Icma.az
close
up
RU
Səməd Vurğunla Əlisa Nicatın fərqi Deyilənlər və deyilməyənlər

Səməd Vurğunla Əlisa Nicatın fərqi Deyilənlər və deyilməyənlər

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Elmir Həsənin yeni yazısını təqdim edir.

Tənqidə təhqirlə cavab vermək bütün hallarda yol verilməz zəiflikdir!
Bəlli məsələdir ki, əksəriyyət küyə düşüb.
Səməd Vurğun tənqid (bir qədər ifrat varıb, təbii ki, bu belə olmalı deyildi) olunub deyə hər kəs Əlisa Nicatın yaradıcılığına yeri gəldi-gəlmədi hücuma başlayıb. Əksəriyyət Səməd Vurğunun yaradıcı fəaliyyətini ön plana çəkərək onun üstün keyfiyyətlərini qabardır. Amma mövzuya obyektiv yanaşma göstərmək yaddan çıxıb, emosiyalar gərilib.
Bəli, Səməd Vurğun sovet dövrü Azərbaycan ədəbiyyatına rəng qatan ədəbi şəxsiyyətdir, onu ədəbiyyatımızdan çıxarsaq, yeni dövr poeziyamızın rəngi payız rənginə dönər.
Azad sözdən, sərbəst fikirdən danışan bəzi insanlar hələ də dərk etmirlər ki, əslində, məhz özləri söz azadlığına dözümsüz yanaşırlar. Yaşlı bir filosofun sərt fikirlərinə qarşı həddən artıq aqressiv reaksiya vermək absurddur. Onların bu davranışı, bir vaxtlar Hüseyn Cavidin, Mikayıl Müşfiqin və digər böyük şəxsiyyətlərin əleyhinə çıxış edib özlərini süni şəkildə ön plana çəkməyə çalışan insanları xatırladır.
Səməd Vurğun 1935-ci ildə “Azərbaycan” şeirini yazdı, bu şeir kiçikdən-böyüyə hər kəsin dillər əzbəri oldu. 1937-ci ildə isə yaradıcılığının zirvəsi “Vaqif” dramını ərsəyə gətirərək Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsini heyrətamiz şəkildə yaddaşlara hopdurdu.
Sənsə həqiqətin ağzına daş bas!
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahü vayları...
Görmüşəm şahların vəfasını mən,
Xanların zülmünü, cəfasını mən.
Görmüşəm zamanın min rüzgarını,
Dustaq anaların göz yaşlarını.
Nifrət! Qan çanağı taclara nifrət!
Var olsun azadlıq, bir də məhəbbət...
Yuxarıdakı misraların müəllifi Səməd Vurğundur və aşağıdakı misraların da müəllifi Səməd Vurğundur.

P.S. “Ədəbiyyat qəzeti” 1937-ci il 16 iyun № 326 (111) sayında Hüseyn Cavidi nəzərdə tutaraq yazdığı “Səadət düşmənlərinə” başlıqlı şeirindən:
Sən ey böyük günlərin adına böhtan atan
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?
Adına millətçilər dedi “Böyük sənətkar”
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr “Hamidi” vurub çilməyə getdin
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın.
Utanmadan Vaqifin, Füzulinin yüzündən
Utanmadın Sabirin “Ay satıram” sözündən
O murdar arzuların torpaqlara gömüldü.
Sənin yaratdıqların özündən əvvəl öldü.
Qəribə deyilmi(??)!
Bu şeirdə mütəfəkkiri həm şəxsi, həm də yaradıcı cəhətdən aşağılayır. Baxmayaraq ki, Hüseyn Cavid Səməd Vurğunun “Vaqif” dramını xüsusilə yüksək dəyərləndirirdi.


Aşağıdakı şeir “26-lar poeması”ndandır və 1935-ci ildə yazılıb. Mart soyqırımının 1918-ci ildə Şaumyan tərəfindən törədildiyindən Səməd Vurğun xəbərdar idi. Bu da təəccüb və sadə ziddiyyət doğurmurmu(!?)
Ağır fikirlərə dalmış Şaumyan,
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onsuz üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Əngin üfüqlərə dikilmiş gözü;
Yad edir Leninin teleqramını;
O dahi rəhbərin hər qızıl sözü
Yandırır qəlbinin sönməz şamını
Səməd Vurğunun yaşadığı dövrü yaşamadan hər hansı formada 100/100 fikir söyləmək bir qədər çətindir ( həm də asandır). Amma Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Ömər Faiq Nemanzadə, Hənəfi Zeynallı və s. Haqqında bir dəfə də olsun təzadlı, qaranlıq məqamlarla üz-üzə dayanmamışıq, nə də onların qıcıq, şək-şübhə doğuracaq hər hansı yazıları ilə tanışlığımız yoxdur. Heç onlarla bağlı ürəyimizin kiçik bucağında belə xırxıra yoxdur. Onlar və onlar kimi digərləri xalqın nəzərində bu gün də cəsarətin, xarakterin nümunəsi kimi yadda qalıb. Nə qədər təzadlı məqamlar olsa da, Səməd Vurğun da Azərbaycan xalqı üçün əziz və doğmadır, xalq onun haqqında dolaşan bəzi söz-söhbətlərə yox, onun yaratdıqlarına daha çox fikir verir, sevir.
Səməd Vurğunun bədii yaradıcılığına əhatəli nəzər yetirəndə onun sovet rəhbərlərinə, yaxud digər proletariatı tərənnüm edən şeirlərində pafosun dozası çox sezilir. Çünki şair özü də yaşadığı dövrün ideologiyasına çox yaxşı bələd idi. Heç kəsin bu mənada Səməd Vurğunun ideologiyaya sadiqliyinə görə onu qınamağa haqqı yoxdur. Bəziləri sərt mövqe tutdular, bəziləri isə yaranmış şərait ilə barışıb yollarına davam etdilər. Lakin reallıqların üzərindən pərdə asmaq aşağı-yuxarı məqbul sayıla bilməz.
Əlisa Nicata gəldikdə qeyd etməliyəm ki, onun fikirləri radikal, fərqli və maraqlıdır, biz öyrənmişik ki, yalnız və yalnız şablon, şirinlik dolu ifadələrlə özümüzdən güclülərin qılığına girək, buna görə də Əlisa Nicatın Səməd Vurğun haqqında olan yanaşmasına bu qədər aqressiv, emosional reaksiya veririk. Əvvəla tanınmış tarixi, ədəbi, siyasi şəxslər bütün dövrlərdə müzakirə obyekti ola bilər. Bəzən – “Ölənin arxasınca danışmazlar” kimi banal təfəkkürlə çıxış edirlər, çox absurd düşüncədir. Hətta siyasi və tarixi durum həmin dövrün ədəbiyyatına və mədəniyyətinə də bir o qədər təsir edir. Bu mənada tənqidi fikir keçərli olsa da, təhqir bütün məqamlarda yolverilməzdir. Hər hansısa yaradıcı və elmi şəxsin yaradıcılığını hansısa fikrindən dolayı toza-torpağa vermək doğru deyil. Bir insanın barəsində müsbət tənqid arxasınca danışmaq sayılmır, ancaq mənfi fikir yürütmək eyib hesab olunur. Təbii ki, yanlış yanaşmadır. Əksinə sağlam, sorğuya aparacaq müzakirələr bütün zamanlarda vacibdir.
Şairlər və yazıçlar arasında ixtilaflar yalnız Azərbaycanda baş verməyib, Rusiyada da kifayət qədər yazıçılar arasında bir-birini tənqid etmə halları çox olub. Məsələn, Dostoyevski Turgenevin yazı üslubunu tənqid edirdi, onu “Avropaya xidmət edən liberal” adlandırırdı. Dostoyevski hətta “Cinayət və Cəza” romanında Turgenevə oxşar bir xarakteri (Pisarev obrazı) satirik şəkildə təsvir etmişdi.
Vladimir Nabokov isə Maksim Qorkini sevmirdi, ümumiyyətlə, sovet ədəbiyyatını bəyənmirdi və Qorkini tənqid edirdi. O, Qorkinin proletar ədəbiyyatını bayağı hesab edir, onu Stalin rejiminin təbliğatçısı sayırdı. Və yaxud Sergey Yeseninlə Mayakovskini misal gətirmək olar. Hər iki şair fərqli ədəbi cərəyanları təmsil edirdi. Yesenin romantik və nostalji ruhlu şeirlər yazırdı, Mayakovski isə futurist idi və inqilabi şeirləri ilə tanınırdı. Mayakovski Yesenini keçmişə bağlı olmaqda, Yesenin isə Mayakovskini sovet ideologiyasına xidmət etməkdə ittiham edirdi. Təbii ki, bu tənqidi yanaşmalar Rusiya ədəbiyyatının inkişafına təsir göstərdi.
Əlisa Nicatın fikirləri ilə razılaşmaya bilərsiniz, bəzi məqamlarda mən də razı deyiləm, lakin onu təhqir etmək, fəaliyyətini heçə saymaq gülüncdür.

Ola bilər ki, onun fikirlərini bəyənməyənlər var, amma bu, onu hörmətsiz ifadələrlə aşağılamağa əsas vermir. Məncə, xamilyon baxışlara öyrənməliyik. Tarix boyu böyük şəxsiyyətlər belə haqsız hücumlara məruz qalıblar, lakin onların əsl dəyərini zaman müəyyən edir.

Amma Əlisa Nicatın da təbii ki, yanaşmaları arasında bəzən uyğunsuzluq nəzərə çarpır. Əvvəlcə sonuncu müsahibəsinə diqqət yetirək:

“...repressiya qurbanlarını Bağırov tutmurdu. Onların siyahısı Moskvadan gəlirdi. Bağırovu müqəvva kimi oturtmuşdular.1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb” .
Əgər Bağırov müqəvva idisə, niyə “100 ən böyük azərbaycanlı” kitabınızda onu 3-cü sıraya çəkərək Azərbaycan üçün yüksək dəyərini vurğulamısınız. Nədən, “qədirbilməzlər” məqalənizdə Üzeyir bəyi repressiya dövründə Mircəfər bağırovun dəyişməz münasibətinin xilas etdiyini yazırsınız(??) – əgər O, gücsüz idisə... Üzeyir bəyi xilas edən Mir Cəfər Bağırov Hüseyn Cavid başda olmaqla digər istedadlı şairlərimizi də xilas edə bilərdi, amma O, bunu bacarmadı(!) Daha sonra “Tarixin qürubu” romanınızda 3-cü sıraya saldığınız üçün təəssüflənərək yazırsınız: “Amma əgər haçansa həmin kitabı bir də nəşr etdirmək imkanında olsam, qətiyyətlə birinci onluğu tutan şəxsiyyətlərimizi belə düzərdim:

1. Üzeyir Hacıbəyov
2. Mir Cəfər Bağırov
3. Nəriman Nərimanov
...
10. Nizami “. Daha sonra Üzeyir Hacıbəyovu Azərbaycan xalqından böyük şəxs hesab edir. Görəsən, Əlisa müəllim bilirmi ki, Üzeyir bəyi Azərbaycan xalqı yetişdirib?!
Üstəlik, sovet dövründə yazılanları ədəbiyyat hesab etmir, yaltaqlıq nümunəsi kimi qiymətləndirir, amma Əlisa müəllim çox yəqin fərqinə varmır ki, sovet dövrü ədəbiyyatı Azərbaycan ədəbiyyatının əsasını təşkil edir, “Qılınc və Qələm”, “İki od arasında”, “Dumanlı Təbriz”, “Vaqif” dramı, “Dəli Kür”, “Çaldıran döyüşü” və s. əhəmiyyətli əsərlər məhz həmin illərdə qələmə alınıb.
“Mirzə İbrahimovlar, Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Hüseyn Abbaszadələr, Əbülhəsənlər – hamısı cəfəngiyatdır”, – (Əlisa Nicatın sonuncu müsahibəsindən)

Mirzə İbrahimov sovet dövründə dil uğrunda canını təhlükələrə atmaqla yanaşı Azərbaycan SSR Konstitusiyanda Azərbaycan dilinin dövlət dili elan olunması uğrunda bütün qüvvəsi ilə çalışmışdır. Bununla bağlı 1956-cı ildə SSRİ MK-nə 1 səhifəlik məktub göndərir:
“Hazırda Azərbaycan dili hər cəhətdən çox inkişaf etmişdir. Sovet dövründə əldə etdiyimiz böyük qələbələrdən biri Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasıdır. Bu vəziyyət respublikanın konstitusiyasında əks olunmalıdır. Buna görə də konstitusiyamızın 13-cü fəslinə Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin əlavə olunmasını lazımlı və faydalı bilirəm”

Əlisa Nicatın yaradıcılığı və araşdırmaları geniş və çox cəhətlidir. Tərcüməçi və yazıçı Əlisa Nicatın yaradıcılığında diskursiv və postmodern tənqid üstün keyfiyyətə sahibdir. Mütərəqqi fəaliyyətlərindən biri ondan ibarətdir ki, daim Azərbaycan və dünya musiqi sənətini araşdırmış və müxtəlif məqalələrlə çıxış etmiş və problemlərə əsasən tənqidi mövqedən yanaşmışdır. O özünün “Sahibsiz Üzeyir bəy” məqaləsində dahi bəstəkar Üzeyir bəyi iki böyük bəstəkarla – Motsart və Bethovenlə müqayisə edir. Və qeyd edir ki, Üzeyir Hacıbəylinin əsərlərindəki dərin, gözəl və parlaq melodiyalar onların musiqilərinə nisbətdə dəfələrlə yüksəkdir. Ümumiyyətlə, yazıçıya görə Üzeyir Hacıbəyli Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətdir: “Sən axı yalnız böyük yox, böyüklər içində də böyüksən”.

Yazıçı və filosof eyni zamanda 1982-ci ildə yazdığı “Üzeyir Hacıbəyov və Qara Qarayev” yazısında dahi bəstəkarla Qara Qarayevi haqq dünyasında üzləşdirir. Həmin məqalədə:

“Üzeyir bəy – Hə, Qara bala, gəldin? Niyə belə tez?
Q.Qarayev – Bəli, Üzeyir bəy, gəldim. Demək olar ki, eyni qədər yaşadıq.
Üzeyir bəy – Eyni qədər yaşadıq, amma əməllərimiz başqa-başqa oldu.
Q.Qarayev – Necə bəyəm, Üzeyir bəy?
Üzeyir bəy – Elə bilirsən nələr elədiyini görən olmayıb. Azərbaycanda hələ çoxları sənin kimi xəbis əməllərini yaxşı-yaxşı çıxışlarla ört-basdır edib elə bilirlər ki, öz müasirləri kimi gələcək nəsilləri də aldada biləcəklər. Amma bilmirlər ki, hələ gələcəyi aldadan insan dünyaya gəlməyib. Nə qədər hiyləgər və məkrli olsa da.
Q.Qarayev – Üzeyir bəy, bu sözlərin bilmirəm mənə nə dəxli var. Mən axı öz əməllərimdə elə bir məkrli iş görmürəm.
Üzeyir bəy – Çünki Aristokrat ailədə böyüsən də ruhən miskin adamsan. Bir az istedadın vardı, onu da cavanlığında “Leyli və Məcnun”la, “Yeddi gözəl”ə sərf elədin, sonra da yolunu azdın, başladın musiqimizi zibilləməyə.
Q.Qarayev – Bax, bəy mənim axı başqa əlacım yoxdur.”

Ümumi olaraq həmin yazıda Üzeyir bəylə Qara Qarayev o biri dünyada xəyali qarşı-qarşıya gətirilir və müəllif yazıda belə qənaət yaradır ki, əgər Üzeyir bəy Qara Qarayevin bugünkü vəzifə, yanlış seçimlərini görmüş olsaydı, ona qarşı nifrətlə yanaşardı.
Əlisa Nicatla Səməd Vurğunun fəaliyyətinə nəzər yetirdikdə kifayət qədər təzadlı mövzularla üzbəüz qalırıq. Lakin Səməd Vurğunun poeziyası qədirbilən xalqımızın nəzərində yəqin ki, həmişəyaşar qalacaq, yaradıcılığının böyüklüyünə baxmayaraq, müəllif şəxsiyyəti barəsində subyektivlikdən uzaq, dolğun nəticələr çıxarmağı öyrənəcəklər. Əlisa Nicatın isə tərcümələri, esseləri, publisistik və bədii fəaliyyəti, fəlsəfi fikirləri bu gün də rəngli və maraq doğurandır. Onun “Qızılbaşlar”, “Tarixin qürubu”, “Gəncəli müdrik”, “100 böyük azərbaycanlı” və s. əsərləri düşünməyə vadar etməklə yanaşı, ortaya fərqli baxış qoymaq üçün vavib əsərlərdir. İstər Azərbaycan dilinin, ədəbiyyatının inkişafına böyük töhvə vermiş Səməd Vurğunun, istərsə də yazıçı Əlisa Nicatın dəyərini və nüfuzunu heç bir halda kölgə altına salmaq olmaz.

Mənim üçün çox aydın məsələdir ki, cəmiyyətimiz hələ də orta əsrlərin Şərq fanatizmindən ayıla, sağlam mühakiməyə yönələ bilməyiblər. Bu da təəssüf doğurur.
Ədalət budur ki, heç kim reallığın üzərinə süni pərdə çəkməməlidir. Səməd Vurğun bu gün həyatda deyil deyə bu, onun haqqında müxtəlif fikirlərin və tənqidlərin səsləndirilməsinin mümkünsüz olduğu anlamına gəlmir.
Eyni şəkildə, Əlisa Nicatın əsərləri də hər kəsin zövqünə, düşüncəsinə uyğun olmaya bilər. Lakin bu, onun zəhmətini, intellektual irsini silmək üçün bəhanəyə çevrilməməlidir. Düşünən insan müzakirə edər, mübahisə aparar, arqumentlərlə çıxış edər.

Erməni söhbəti mətnə banallıq qatır - Hekayə müzakirəsi "Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı İradə Musayeva vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see138

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see138

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see138

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see134

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see126

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see125

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see124

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see124

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see120

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see119

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see118

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see118

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see112

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see108

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see108

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri