“Sədərək”də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi
Qaradağ Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zəminə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, Zəminə Səfərova 08 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ticarətlə məşğul olduğu “Sədərək” ticarət mərkəzində onunla yanaşı mağazada işləyən zərərçəkmiş Nailə Qafarovanın (şərti) satışda olan geyim paltarlarının, manikenin ona maneçəlik törətməsini bəhanə edərək səliqəsiz vəziyyətə salıb. Sonra o, zərərçəkmişin boğazından tutub dizləri üstə yerə çırpıb, saçlarından dartıb. Daha sonra dəmir boru ilə Nailəyə zərbələr endirib.
Bundan başqa, Zəminə Səfərova 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində eyni bəhanə ilə Nailə ilə mübahisə edib, onu döyməyə başlayıb. Həmin vaxt onu sakitləşdirərək istəyən zərərçəkmiş Aygün Ələsgərovanı (şərti) da dəmir boru ilə vurub.
Kamal Məmmədov