Icma.az
close
up
RU
“Sea Breeze Walk of Fame”də Tahir Salahovun ulduzunun açılış mərasimi keçirilib

“Sea Breeze Walk of Fame”də Tahir Salahovun ulduzunun açılış mərasimi keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 oktyabr, AZƏRTAC

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında daha bir adlı ulduzun açılış mərasimi olub. Bu dəfə ulduz Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun adını daşıyır.

AZƏRTAC xəbər verir ki, ulduzun təntənəli açılış mərasimi oktyabrın 18-də Sea Breeze istirahət mərkəzində keçirilib.

Tahir Salahov XX–XXI əsrlər realist rəssamlıqda “sərt üslub”un əsasını qoyan sənətkarlardan biridir. Dövlət və beynəlxalq səviyyədə çoxsaylı mükafatlara layiq görülmüş rəssam zəngin mədəni irs yaradıb. O, UNESCO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Fransiya İncəsənət Akademiyasının müxbir üzvü, İspaniyanın San-Fernando Kral İncəsənət Akademiyasının müxbir üzvü, Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü olub.

Onun yaradıcılığında milli ənənələr müasir bədii baxışla üzvi şəkildə vəhdət təşkil edir. Məhz bu xüsusiyyət rəssam Tahir Salahovu XX əsrin ən mühüm fiqurlarından birinə çevirib. Rəssamın mənəvi dərinliyi, obrazlı-estetik quruluşu və metaforik çoxmənalılığı ilə seçilən əsərləri bütöv bir dövrün bədii salnaməsini yaradır. Onun yaradıcılıq təkamülü daim yeni məna qatlarının axtarışı ilə səciyyələnir və bu, sənətkarın həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda qazandığı şöhrətin daxili hərəkətverici qüvvəsidir.

Tahir Salahovun sənətində nə fasilə, nə də eniş var idi. Onun həyatı ruhlandıran yaradıcılıq və daxili azadlıqdan zövq alma nümunəsi idi.

Mərasim qonaqlarını salamlayan rəssamın qızı, tanınmış heykəltəraş və rəssam Aydan Salahova tədbir iştirakçılarına minnətdarlığını bildirib, atasının yaradıcılığına göstərilən diqqət və ehtirama görə məmnunluğunu ifadə edib.

Mərasim ərəfəsində “Nine Senses” incəsənət mərkəzində rəssamın nəvəsi, rəssam Kayxan Salahov tərəfindən hazırlanmış nadir videoarxiv materiallarının nümayişi olub. Videokadrlar Tahir Salahovun müxtəlif illərdə verdiyi müsahibələrdən maraqlı fraqmentləri əks etdirib. Rəssam orada ailəsindən, yaradıcılıq yolundan, xarici səfərlərindən, ictimai fəaliyyətindən və bir çox digər mövzulardan danışır.

Həmçinin rəssamın əsərlərini yaratdığı Nardarandakı evindən kadrlar da nümayiş etdirilib. Bu kadrlarda o, Xəzər sahilində öz ər, ata və qardaşlarını gərginliklə gözləyən “Abşeron qadınları”nın ümumiləşdirilmiş obrazından tutmuş Qara Qarayev və Fikrət Əmirovun məşhur portretlərinə qədər həyatının mühüm anları, albomların və rəsmlərin yaranma tarixçəsi barədə xatirələrini bölüşür.

Video təqdimat bu gün, oktyabrın 19-da saat 10:00-dan 18:30-dək “Nine Senses” incəsənət mərkəzinin zalında geniş ictimaiyyət üçün açıq olub.

Filmin nümayişindən sonra tamaşaçılara müraciət edən rəssamın nəvəsi Dan Sultanov qeyd edib ki, babasının dünya miqyasında tanınmasına və şəxsiyyətinin böyüklüyünə baxmayaraq, o, heyrətamiz dərəcədə təvazökar insan olub. “Heç vaxt – nə məktəbdə, nə universitetdə, nə də böyüdükdən sonra mən onun nəvəsi olduğumu deməmişəm. Bizdə belə qəbul olunub”, – deyə o bildirib.

Onun sözlərinə görə, belə bir sükut və səssiz ləyaqət mühitində böyüyəndə onun böyüklüyünü unudursan. “Amma bu video¬kadrları izlədikdən sonra anlayırsan ki, sənin dahi bir baban olub. Onun bütün rəsmlərində həmin bağ evi gözə deyir. Bu məkanın öz qeyri-adi enerjisi var idi. Ətrafdakı mənzərəyə heç uyğun gəlməyən qar kimi ağ ev və daim işləyən babam. Fasiləsiz. Səndən tələb olunan yeganə şey ona mane olmamaq idi”, – deyə rəssamın nəvəsi bölüşüb: “O, Nardaranda yaradırdı və bu yeri bütün dünyada tanıtdı. Bu, onun enerji, dayaq və ilham mənbəyi idi. Biz xoşbəxtik ki, onun ulduzu məhz burada olacaq”.

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında Tahir Salahovun adını daşıyan adlı ulduz onun qızı Aydan Salahova, nəvələri Dan Sultanov və Kayxan Salahov tərəfindən təntənəli şəkildə açılıb.

Mərasimdə, həmçinin Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova iştirak ediblər.

Tahir Salahovun yetirmələrindən biri – rəssam, Əməkdar mədəniyyət xadimi, “1969” qalereyasının təsisçisi Elçin Orucov da öz xatirələrini bölüşüb. Onun sözlərinə görə, Tahir Salahov nadir bir rəssamlıq və uzaqgörənlik istedadına malik idi: “O, insanın daxili nurunu hələ təzahür etməmişdən əvvəl kətana köçürürdü. Məncə, ikinci belə rəssam olmayıb və olmayacaq. Onun rəngli əsərləri sanki göz önündə canlanır. Məşhur “Sənə, bəşəriyyət!” əsəri kainata uçuş haqqındadır. O dövrdə insanın kosmosa uçması inanılmaz görünürdü. Ancaq Yuri Qaqarin uçandan sonra başa düşdük ki, Tahir Salahov bunu hamıdan əvvəl görmüşdü. O, doğrudan da öz dövrünü qabaqlayan sənətkar idi”.

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə şöhrət xiyabanıdır. Bu gün burada 28 görkəmli şəxsiyyətin, o cümlədən Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafazadə, Anar Məmmədxanov, Vaxtanq Kikabidze və başqalarının adları əbədiləşdirilib. Ulduzlar kolleksiyası yaradıcılığı tarixə düşənləri birləşdirərək böyüməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri