Icma.az
close
up
RU
Şeirin ögey övladı Sərbəst vəzn

Şeirin ögey övladı Sərbəst vəzn

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Malik Atilay
 

Azərbaycan poeziyasında sərbəst şeir yalnız bir forma yox, bir düşüncə çevrilişi, ruhun azadlıq bəyanı oldu. Onun tarixi klassik poetik qanunların təkzibi ilə başlamadı – ruhun içindəki mexaniki ahəngdən imtina ilə başlandı. Və bu başlanğıc, susqun və müşahidəçi bir nəfəsin, Rəsul Rzanın dodaqları arasından çıxaraq dilə gəlmədi – düşüncəyə çevrildi. O, poeziyada yalnız qafiyəni yox, danışığın özünü də dağıtdı, çünki sözün ritmi ona görə qəliblərdə deyil, düşüncədədir. Rəsul Rza şeirə nəğmə yox, daxili dialoq kimi yanaşdı. O, musiqini səslə deyil, pauza ilə yaratdı. Şeirlərində sətirlər bir-birinə bağlı deyildi – sanki hər biri öz həyatını yaşayırdı, öz kədərini daşıyırdı. “Xülyalar yolunda” şeirində yazır:

Görəsən, Xəzərin neçə yaşı var?

Görəsən, nə zaman

qalxıb, qabarıb

Şubanı dağı?

Görəsən, Abşeronun altında

neftdən qabaq nə olub?

Görəsən, kim yandırıb

birinci ocağı,

Bayıl sahilində?

Bu misralarda keçmiş, düşüncə və sükut birləşərək vəzni məğlub edir. Rəsul Rza Azərbaycan poeziyasında sərbəstliyin klassiklərlə dialoqa girmədən, onlara salam vermədən yanından keçməsini bacardı. Onun poeziyasında “gözəllik” anlayışı qafiyə ilə yox, düşüncənin incəliyi ilə ölçülür. Şeir onun üçün ağ kağızda gözəl sözlər düzülüşü deyil – fikrin daxili memarlığı idi. Bu memarlıqda nizam yox idi, amma struktur vardı. Nə qədər sərbəst idisə, bir o qədər də məsuliyyətli idi.

Əli Kərim isə sərbəstliyi düşüncədən çıxarıb duyğunun içinə daşıdı. O, sözə əli ilə toxunmurdu – gözlə baxırdı, ruhla seçirdi. Onun şeirləri bəzən şeir deyildi – bir baxış idi, bir nəfəsdi, bir toxunuşdu. Sözlər bir-birinə düzülmürdü, onlar bir-birinə söykənir, yas saxlayır, bəzən də küskün dayanırdı. “İki sevgi” adlı şeirində belə yazır:

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Sususzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

– Kabab üstdən sərin su pis olmaz – deyən kimi

Əli Kərimin poetik sərbəstliyi ölümə bənzəyir – səssiz, izsiz, amma hər kəsi əhatə edən. O, sanki hər sətiri yazmamışdan əvvəl susur, onu içində dəfələrlə eşidir və sonra yazırdı. Əli Kərimdə sərbəstlik forma yox, ruh halıdır. Hər misrası bir hissin daşqını, amma bu daşqının səssizliyidir. O, sözləri musiqiyə çevirmir, musiqini susqunluğa çevirirdi. Ən böyük sərbəstlik – heç nə deməyib hər şeyi çatdırmaqdır; və bunu Əli Kərim bacarırdı.

Vaqif Səmədoğlu bu sükutu pozur, amma bağırmır – sadəcə gözlərini döyür, kinayəli bir gülümsəmə ilə baxır və keçib gedir. Onun sərbəst şeiri bəzən küçə səsləri, bəzən stul cırıltısı, bəzən də səhv yazılmış bir məktub kimidir. Amma bu səs-küylərin içində poeziya yatır. O, mükəmməl yazmaq istəmir – təhrifin özünü poetik bir mətnə çevirir. Bir şeirində deyir :

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Vaqifin poeziyasında sərbəstlik – sanki divara söykənmək kimidir. Heç nə etmədən sadəcə dayanmaq və baxmaq. Onun şeirləri gündəlik həyatın bədii parodiyasıdır. O, qafiyədən yox, qafiyəyə düşməkdən qaçır. Çünki həyatın özü bəzən ritmsizdir – və o, bu ritmsizliyi qəbul edib içindən danışdırır. Vaqifin sərbəstliyi tənbəllik deyil, estetik istehzadır. O, poetik avtoritetlərlə danışmır – onların yanından gülümsəyərək keçir.

Vaqif Bayatlı Odər isə sərbəstliyi nə intellektualizmə, nə hissə, nə də ironiya borcludur. Onun şeiri, elə bil, tanrının nəfəsindən düşən sətirlərdir. O, söz yaratmır – ruh yaradır. Onun misralarında məkan yoxdur, zaman yoxdur, ancaq işıq var. Sanki göydə yazılıb, kağıza yox, qəlbə yazılıb. “Mən zalım adamam, kamança " deyərkən bütün kainatı fərqli bir ruh halında, bir ovucluq vərəqə sığışdıra bilirdi.

Sürüşüb alnımdan tanrının əli

daha sən də

sən də ağladammazsan məni

mən zalım adamam, kamança.

Odərin sərbəstliyi bir dua kimidir. Onun sətirlərində nə qafiyə var, nə vəzn, nə də hətta cümlə strukturunun klassik anlayışı. Amma bu strukturun yoxluğu belə, içində elə bir intizam yaradır ki, oxucu susmaq istəyir. O, şeiri danışmır – ruhda səsləndirir. Vaqif Bayatlı Odər Azərbaycan poeziyasında sərbəstliyin mistik qatını yaratdı. Onun poeziyası həm boşluqdur, həm də o boşluğun içindəki sonsuzluq. Onun misraları bir axıntı deyil, bir səma halıdır – tanrısal bir pıçıltı.

Və bu pıçıltı dünya poeziyasının böyük səsilə birləşir. Valt Uitman “Mən özümü oxuyuram” deyəndə, fərdi varlığın sonsuz bir kosmos olduğunu söyləyirdi. Onun sözləri belə idi:

Mən özümü oxuyuram və özümü tərənnüm edirəm,

Sənin nə qəbul etdiyini mən də qəbul edirəm,

Çünki mənim hər atomum sənindir də.

Bu misralarda sərbəstlik yalnız forma deyil, varlıq fəlsəfəsidir. Paul Celan Holokostun xofu içində yazdığı “Qara süd” şeirində sərbəstliyi ağrının nəfəsinə çevirirdi:

Qara süd içirik səhərlərdən,

Axşamlar, günorta, səhərlər…

İçirik içə-içə –

torpaqda bir qəbir qazırıq.

Bu ritmsiz, amma sarsıdıcı poetik dil sərbəstliyin özünü bir xilas vasitəsinə çevirir. T.S. Eliot “Aprel ən qəddar aydır” deyərək sərbəst poetikanı modern dünyanın parçalayıcı hissinə bağladı. Octavio Paz isə yazırdı:

Söz danışır –

və dərhal unudulur.

Amma unudulan

sənin içində qalır.

Bütün bu dünya misraları göstərir ki, sərbəst şeir poeziyanın azadlıq manifestidir. O, təkcə qafiyəsiz yazmaq deyil – qafiyəyə ehtiyac duymamaqdır. O, forma ilə deyil, hisslə ölçülür. Azərbaycan poeziyasında bu hissi dörd nəfər yaşatdı: biri düşündü – Rəsul Rza; biri hiss etdi – Əli Kərim; biri güldü – Vaqif Səmədoğlu; biri dua etdi – Vaqif Bayatlı Odər. Onlar qafiyəni susdurmadılar – sadəcə onun susduğu anı dinləməyi öyrətdilər. Onların hər biri sübut etdi ki, sərbəstlik – bədii səhlənkarlıq deyil, poetik vicdandır. Və bu vicdan, bəzən bir sətirdə, bəzən bir sükutda, bəzən isə heç yazılmayan bir hissdə yaşayır. Söz bitəndə, şeir başlayır – və bu şeir, sərbəstdirsə, içində azadlıq nəfəsi var deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see595

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see527

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see377

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see369

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see360

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see334

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see314

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see301

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see255

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see253

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see247

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see246

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see245

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see243

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see236

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see233

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see223

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see202

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see201

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri