Icma.az
close
up
RU
“Silahı alnıma tuşlamışdı...” ADNA terrorunun şahidi

“Silahı alnıma tuşlamışdı...” ADNA terrorunun şahidi

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2009-cu ilin 30 aprel səhəri tariximizdə Azərbaycan təhsil sisteminə, universitet mühitinə qarşı həyata keçirilmiş ən dəhşətli hücumla yadda qalıb.

Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) ikinci tədris korpusuna silahlı basqın edən Fərda Qədirov adlı şəxs ard-arda atəş açaraq 12 nəfərin həyatına son qoydu, 13 nəfəri isə yaraladı. O gün universitet divarları yalnız təhsil səsi ilə deyil, həm də qorxunun, panikanın, vəhşətin əks-sədası ilə titrədi.

İllər keçsə də, o günün ağrısı, şəhid olan tələbə və əməkdaşların xatirəsi yaddaşlardan silinmir.

Metbuat.az həmin gün hadisəni birbaşa yaşamış, ölümə bir addımlıqda dayanmış şəxslə — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndislik üzrə fəlsəfə doktoru Şirin Baxşəliyeva ilə söhbət edib. O, 30 aprel səhərini, silahlı şəxslə üz-üzə gəldiyi anı, tələbələrinin necə şəhid olduğunu və həmin gündən sonra həyatında və universitetdə baş verən dəyişiklikləri bizimlə bölüşüb.

– Şirin xanım, 30 aprel 2009-cu il, Azərbaycan təhsil tarixində silinməz iz qoyan o gün sizin üçün necə başladı? Hadisə baş verən an harada idiniz və ilk olaraq nə gördünüz, nə hiss etdiniz?

Həmin gün saat 09:25 radələrində universitetə daxil oldum. İşə yeni gəlmişdim. O vaxt imtahan dövrü idi, dördüncü kurslarda dərslər keçirilirdi. Beş dəqiqə keçməmişdi ki, bayırdan, küçədən qəribə bir səs eşidildi. Müəllim yoldaşlardan biri yaxınlaşıb dedi ki, “görünür, küçədə it vururlar.” Mən də dedim, bu vaxt it nə gəzir? Açığı, o an səsi tam ayırd edə bilmədim. Amma sonra məlum oldu ki, səs universitetin birinci mərtəbəsindən gəlir. Səs getdikcə bizim mərtəbəyə yaxınlaşdı.

O an hadisə şahidlərindən Vəfa xanım da yan otaqda dərsdə idi. Səsləri eşidən kimi o da çıxdı dəhlizə. Elə həmin anda iki nəfərin qaçdığını gördük. Faiq Rüstəmbəyov adlı bir elmi işçimiz vardı, o hər zaman kafedra müditinin otağının açarını bizdən istəyərdi. Həmin gün yenə açarı istədi, biz də verdik. Adətən özümüz o qapını açardıq, amma o gün özü götürdü.

İki nəfərin qaçdığını görüb müəllimlərdən biri onları çağırdı, dedi ki, “imtahan gedir, belə hərəkət olmaz.” Elə o anda divarın arxasından bir nəfərin əlində silah gördük. İlk anda oyuncaq silah zənn etdik. Amma o şəxs yaxınlaşdıqca, baş hissəsində silahı tutaraq üstümüzə gəldi. Vəfa xanımla birlikdə mənim alnıma tətik çəkdi. Silah atəş açmadı. O an düşündük ki, yəqin psixoloji problemi olan bir şəxsdir, nə etdiyini anlamır. Vəfa xanım əsəbiləşib dedi: “Bu nə hərəkətdir? Qadına qarşı belə davranmaq olar?”

Dəhlizdə heç kim yox idi. Təəssüf ki, o an anlamadıq, hadisənin ciddiliyini dərk etmədik. Dərs keçirilən otaq dolu idi, tələbələr var idi. Qrup nümayəndəsi Soltan da yanımızdaydı. Həmin şəxs yenidən silahı alnımıza tuşladı, amma yenə də açılmadı. Mən yaxınlaşıb onun qolundan tutdum. Xatırlayıram, göy rəngli, cins materialından kurtka geyinmişdi, başında kepka vardı. Üzünə baxdıqda heç bir reaksiya yox idi. Sanki biz divarla danışırdıq. Sakit səslə dedim: “Bu nə hərəkətdir?” O isə kurtkasını açdı və belinə bağlanmış patronları gördük. Müəllim yoldaşlarımızdan biri dedi ki, deyəsən bu bizimlə zarafat etmir. O bizi sinif otağına saldı, amma özü girmədi. Həmin otağın qapısı dəmirdən idi. Dərhal otağa girib dəmir qapını bağladıq.

“O silah alnıma tuşlandığı an, zaman sanki dayanmışdı...”

Sonradan silah səsləri yuxarı mərtəbələrdən gəldi. Pəncərədən baxanda tələbələrimizin qan içində olduğunu gördüm. Sudanlı tələbəmiz Mustafa həmin illərdə üçüncü kursda oxuyurdu, o da aşağı mərtəbədə vurulmuşdu. Dərhal polisə və təcili yardıma zəng etdik. İnanın ki, həmin an qorxu hiss etmirdim. Hətta silah alnıma tuşlandığı vaxt belə. Qorxu yox idi. Sadəcə baş verənlərin reallığını qəbul edə bilmirdik. Axşam televizorda tələbələrimizin öldüyünü eşitdim. O ana qədər yalnız qan görmüşdüm, onların ölmüş olduğunu bilmirdim. Ən sevdiyim, ən əziz tələbələrimdən bəziləri — Taleh, Savalan, Ayaz və digərləri o gün həyatlarını itirdilər. Bu tələbələr ən yaxşı oxuyan uşaqlar idi.

Ayaz xaricdə magistratura təhsili almaq üçün hazırlaşırdı. Onlar bizim universitetin ən savadlı, parlaq tələbələri idi. Onların itkisi təkcə universitet üçün yox, cəmiyyət üçün də böyük itki idi. Bu gün illər keçsə də, o anlar yaddaşımdan silinmir. Və əminəm ki, heç zaman silinməyəcək...

– Şirin xanım, həmin gün siz terrorçunun birbaşa hədəfində oldunuz. Silahın alnınıza tuşlandığı o an... Bu səhnə həyatınızda zamanın donduğu bir an kimi görünür. Ölümə bu qədər yaxın olduğunuzu dərk edəndə hansı hissləri yaşadınız?

Düşünürəm o şəxsin əlindən çox şey gələ bilərdi. O silahla küçəyə çıxsaydı, bəlkə də daha çox insan həlak olardı. Amma o, hədəf kimi bizim universiteti seçdi. Niyə məhz bu məkanı, bu zamanı, bu insanları — hələ də anlamırıq. Hadisənin sonunda özünə də silah sıxdı. İntihar etdi. Ardınca istintaq aparıldı, məhkəmə oldu. Amma biz – bu dəhşəti yaşayanlar hələ də suallar içərisindəyik. Belə bir hadisənin nə üçün baş verdiyini tam anlamırıq.

- Bu hadisə sizin şəxsi həyatınıza və düşüncələrinizə necə təsir etdi? İllər keçib, akademiyanın adı dəyişsə də, o dəhşətli hadisənin izləri hələ də unudulmayıb. Olayın səbəbləri tam aydın olmasa da, Fərda Qədirovun əvvəlcədən hadisəyə hazırlaşdığı bilinir. Sizcə, bu faciə sadəcə onun psixoloji problemlərinin nəticəsi idi, yoxsa arxasında başqa, hələ də aydın olmayan səbəblər dayanırdı?

Bu hadisə mənim yalnız peşəkar yox, həm də şəxsi həyatımı tam dəyişdi. Dünyaya baxışımı, insanlara münasibətimi, həyatın nə qədər kövrək olduğunu daha dərindən anladım. Amma o qan, o vahimə içində gördüyüm bir şey var idi ki, bu gün də ruhumu isidir: insanlıq. O an müəllimlərin, tələbələrin bir-birinə necə dəstək olduqlarını, necə fədakarlıq göstərdiklərini gördüm və qürur duydum. O qədər real, o qədər ürəklə...

Əziz həmkarımız Faiq müəllim iki güllə dəymişdi. Biri çənəsinə, digəri isə protezinə. Həmin anda onu qan içində stulun üzərində uzanmış vəziyyətdə görmək... bu səhnə hələ də gözümün qabağından getmir. Bəlkə də o an ilk dəfə qorxunu tam hiss etdim.

Amma qəribədir Fərdanın özündən heç qorxmadım. O, insanlıqdan çoxdan uzaqlaşmış bir siluet kimi görünürdü mənə.

Beşinci mərtəbədə Toma xanım cəmi bir güllə ilə şəhid oldu . Oğlu o illərdə ANS-də işləyirdi. Hadisə yerinə çəkiliş üçün gəlmişdi və anasının cansız bədənini özü gördü. Bu ağrını təsəvvür etmək belə mümkün deyil.

Universitetin yuxarı mərtəbəsində Zemfira xanım bir neçə dəfə güllələnmişdi. Üzündən, çiyinindən, boynundan... Allah onu bizə bağışladı. Amma o günün izləri təkcə bədəndə deyil, ruhlarda qaldı. Həmin o mərtəbələrdə, koridorlarda, qapıların arxasında — unutmaq mümkün deyil...

Məhkəmədə həmin adamla bağlı suallar veriləndə bir sual da mənə yönəldildi: “Niyə o anda ona qarşı nəsə etmədiniz? Bəlkə tələbələrin bəziləri sağ qala bilərdi?” İnanın, o an mən nə gördüyümə inanmırdım. Pəncərədən baxanda belə öz-özümə deyirdim: bu zarafatdır, bu ola bilməz.

Gözümün gördüyü ilə beynimin qəbul etdiyi arasında boşluq var idi. Bəlkə də ona görə dərhal hərəkət edə bilmədik. Heç kim bu cür bir hadisənin Azərbaycanda – özü də universitetdə baş verəcəyini təsəvvür etməzdi. Hətta vurulan uşaqları görməmişdik. Görsəydik, bəlkə nəsə edərdik.

Sonradan öz-özümə düşündüm, biz orda neft sahəsində dərs deyirdik. Yanımızda qazma üçün istifadə olunan balta formalı alətlər var idi. Kaş biləydik... Kaş uşaqlara deyəydik, nəsə götürüb onu zərərsizləşdirəydik. Bəlkə bir nəfər belə az şəhid olardı. Bəlkə nələrsə başqa cür olardı.

Amma həyat “kaş”larla irəliləmir. Sadəcə o “kaş”lar bəzən içini yeyir adamın. Oturursan, düşünürsən... və bu suallar səni buraxmır.

- Şirin xanım, hadisədən sonra universitetin həyatında nə dəyişdi?

O dəhşətli gün təkcə insan həyatına yox, həm də universitetin ruhuna ağır zərbə vurdu. Amma eyni zamanda bir şeyə də şahid olduq: insanlıq ölməmişdi. Həmin anlarda tələbələrin, əməkdaşların, müəllimlərin bir-birinə necə yardım etdiyini, yaralı dostlarını, müəllimlərini qucaqlarına alıb təcili yardıma çatdırmağa çalışdıqlarını gördüm. Kimisi yaşadı, kimisi şəhid oldu... Allah rəhmət eləsin onlara. Sağ qalanlara can sağlığı versin.

Bu hadisədən sonra universitet həyatında da çox şey dəyişdi. Əvvəllər içəri girən-çıxanlara o qədər də ciddi nəzarət yox idi. Həmin faciədən sonra hər şey daha ciddi oldu: girişlərə nəzarət gücləndi, hər küncə kamera qoyuldu, tələbə bileti və vəsiqə ilə keçid sistemi tətbiq olundu. Təhlükəsizlik artıq gündəlik qayğının bir hissəsinə çevrildi.

Bəzən verilişlərdə xarici ölkələrdə baş verən silahlı hücumlara baxanda həmin an yenidən gözümün önündə canlanır. Düşünürəm ki, əgər o şəxs avtomatla gəlmiş olsaydı, daha neçə can gedə bilərdi? O isə yalnız bir tapança ilə bu qədər faciəyə səbəb oldu. Və bunu soyuqqanlılıqla etdi... Elə bil ona nə etməli olduğunu kimlərsə öyrətmişdi. Elə bil, içində heç bir duyğu yox idi. Biz ona sərt sözlər deyəndə də heç bir reaksiya vermirdi – sanki özü üçün başqa bir reallıqda idi.

Bəzən düşünürəm ki, zəlzələ baş verir, amma bəziləri hiss etmir. Biz də o gün o cür hiss etmədik. Elə bilirdik ki, bu, zarafatdır, yuxudur... Halbuki yox idi. O, həyatın gerçəyi idi. Acı, qəfil, qanlı bir gerçək.

Azərbaycanda ilk dəfə belə bir şey baş verirdi. Başqa ölkələrdə bu kimi hadisələrə şahid olmuşduq, amma bizim cəmiyyət üçün bu, tarixi və dərin travma idi. Təkcə şəhid ailələri yox, bütün tələbələr, müəllimlər, universitet ictimaiyyəti – hər kəs bu ağrını yaşadı.

Allah bütün şəhid tələbələrimizə qəni-qəni rəhmət eləsin. Yaralılarımıza şəfa, qalanlarımıza isə səbir və güc versin. Mən həmişə tələbələrimə deyirəm: çalışın yaxşı insanlar olun. Pislik etməklə heç nə əldə edə bilməzsiniz. Yaxşılıq etmək bir saniyənin içindədir, amma bir ömür boyu yadda qalır.

Fərda bu dünyadan nə aldı? Nə qazandı? Heç nə... Axırda özünü də öldürdü. Amma geridə nə qədər sarsılmış qəlblər, nə qədər göz yaşı, nə qədər itki qoydu...

Allah bizi belə hadisələrdən uzaq eləsin...

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri