Şəmkir sakini dövlət tərəfindən ayrılan dərmanları ala bilmədiyini deyir, qarşı tərəf isə… ŞİKAYƏT
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəmkir rayonu, İrmaşlı kənd sakini Məmmədov Əfsələddin Cəbrayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında çalışan Roza həkim dövlət tərəfindən ona ayrılan dərmanları vermir:
“Mən, Məmmədov Əfsələddin Cəbrayıl oğlu, yazaraq bildirirəm ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dializ xəstəsi kimi qeydiyyatdayam. Amma iynə-dərmanlarımı vermirlər. Mənə qan iynəsi verilmir.
Həkimə deyirəm ki, ölürəm, vəziyyətim ağırdır, cavab verir ki, “ölürsən, cəhənnəmə öl”.
Hər ay mənə “Albumin” dərmanı verilməlidir, amma vermirlər.
Ciyərimə su yığılıb, dözə bilmirəm. Nəfəs darlığı yaşayıram”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əlaqə saxladıq. Bildirdilər ki, Şəmkir rayon sakini Məmmədov Əfsələddin Cəbrayıl oğluna hər ay albumin HGB yoxlanılaraq protokola uyğun olaraq təmin edilir:
“Pasiyentin sentyabr ayı üzrə də albumin nəticəsi 3.71 olub və həkim-nefroloq tərəfindən 4 ədəd albumin ay üzrə - 04.09.2025, 11.09.2025, 18.09.2025, 20.09.2025 tarixlərində protokol qaydasına uyğun olaraq təmin edilib”.
Jalə FAMİLQIZI


