Icma.az
close
up
RU
Sərhədlər ayırır, dəyərlər birləşdirir

Sərhədlər ayırır, dəyərlər birləşdirir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Köçkün hüquqlarının qorunmasına yeni baxış

18 Dekabr Beynəlxalq Miqrant Günü dünya ictimaiyyətini miqrasiya problemlərinə, miqrantların hüquqlarına və onların cəmiyyətə verdiyi töhfələrə yenidən nəzər salmağa çağıran qlobal həmrəylik manifestidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də qəbul edilmiş 55/93 nömrəli qətnamə ilə təsis edilən həmin günün tarixi kökləri daha dərinə – 1990-cı ilin 18 dekabrına gedib çıxır.

Bu tarixdə BMT Baş Assambleyası “Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”nı qəbul etməklə miqrantların insan hüquqlarının qorunması istiqamətində mühüm beynəlxalq hüquqi bazanın təməlini qoymuşdur.

Müasir dünyada miqrasiya prosesləri çoxşaxəli və mürəkkəb xarakter daşıyır. İqlim dəyişmələri, silahlı münaqişələr, iqtisadi qeyri-bərabərlik və siyasi təqiblər insanları doğma yurdlarını tərk etməyə vadar edən əsas amillər sırasındadır. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, sığınacaq və ya yeni həyat axtarışında olan şəxslər tez-tez qəbul edən cəmiyyətlərdə stereotiplərin, nifrət nitqinin və hüquqi müdafiəsizliyin qurbanına çevrilirlər. Bu problemin qlobal miqyasını anlamaq üçün dünyanın müxtəlif regionlarında cərəyan edən proseslərə nəzər salmaq kifayətdir. Məsələn, Avropa qitəsində miqrasiya böhranı artıq siyasi sistemləri sarsıdan amilə çevrilmişdir və İtaliyanın Lampeduza adasında və Aralıq dənizi hövzəsində yaşanan humanitar fəlakətlər, yaxud Fransada və Almaniyada ifrat sağçı partiyaların miqrant əleyhinə ritorika üzərində yüksəlişi qitənin ənənəvi liberal dəyərlərinin aşınmasını göstərir. “Qoca qitə”də miqrasiya məsələsinin təhlükəsizlik prizmasından həddən artıq siyasiləşdirilməsi inteqrasiya proseslərini ləngidir və cəmiyyətdə qütbləşmə yaradır. Afrika qitəsinə nəzər saldıqda Cənubi Afrika Respublikasında iqtisadi çətinliklər zəminində qitənin digər ölkələrindən gələn miqrantlara qarşı vaxtaşarı baş qaldıran ksenofob hücumlar qardaşlıq və ümumi tarix ideallarına kölgə salır. Baxmayaraq ki, qitə daxilində sərbəst hərəkət üçün siyasi iradə mövcuddur. Asiya regionunda isə Myanmada rohincalara qarşı tətbiq edilən sistemli ayrı-seçkilik və zorakılıq etnik zəmində dözümsüzlüyün ən radikal formasını nümayiş etdirir. Bu qlobal nümunələr göstərir ki, miqrasiya idarəçiliyi təkcə sərhəd nəzarəti yox, həm də dərin sosial və hüquqi yanaşma tələb edir.

* * *

Miqrasiya təbiəti etibarilə transmilli proses olduğu üçün onun tənzimlənməsi beynəlxalq əməkdaşlığı və qlobal hüquq normalarına sadiqliyi tələb edir. Birləşmiş Millətlər Təşkilatının miqrant hüquqları ilə bağlı konvensiyalarına qoşulmaq və onun müddəalarına real icra mexanizmləri yaratmaq sivil dövlətlərin üzərinə düşən mənəvi və siyasi borcdur. Təəssüf ki, bir sıra inkişaf etmiş ölkələr hələ də həmin konvensiyanı ratifikasiya etməkdən yayınır və ya onun tətbiqində ikili standartlara yol verirlər. Lakin beynəlxalq hüququn aliliyi prinsipi miqrantların hüquqlarının qorunmasında seçkiçiliyi rədd edir və universal yanaşmanı tələb edir. Regional təşkilatların, o cümlədən Avropa İttifaqı, ATƏT və digər qurumların monitorinq rolunun gücləndirilməsi dövlətlərin öz öhdəliklərinə sadiqliyini yoxlamaq üçün vacibdir və həmin təsisatlar üzv ölkələrdə miqrasiya qanunvericiliyinin tətbiqi, miqrantların saxlanma şəraiti, sığınacaq prosedurlarının ədalətliliyi və sərhəd idarəçiliyi zamanı insan hüquqlarına riayət olunması vəziyyətini müntəzəm olaraq monitorinq etməli, obyektiv hesabatlar hazırlamalıdırlar. Monitorinq prosesi siyasi təzyiq alətinə çevrilməməli, konstruktiv dialoq və texniki dəstək formalarında həyata keçirilməlidir. Qanunların sərtliyi və beynəlxalq nəzarət vacib olsa da, cəmiyyətin daxilində miqrantlara qarşı münasibəti dəyişmədən ksenofobiyanın kökünü kəsmək mümkün sayılmır. İctimai şüurun formalaşdırılması, stereotiplərin qırılması və tolerantlıq mühitinin yaradılması uzunmüddətli və sistemli maarifləndirmə strategiyasını tələb edir. Təhsil proqramlarında tolerantlıq və multikultural dəyərlərin təşviqi gələcək nəsillərin dünyagörüşünün sağlam təməllər üzərində qurulması üçün həlledicidir və orta məktəblərdən başlayaraq ali təhsil ocaqlarına qədər bütün pillələrdə tədris olunan fənlərə mədəniyyətlərarası dialoq, insan hüquqları, irqçiliyin zərərləri və qlobal vətəndaşlıq mövzuları inteqrasiya edilməlidir.

* * *

Qlobal miqyasda miqrasiya idarəçiliyi sahəsində yaşanan böhran fonunda Azərbaycan Respublikasının təcrübəsi uğurlu və dayanıqlı model kimi diqqəti cəlb edir. Tarixən İpək Yolu üzərində yerləşən, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan tolerantlıq və multikulturalizm dəyərlərini dövlət siyasətinin prioritetinə çevirmişdir.

Bəs regionun çətin geosiyasi şəraitində və qlobal miqrasiya təlatümləri fonunda Azərbaycanın bu sahədə nümayiş etdirdiyi davamlı sabitliyin və effektiv idarəçiliyin sirri nədədir?

Bu sualın cavabı ölkədə etnik, dini və ya irqi zəmində heç bir ayrı-seçkiliyə yol verilməməsində və miqrantların hüquqlarının ən yüksək səviyyədə qorunmasındadır. Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti şəffaflıq, operativlik və vahid pəncərə prinsipi üzərində qurulmuşdur ki, həmin yanaşma bürokratik əngəlləri minimuma endirir və korrupsiya hallarını istisna edir. Humanist siyasətin təhlükəsizliklə ziddiyyət təşkil etmədiyi mesajı Azərbaycan modelinin fəlsəfəsini təşkil edir. Rəsmi Bakı sübut edir ki, sərhədlərin etibarlı qorunması və qeyri-qanuni miqrasiya ilə qətiyyətli mübarizə qanuni miqrantlara qarşı hörmət və qayğı ilə paralel şəkildə həyata keçirilə bilər.

Sözügedən humanitar və hüquqi yanaşmanın effektivliyi, sadəcə, nəzəri mülahizələrə əsaslanmır, bu konkret rəqəmlərdə və statistik dinamikada öz əksini tapır. Cari ilin 11 ayında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olan 40 min 602 müraciət ölkədəki miqrasiya proseslərinin idarəolunma səviyyəsini və quruma olan ictimai etimadı nümayiş etdirir ki, bu rəqəmlərin arxasında duran mənzərə əcnəbilərin Azərbaycandakı hüquqi mühitə inteqrasiya istəyini və dövlət orqanlarının əlçatanlığını sübut edir. Müraciətlərin struktur təhlili göstərir ki, əcnəbilər leqal statusda yaşamağa və fəaliyyət göstərməyə xüsusi önəm verirlər, belə ki, 22036 müraciət məhz olduğu yer üzrə qeydiyyatla, 7365 müraciət isə yaşama icazələrinin alınması və uzadılması ilə bağlıdır. Bu fakt miqrantların kölgə həyat tərzi əvəzinə, qanuni müstəvidə yaşamağı seçdiklərini və dövlətin yaratdığı şəffaf mexanizmlərdən yararlandıqlarını təsdiqləyir. Dövlətin açıq qapı siyasəti və kommunikasiya kanallarının effektivliyi isə birbaşa təmas vasitələrinin statistikasında özünü büruzə verir. Çağrı mərkəzinə daxil olan 5492 zəng, sosial şəbəkələr və onlayn bələdçi üzərindən ünvanlanan 1126 müraciət, həmçinin vətəndaşlardan və əcnəbilərdən daxil olan 1001 ərizə və təklif miqrasiya orqanları ilə cəmiyyət arasında canlı və operativ dialoqun mövcudluğundan xəbər verir. Bundan əlavə, əmək bazarının qanuni tənzimlənməsi istiqamətində iş icazələri ilə bağlı 793 müraciət və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üzrə 1285 sorğu miqrasiya proseslərinin həm iqtisadi, həm də hüquqi baxımdan nəzarət altında saxlanıldığını, eyni zamanda, insan hüquqlarına hörmət prinsipləri çərçivəsində tənzimləndiyini göstərən mühüm indikatorlardır. Əlavə olaraq qeyd edilən 117 vətəndaşlıq müraciəti və digər xarakterli 1387 müraciət də Xidmətin çoxşaxəli fəaliyyətinin göstəricisidir.

* * *

Yekun olaraq qeyd etmək lazımdır ki, 18 dekabr – Beynəlxalq Miqrant Günü bəşəriyyəti bir daha düşünməyə vadar edən tarixi məqamdır və miqrasiya problemi tikanlı məftillər, yüksək divarlar və ya repressiv qanunlarla həll edilə bilməz. Tarix sübut edir ki, miqrasiya bəşəriyyətin inkişafının, mədəni mübadilənin və iqtisadi tərəqqinin mühərrikidir və miqrantlara qarşı ayrı-seçkilik, zorakılıq cəmiyyətin mənəvi tənəzzülünün göstəricisidir. Düzgün siyasi iradə, güclü hüquqi mexanizmlər, maarifləndirmə və sosial inteqrasiya siyasəti miqrasiya proseslərini idarəolunan, təhlükəsiz və faydalı istiqamətə yönəltməyə imkan verir. Azərbaycanın təqdim etdiyi tolerantlıq modeli və hüquqi yanaşma bu sahədə qlobal həmrəyliyin və humanizmin mümkünlüyünü nümayiş etdirən parlaq nümunədir.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see215

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see196

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see183

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see160

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see155

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see153

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see153

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see147

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri