“Şər şənbə” dilemmasının poetik inikası
Moderator-dan alınan məlumata görə, Icma.az bildirir “Şər şənbə” dilemmasının poetik inikası.
Şər şənbəyə bənzəyəmməz hər şənbə;
Onun adı ŞƏR Şənbədir, Şər Şənbə...
Haqqı aradan götürən, nahaqqın ortağı olan qırğının özünü sübutu 20 Yanvar faciəsində reallaşdısa, onun bədii əksi Yusif Nəğməkarın “Şər şənbə” poemasında ifadəsini tapdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qətliam əliyalın əhalini, təbii ki, gözlənilməz, arzuolunmaz dilemma qarşısında qoymuşdu. Əsər bütövlükdə bu dilemmanın ürək ağrısı ilə yazılmış bədii inikasıdır. “Ön ün” bölümü ilə başlayıb, “Son ağı” və “Son ün” bölümləri ilə tamamlanan əsərdə “Zülmət dumanlı iyirmi yanvar günü Sübhün açılması nigarançılığında Gözümüzlə od götürdük” – söyləyən müəllif həmin anların inkaredilməz məşəqqətlərini dilə gətirir. “Qırğın” rədifli gəraylıyla başlayan əsərin əvvəlində şair qırğının bütün “leksik mənasını” ortaya qoyur. Bu sözün incələnməsi “imperiyanın xilas üçün çaldığı çırtıq, NATO-nun sevinc payından atılan artıq” anlamlarının sübutu olur.
Varlığı buz dəmirlərin ayaqları altında əzilmiş cavan bədənlərin, bükülməz qolların, isti damarların qaranlıqlar içrə zəhərlənən sübhə doğru güllələnmiş şəhərdə yaratdığı vahimənin qorxuncluğu poemanın hər sətrində göz önündə dayanır. Dərdə sarı üz-üzə, ürək-ürəyə boylanan insanların azadlıq istəyinin qarşılığının bu cür verilməsi ədalətsizliyin tarixinə qanlı hərflərlə yazıldı. Bu yazının mürəkkəbi Qarabağı istəyən ermənilərin və “Babəklərin torpağı Sumbatlara verilsin” - deyən mərkəzin planlarıyla əlbir idi. Müəllif həmin əlbir canilərin hansı məkandan idarə olunduqlarını, hansı mənsəbə xidmət etdiklərini oxucudan gizlətmir:
Bu qana tay-bərabər,
Əvəz görmürəm hələ.
Bir yandan da Kremil –
Mərkəz deyilən tələ.
Axıdılan qanlara göz yuman Mərkəz üçün haqqın nahaqqa basılmağının, tarixin tərsinə yazılmağının fərqinin olmadığının səbəbini yazar cəsarəti ilə dilə gətirir. Yalan yayan gopxana rolunu oynamaqdan başqa işi olmayan “İzvestiya”, “Vremya” kimi mətbu orqanlarının erməni lobbisinin caynağında süzməsi, qəzetlərə yalan-palan düzməsi onları təminat gölündə üzdürsə də, yurdumuzu qondarma xəritələrlə bölməsi ürək ağrısı ilə əsərə yansıyır.
Poemanın ən şifrələnmiş, bütün siyasi oyunların əsl üzünü göstərən hissəsi “Əlac” adlı bölümdür. Müəllif Münəccimoviçə həm həqiqətin, həm də ritorikliyini itirmiş sualların suallarını ünvanlayır. “Əlacı qırğında tapdın, neyləyək? Qırılan qırılsın, sən salamat ol” hikkəsiylə şovinist ürəkli çoxbilmiş yazığa borclu-borclunun sağlığını istəyər xəbərdarlığını edir.
Nəyə gərək imiş bu qədər him-cim?!
Hiylədir yaramaz qəsdin ortağı.
Əlacı qırğında görən münəccim,
Vuranla vur deyən yarıdır axı…
“Əlac”ın şifrəsini çözdükcə yaramaz qəsdin ortağına çevrilmiş hiylənin mahiyyətinə vaqif oluruq. Onun mahiyyəti öz azadlığı uğrunda mübarizə aparan xalqa qarşı qırğın törətməklə əyan olur. Amansızlıqla törədilmiş qırğın bütün problemlərin “əlacı” olaraq zühur edir. Dövlət idarə etməsinə tətbiq edilən “əlac” əlacsız qalmış xalqın nicat yoluna təkan verir. Ən sonuncu qorxutma vasitəsini ən birinci işə salan imperialistlər özlərinə başqa seçim qoymadılar. Diri-diri tankın alına atılan bir xalqı başqa nə ilə hədələyə bilərdilər ki. Poemadan da göründüyü kimi, rəhbərlərin üz tutduqları “əlac” özlərini əlacsızlığa yuvarlayır.
Təzə-tər ölümlər doğan güllələrin azadlıq eşqini güllələdiyi Şənbə gecəsində Vətən deyənləri zirehli maşınların təkərləri altında xıncım-xıncım etdirən Yazovun alnından öpərək, ölkəni qaydaya salan Mixail Qarbaçovun bu qaniçənliyi hiddətlə qələmə alınır:
O göl gölməçədi, yoxsa qızıl qan?
Kəsilmiş ayağın bir tayı hanı?!
Varsa bacarığın, a meyit yığan,
Əzilmiş bədənin başını tanı.
Şair lüləni özünə tuşlayan ordunun əlində heybətli görünən dəmir tanka müraciət edərək ona kimlərin əlində qul olduğunun fərqinə varmasını məsləhət edir. Gurultusu yerləri, göyləri didən tanka nifrətindən güclü olmadığını bildirir. Ümidi silahlı, əli yaraqsız bir xalqın vətən səmasında “qanad açan” güllələrə tuş edilməsi, Bakının neftiylə yeriyən tankların Bakıyla haqq-hesab çəkməyə gəlməsi poemada inandırıcı şəkildə ifadəsini tapmışdır. Sərvətləri talanıb, qarşılığında layiq olmadığı şəraitdə yaşamağa məhkum edilmiş bir toplumun ədalət tərəzisi sözünü belə deyir:
Kimin tərəfində dayanacaq düz?
İnsaf ilahidən, tərəzi haqdan…
Əgər “haqq-hesab”a qalsa, onda biz
Gərək süd gölündə üzəydik çoxdan.
Sosialist Bakısının qan işığında məhzun görkəmlə şairin üzünə baxması o səksəkəli günlərin portreti kimi bədii dona bürünüb. Qeyrəti düşmənə göz qırpmayan Turan övladlarının o taylı, bu taylı Azərbaycan olaraq ayrı salınması həmin müsibətlərin təməli kimi xatırladılır. Bir millətin, bir dövlətin iki yerə parçalanmasında xarici amillərin təsiri qədər daxili amillərin də olduğunu gizlətmir. Yeri gəldikcə ümummilli problemlərə də diqqət çəkir:
Dağ boyda xiffətdən ürəyim əsdi,
Yaman yazıq olduq – hürkək, qorxacaq.
Yalvara-yalvara yaxıldıq, bəsdi,
Bəs Turan ayağa haçan qalxacaq?
Və ya
Tənhayam başımın bəlasıyla mən,
Düşüb qandaşlardan aralı yerim.
Birliyin dadını hələ bilməyən
Müsəlman dünyası - yaralı yerim…
Əvvəlki bənddə XX əsrə Turan qurmaq amallarıyla daxil olmuş türklərin əsr boyu ruslar tərəfindən əsarətdə qalmasının səbəblərinə kinayə aşkardır. Türkün qüdrətinə sığınmaqdansa, rusun mərhəmətinə yalvarmağın nəticəsinin bundan ötə olmayacağını anızdırır. XX əsrə Osmanlı imperiyasından başqa müstəqil dövlətlə qədəm qoya bilməyən türklərin, əsri yola salanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi müstəqil dövlətləri vardı. Azərbaycanın müstəqilliyə gedən yolunun gerçəkləri müraciət etdiyimiz əsərin yazılmasına səbəb olmuşdu. Sonrakı bənddə isə müxtəlif etnik tərkiblərdən yaradılmış müsəlman dünyasının birlik sözünün həndəvərinə də gəlib çata bilməməsinin ironiyasını görürük.
Əsərdə o Qara Gecə, beynəlmiləl havaların qan meydanında qol açıb oynadığı an kimi yozumlanır. Biz də oyundan kənarda qalmamışıq: “Dirijor” çubuğu qalxıbsa necə Güllə qabağında oynadılmışıq”. Bu həqiqətin dünyadan gizlədilməsi üçün müsibətin həndəvərinə minbir qadağadan çəpər çəkilməsinə də şair biganə qalmır:
Xəbər gözləyirdi ellər, obalar,
Meyit sərgisini hələ görən yox.
Gen dünya olmuşdu başımıza dar
Xəbər yox, Xəbəri düz yetirən yox.
Xəbərsizliyin niyəsi gerçəkdə necə idisə, əsərdən də eləcə boylanır. Gecə yeridilən diviziyanın önündə neçə doğru zənnin yanılmağı ortaya ağlasığmaz həqiqət qoymuşdu. Elə bir həqiqət ki, heç onun sahibi də öz əməlinin doğruluğunu etiraf etmək istəmirdi. Bunun poetik təqdimi də əsərdə orijinallıqla əks olunur. Dünənki olmuşu sabah olacağı bilməkdən çətin olan bir zamanda köksü partladılmış televiziyanın dilinin kəsilməsi, qəzetlərin nəşrinin dayandırılması həmin həqiqətin özü idi.
Qırx ildir Bakıda yaşayan xadimə Valyanın da qırğın günü fəryadını gizlədə bilməməsi, poemada insanlığa tutulan yas kimi mənalandırılır. Qeyri millətdən olan bu qadın rus oğlu rusa “dayan” deyərək yalvarır. Qırğına qərq etdiklərinin faşist müharibəsinə oğul verən xalqın övladları olduğunu onun yadına salaraq “Sənə daş atmayana Top atırsan, ay oğul” sualını verir, “Çiynindən götürüb örpəyini o Əsgərin üzünə çırpır qəzəblə”. Qanunsuz qanuna baş əyib gələnlərə öz millətindən olanların da haqq verməməsi əsərdə Azərbaycanın haqq səsi kimi təqdim edilir.
Şəhidlərin dəfn səhnəsində sellənən göz yaşlarından yerin qəddinin əyilməsini mübaliğə yox, mübaliğəsiz reallıq kimi qəbul etmək lazımdır. Çünki əsərdə göstərildiyitək o günlərdə tabutların altında Azərbaycan yeriyirdi. Qanunlara sığmayan bu tabutların yerə də sığmayacağı gömülməzliyin simvolu kimi əks olunur. Yaddaş çəmənimizdə qərənfillər bitirkən bağda, baxçada qərənfil axtarmağın əbəs olduğunu söyləyən müəllif bəla yönü bir ikən dərdimizi min yerə yozmamağa çağırır, qərənfil sözünün qazandığı yeni sinonimlərə bir neçə bənd həsr edir:
Qərənfil, gül libaslı
Ən zərif suçumuzdur.
Qərənfil, bu torpağa
Bizim qan borcumuzdur.
Bu əsərdə Yusif Nəğməkar varlığı sözündən öncə talanan, gözünün yaşında ay batan Bəxtiyar Vahabzadənin “Gülüstan” və “Şəhidlər” poemalarından da sitatlar gətirir. Onun akademiyaya üz tutaraq növbədənkənar sessiya çağrılmasını tələb etməsi, pərən-pərən düşən deputatlara radiodan səslənməsi inamla cəsarətin təntənəsi kimi ifadə olunur. Oradan çıxarkən sovet generalının təqibinə məruz qalan şairin onun üzünə tüpürməsini vəsf etməsi, poemanın özəlliyini daha da qabardır. Yırtıcı yağının yad sifətinə tüpürmək şəhidlik mərtəbəsi kimi xarakterizə edilir.
Poemadakı dirilərin fəryad səhnələri ilk gündəki qüdrətini saxlayır, ağrılar o qədər təsirli ifadə olunub ki, şəhidliyin bütün müqəddəratını özündə cəmləşdirib:
Hər məzarda güllə yeri,
Xalq boyayıb güllə yeri.
Oxşa, oxşa şəhidləri,
Hər gün ağı deyən ana.
Hər gün ağı deyib fəryad qoparan bir ananın naləsi yüzlərlə şəhid anasının ümumiləşdirilmiş obrazı kimi çox qüvvətli yaradılıb. Eləcə də, gecəbəgündüz yer üzünü gəzən şəhid ruhlarının əbədi haqqa qovuşmaqları onların doğal haqlarıtək sözə bənd edilib. Poemada şəhidlərin itkisindən doğan göynərti hiss olunsa da, “Bilirəm hər biri məqam yetişsə, Təzədən şəhidlik libası geyər” – inamı da danılmazdır. Əsərdə Birinci, İkinci, Üçüncü, Yeddinci və Qırxıncı şəhid ruhunun dilləndirilməsi təsadüfi deyil. Bu həm də müsəlman yas mərasimlərinin ardıcıllığına işarədir. Əsərdə ölümüylə İlhamına yetə bilən, torpağa üz qoymağı həsrətdən ötə bilən Fərizənin ruhu da digər ruhlar kimi ürəyini boşaldır. Azərin ruhu da öz ağılarında fərdi olduğu qədər, ümumidir:
Meydanlar yaratdıq Bakıda bir vaxt,
Ad verdik: “Qələbə”, “Sülh”, “Qızıl ordu”…
Məni “Qızıl ordu” adını öyüb
Nazını çəkdiyim meydanda vurdu” –
deyərək fəryad edir. İlqarın ruhu gülüşün güllə unamadığını, güllənin isə uşaq tanımadığını haray çəkir. “İlqarın ölümü yox, Ölüm, İlqarın hanı?” - sualı o gecə həyatından məhrum edilmiş uşaqların müsibətini təcəssüm etdirir. Naməlum ruhun fəryadı isə daha ürəkyaxıcıdır:
Şərəfdi qorumaq ana vətəni,
Şəhid ölməsəydim, şəhid qalardım.
Adımla ağlayan olsaydı məni,
Barı eşidərdim, rahat olardım.
Bu naməlum ruh özü özünə elə bir ağı deyir ki, yaşam ölümsüzlüklə, ölüm əbədiyyətlə əvəzlənir. “Məni doğan ana önümdən keçib, Qonşu məzarlarda məni axtarır” - fəryadı ilə tək o naməlum şəhid ruhunun yox, eyni aqibəti yaşayan başqa ruhların da ümumiləşdirilmiş obrazı yaradılır. “Mənim körpə balam qəbrimə baxıb – Yazığın kimliyi bilinmir, - deyir” – misralarında nəinki şəhid olmuş bir ailə başçısının, həmçinin müəmmalar içində ömür sürməyə məhkum edilmiş uşaqların valideyn axtarışları da ifadə olunub. “Bəlkələr”in əbədi suallarına yuvarlanmış ailələrin aqibəti hər misrada təsirini saxlayır:
Acı bəlkələrin incik ədası
Əyər başdaşını, üzər meyiti.
Bəlli doğmaların “heyif” nidası,
Məlum məzarların xoşbəxtliyidi.
Öz doğmasının məzarını bilmə “xoşbəxtliyinin” bədbəxtliyi də poemanın bir ayrı tərəfinin əksidir. Yalnız öz doğmalarının deyil, bütöv millətin doğması olan şəhid ruhları elin bütövlük rəmzi kimi təqdim edilir:
Saxta sifətləri üzlətsələr də,
Gözlərəm gözümü gözlətsələr də,
Saymaram sayını gizlətsələr də,
Bütöv bir elimdir şəhid ruhları.
Poemanın “İttiham” bölümündə şair qanunun əzənlər iradəsinə qul olmasına qarşı çıxaraq, xalqına qarşı törədilmiş bu cinayətin cəzasız qalmasına üsyankar mövqe nümayiş etdirir. “Bəs qırğının cəzası Hanı, möhtərəm hakim?!” – sualı müxtəlif formalarda dəfələrlə caninin yaxasından yapışır:
Ümid ona qalıb ki,
Ya dinməyən lal kimi,
Ya da müqəvva kimi
Elə hər şeyi öyək.
Nə ad verək bunlara
Bu formaca əsilsiz
Bu məzmunca sosialist
Qırğınına nə deyək?!
Əslində şair bütün əsər boyu bu qırğının məzmununa da, formasına da layiq olduğu qiyməti verib. Belə bir faciənin ilahinin qüdrəti ilə baş verməsinə inanmaq istəməyən müəllif sorğunu düz hədəfə ünvanlayır:
Yerin buz sinəsini
Yandırıb yaxdı qanım.
Haqq necə taptalandı-
Gördünmü, Yaradanım?!
Bəndələrin adi gözlə görüb heyrətləndiyi bir dəhşətə allahın seyirçi qalması mümkünürmü? Bu adi bir davranış norması ola bilərdisə, o zaman müəllifin bütün qanun-qaydalara etirazı qəbul ediləndir, hər yanlışa öz doğruları ilə münasibət ədalətlidir:
Qanunlar bolluğunda
Min dərd, ələm çəkirəm…
Mən belə qanunların
Üstdən qələm çəkirəm!

Gülnar Səma

