Icma.az
close
up
RU
Şərəfli ömrün akkordları

Şərəfli ömrün akkordları

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əziz və əvəzedilməz qardaşım, şüurlu həyatım boyu dostluq və sədaqət, etibar və düz ilqarın nə olduğunu səndə gördüm, sənin daxili aləminin zənginliyinə şahid oldum, səninlə bir məktəbdə oxuduğum, bir kəndə beş il ayaq döydüyüm üçün özümü dünyanın ən şanslı insanı sandım və şükürlər olsun ki, zərrə qədər yanılmadım.

Səninlə tanış olanda uşaq idik, qayğısız-dərdsiz xoşbəxt uşaqlıq illərimiz bir keçdi, böyüdük, başqa-başqa şəhərlərdə təhsil aldıq, mən Leninqradda, sən Bakıda. Qayğılar başladı: ev-ailə, qarğaşa, iş… amma səni ilk dəfə necə gördümsə, eləcə də qaldın—qayğıkeş, mehriban, gülərüz, dostcanlı, ailəcanlı. Sən elə yerdə işləyirdin ki, hamının-qohum-əqrabanın, dost-tanışlarının işi düşərdi, köməyə ehtiyacı olanların birini də naümid qaytarmırdın. Ona görə də dostların getdikcə artır, artdıqca da sənin qayğıların artırdı. Səbrinə, dözümünə heyran olmayan yox idi. İllər keçəcək, böyük vəzifələrdə çalışacaqsan, bərkə-boşa düşəcəksən, amma həmən təmkin, həmən dözüm, həmən səbir…Həyat yolları heç də hər zaman hamar olmur, enişi olur, yoxuşu olur, fəqət sənin fil dözümün, sənin səbir kasan heç zaman yox olmayacaq, əksinə, daha da mətinləşəcək, daha da etibarlı və sədaqətli olacaqsan. Bu gözəl günündə, ömrümüzün ahıllıq dövründə - 70 yaşında başımıza gələn qəzavü-qədəri xatırlatmaq istəməzdim, amma ən ağır günündə-illərində də səbrin tükənmədi, kimsəyə asi olmadın, sənə təskinlik verənlərə özünəməxsus ağayanalıqla “alın yazımdır”- dedin.

Məhkəmədə haqsız verilən hökmü dinləyəndə “son sözündə” dediyin cümlələr aydın səmada çaxan şimşək kimi məhkəmə zalında olanlarla bərabər başını qaldırmadan yazılmış o hökmü oxuyan hakimi də diksindirdi: “Son 28 ildə Ulu Öndər Heydər Əliyev ideyalarına, onun davamçısı olan İlham Əliyev siyasətinə heç bir halda dönük çıxmaram, bu illərin sınağından çıxmış sədaqətli mövqeyim məzara qədər də dəyişən deyil.”

6-cı ilə keçir məhbəs həyatın, amma bu gün də eyni mövqedən bir zərrə də olsun, dönmədin, qürurunla, mərdliyinlə bu ömrü əvvəldən necə yaşamısansa, elə də davam etdirirsən. Sənin sözünə bütöv, alicənab qardaş olduğunu bildiyimdən, bunlar mənim üçün yeni deyil. Səni özüm kimi tanıdığımdan qətiyyətlə deyirəm: Sən əsl Vətəndaşsan, etibarlı və sadiq dostsan. Kitablarının birində hələ gənc yaşlarından yazdığın “Gündəlik”dən bəzi hissələri vermişdin. Dostluğa aid bir fikrini xatırlatmaqda məqsədim özümün etibarlı dost olmağımı göstərmək yox, sənin əsl dost olduğunu vurğulamaq istərdim. Yazırsan ki:

“Dostluğa aid öz həyatımdan bir misal da çəkim. Əlövsət Ağalarovla orta məktəbdə bir yerdə oxumuşuq. O məndən bir sinif yuxarıda oxuyurdu. 13-14 yaşa çatanda dostluğa başladıq, özü də bu estafeti əsl dostluq eləyən atalarımızdan qəbul etmişdik. Onların dostluğu rayonda hər kəsə bəlli idi, hamı onları nümunə göstərirdi. Elə mən də hər zaman olduğu kimi, bu gün də Əlövsətlə dostluğumdan qürur duyuram. Sonra mən Bakıda, o isə Leninqrad Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almağa getdik. İndi o, “Azərnəşr”in baş redaktorudur, dostluğumuz əvvəlki qaydada davam edir. Çünki Əlövsət sınaqdan çıxmış elə bir dostdur ki, adama heç vaxt arxa çevirməz, yarı yolda qoymaz, xüsusən də dar gündə…10 dekabr 2009-cu il.”

Nə danım, həyatmda özüm haqqında bundan qiymətli və qürurverici sözlər eşitməmişəm. Bu dostluğu sən başladın, əziz qardaşım, sən davam etdirdin, hazırda da sən yaşadırsan! Mən sadəcə, sənə oxşamağa çalışıram, səndən nümunə götürürəm. Çünki sən dostluğun zirvəsisən, nüvəsisən, dostluğun özüsən! Sən hətta bu gün də harada olmağının fərqində olmadan dostlarını itirib- axtarırsan, məsləhətə ehtiyacı olanlara məsləhət, köməyə möhtac olanlara hər cür köməyini əsirgəmirsən.

Sənin bu məziyyətin təkcə ölkə daxilində deyil, işlədiyin bütün ölkələrdə də özünü büruzə verdi. Avropanın dörd ölkəsində Səfir olanda təkcə orada şəxsi dostlar qazanmadın, ölkələrin özünü də Azərbaycanla dostlaşdırdın. Dostluğun orada da bəhrəsini Verdi- respublikamızı, millətimizi tanıtdırdın, görkəmli adamlarımızın adlarını əbədiləşdirdin, olduğun ölkələrə sevdirdin. Rumıniyaya səfir təyinatından qısa müddət sonra ailə büdcən hesabına Ulu Öndərimizin abidəsini mərkəzi Tey parkında ucaltdırdın, rumın dilinə bərbad tərcümə edilmiş müqəddəs kitabımız Qurani-Kərimi yenidən tərcümə etdirib əhaliyə payladın, onlarla böyük şair və yazıçılarımızın ən gözəl əsərlərini rumın dilində nəşr etdirdin. Bu danılmaz xidmətlərini sonrakı təyinatlarında da davam etdirdin. Serbiyanın paytaxtı Belqrad şəhərinin Taşmaydan parkında Ulu Öndərimizin möhtəşəm heykəlini ucaltdırdın. İndi o park Azərbaycanın bir parçası olaraq, şəhər əhalisinin sevimli istirahət yeridir. Bununla da kifayətlənmədin, Serbiya universitetlərinin birində “Heydər Əliyev” mükafatı təsis etdirdin, indiyə qədər o mükafat əlaçı tələbələrə verilir. Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açdırdın, səfirliyimizə gedən küçəyə Xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsinə nail oldun, Azərbaycan ədəbiyyatının, elminin görkəmli əsərlərini serb dilinə tərcümə etdirdin, dahi bəstəkarımız, milli-mənəvi sərvətimiz, dünya şöhrətli Üzeyirbəy Hacıbəylinin əzəmətli heykəlini Serbiyanın ikinci böyük şəhəri Novi-Sadda qoydurdun, məscidi təmir etdirdin. Eyni fəaliyyətini Monteneqroda da, Bosniya və Hersoqovinada da şərəflə davam etdirdin-Monteneqronun paytaxtı Podqoritsada dahi Hüseyn Cavidin büstünü Kral Parkında ucaltdırdın, səfirliyimizə gedən küçənin adını Bakı küçəsi adlandırmağa nail oldun. Sarayevoda möhtəşəm “ Xocalı” abidəsi ucaltdırdın. Saymaqla qurtarası deyil, sadəcə bu gözəl və incimə, inkar ediləcək qədər asan olmayan bu kədərli günlərimizdə bəzi fəaliyyətini xatırlatmalı oldum. Yuxarıda qeyd etdiyim kimi, sən ağlın kəsəndən xalqa və dövlətə ləyaqətlə xidmət etməyə çalışdın. Mənfur düşmənlərimizin başlatdıqları Qarabağ savaşının ilk günlərindən cəbhə xəttində oldun, torpaqlarımızın müdafiəsi üçün soyuq səngərlərdə rəhbərlik etdiyin polislərlə, əsgərlərlə bir səngərdə yatdın, sağlamlığına xələl gətirdin, amma geri dönmədin, döyüşlərdə hər zaman özünü sıravi polis və əsgərlərdən ayrı tutmadın.

Yaxşı bilirsən ki, keçdiyin şərəfli həyat yolunu sən qədər bilirəm, onu da bilirəm ki, fədakarlığını, danılmaz xidmətlərini dilə gətirməyə qoymursan, ona görə də bu təbrikimi səndən xəbərsiz yazdım, hətta onu da bilirəm ki, bu kiçik, amma içimdən gələn təbrikimi oxuyub nurlu sifətini turşudacaqsan, bu dəfə yanında olmadığım üçün danlanmayacağam, bilirəm ki, növbəti görüşünə gələndə artıq yumşalacaqsan və xətrimə dəyməyəcəksən. Neyniyim qardaş, adamlar var ki, torpaq, yurd nə olduğundan xəbərsizdir, amma yüksək vəzifədə, eyş-işrətdə, bəlağətli və pafoslu danışığı da ortada! Sən o qədər təvazökarsan ki, Vətən üçün, millət üçün, dövlət üçün etdiklərini heç zaman dilə gətirmirsən. Nə qədər müsahibələrinə baxıram, bircə dəfə də özünün xidmətlərini qabartmamısan. Amma mən xatırlatmaya bilmərəm, bizim üçün tarixin bu ağır sınaqlar günlərində bilməyənlərə azacıq da olsa, məlumat verməyim vicdan borcumdur! Ona görə incisən də, inciməsən də, gözümlə gördüyüm, tam səhih bildiyim bəzi nüansları xatırlatmağa borcliuyam. Orta məktəb illərində nə qədər xeyirxah, qayğıkeş, mərdanə və səxavətli şagird olmağını necə unudum, qardaş? Daxili İşlər Nazirliyində işləyəndə nə qədər adama kömək etdiyini, maddi və mənəvi dəstək olduğunu necə yada salmayım?! Sadalamaqla qurtaran deyil, o illərin bir-iki epizodunu yəqin özün də unutmusan:

1989-cu ildə Respublikamıza, Azərbaycanın böyük oğlu Heydər Əliyevə düşmən münasibət sərgiləyən mənfur və gorbagor Qorbaçovun yoxlama çetesi-erməni-rus müstəntiqlərin əlindən neçə ləyaqətli soydaşımızı aldığını, Bakı şəhəri Nizami Rayon Milis Şöbəsinin rəisi olarkən qeyri-azərbaycanlı(o zaman milis idarələrində çoxluq təşkil edirdilər) milislərə Azərbaycan dili dərsləri təşkil etdirəndə məndən yenicə çap etdiyimiz “Rusca-Azərbaycanca lüğət” alıb onlara payladığını niyə deməyim? Əsl vətənpərvərlik, ana dilinə hörmət, sevgi deyilmi bu addımın?! Xalqımızın başına gətirilən bəlaların pik nöqtəsində- Qərbi Azərbaycanımızdan soydaşlarımızın zorla deportasiyası zamanı rəhmətlik dostumuz professor Səfiyar Musayevə camaatımızı yerləşdirmək üçün nə qədər ünvan göstərdiyini, ləyaqətlə yerləşdirdiyini də deməyim? Sonralar Gəncə Şəhər Milis idarəsinin rəisi olarkən işğal təhlükəsi ilə üzləşən rayonlarımıza-Naxçıvandan tutmuş Tovuza, Kəlbəcərə, Goranboya, Qazaxa və s. göstərdiyin misilsiz xidmətlərini qədirbilən, kimsənin haqqını tapdamağa qoymayan böyük şəxsiyyət Heydər Əliyev Naxçıvan Ali Məclisinin rəsmi blankında sənə yazdığı təşəkkür məktubunu necə yaddan çıxarım? Ulu Öndərimiz heç kimsənin Vətən üçün göstərdiyi xidmətini unutmurdusa, mən necə unudum? O məktubu evində xüsusi çərçivəyə salıb indi də saxlayırsan. Mən də bu təbrik məktubuma əlavə edirəm. Ulu öndərimiz yazır:

“ Hörmətli Eldar Həsənov, Naxçıvan Muxtar Respublikasına tarixin bu çətin dövründə xoş münasibətlər göstərdiyinizə, Naxçıvan əhalisi ilə həmrəyliyinizə və yardımınıza görə Sizə təşəkkür edirik!

İşlərinizdə yeni uğurlar, həyatınızda səadət arzulayırıq.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri. H. Əliyev”

25 iyun 1992.

Sonralar hakimiyyət dəyişəndə səni Gəncədən uzaqlaşdıranda bu möhtəşəm xidmətini səbəb kimi göstərmişdilər. Qulaq şahidiyəm, özümə dedilər ki, Heydər Əliyevi silahlandırıb. Zavallılar başa düşmürdülər ki, şəxsən Heydər Əliyevə silah lazım deyildi, Naxçıvanı qorumaq üçün lazım idi.

Özümə də aid olduğu üçün bir epizodu da xatırlatmaq istəyirəm: Sən Baş prokuror idin, mən Milli Məclisin üzvü, bazar günü zəng vurdun ki, təcili prokurorluğa gəl. Gəldim, dedin ki, Rusiya mətbuatında Prezidentimizin ünvanına, ailə üzvlərinə qarşı səfeh-səfeh yazılar ötürür yaramaz ünsürlər. Bu materialları götür, diqqətlə oxu və qələminə layiq cavab yaz. Yazdım və Rusiyanın ovaxtkı nüfuzlu “Nezavisimaya qazeta”da yazımı dərc elətdirdin və sanki bu yazıyla qurbağa gölünə daş atıldı…

Hansı xıdmətlərini sadalayım, əziz qardaş? Birdirmi-beşdirmi?

İnşallah, 80-90-illik yubileylərində yanımda olacaqsan və artıq qəmli nağıla dönmüş bu məhbəs həyatını, şərəfli ömrünün digər çoxsaylı akkordlarını birlikdə xatırlayacağıq, xatırladacağıq!

İndi sənə nə arzu edim, nə deyim? Ən böyük və müqəddəs arzumuz artıq çin oldu- Qarabağımız işğaldan tam azad oldu, Müzəffər Ali Baş Komandanımız, görkəmli Sərkərdəmiz, əziz Prezidentimiz İlham Əliyevin mahir diplomatik fəaliyyəti, uzaqgörən daxili və xarici siyasəti, qəhrəmanlıqla şəhid olan övladlarımızın, qazilərimizin sayəsində TAM VƏ QƏTİ QƏLƏBƏ qazandıq!

Əminəm ki, qısa müddətdə sənin haqq etdiyin azadlığını da görəcəyik və hələki yarımçıq sevincimiz bütövləşəcək! AZƏRBAYCANIN ÖZÜ KİMİ!

Əlövsət AĞALAROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see347

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see264

Dondurma dadında banan

13 İyul 2026 18:44see237

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see235

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see228

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see225

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see198

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see190

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see183

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see165

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see163

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see157

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri