Icma.az
close
up
RU
Şəhriyar: Məhəbbətdən milli yaddaşa

Şəhriyar: Məhəbbətdən milli yaddaşa

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Seyid Məhəmmədhüseyn Şəhriyar-120
Məhəbbət şairini milli yaddaş şairinə çevirən,  “əvvəli sultanı-eşq, axırı ustadı-şeir Şəhriyar” edən nə idi?
XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən sayılan, o taylı, bu taylı soydaşlarımızın əsərlərini sevə-sevə mütaliə etdiyi ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) dünyaya gəlişindən 120 il ötür. Çox təəssüf ki, şairin 120 illik yubileyi dünyanın “çətin” vaxtına,  doğulduğu İran İslam Respublikasının müharibə şəraitində olduğu dövrə təsadüf edir. Qeyd edək ki, M. Şəhriyarın  vəfat etdiyi 18 sentyabr tarixi şairin xatirəsinə ehtiram əlaməti olaraq  hər il İranda rəsmi şəkildə  “Milli şeir və ədəbiyyat günü” kimi qeyd edilir,   Cənubi Azərbaycanda silsilə anım tədbirləri təşkil olunurdu. Müharibə şəraitində ölməz söz ustadının 120 illik yubileyinin doğulduğu ölkədə necə qeyd ediləcəyi sual doğurur.  

Unutmaq olmaz ki, M. Şəhriyar Azərbaycan, o cümlədən türk dünyası üçün sıradan bir şair deyil, ədəbiyyatda, söz sənətində özünü təsdiqləmiş imzadır.  Şəhriyarın anadilli yaradıcılığı mövzu və məzmunca olduqca  rəngarəng və  çoxşaxəlidir. Vətənpərvər şair yaradıcılığında, xüsusən anadilli poeziyasında milli yaddaş xəttinə daha çox yer ayırmış, milliliklə bəşəriliyi vahid tam kimi tərənnüm, təbliğ etməyi bacarmışdır. Yaradıcılığa lirik şeirlərlə başlayan,  məhəbbət şairi kimi tanınan söz ustadını  milli yaddaş şairinə çevirən,  “əvvəli sultanı-eşq, axırı ustadı-şeir Şəhriyar” edən nə idi?
Seyid Məhəmmədhüseyn Şəhriyarın məhəbbət mövzusunda qələmə aldığı “Behcətabad xatirəsi”, “Naz eyləmisən”, “Getmə, tərsa balası”, “Yar qasidi”, “Məcnun”, “Fasilə düşdü” və s.  şeirləri real sevgi hekayəti üzərində qurulduğuna görə  bütün zamanlarda oxucu marağındadır. Bir faktı xüsusi qeyd etmək istəyirik ki,  Şəhriyarın “eşq pərisi” Sürəyya ilə  nakam eşq hekayəti yaradıcılığına  təsirsiz qalmamış, lirik şeirlərinə həzin bir ovqat qatmışdır. 

Amma Şəhriyarın yaradıcılığında məhəbbət anlayışı yalnız fərdi-romantik hisslərin ifadəsi kimi başa düşülməməlidir. Şairin poetik təsvirində sevgi fərdi yaddaşdan ailə yaddaşına, doğma məkana bağlılıqdan milli-mədəni yaddaşa doğru genişlənərək mürəkkəb mənəvi inkişaf yolu keçir. M. Şəhriyarın Azərbaycan türkcəsində yazdığı “Heydərbabaya salam”, “Səhəndiyyə”, “Türkün dili”, “Xan nənə”, “El bülbülü” və digər əsərlərinin təhlili göstərir ki, şairin yaddaş funksiyasının əsas predmetini doğma insanlara məhəbbət, uşaqlıq xatirələri, ana dili, folklor, etnoqrafik detallar və vətən obrazının poetik təsviri təşkil edir. Şairin anadilli poeziyasının zirvəsi sayılan  “Heydərbabaya salam” poeması təkcə Şəhriyarın yaradıcılığında deyil, dünya ədəbiyyatında  fərdi xatirəni kollektiv yaddaşa çevirən böyük sənət əsəri kimi qəbul edilir.

Hər şeydən əvvəl, onu qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında eşq yalnız qadın və kişi münasibətləri çərçivəsində təqdim edilmir. zaman müstəvisində inkişaf etdirilərək daha dərin məzmun kəsb edir, ana, ailə sevgisi, doğma yurda məhəbbət, ana dilinə, milli-mənəvi dəyərlərə bağlılıq formalarında özünü göstərir. “Məhəbbətdən milli yaddaşa” keçid Şəhriyar poeziyasının təkcə poetik xüsusiyyəti deyil, həm də inkişaf xəttidir. Əlbətdə, söhbət sadəcə sevgi mövzusunun genişlənməsindən getmir. Əsas məsələ budur ki, şairin sevdiyi insanlar, məkanlar, dil və həyat tərzi onun poetik yaddaşında qorunaraq fərdilikdən çıxır, ictimai məna, məzmun kəsb edir, kollektiv-mədəni yaddaşa çevrilərək ümumilk, bəşərilik qazanır.     Şəhriyar fərdi xatirəni yalnız şəxsi keçmiş kimi təqdim etmir, həmin xatirənin arxasında bir xalqın yaşadığı mühiti, danışıq dilini, adət-ənənələrini və mənəvi dünyasının sözlə əksini verməyə çalışır:

Heydər Baba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Şəhriyarın poetik dünyasında məhəbbətin başlanğıc nöqtələrindən biri “Pəri” sinə sonsuz sevgisidirsə,  zaman keçdikcə  bu sevgi yenilənir, genişlənir, ana, nənə, qohumlar, uşaqlıq dostları və doğma kəndin insanları da bura əlavə olunur, şairin məhəbbət obyektinə çevrilir. Bu baxımdan “Xan nənə” şeiri diqqətçəkəndir. Şəhriyarın Xan nənəsi şairin uşaqlıq dünyasının, ailə istiliyinin və keçmişin canlı daşıyıcısıdır. Bu obraz Şəhriyarın “Heydərbabaya salam” poemasında təsvir etdiyi  nənə obrazının sanki başlanğıcı, yaddaş zəncirinin ilkin halqasıdır. Poemada:

Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı

misralarında iki mühüm yaddaş elementi birləşir: nənə və corab. Corab konkret məişət detalıdırsa, Xan nənə həmin detalı emosional yaddaşa bağlayandır, ötürəndir. Şəhriyarın ustalığı bir hədiyyə corabın timsalında keçmiş insan münasibətlərini kövrək bir dillə  xatırlamaqla onların vacibliyini sonrakı nəsillərə ötürmək bacarığıdır. Bu nümunədə məhəbbət artıq sırf emosional hiss təsiri bağışlamır, yaddaşı aktivləşdirən mexanizmin bir hissəsinə çevrilir. 

“Ey vay, anam”, “El bülbülü” və s. kimi əsərlərdə ana-ata artıq konkret bioqrafik obraz olmaqdan çıxaraq şairin mənəvi dünyasının mərkəzi fiqurlarından biri kimi çıxış edirlər. Ana ilə bağlı xatirələrin mühüm xüsusiyyəti onların zamanla silinməməsi,  əksinə, illər ötdükcə emosional gücünün artmasıdır. Bu cəhət Şəhriyarın yaradıcılığında məhəbbətlə yaddaş arasındakı birbaşa əlaqəni, harmonik vəhdəti  göstərir.

M. Şəhriyarın “Heydərbabaya salam”da da ailə üzvlərini, qohumları, kənd sakinlərini xatırlaması, Bağmeşə məhəlləsindən, Şəngülava yurdundan söz açması yalnız keçmiş xatirələrin təsviri deyil. Şairin uşaqlıq dünyasında mövcud olmuş insanlar artıq real həyatda olmasalar belə, poetik mətn vasitəsilə yenidən “yaşayırlar”. Burada poeziyanın yaddaş funksiyası meydana çıxır: insan fiziki olaraq yox ola bilər, lakin onun adı, davranışı, sözü və xatirəsi poetik mətnə daxil olaraq yaşaya bilər. Bu xüsusiyyət Şəhriyarın məhəbbət lirikasını fərqləndirən əsas cəhətlərdəndir. Şair sevdiyi insanı yalnız hisslə xatırlamır, onu söz yaddaşında  sonrakı nəsillərə ötürmək missiyasını yerinə yetirir:

Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin quruması, bitməsi,
Indi desək, əhvalatdır, nağıldır,
Keçdi getdi, itdi batdı, dağıldı.

Sözsüz ki, Şəhriyarın anadilli yaradıcılığında milli yaddaş mövzusunu araşdırmaq üçün ən mühüm mənbə şairin “Heydərbabaya salam” poemasıdır. Poemanın başlanğıcında şairin birbaşa Heydərbaba dağına müraciəti təsadüfi xarakter daşımır və təkcə bədii ifadə vasitəsi kimi başa düşülməməlidir.  Heydərbaba dağı  şairin uşaqlıq dünyasının əsas yaddaş simvoludur.
 

Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
Itginlik var, ayrılıq var, ölüm var.

Burada coğrafi məkanla insan taleyi arasında əlaqə yaradılıb. Heydərbaba artıq sadəcə dağ deyil. O,  şairin uşaqlıq dünyasının məkanıdır, ayrılığın ünvanıdır, keçmişin və geri qayıtmayacaq arzularının kəsişdiyi nöqtədir. “Hər kəs sinib bir dəməkdə sıxılıb” deyən şairin dərd ortağı Heydərbabaya dedikləri millətinin sabahı üçün keçirtdiyi nigarançılıq hissinin nə qədər böyük, ağır olduğunu göstərir:

İndi bəşər ac qurd kimi uduxub,
Çömbələnti göz qıcırdıb, duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər, onun leşin yırtsınlar, 
Hərə bir diş ənsəsindən qırtsınlar
Poemanın başqa bir yerində:
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.

misraları bu münasibəti daha aydın ifadə edir. Heydərbaba fərdi uşaqlıq məkanından  Vətən obrazına yüksəlir. Bu məqam milli yaddaş baxımından prinsipial əhəmiyyət daşıyır. Şairin Vətən anlayışı abstrakt siyasi-coğrafi anlayış kimi təqdim edilmir. Vətən onun üçün konkret məkandır-Heydərbaba dağıdır, Şəngülava yurdudur, Nənəqəzən gözləridir, Rəxşəndənin şirin sözləridir, xırmanda vəl sürən Növruzəlidir, molla İbrahimin məktəbidir, Bağmeşə məhəlləsidir və s. “Heydərbabaya salam”ın əsas mövzusu uşaqlıq xatirələri olsa da,   poema avtobioqrafik xatirələrin sadəcə toplusu deyil, bir şairin yaddaşından qopan ayrı-ayrı sevincli-kədərli xatiratların zaman-məkan sərhədini ötərək əbədiyaşarlıq kəsb etməsindədir.
Poemada Şəhriyarın öz uşaqlığını xatırlaması fonunda bütöv  bir kənd canlandırılır, insanları, məişəti, gündəlik həyatı  təsvir edilir. Əkin-biçin, toy, yas, bayram, uşaq oyunları, qonşuluq münasibətləri, məişət əşyaları, xalq inancları və təbiət mənzərələri bir-birinin ardınca poetik mətnə daxil edilərək söz yaddaşına çevrilir:
 

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu.

Şəhriyarın milli yaddaş poetikasında folklor amilinin özünəməxsus rolu var. Folklor onun əsərlərində ayrıca sitat və ya dekorativ element kimi çıxış etmir, xalqın düşüncə tərzi, gündəlik yaşamı, deyimləri, mərasimləri və inanclarının təsviri şəklində əsərlərinin dilinə və strukturuna daxil olur. Bu xüsusiyyət “Heydərbabaya salam”da xüsusilə aydın görünür. Poemada xalqın gündəlik həyatı ilə folklor bir-birindən ayrılmır, vəhdətdə götürülür. Şair xalqın yaddaşı haqqında boşuna söz işlətmir, həmin yaddaşın dili ilə xalqın yaddaşına sözdən abidə ucaldır. Akademik Nizami Cəfərov “Heydərbabaya salam” poemasının milli kökə, yaddaşa bağlılığını yüksək dəyərləndirir, əsərin populyarlaşmasında folklora istinadın xüsusi rol oynadığını qeyd edərək yazırdı: “M.Şəhriyar folkloru yamsılamırdı, sadəcə olaraq folklor dilində danışırdı, bəlkə də onu yaradırdı”

M. Şəhriyarın yaradıcılığında ana dili yaddaşın qoruyucu missiyasını yerinə yetirir. Şairin  milli yaddaş poetikasında ana dilinin xüsusi yeri vardır. Söz ustadı  üçün Azərbaycan türkcəsi yalnız bədii ifadə vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, məişətini, emosional dünyasını və tarixini qoruyan sistemdir. “Heydərbabaya salam”ın  milli ədəbi prosesdə doğurduğu rezonans da bununla əlaqədardır. Məmməd Əmin Rəsulzadə poema haqqında yazdığı “Ədəbi bir hadisə” məqaləsində əsəri ona görə ədəbi hadisə kimi dəyərləndirirdi ki, “Heydərbabaya salam”dakı xəlqilik, təbiilik, adi məşişət hadisələrinin obrazlı təsviri onu valeh etmişdi: “Şair xalqın danışdığı dili elə axıcı bir şeir dili halına gətirir ki, bunu oxuma-yazması olmayan bir kəndli anladığı kimi, ədəbi zövqü incəlmiş hər hansı bir aydın da böyük bir həzz ilə oxuyur və gerçək bir sənət əsərindən duyacağı həyəcanı duyar. Bu xariqə əsərin Azərbaycan ədəbiyyatında bir hadisə təşkil etdiyi bizcə şübhəsizdir. Zəngin Azərbaycan ədəbiyyatı ənənələrində hadisə və mərhələ təşkil edən əsərlər az deyildir, fəqət bunlardan xüsusilə, son illərdəki ədəbi həyatda görünənlər arasında heç biri “Heydər Baba” qədər canlı, qanlı və bir baxıma, hətta deyə bilərsiz ki, milli deyildir. Farscanın fəsahət və bəlağətinə məcbur olub illərcə ana dilini yadırğamış ikən azərbaycanlı sənətkarın, derkən, bu qədər milli bir şeir yazması yaşadığımız günlərin ən böyük hadisəsidir!” 

Xatırladaq ki, sözügedən məqalə  ilk dəfə 1954-cü ildə “Türk yurdu” jurnalında çap edilmiş, 1955-ci ildə “Azərbaycan” dərgisində yenidən dərc olunmuşdur.

M. Şəhriyar irsini araşdıran tədqiqatçıların hamısı birmənalı olaraq bu fikirdədir ki, “Heydərbabaya salam”ın əhəmiyyəti yalnız onun bədii xüsusiyyətləri ilə ölçülməməlidir, ana dilinin yasaq edildiyi  dövrdə ana dilində milli poetik yaddaşın ifadəsi, sözlə qoyulmuş abidəsi kimi dəyərləndirilməlidir.

Şairin uşaqlıq məkanlarına sevgisi əvvəlcə şəxsi xarakter daşıyır. Heydərbaba onun uşaqlıq dünyasıdır. Lakin poetik mətn daxilində bu məkanın mənası genişlənir və Heydərbaba Vətənin rəmzinə çevrilir.  Şəhriyar üçün Vətən - uşaqlıqda gördüyü dağdır, doğma kənddir, ailə üzvləri, yaxınları, uşaqlıq dostlarıdır, xalqın danışdığı dildir, birgə keçirtdiyi bayram və mərasimlərdir, gündəlik məişətdir, xatırlanan və itirilmək təhlükəsi qarşısında olan keçmişdir. “Heydərbabaya salam”ı yalnız doğma kəndə həsr edilmiş poema kimi qiymətləndirmək əsərin məna dairəsini daraldır. Şairin şəxsi uşaqlıq yaddaşı poetik ümumiləşdirmə yolu ilə bütöv Azərbaycan xalqının milli-mədəni yaddaşının ifadəsinə çevrilir, bütöv Vətən haqqında poetik əsər təsiri bağışlayır. 

Şəhriyarın milli yaddaş poetikasının mühüm komponentlərindən biri də  itkilərdən doğan ağrıların xatırlanmasıdır. Şair keçmişi təkcə maraqlı olduğuna görə xatırlamır. Ona görə xatırlayır ki,   keçmiş bir də geri dönməyəcək ömürdür, onu tərk edən doğmalarıdır, yaşadığı acılı-şirinli xatirələrdir:

Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Keçənlərdə gözüm var, bir dayan, dur!

Böyük söz ustadının dərin ürək yanğısı hiss olunan 

Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür

misralarında fərdi itki kollektiv ağrının komponenti kimi çıxış edir. İnsan bu dünyadan köçünü sürüb gedir, amma onun yeri boş  qalır. Şair həmin “yeri” söz vasitəsilə bərpa etməyə çalışır. Bu mənada Şəhriyar poeziyası həm də  itirilmiş insanların və itməkdə olan həyat tərzinin poetik söz arxivi funksiyasını yerinə yetirir.

Şəhriyar yaradıcılığını milli yaddaş baxımından qiymətli edən əsas cəhətlərdən biri də şairin konkret həyat detallarını əsərlərində olduğu kimi təsvir etməsi, təbiiliyə sadiq qalmasıdır. “Heydərbabaya salam” poemasında xalqın toy, yas, bayram adətləri, əkin-biçini, məişəti, geyim tərzi, qonşuluq münasibətləri, xalq inancları bir-birindən təcrid olunmuş məlumatlar kimi deyil, vahid tam kimi, həyat mənzərəsinin təsviri şəklində təqdim olunur. Bu xüsusiyyətlər əsərin etnoqrafik əhəmiyyətini artırır.  Şəhriyarın poeziyasında milli yaddaş yalnız tarixi hadisələrin təsvirindən ibarət deyil. Sadə insanların gündəlik həyat tərzi də  milli yaddaşın ayrılmaz tərkib hissəsidir.  “Heydərbabaya salam” dan gələn mühüm poetik nəticə budur ki, bir xalqın tarixi yalnız böyük hadisələrdən  ibarət deyil,  o, həm də sadə insanların gündəlik həyatı ilə yaddaqalandır. 

Şəhriyar yaradıcılığında məhəbbətin yaddaşyaradıcı funksiyasından da ustalıqla  istifadə edir. Şair əvvəlcə sevir və xatırlayır. Xatırladığı insan konkret bir şəxs olsa da,  həmin şəxsin ətrafında, arxasında bütöv bir həyat mühiti görünür. Həmin mühitin dili, adəti, məişəti və məkanı da xatirəyə daxil olur. Beləliklə, fərdi xatirə tədricən kollektiv yaddaş materialına çevrilir.

Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının tədqiqi zamanı görünən həqiqət budur ki, məhəbbət mövzusunun təsviri onun yalnız romantik hissləri ifadə etməsində deyil, həm də şairin onu yaddaşa çevirmək qabiliyyətindədir. Ölməz söz ustasının ana, nənə, doğma insanlar və uşaqlıq məkanlarına olan sevgisi əvvəlcə fərdi xarakter daşısa da, sonradan bu sərhədləri aşaraq vahid Vətən obrazının tərənnümünə çevrilir.  “Heydərbabaya salam” poemasında şairin uşaqlıq xatirələri, kənd həyatı, folklor, məişət, adət-ənənələr və ana dili vahid poetik sistem təşkil edir. Əsərin əsas poetik nailiyyəti də məhz burada meydana çıxır: Şəhriyar öz şəxsi yaddaşını xalqın yaddaşına bağlayır. Bu baxımdan Şəhriyarın yaradıcılığında “məhəbbət” və “milli yaddaş” bir-birini tamamlayan komponentlərdir. Məhəbbət yaddaşın emosional başlanğıcı, yaddaş isə məhəbbətin zaman qarşısında qorunmuş formasıdır. Şəhriyarın poetik irsinin milli əhəmiyyəti də məhz bu münasibətdə üzə çıxır: şair sevdiyi insanları və məkanları xatırlamaqla yalnız öz keçmişinə nəzər salmır, həmin keçmişdə yaşayan dili, folkloru, adət-ənənəni və milli həyat tərzini  gələcək nəsillər üçün poetik yaddaşa çevirir. Şəhriyar irsinin əbədiyaşarlılığının sirri də bundadır.

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri