Icma.az
close
up
RU
Şapalaq İsa Muğannanın hekayəsi

Şapalaq İsa Muğannanın hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçının “Şapalaq” adlı hekayəsini təqdim edir.

Zarafatyana ürəkdən “SimƏrEy” çağırdığım bacım Samirənin saçı elə sarı idi ki, lap ağa çalırdı. Gözləri elə tünd göy idi ki, lap qaraya çalırdı.

Hərdən həyatımda mürəkkəbliklər qatılaşanda, azadlığa, təmiz havaya, təmiz suya, qulaq dincliyinə ehtiyacım olanda Bakıdan bir növ qaçıb, bacımın “mənim şəhərim” adlandırdığı qəsəbəyə gedirdim, uşaqlıq yoldaşım, sonra da yeznəm olub öz mülayimliyi, səxavəti ilə könlümdə yuva salmış nakam cavanın qəbrini ziyarət eləyib, gözlərimi silib qəsəbənin gündoğanında daimi yaşıl təpə belində dörd otaqlı, ağ daş evin yaşıl dəmir darvazasının düyməsini basırdım. Samirə “Jiquli”mi haysız-küysüz, sakit, dərin sevinclə qarşılayıb, öz sakitliyinin əksinə qışqırtılı şadlıqla atılıb-düşən, “Dayı! Dayı!” – deyə-deyə boynuma sarılan dörd qızının dördünə də “səfərbərlik elan edirdi” ki, ən çoxu yarım saat müddətində “manqalı hazır eləyib” dayının “beluqalarını”, yəni mənim telefon zənginin “gəlirəm” kəlməsini eşidəndən sonra dəstəyi yerə qoymadan “Balıqçı” Nüsrətə zəng vurub, “Qağam gəlir!” – deyib gətirdiyi balıqlarını şişlərə taxmaq, samovarı qaynatmaq əmri verirdi. Qəsəbənin tən ortasından, irili-xırdalı daşlar arasında köpüklənə-köpüklənə axan dağ çayının balığına, əslində, “beluqa” deyilirdi; qızıl balığa – ”farel”ə oxşayan, uzunarıq, dümağ, gözəl, dadlı balıq idi. Ömründə o çaydan başqa çay, o balıqdan başqa balıq görməyən Balıqçı Nüsrət nə vaxtsa, “beluqa” demiş, o vaxtdan Samirə ilə qızlar da “beluqa” demişlər və Nüsrətin adı da “beluqa” qalmışdı. O balıqçı “Beluqa Nüsrət” özü də nazik, uzunayaq, ağbəniz kişi idi.

Elə ki manqalın tüstüsü kəsilirdi və tüstü qoxusu əvəzinə balıq kababının ətri çıxırdı, Nüsrət dərhal darvazada peyda olurdu, dinməz-söyləməz, yəni salamsız-kalamsız gəlib həyətdə, tənək çardağının altındakı stolun o tərəfindən bu tərəfinə əl uzadıb əlimi sıxırdı, tut arağının şüşəsini pencəyinin altından çıxarıb taqqıltı ilə süfrəyə qoyurdu, “qırx beş yaşının iyirmi ilini üstündə gəzdirdiyi” qədəhlərini cibindən, tər-təmiz kağız arasından çıxarıb “silələmə” doldururdu, əvvəlcə “bu möcüzəni”, yəni tut arağını çəkən qeyri-müəyyən “o kişinin sağlığına” içirdik, sonra “Dayının”, yəni mənim sağlığıma, sonra da Beluqanın sağlığına içirdik. “Hansı Beluqanın? Nə fərqi var, ay Dayı! Mən özüm də elə çayda balıq deyiləmmi?” – deyirdi. “Ermənilər çayın başında pis zavod tikirlər. Çayın suyu indidən pis iy verir. Beş-üç ildən sora o beluqa qurtaranda mən Beluqanın ömrü də qurtaracaq. İçək, ömrümüz uzansın” – deyirdi. Və beləcə, salam verməyə də bir növ ərinən “Beluqa Nüsrət” dil açıb sonra Samirənin, sonra qızların sağlığına içirdi. Axırda, şüşənin “dibi” qalanda isə, “Bunu da addadaq, erməninin ömrü də belə qurtarsın!” – deyirdi. Və bu sonuncu qədəhdən sonra boş şüşəni pencəyin altında kəmərin altına, qədəhləri cibinə qoyub, yenə dinməz-söyləməz çıxıb gedirdi.

Niyə xoşum gəlmirdi bu adamdan? Məzəli-duzlu, heç kəsə oxşamayan, “orqinalni” kişiyəm, Dayı. Yoxsa öz sağlığımı sən təki kişinin sağlığına qatmaram” – deyirdi. “Allah məni saxlasın, kirva!” – deyib, əslən erməniliyini yada salıb ləhcə ilə danışıb, qızlarla, Samirə ilə bərabər məni də güldürüb əməlli-başlı şənləndirdiyinə baxmayaraq, gizlində xoşum gəlmirdi. Özü erməni, adı Nüsrət, sonuncu qədəhin dibində son damlalara baxa-baxa: “Ermaninin da ömrü elə belə qalsın, ay kirva!” – deyən adamı kim xoşlaya bilər?!

Açıq deyim, ikiüzlü idi. Tamam açıq ikiüzlü! Əmbə dözürdüm. Hərdən hətta yazığım gəlirdi ki, ermənilərin yenə Qarabağa göz dikdikləri məlum olandan sonra bu bədbəxt belə alçala-alçala ikiüzlülük eləyirdi. Haradan biləydim ki, araq yoldaşım dəhşətli düşmənmiş!

Hər şey birdən-birə açıldı. 1988-ci ilin payızında ermənilərlə münasibətimiz mürəkkəbləşəndə, istər-istəməz, yenə zəng vurdum, SimƏrEy – Samirəmə “gəlirəm” – dedim. Və həmişəki kimi, əvvəlcə nakam, cavan yeznəmin qəbrini ziyarət elədim. Çünki ürəyimdə sıxıntı vardı: Samirə, qızlar, bütün ailə bədbəxt, mən isə o bədbəxtliklə o qədər də düz gəlməyən dinclik, rahatlıq, “beluqa”, tut arağı istəyirdim. Demə, sıxıntının başqa səbəbi də varmış. Torpağımızda – Kəlbəcərdə, Laçında müharibə açıq-açığına getdiyi, qan töküldüyü halda, Nüsrət yenə stolun o tərəfindən bu tərəfinə əl uzadacaq, pencəyinin altından şüşə, cibindən qədəh çıxaracaqdı? Bu nə əcaib vəziyyət idi?! Əsrlərlə içərimizdə – torpağımızın ən gözəl ab-havalı yerlərində yaşayan, necə deyərlər, canhacan olan xalq indi yenə silah götürüb qanımızı tökürdü?! Mənim, hətta başımda duman, ağırlıq əmələ gəlmişdi. Nə isə, “Gəlirəm” – dedim. Dediyim kimi, əvvəlcə qəbiristana getdim. Niyə ləngidim orda? Həmişə ancaq gözlərim dolduğu, nəmləndiyi halda, bu dəfə niyə çox ağladım? Bilmirəm. Bəlkə də, artıq duymuşum ki, bu, axırıncı ziyarətdir, buna görə də qəbirinin yanında çox oturdum. Bir də o vaxt ayıldım ki, şər qarışıb, çayın günbatanında meşəli dağdan bərilər – çökəklər tamam qaranlıqlaşıb. Yəqin bacımgil də intizardırlar ki, görəsən, niyə belə gec gəldi bu “gəlirəm” deyən. Dik qalxıb “rul”un – sükanın arxasında oturub açarı burdum və… motorun tappıltısı ilə eyni vaxtda birdən güllə səsləri eşitdim. Avtomatla silahların şaqqıltıları bir-birinə qarışıb, dağda, meşədə əks-sədası ilə birlikdə ildırım gurultularına çevrildi. Ən dəhşətlisi isə bu idi ki, atışma qəsəbənin içində idi. Hansı yolla, necə getdim? Bilmədim. Samirə darvazanı açıb maşının qabağında duranda açıq sarı saçlarının ağlığı ilə sifətinin ağlığı qarışmışdı. Gözləri böyümüşdü. Qızların dördü də Samirənin sağ-solunda titrəşirdilər. Çünki avtomatlar lap otuz-qırx addımlıqda, Nüsrətin ikimərtəbəli evi səmtində şaqqıldaşırdı. Nüsrət özü isə burda – həyətdə, Samirənin, qızların sağ-soluna keçə-keçə, əllərini dizlərinə çırpa-çırpa qışqırırdı.
– Gəldilər! Ay Dayı! Səni Allah özü yetirdi. Maşını xoddan salma! Erməni gəldi! Qaçın! Qaçın! Erməni gəldi, ay dayı! Mən bədbəxt neyləyim indi?! Nə o tərəfə gedə bilirəm, nə bu tərəfə! Siz qaçın! Tez olun! Odey bax, bizim hasarın dalından atırlar heyvanlar! Evinizi-eşiyinizi qoruyaram, saxlayaram! Lap qurban verərəm özümü, əmbə saxlayaram! Siz qaçın!

Bu haray-həşir içində Samirənin sakit, əməlli-başlı sakit səsini eşitdim:
– Dünən də belə oldu. Qaçan qaçdı. Mən qaldım. Uşaqları da qoymadım getməyə. Hara qaçıram?! Öləndə də ölək.

Nüsrət böyrümdə idi. Maşının arxa qapılarını açıb elə qışqırırdı. Daha nə dediyini eşitmirdim. Çünki avtomatlar indi lap yaxında, bacımgilin hasarı uzunu qaralan çinarların ara-bərələrində qaqqıldayırdı. Əmbə çox heyrətli idi ki, on-on beş addımlıqda şaqqıldayan avtomatlardan bir qığılcım da çıxmırdı. Nə baş verdiyini, nədən bildim? Bilmirəm. Qızların qışqırıqlarına baxmayaraq, o səmtə – çinarlar səmtinə getdim. Orada da qabağımca yüyürüb qaçışan balaca qaraltıların dalınca getdim. Mən Nüsrətin evinin birinci mərtəbəsində, qorxudan quruyub avazımış on-on beş yaşlarında uşaqların qabağında dayananda Samirə ilə qızlar da, Nüsrət də burda idilər. Uşaqlar bayaq çinarların aralarından qaçanda şaqqıldayan maqnitafonlar da əllərində, daş divarlara düşüb gurultuya çevrilən aramsız güllə səslərini kəsməyə, yəni maqnitafonları söndürməyə də cəsarət eləməyib, deyəsən, hətta şalvarlarını islatmışdılar. Tanıyırdıq, bilirdik ki, bu beş oğlan uşağının beşi də Nüsrətlər məhəlləsindəndir. Tək biri, hamısından uzun, nazik, kürən oğlan Nüsrətin idi.

– Söndürün! – dedi.

Əlləri əsə-əsə maqnitafonları söndürdülər. Dərin, ağır sükut içində sonuncu şaqqıltı eşidildi. Əmbə bu, lent yazılmış güllə səsi deyildi. Mənim özü sakit, səsi nazik, nur mücəssəməsi SimƏrEy – Samirəmin beş barmağının beşi də beluqa Nüsrətin üzündə qalmışdı.

Tara həsr olunmuş ömür - Ariz Abduləliyev “Muğam” Televiziya Müsabiqəsində növbəti mərhələ Şeyxin müavini: "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri