Icma.az
close
up
RU
Şimali Kipr hansı seçimi etdi geriyə dönüş, yoxsa irəliyə baxış?

Şimali Kipr hansı seçimi etdi geriyə dönüş, yoxsa irəliyə baxış?

Icma.az, 525.az saytına istinadən bildirir.

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) oktyabrın 19-da keçirilən prezident seçkilərində müxalif Cümhuriyyətçi Türk Partiyasının (CTP) lideri Tufan Erhürman qalib gəlib.

ŞKTC Yüksək Seçim Komissiyasının açıqladığı məlumata görə, Tufan Erhürman səsvermədə iştirak edənlərin 62,7 faizinin, hazırkı dövlət başçısı, seçkilərdə müstəqil namizəd kimi iştirak edən Ersin Tatar isə 35,7 faizinin səsini qazanıb.

ŞKTC Konstitusiyasına əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün namizədin 50 faizdən artıq səs toplaması lazımdır.

Qeyd edək ki, ümumilikdə 7 namizədin iştirak etdiyi prezident seçkiləri 777 seçki məntəqəsində keçirilib. Səsvermədə ölkə üzrə seçici sayının (təxminən 210 min nəfər) 64,8 faizi (təxminən 137 min) iştirak edib ki, bu də öncəki seçkilərlə müqayisədə bir qədər aşağı göstəricidir. 2020-ci il seçkilərində qatılım (ikinci tur) 67,3 faiz olmuşdu.

Hazırkı məlumatlara görə, Tufan Erhürman 87 min, Ersin Tatar 50 minə yaxın səs toplayıb. Müqayisə üçün deyək ki, 2020-ci ildə Ulusal Birlik Partiyasının namizədi kimi seçkidə iştirak edən Ersin Tatar ikinci turda 67 minə yaxın səs (51,7 faiz) qazanmışdı.

Qeyd edək ki, budəfəki seçkilər iki siyasi xəttin mübarizəsi kimi diqqət çəkib. Ersin Tatar

ŞKTC-nin müstəqilliyinin davam etməsi və adada iki dövlət formulunun tərəfdarı, Tufan Erhürman isə Kiprin yunan bölümü ilə federasiya modelinin dəstəkçisi kimi çıxış edib.

Əslində, tarixə baxarsaq, adada iki icmanın təmsil edildiyi konfederativ dövlət ideyası hələ 1960-cı ildə Kipr Respublikasının qurulduğu vaxtdan gündəmdə olub. Lakin həmin dövlətin ömrü cəmi 3 il oldu. Sonrakı hadisələr, o cümlədən 1974-cü ildə Kiprin faktiki iki yerə bölünməsi ilə nəticələnən proses adada vahid dövlət ideyasının qeyri-real olduğunu göstərdi. Beynəlxalq dairələrin vasitəçilik cəhdləri, eləcə də Türkiyə və Yunanıstanın iki icma ilə bağlı qarant dövlətlər kimi iştirak etdiyi və illərlə sürən danışıqlar bir nəticə vermədi.

Son olaraq 2004-cü ilin 24 aprelində Kipr adasında yunan və türk icmalarının iştirakı ilə vahid konfederativ dövlətin qurulmasını ehtiva edən “Annan planı” (BMT-nin baş katibi Kofi Annanın rəhbərliyi ilə hazırlanan) üzrə referendum keçirildi. Referendumda Kipr türklərinin qəbul etdiyi plan yunan tərəfin rədd etməsi nəticəsində gerçəkləşmədi. Amma Kipr yunanlarının beynəlxalq sülh təşəbbüsünə qarşı çıxmasına rəğmən adanın bu bölümü (Cənubi Kipr) 2005-ci ildə Avropa İttifaqına qəbul edildi. Türkiyədən savayı heç bir dövlətin tanımadığı Şimali Kipr isə beynəlxalq aləmdən təcrid vəziyyətində qalmaqda davam etdi.

Bundan sonra həm rəsmi Ankara, həm də Şimali Kiprin siyasi mühiti adada iki ayrı dövlətin mövcudluğunun davam etməsindən savayı bir yolun qalmadığı qənaətinə gəldi. Təsadüfi deyil ki, 2005-ci ildən sonra keçirilən bütün seçkilərdə bu xəttin tərəfdarları qalib gəliblər.

Lakin 20 ildən sonra gəlinən indiki vəziyyət ona dəlalət edir ki, Şimali Kiprdə əhali əksəriyyət etibarı ilə bu cür status-kvonun davam etməsindən də məmnun deyil. Başlıca səbəb isə sosial-iqtisadi durumla bağlıdır. Çünki Türkiyə hər nə qədər ŞKTC-yə yardım göstərsə də, beynəlxalq aləmdən təcrid vəziyyətində Kipr türklərinin arzu etdiyi rifaha nail olmaq müşkül məsələdir. 19 oktyabr seçkisindən çıxan nəticə də mövcud status-kvodan narazılığın göstəricisidir.

Hərçənd hazırda beynəlxalq birliyin, o cümlədən Avropa İttifaqının tamhüquqlu üzvü olan və bundan irəli gələn bütün iqtisadi imkanlardan gen-bol bəhrələnən Cənubi Kiprin (Kipr Respublikası adı ilə), yəni yunan icmasının Şimali Kiprlə bərabər əsasda bir federasiyaya meyl etməyəcəyi də aydındır. Yunan tərəfi problemin çözümünü Şimali Kiprin Cənubi Kiprə – Kipr Respublikasına birləşməsində görür. Bu isə həm Kipr türkləri, həm də Türkiyə dövləti üçün qəbuledilməzdir.

Təsadüfi deyil ki, Tufan Erhürman seçki kampaniyasında hər nə qədər federasiya şüarı ilə çıxış etsə də, seçkidən sonra – 19 oktyabr axşamı ilk açıqlamasında ŞKTC-nin xarici siyasətlə bağlı bütün addımlarının Türkiyə ilə məsləhətləşərək və onunla birlikdə atılacağını bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Tufan Erhürmana təbrik mesajında Ankaranın “bütün platformalarda ŞKTC-nin suveren hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu” vurğulayıb.

“Seçkilər ŞKTC-nin demokratik yetkinliyini bir daha nümayiş etdirdi və Kipr türklərinin iradəsini əks etdirdi. Ümid edirəm ki, bu seçkilərin nəticələri ölkələrimizin və ümumilikdə regionun inkişafına töhfə verəcək”, – deyə Rəcəb Tayyib Ərdoğanın paylaşımında bildirilir.

Bu arada Türkiyədə bəzi millətçi dairələrdə ŞKTC seçimlərinin nəticəsi ilə bağlı spekulyasiyalar, guya bu nəticənin Kipr türklərinin Türkiyədən uzaqlaşması əlaməti kimi yozumlar səslənir. Hətta MHP lideri Dövlət Baxçalının adından ŞKTC seçimlərinin nəticəsini bir anlamda şübhə altına alan bəyanat (“ŞKTC parlamenti toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya keçidin qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”) yayılıb. Amma Türkiyənin iqtidarlı-müxalifətli siyasi palitrası əksər etibarilə bu məsələdə daha təmkinli mövqe nümayiş etdirir.

Bütün hallarda Şimalı Kiprdə proseslərin hansı məcrada davam edəcəyini yaxın aylarda, o cümlədən yeni prezidentin rəsmən fəaliyyətə başlamasından sonra görəcəyik.

Yeri gəlmişkən, bu günlər Türkiyənin, eləcə də Azərbaycanın bir çox media səhifələrində Tufan Erhürman ŞKTC-nin 9-cu prezidenti kimi təqdim olunur. Halbuki o, sayca 6-cı prezidentidir. ŞKTC 1983-cü ildə qurulub, prezident seçkiləri 1985-ci ildən (hər 5 ildən bir) keçirilir. 1985, 1990, 1995 və 2000-ci il seçkılərində ŞKTC-nin qurucusu mərhum Rauf Denktaş dörd dəfə bu vəzifəyə seçilib. 2005-ci ildə (Rauf Denktaş seçkidə iştirak etməmişdi) Mehmet Ali Talat, 2010-cu ildə Derviş Eroğlu, 2015-ci ildə Mustafa Akıncı, 2020-ci ildə isə Ersin Tatar bu vəzifəyə seçilib.

 Vüqar Orxan, medeniyyet.info.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri