Şəkidə qəsdən yanğın törədərək adam öldürməyə cəhd edən şəxsin cəzası azaldıldı
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Tağıyevin barəsindəki qərardan verilən kasassiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilib. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Tağıyevə təyin edilmiş 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 17 ilə endirilib.
Qeyd: 2022-ci ilin sentyabrında Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin, eləcə də iki tövlənin yanması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb edilib, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Hadisə zamanı ev sakinləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1 400 ot bağlaması yanıb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sonra Rahib Tağıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 8 zərərçəkmiş var.
Kamal Məmmədov


