Icma.az
close
up
RU
Seçim qarşısında deyil, seçim imkanları içində Müsahibə

Seçim qarşısında deyil, seçim imkanları içində Müsahibə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son bir həftə ərzində Azərbaycanın Avropa ilə əlaqələrində mühüm inkişaflar baş verib. Azərbaycan lideri Avropa Siyasi Birliyinin Dublin sammitində iştirak edib və bir sıra vacib görüşlər keçirib. Bu çərçivədə Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Bakıda səfərdə olub. Bütün bu məqamları siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "525-ci qəzet"ə müsahibəsində şərh edib. Müsahibimiz ilk olaraq Böyük Britaniya ilə münasibətlərdən danışıb.

- Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından, yəni Brexitdən sonra xarici siyasətində yeni beynəlxalq rol axtarışı müşahidə olunur. Bu siyasət əsasən "Qlobal Britaniya" konsepsiyası, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, NATO çərçivəsində təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və Aİ institutlarında itirilmiş təsirin alternativ mexanizmlərlə kompensasiya edilməsi üzərində qurulub.

Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığı isə yeni deyil. Bu münasibətlərin inkişafını bir neçə mühüm mərhələyə ayıra bilərik.

Birinci mərhələ 1994-cü ildə qoyulan siyasi təməldir. Həmin il fevralın 23-də Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri zamanı Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin siyasi əsasını formalaşdırıb.

İkinci mərhələ iqtisadi əməkdaşlığın güclənməsi ilə bağlıdır. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"ndə Britaniya şirkətlərinin iştirakı münasibətlərə yeni iqtisadi məzmun qazandırıb. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq enerji bazarlarına inteqrasiyasında mühüm rol oynayıb.

Üçüncü mərhələ 1998-ci ildə münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi ilə səciyyələnir. Heydər Əliyevin həmin il iyulun 21-də Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və münasibətlər daha yüksək səviyyəyə qaldırılıb. 2026-cı ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu çoxillik əməkdaşlığın növbəti mərhələyə keçidini ifadə edir.

Böyük Britaniya üçün Azərbaycanın strateji əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək olar: Orta Dəhliz, Mərkəzi Asiya və yeni strateji tərəfdaşlıq. Məsələyə yalnız ikitərəfli münasibətlər çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki burada Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin qurulması, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyaların şaxələndirilməsi, həmçinin Mərkəzi Asiyada artan beynəlxalq rəqabət mühüm rol oynayır. Deməli, Azərbaycan Böyük Britaniya üçün təkcə enerji tərəfdaşı deyil, Avropa, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən geoiqtisadi və geosiyasi tərəfdaşdır.

2026-cı il noyabrın 12-də Dublində qəbul edilmiş Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı haqqında Birgə Bəyannamə ikitərəfli maraqların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd münasibətlərin ayrı-ayrı diplomatik görüşlər və iqtisadi layihələr çərçivəsindən çıxarılaraq sistemli siyasi və iqtisadi platformaya daşınması üçün zəmin yaradır.

Birincisi, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunda çıxış etməsi bu münasibətlərə böyük strateji məna qatır. Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri arasında yerləşməyimiz ölkəmizə mühüm imkanlar təqdim edir. Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafı, Xəzər üzərindən beynəlxalq ticarət marşrutlarına çıxış, Türkiyə vasitəsilə Avropa bazarlarına inteqrasiya və Mərkəzi Asiyanın enerji resurslarına çıxış imkanlarının genişləndirilməsi Londonun maraqlarına uyğundur. Yəni Böyük Britaniya Azərbaycanla əməkdaşlığı inkişaf etdirməklə daha böyük Avrasiya coğrafiyasında mövqelərini gücləndirmək imkanı qazanır.

- Azərbaycan uzun illərdir Böyük Britaniya və Avropa üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsi bu tərəfdaşlığın gələcək inkişafına necə təsir göstərəcək?

- Azərbaycan uzun illərdir Böyük Britaniya və Avropa üçün əhəmiyyətli enerji tərəfdaşı olduğunu sübut edib. Əsas istiqamətlər Azərbaycan qazının Avropa bazarlarına nəqli, Cənub Qaz Dəhlizinin fəaliyyəti, Xəzər hövzəsində enerji layihələri, bərpaolunan enerji mənbələrinin inkişafı və elektrik enerjisinin ötürülməsi üzrə regional təşəbbüslərdir. Lakin düşünürəm ki, artıq Azərbaycanla münasibətləri yalnız neft və qazla məhdudlaşdırmaq olmaz. Bu gün Avropa üçün enerji səmərəliliyi, aşağı karbon texnologiyaları və bərpaolunan enerji potensialı da son dərəcə vacibdir.

Azərbaycanın bu istiqamətlərdəki potensialı yeni əməkdaşlıq imkanları yaradır. Başqa sözlə, ənənəvi enerji tərəfdaşlığı daha geniş enerji və iqtisadi əməkdaşlıq modelinə transformasiya olunur.

Azərbaycan Böyük Britaniya üçün Mərkəzi Asiyaya açılan mühüm iqtisadi və diplomatik bağlantıdır. Orta Dəhliz, digər adı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Bu səbəbdən marşrut Böyük Britaniya üçün strateji əhəmiyyət daşıyır. Böyük Britaniyanın regional maraqlarını üç əsas amillə izah edərdim: iqtisadi imkanlar uğrunda rəqabətin güclənməsi, kritik xammal resurslarına çıxış və Xəzər dənizinin dəyişən geosiyasi rolu.

- Almaniyanın xarici işlər nazirinin səfəri münasibətlərdə hansı yeni imkanlar yaradır?

- Hesab edirəm ki, Vadefulun Bakıya səfəri üç əsas geosiyasi istiqaməti özündə birləşdirir: enerji və iqtisadi təhlükəsizlik, nəqliyyat və geoiqtisadi bağlantılar, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası. Təbii ki, Almaniya da enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirməyə çalışır. Bu istiqamətdə Azərbaycana maraq göstərir. Orta Dəhlizin inkişafı da Almaniyanın marağındadır. Bu marşrut Azərbaycan-Almaniya münasibətlərinin artıq enerji çərçivəsindən kənara çıxdığını göstərir.

Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası ilə bağlı Almaniyanın diqqətçəkən mövqeyi ondan ibarətdir ki, regionun gələcəyinin müəyyənləşdirilməsində əsas söz sahibinin region dövlətlərinin özləri olduğunu qəbul edir.

Düşünürəm ki, Vadefulun səfərində Türkiyə ilə münasibətlər, həmçinin müxalifət nümayəndələrinin hüquqi məsuliyyəti məsələsi iki diqqətçəkən məqam idi. Bu baxımdan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonra da möhkəm olacağını bildirdi. Türkiyə ilə müttəfiqliyimiz xüsusi yer tutur. Almaniya ilə münasibətlərin inkişafı isə bu müttəfiqliyə alternativ deyil. Azərbaycan müxtəlif tərəfdaşlarla əməkdaşlığı genişləndirərək beynəlxalq manevr imkanlarını artırır.

Müxalifət nümayəndələrinin hüquqi məsuliyyətinə gəldikdə isə qanunçuluğun, ədalətli məhkəmə araşdırmasının və fundamental hüquqların təmin olunması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.

Bütövlükdə, diqqət çəkən məqam Azərbaycanın Qərblə münasibətlərini qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurmaq imkanlarının genişlənməsidir.

Bununla paralel olaraq Azərbaycan digər böyük güc mərkəzi olan Çinlə münasibətlərini də ən yüksək səviyyəyə qaldırıb. 2024-cü ilin iyulunda imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və 2025-ci ilin aprelində Pekində qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanat bu siyasətin konkret nümunələridir.

Beləliklə, Azərbaycan bir tərəfdən Qərb ölkələri ilə strateji əməkdaşlığı genişləndirir, digər tərəfdən Çinlə münasibətlərini dərinləşdirir. Bu, xarici siyasətdə balansın qorunması ilə yanaşı, ölkəmizin beynəlxalq manevr imkanlarının da genişlənməsidir.

- Azərbaycanın ümumilikdə Avropa İttifaqı ilə münasibətlərini necə dəyərləndirirsiniz?

- Avropa İttifaqı ilə münasibətlərdə son illərdə müşahidə etdiyimiz yanaşma fərqini xüsusi qeyd etmək lazımdır. Uzun müddət Avropanın bəzi siyasi dairələrində tərəfdaş ölkələrə münasibətdə kifayət qədər sərt seçim məntiqi müşahidə olunurdu: ya bizimləsən, ya da bizə qarşısan. Bu yanaşma siyasi təzyiqlər, hədələr və qarayaxma kampaniyaları ilə müşayiət olunan münasibət modelinin formalaşmasına gətirib çıxarırdı. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycana müxtəlif məsələlərdə şərtlər irəli sürülür. Lakin Azərbaycan müstəqil siyasətini qorumaqla bu münasibətlərin xarakterini dəyişməyə nail olub. Bu gün Azərbaycanla bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında dialoq aparmağın vacibliyi daha aydın görünür.

Burada Qarabağ məsələsinin də xüsusi əhəmiyyəti var. Uzun illər beynəlxalq müzakirələrin əsas mövzularından biri olan Qarabağ münaqişəsi Azərbaycanın öz gücü və siyasi iradəsi hesabına aradan qaldırıldı. Beləliklə, regionda yeni əməkdaşlıq imkanlarının qarşısında dayanan əsas maneələrdən biri aradan qalxdı.

Azərbaycan Prezidenti yeni əməkdaşlıq modelinin tərəflər üçün qarşılıqlı fayda yaradacağı reallığını beynəlxalq tərəfdaşlara çatdıra bildi. Çünki artıq regionda əvvəlki status-kvoya qayıtmaq deyil, yeni geosiyasi və geoiqtisadi reallıqlardan faydalanmaq əsas alternativdir.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı bu baxımdan diqqətə layiqdir. Burada əsas məsələ yalnız təhlükəsizlik deyil. Avropanın güclü və təhlükəsiz olması iqtisadi rəqabət qabiliyyətindən, innovasiyadan, nəqliyyat bağlantılarından, enerji təminatından və etibarlı tərəfdaşlarla qurulan münasibətlərdən də asılıdır.

Lakin Dublin sammitində Azərbaycanın mövqeyi ilə bağlı başqa bir mühüm məqam da var. Bəzi ölkələrin təşəbbüsü ilə irəli sürülmüş üç sənəd - "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə", "Miqrasiya haqqında Bəyanat" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı" bir sıra dövlətlər tərəfindən dəstəklənsə də, Azərbaycan həmin sənədlərə qoşulmayıb. Düşünürəm ki, bu qərarı Azərbaycanın müstəqil xarici siyasət kursu və milli maraqların qorunması kontekstində qiymətləndirmək lazımdır. Azərbaycanın hansısa məsələ ətrafında formalaşdırılan bütün yanaşmalara avtomatik şəkildə müsbət münasibət bildirməli olduğu düşüncəsi düzgün deyil. Eyni zamanda, ölkəmizin hər hansı beynəlxalq təşəbbüsə mütləq qoşulmalı olduğunu gözləmək də doğru yanaşma deyil. Konkret geosiyasi kontekstdə hazırlanmış, gələcək addımları və müəyyən siyasi prinsipləri ehtiva edən sənədlərə qoşulmaq xarici siyasətdə manevr imkanlarını müəyyən mənada çərçivəyə sala bilər. Ona görə də ölkəmizin həmin sənədlərə qoşulmamasını Avropa ilə münasibətlərdə ciddi fikir ayrılığı və ya siyasi gərginlik kimi qiymətləndirmək yanlış olardı.

Biz həm ABŞ, həm Böyük Britaniya, həm Almaniya, həm də Çinlə münasibətlərimizi genişləndiririk. Eyni zamanda, Türkiyə ilə müttəfiqliyimizi, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığımızı və digər regional tərəfdaşlarla əlaqələrimizi qoruyub saxlayırıq. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktik təzahürüdür. Fikrimcə, Azərbaycanın bugünkü diplomatik uğurunun əsas mahiyyəti də məhz bundadır. Ölkəmiz beynəlxalq münasibətlər sistemində seçim qarşısında qalan tərəf deyil, müxtəlif tərəfdaşlarla əməkdaşlığın şərtlərinin formalaşmasında iştirak edən müstəqil aktordur.

PƏRVANƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri