz səviyyəsindən 1768 metr hündürlükdə qərar tutan və Türkiyənin şimal-şərqində yerləşən bu tarixi məkan Ərzurum, Ardahan, İğdır vilayətləri və Ermənistan Respublikası ilə həmsərhəddir. Vaxtilə indiki Ardahan və İğdır vilayətlərinin də daxil olduğu Qars vilayəti indi 7 rayon (Akyaka, Arpaçay, Diqor, Susuz, Səlim, Sarıkamış və Kağızman) və 382 kənddən ibarətdir. Tarixi türk yurdu olan Qarsın qədim tarixi var. Miladdan öncə bu bölgə sakların, hunların məskəni olmuş, daha sonra Bizans hakimiyyəti mövcud olmuş, 1080-ci ildən Səlcuq dövlətinin tabeliyinə keçmiş, 1537-ci ildən Osmanlı dövlətinin tərkibində olmuş, 1877-1878-ci il Rus-Osmanlı müharibəsi sonucunda təzminat olaraq çar Rusiyasına verilmiş, bu işğal 40 il davam etmişdi. İşğalçıların, onlara arxalanan erməni vandallarının yerli əhaliyə etdiyi zülmlər o dövrün söz ustaları tərəfindən təsirli bir dillə ədəbiyyatda öz əksini taparaq bu günə qədər gəlib çıxıb. Bütün bunlar haqqında "Kars və yöresi ağızlarının sözlüyü" əsərində ətraflı şəkildə məlumat verilir. Burada o dövrün Qars şəhərinə aid arxiv sənədlərinin, fotoşəkillərin verilməsi də diqqəti cəlb edir. Məlumdur ki, I Dünya müharibəsi zamanı rus qoşunları Osmanlı dövlətinin böyük ərazisini işğal etmişdi. Ənvər paşa Qarsı işğaldan azad etmək üçün hazırlıq görmüş, ancaq bu bölgədə Sarıqamış faciəsi baş vermiş, türk əsgərləri əsir alınaraq Bakı yaxınlığındakı Nargin (Böyük Zirə) adasındakı həbsxanalarda saxlanılmış, Azərbaycan türkləri onlara əllərindən gələn köməyi əsirgəməmişdilər. Müharibə dövründə Bakıdakı xeyriyyə cəmiyyətləri "Qardaş köməyi" adlı təşkilat yaratmış, aclıq və səfalətlə üz-üzə qalmış Anadolu insanına, xüsusilə Qars bölgəsindəki türklərə yardımlar etmişdilər. Bu yardımların toplanması və müharibə qurbanlarına, zərərdidələrə çatdırılmasında böyük Azərbaycan şairi Əhməd Cavad da fəal iştirak etmişdi. Bu barədə də kitabda geniş şəkildə bəhs edilib.

Qars bölgəsinin məskunlaşma tarixi, etnogenetik proseslər, onun bir müddət rus işğalında qalması, daha sonra Qafqazdan Azərbaycan türklərinin köç edib bölgəyə yerləşməsi bu şivələrin lüğət tərkibində geniş şəkildə əks olunub. Ona görə də bu şivələrin leksik-qrammatik xüsusiyyətlərinin lüğət səviyyəsində araşdırılması türk dillərinin tarixinin, dil əlaqələrinin tarixinin öyrənilməsi baxımından böyük önəm kəsb edir. Kitabda "Kars və yöresi ağız qruplarının əsas xüsusiyyətləri" bölməsində bölgə şivələrinin Anadolu şivələri içərisində yerini müəyyən etməyə təşəbbüs göstərilib, eyni zamanda Qars və çevrəsində 5 şivə qrupu müəyyən edilib. Müəlliflər doğru olaraq Qars və yörəsinin (bu təsnifata Ardahan və İğdır şivələri də daxil edilmişdir) şivələrini aşağıdakı qruplara ayırıblar: 1. Qars yerli şivəsi. 2. Ardahan-Posof yerli şivəsi. 3. Hanak türkmən şivəsi. 4. Azəri şivəsi. 5. Tərəkəmə şivəsi.

Kitabda diqqəti cəlb edən məziyyətlərdən biri ondan ibarətdir ki, burada akademik tədqiqatlar üçün xarakterik olan elmilik, sistemlilik prinsipləri yüksək səviyyədə gözlənilib. Bu kitabda, ilk dəfədir ki, Qars və ətrafının şivələrinin öyrənilməsi tarixinə geniş şəkildə diqqət yetirilib. Bu problemə aid kitab və monoqrafiyalar, dissertasiyalar, elmi məqalələr qruplaşdırılaraq onlar haqqında müfəssəl məlumat verilib. Kitabda eyni zamanda Qars şivələrindəki ədəbi dildən fərqli fonetik vahidləri düzgün şəkildə ifadə etmək üçün istifadə edilmiş diakritik işarələrin siyahısı verilib.

Haqqında bəhs etdiyimiz lüğət kitabında leksik vahidlər maddəbaşı sözlərin əlifba sırasına görə verilib. Kitabda verilmiş leksik vahidlərin dil mənsubiyyəti də müəyyən edilərək göstərilib. Bəzən hətta bu leksik vahidin orijinal dildə əsl yazılışı, onların morfoloji tərkibi izah edilib. Omonim sözlər I , II və III rəqəmləri ilə ifadə edilib. Məsələn, çədənə I-çətənə, II. zəif, çəlimsiz, sısqa. Kitabda qənaət prinsipinə əməl edilərək xüsusən isimlər maddə başı kimi verilib, ardınca onun derivatları da qeyd edilib. Məsələn, dil maddə başı sözü. Müəlliflər bu söz əsasında düzələn frazeoloji birləşmələri də şivələrindən toplamış, dil maddə başının altında izahları ilə birlikdə vermişlər. Bu leksik vahidlə əlaqəli olan dil demək, dil deyip ağlamaq, dil otu yemək, dil töhmək, dilə dişə tüşmək, dilə gəlmək, dilə gəti(r)mək, dili dolaşmaq, dili tutulmaq, dilində tüy bitmək, dilini kəsmək, dilini bağlamaq, dilinnən qurtulmaq, dilinə vurmaq və s. ifadələrini misal göstərmək olar. Qulaq leksik vahidinə aid material da eyni qaydada da lüğətdə öz əksini tapıb. Məsələn, qulaq asmaq, qulağı cınqıldamaq, qulağına çatmaq, qulağı səsdə olmaq və s.

Lüğətdə Qars və ətrafı şivələrində Azərbaycan türkcəsi ilə səsləşən xeyli sayda leksik vahidlərə təsadüf edilir. Azərbaycan dilində işlənən bu leksik vahidlərin bir qismi alınma sözlərdən ibarətdir. Məs. Farsonka (sobanı yandırmaq üçün istifadə edilən truba); qorneş (az. qarniz) - pərdəni hərəkət etdirən metal və ya plastik əşya; bafat etmək - vəfat etmək; xozeyin - sahibkar, ağa, patron. Maraqlıdır ki, Qars və ətrafındakı şivələrdə gözə çarpan leksik vahidlərin böyük əksəriyyəti bu gün də Azərbaycan dilinin dialekt və şivələrində işlənməkdədir. Məsələn, düymə - döymə (nərddə oyun adı); əpbəy - çörək; umacax - ummaq; urvat - dəyər, önəm, etibar; dingiləxoş - uşaq oyununun adı; hənir, hənirti - səs; hədiy - uşaq ilk diş çıxaranda verilən buğda yeməyi; xəfə - rütubətli yer; həgər - əgər; xəkənqaz - xəkəndaz; xıl - topa, dəstə; xeyləy - çox, xeyli; odax - hodəy (cüt sürmədə köməkçi oğlan uşağı); oroşdux - ramazan ayı; öpkə - ağciyər; öedeh - əvədəyə düşmək - arxası üstə düşmək; salığ - məlumat, xəbər; dızdız - tez-tez və çox ağlayan uşaq; dəvəgözü - obsidan, təbii şüşə; dəsdər - əl dəyirmanı; havar çəkmək - bağırıb kömək istəmək; anırı - kənar, yan tərəf; araşqın - qədim baş geyimi; düdəy - tütək; düyünçə - kiçik boğça; kirtiy - bir tikə, bir parça; qıdıx - qidih (keçinin balası). Azərbaycan türkcəsindən keçmiş sabit söz birləşmələri, ifadələr də bu şivələrdə gözə çarpmaqdadır. Məs. Ölüm-itim dünyesi; öyrəncəli olmaq - adətkərdə olmaq; xeyrə qarşı, sarı yağ - əridilmiş kərə yağı. Qars şivələrində Azərbaycan türkçəsindən keçmiş arqo və jarqon tipli sözlərə də təsadüf edilir: dıydıx - ağılsız, şıltaq, ərköyün; heyvərə - pis, kobud, danışqan.

Bu qiymətli tədqiqat əsərində şivələrdə işlənən, istifadə olunan oyun və rəqs adları, oyun havalarının, saz havalarının adları və onların izahı da verilib. Məsələn: sarı çiçək; sarı yaylığ; sarı camış; sarı gəlin; sarı qız; sarı köynək; sala toyu - çalğısız toy; hekari - xalq oyununun adı; dəvə badağı - uşaq oyununun adı; hel hel - saz və oyun havalarından birinin adı; Ardahan barı - bir xalq rəqsinin adı; Ardahan gözəlləməsi - oyun havasının adı; Araz araz - xalq rəqsinin adı; Araz qırağı - bir oyun havasının adı; Arap oyunu - toyda böyüklərin oynadığı rəqsin adı.

Beləliklə, Bursa Uludağ universitetinin professoru Cengiz Alyılmaz və Trabzon Qaradəniz Texnik universitetinin professoru Bahadır Günəşin birgə ərsəyə gətirdikləri "Kars ve yöresi ağızlarının sözlüyü" kitabı türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyətinin tarixi köklərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir və türkologiyaya layiqli bir töhfədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2026 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri