Səudiyyə Ərəbistanı meydanda: Məkkkə sazişi niyə sınağa çəkilir?
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və birgə müdafiə haqqında "Məkkə sazişi"ni müzakirə ediblər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda bildirilib ki, Məkkə Müdafiə Alyansının əməkdaşlığını daha da inkişaf etdirmək yolları müzakirə edilib. Söhbət zamanı regional və beynəlxalq proseslər ətrafında da fikir mübadiləsi aparılıb. Pakistan və Türkiyənin XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri, çoxtərəfli platformalarda əməkdaşlığı daha da gücləndirmək imkanlarını müzakirə edib və sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb. Sənədə əsasən, üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş kimi qiymətləndiriləcək. Lakin Ər-Riyad “hələlik buna ehtiyac görmədiyini” qeyri-rəsmi yollarla bəyan edir. İslamabad və Ankaranın da həssas dönəmlərdə bu məsələlərə mümkün qədər təmkinli yanaşacağı deyilir.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bu barədə Bakıvaxtı.az-a danışarkən deyib ki, İran-ABŞ müharibəsi fonunda, xüsusilə ABŞ-nin müdafiə çətiri altında olan Körfəz ölkələri İranın hücumları səbəbindən ciddi təhlükəsizlik böhranı ilə üzləşib.
Professorun sözlərinə görə, məhz bu gərginlik fonunda Məkkə Müqaviləsi gündəmə gəlib:
“İddialara görə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birbaşa İrana qarşı olmasa da, həm İran hücumlarına, həm də onun bölgədəki vəkilləri olan husilərə qarşı birgə müdafiə paktı formalaşdırıb. Burada mühüm bir məqamı fərqləndirmək lazımdır. "Məkkə sazişi"nin qüvvəyə minməsi ilə onun hərbi cəhətdən "aktivləşdirilməsi" eyni anlayışlar deyil. Rəsmi bəyanatlar da məhz bu fərqi nümayiş etdirir".

Hasan Oktay: "Məkkə sazişi" hərbi döyüş ittifaqından öncə, strateji bir çəkindiricilik paktı xarakteri daşıyır
H.Oktay qeyd edib ki, 7 Avqust 2026-cı ildə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan bu sazişin əsas məntiqi tərəflərdən birinə hərbi hücumu hər üçünə edilmiş saymaqdır. Dediyinə görə, lakin bu, hər hansı hücum zamanı Türk və ya Pakistan hərbçilərinin dərhal müharibəyə qoşulacağı demək deyil:
"Dəstəyin forması siyasi və hərbi mexanizmlər vasitəsilə müəyyən edilir; üstəlik, saziş parlamentlər tərəfindən hələ təsdiqlənmədiyi üçün tam qüvvəyə mindiyini demək tezdir. Eyni zamanda, İsrail Suriyada Türkiyə sərhədinə yaxın ərazidə əməliyyat keçirərək, eləcə də husilər müxtəlif zərbələr endirərək "Məkkkə sazişi"ni sınaqdan keçirməyə çalışırlar”.

H.Oktay vurğulayıb ki, Səudiyyə Ərəbistanının “hələlik ehtiyac yoxdur” mövqeyi sazişi təsirsizləşdirmək deyil, onu çəkindiricilik mərhələsində saxlamaq məqsədi daşıyır:
“Ər-Riyad bununla öz hərbi imkanlarının kifayət etdiyini bildirir, münaqişənin miqyasını genişləndirməkdən çəkinir və eyni zamanda düşmən tərəfə Türkiyə və Pakistanın onun arxasında durduğu mesajını verir. Yəni sazişin ilkin funksiyası döyüşmək deyil, müharibənin qarşısını almaqdır. 9-10 sentyabr hadisələri isə alyans üçün ciddi bir sınaq oldu. Husilərin hücumlarından sonra Pakistan Müdafiə Nazirliyi təhdidlərin yayılacağı təqdirdə sazişin işə düşə biləcəyini qeyd etsə də, Pakistan Xarici İşlər Nazirliyi sentyabrım 10-da daha ehtiyatlı açıqlama verərək hazırda hərbi cavab tədbirlərinin müzakirə olunmadığını bildirdi”.
Ekspertin fikrincə, nəticə etibarilə, "Məkkə sazişi" diplomatik və institusional olaraq artıq aktivdir:
“Bir sazişin işlədiyini göstərən əsas amil dərhal qoşun yeritmək istiqamətində hərəkətə keçmək deyil, birgə qərarqəbuletmə mexanizminin qurulmasıdır. Lakin kollektiv hərbi müdafiə mexanizmi hələlik işə salınmayıb. Səudiyyə Ərəbistanının inkişaf etmiş hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələri, raketələyici imkanları, Qərb müttəfiqləri və maliyyə resursları mövcuddur".
Hasan Oktay qeyd edib ki, buna görə də Ər-Riyadın müttəfiqlərinə "bizi qoruyun" deməkdən ziyadə, "özümüzü qorumağa qadirik, lakin arxamızda Türkiyə və Pakistanın durduğunu bilin" mesajını verməsi daha güclü çəkindirici strategiyadır:
"Bu səbəbdən "Məkkə sazişi" hərbi döyüş ittifaqından öncə, strateji bir çəkindiricilik paktı xarakteri daşıyır”.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Sentyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















