Səyyad Aranın çıxışları niyə müzakirələrə səbəb olur? Görüntü yaradılır...
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin deputatı Səyyad Aranın “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr zamanı səsləndirdiyi fikirlərə görə spiker Sahibə Qafarova ilə arasında mübahisə yaranması birmənalı qarşılanmayıb. Tənqid olunan deputatın tarixi abidələrin iş adamlarının ixtiyarına verilməsi barədə təklifi sifarişlə səsləndirdiyi, Bakıdakı tarixi abidələrin bir çoxunu ələ keçirən işbazların həmin abidələri gətirdikləri vəziyyətdən xəbərsiz olduğu, bu təkliflə Azərbaycan hökumətinin həyata keçirdiyi işlərə kölgə saldığı bildirilir.
Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə Səyyad Aranın bu cür çıxışlarının ilk dəfə olmadığına da diqqət çəkilib.
Deputatın çıxışlarının əvvəlcədən planlaşdırıldığı, parlamentdə maraqlı müzakirələr keçirildiyi görüntüsü yaratmaq məqsədi daşıdığını deyənlər də az olmayıb.
Məsələ ilə bağlı Pravda.az Səyyad Aranla əlaqə yaratsa da, mövqe almaq mümkün olmayıb.
Qeyd: Bundan əvvəl də dəfələrlə saytımız tərəfindən Səyyad Arana müxtəlif mövzularla bağlı suallar ünvanlanıb. Deputat suallara cavab verməkdən yayınıb, “Saatlı camaatımın xeyli problemi var, işim başımdan aşıb-daşır. Son günlərin mətbuatından xəbərsizəm. Çünki camaatımın xeyli işi var, onları həll etməli, yoluna qoymalıyam” cavabını verib.
Aytəkin Qardaşova


