Səməd Məlikzadə Bu görüş göynətdi məni...
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.

Aman Tanrım! 50 ilə bax!
Bilik və xoşbəxtlik “adası” universitetlə vidalaşdığımız gün elə bil dünən olub. Amma əlahəzrət zamanın təqvimi başqa şeyi xatırladır - o günlə bu gün arasında yarım əsr dayanır. Tələbə yoldaşlarımızın ağaran saçlarına, işığı azalmış gözlərinə, nigaran baxışlarına, bir az donuqlaşmış çöhrələrinə baxanda bu həqiqətə inanmalı olursan.
Payızın o günəşli səhəri çox gözəl idi. Axşam yağan narın yağış hər yanı yuyub təmizləmişdi. Günəşin gülümsəməyi adamın ovqatına bir ayrı sevinc və rahatlıq qatırdı.
Tələbə yoldaşımız Elçinlə görüş üçün onun həyətində dünəndən hazırlığa başlamışdıq.

Əvvəlcə ağsaqqalımız, abimiz Teymur Xas Poladov (Xaçmaz rayonu) gəldi. Həmişə olduğu kimi şıx geyinmiş, qalstuk bağlamışdı. Sonra tələbəlikdən qoşa gəzib-dolanan Elman Qədirli (Oğuz rayonu) və Vaqif Tanrıverdiyev (Gəncə şəhəri) təşrif gətirdilər. Səhər tezdən İsmayıllıdan yola çıxan Lətifə Əliyevanın nəvəsi gözəl Fidanla (BDU-nun hüquq fakültəsinin tələbəsi) gəlişi bizə xüsusi sevinc yaşatdı. Çünki uzun illər İsmayıllının ictimai həyatında fəal iştirak edən və rəhbər vəzifələrdə çalışan Lətifə xanımla çoxumuz tələbəlikdən sonra görüşməmişdik. Qızlarımızdan ən fəalı, heç bir görüşümüzdən qalmayan Şəfəq Nasir bu gün, nədənsə, bir qədər yubandı. Polis polkovniki Arif Hüseynovu da çoxdan görmürdük. O, bu dəfə lap vaxtında gəldi. Hamımızın Qara Ramiz deyə çağırdığımız Ramiz Yusifov isə ayağındakı nasazlığa görə nəvəsi ilə məclis başlayandan az sonra gəlib çıxdı. Sonra....

Bir də onda gördük ki, həyətdəki üzüm çardağının altı tələbə dostlarımızla dolub və necə deyərlər, məclis ahəstədi.
Kiçik bağçanın kənarında manqallar qalanmış, samovarlar odlanmışdı. Öz əlimiz, öz başımız - hərə bir iş görürdü. İşlərin ən çətinini isə ev sahibi Elçin görür, hərəmizi bir işə buyururdu...
Süfrə başına keçəndən sonra əvvəlcə dünyasını dəyişmiş tələbə yoldaşlarımızın adlarını dilə gətirdik və onların xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Sonra xəstəlik səbəbindən görüşə gələ bilməyən yoldaşlarımıza - Azər Abdullayev (Astara şəhəri), Adil Hacıyev (Qəbələ rayonu) və Akif Rüstəmova (Naxçıvan MR, Şahbuz rayonu) Allahdan cansağlığı dilədik.
Və nəhayət, ən gözəl xatirə üçün öz aramızda müsabiqə elan etdik...
...Biri-birimizə baxıb gülümsəyirdik. Mən hər kəsə göz qoyur, danışığını, hərəkətlərini içimdə “hallandırır”, gənclikdəki görünüşünü göz önünə gətirməyə çalışırdım... Görürdüm ki, gözəllər gözəli, mehriban qızlarımızın hörüklərinə, şəlalə saçlarına dən düşüb, günəş kimi çöhrələri azca dəyişib. (Bu sözləri yazmaq indi mənim üçün necə də ağırdı)...

Əvvəlkitək yenə deyib-gülürdük, zarafatlaşırdıq. Lakin bu gülüş o illərin gülüşünə bənzəmirdi, heç bizlər də o bizlər deyildik. Danışanda sözlər ağzımızdan “yorğun” çıxırdı. Və dodaqlarımızdan tez-tez “sağlıq olsun, inşallah” sözləri qopurdu. Sağlamlığımız, ailə-uşaq qayğıları hər dəfə söhbəti üstələyirdi. Oğul-qızdan çox, nəvələrdən danışırdıq...
Aramızda daha o yeyib-içən oğlanlar yox idi. Onların əvəzinə 50 qram vurandan sonra, “mənə bəsdi, həkim icazə vermir” deyib, rumkanı gizlətmək istəyən ahıllar vardı.
İndi hərəsinin bir cibi aptekin filialı kimidi...

Bunlar əlli ilin bizə yaşatdığı ağlı-qaralı günlərin gözlə görünən nişanələridi. İtkilərimiz də az olmayıb. Lakin biz bu həyatı ağrı-acıları ilə birgə sevmiş və yaşamışıq. İllərlə gecələrimizi gündüzə qatıb yorulmaq bilmədən işləmişik, qələmlə kağız üzərində alın yazımızı, təbiri-caizsə, özümüz yenidən yazmışıq. Müvəffəqiyyət faizinə görə təkcə jurnalistika fakültəsində yox haa, universitetdə beş ən güclü qrupdan biri olduğumuz kimi, jurnalist kimi də özümüzü oxuculara layiqincə tanıda bilmişik. Fəxri adlar, mükafatlar çox almışıq. Yazsam uzun siyahı alınar.
Bəli, uğurlarımız çox olub. Bir necə faktı söyləmək yerinə düşər. Öncə deyim ki, çağdaş jurnalistikamızın və ədəbiyyatımızın inkişafında tələbə yoldaşlarımızın xidmətləri az olmayıb. Yazdıqları maraqlı elmi, bədii və publisistik yazıları toplasaq, cildlərlə kitab alınar. Eyni zamanda onlar ötən 50 ildə neçə-neçə gəncin jurnalist kimi formalaşmasına qayğı göstəriblər. Telli Pənahqızı, Adil Atakişiyev (Qaçayoğlu), Rəşid Rüstəmov, Azər Abdullayev, Elçin Mehrəliyev, Elman Qədirli, Vaqif Tanrıverdiyev, Adil Hacıyev, Şəfəq Nasir, Yusif Əliyev, Vəsilə Usubova, Nərgiz Bayramova, Mehparə Axundova, Nailə Hacıyeva, Rövşən Vəliyev və başqaları gözəl yazılar ilə mətbuatımızda iz qoyublar.
Hələ tələbəlik illərində ilk qələm təcrübələrilə oxucuların diqqətini cəlb eləyən Şamxal Rüstəm, Elçin Mehrəliyev, Adil Hacıyev, Rövşən Vəliyev, Telli Pənahqızı, Maşallah Xudubəyli, Allahyar Atayev, Mahmud Qacar, Şəfəq Nasir tərəfindən yazılmış ədəbi nümünələr bu gün də maraqla oxunur.
Teymur Xaspoladov və Nərgiz Bayramova isə uzun illər “AzərTAc”da çalışıb, respublikamızda ən gözəl tərcüməçilər kimi tanınıblar. Mehparə Axundova elmi jurnalistikamızın layiqli davamçılarından biri olub.
Qürurla deyə bilərəm ki, biz iş həyatımızda da fəallığımızla, biliyimizlə, kəsərli sözümüzlə layiqli mövqe tuta bilmişik. Tələbə yoldaşlarımızın çoxu müxtəlif media orqanlarında redaktor və baş redaktor işləyib. Prezident Aparatında, Milli Məclisdə müxtəlif vəzifələr tutan Elçin Mehrəliyev filologiya elmləri doktoru alimlik dərəcəsi adını alıb. Hazırda o, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda çalışır. 10 il “Təfəkkür” Universitetinə rəhbərlik edən Mail Dəmirli, Nərgiz Bayramova, Şəfəq Nasir, Rövşən Vəliyev elmlər namizədidirlər.
Telli Pənahqızı respublikamızda çox sevilən telejurnalist, publisist və şairədir. O, uzun illər Milli Tele-Radio Şurasının üzvü, Tele-Radio Akademiyasının rektoru olub. Son illər Telli Qərbi Azərbaycan televiziyasına rəhbərlik edir.
İsmayıl Ömərov millət vəkili seçilib. O, həm də İctimai TV-Radionun qurucusudur. 8 il bu qurumun ilk baş direktoru işləyib. Elman Qədirli uzun illər İctimai radioya rəhbərlik edib, “AzərTAc”da baş redaktor işləyib. Yaxşı nasir kimi tanınan Rövşən Vəlyev Cəlilabad rayon Partiya Komitəsinin birinci katibi, Azadlıq hərəkatının öncüllərindən olan, gözəl idmançı Həsən Kərimov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azər Abdullayev Astara rayonunda, Vaqif Tanrıverdiyev isə Gəncə şəhərində icra hakimiyyəti başçısının müavini vəzifəsində işləyiblər.
Arif Hüseynov və Akif Rüstəmov Daxili işlər Nazirliyi sistemində polkovnik rütbəsinədək yüksəliblər. Nurəddin Nəcəfov və Adil Hacıyev podpolkovnikdirlər. Onlar Qarabağ torpağı uğrunda ilk müharibədə fəal iştirak ediblər.
Bizlər Tanrının verdiyi ömür payını ora-bura səpələmədik. Hər günümüzü ürəklə, vicdanla yaşamağa çalışdıq. Bəlkə də buna görə çoxumuz ürək ağrıları tapdı. Və bir daha anladıq ki, həyat, doğrudan da, mübarizə meydanıdır.
Bu mübarizə bizə uğurlar gətirsə də, illərlə tələbə yoldaşlarımızı bir-bir itirdik:
Rəşid Rüstəmov (1991),
Musa Nuriyev (2004),
Əli Dibrayev (2007),
Nizami Namazov (2007),
Adil Atakişiyev (2008),
Əlibala İbrahimov (2010),
Qadir Mehdiyev (2010),
Mail Dəmirli (2012),
Allahyar Atayev ( 2014),
Xəlil Cabbarov (2015),
Vəsilə Usubova (2015),
Həsən Kərimov (2015),
Maşallah Xudubəyli (2017),
Şamxal Rüstəm (2019),
Yusif Əliyev (2019),
Nurəddin Nəcəfov (2021),
Mahmud Quliyev ( 2023),
Sevda Hacıyeva (2023),
Mehparə Axundova (2023),
Sədrəddin Həsənsoy (2024),
Rövşən Vəliyev (2025),
Rəhman Məmmədov (2026).
Ruhları şad, məkanları cənnət olsun!
Eh gənclik illəri, gənclik illəri,
Nə gözəl olurmuş çağların sənin.
Kaş bir də yaşayam ötən çağları,
Çəkilə sinəmə “dağların” sənin...
Qəribədi, insan bir vaxtlar sabahına boylanır, yarı yaşı keçəndən sonra həsrətlə keçmişinə. Əgər qocalıq da gənclik kimi insanın qismətidirsə, bəs, niyə indi ürəyimizdə təəssüf çeşməsi qaynayır?... Çünki yazılarımda dəfələrlə qeyd etdiyim kimi, artıq biz zaman qəribləriyik. Çünki ağacdan tökülən yarpaqlar kimi, sağımızda, solumuzda qohum-qardaş, tələbə yoldaşlarımız seyrəlir və biz qəribləşirik...
Tələbə yoldaşlarımla biri-birimizə sarılıb ayrılandan sonra ürəyimdən bu fikir keçdi: “Görəsən 10 il sonra ənənəvi görüşümüzə necə nəfər gələcək?”...
Aman Tanrım, bizləri qoru!





Fotolar: Səməd Məlikzadə
Bu mövzuda digər xəbərlər:Səməd Məlikzadə Ömür kimi xatirələr də həmişə şirin olmur
04 Noyabr 2024 18:24
Söz mühəndisi İsi Məlikzadə 90
19 May 2026 08:38
Çinarə Məlikzadə konsert verəcək: Bilet QİYMƏTLƏRİ
25 İyun 2025 14:09
Çinarə Məlikzadə və Xəzər Süleymanlıdan duet
09 Yanvar 2026 14:52
Səməd Seyidov:
15 Noyabr 2024 15:12
Baxış sayı:46
Bu xəbər 28 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















