SMARTFONLARIN GÖRÜNMƏYƏN SAVAŞI... Əsl hədəf nədir?
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Bu gün biz texnoloji inkişafın ən qabarıq təzahürünü XX əsrin sənaye dövründəki kimi atom enerjisində, təyyarələrdə, gəmilərdə, elektron məişət avadanlıqlarında, televizorlarda, daxili yanma mühərriki ilə işləyən avtomobillərdə, neft-kimya sənayesinin məhsullarında deyil, özümüzlə rahatlıqla daşıya biləcəyimiz, mini-kompüter funksiyasını yerinə yetirən smartfonlarda görürük.
Müasir smartfon bizim təsəvvür etdiyimizdən fərqli olaraq, çox mürəkkəb texnoloji məhsuldur. Dünyanın gələcək inkişaf trayektoriyasında smartfonlar göründüyündən daha əhəmiyyətli hala gələcək. Ən müasir smartfon öz içərisində 20 milyard tranzistor yerləşdirilmiş çipləri, yüksək optikaya malik kameranı, prosessorun yaddaşını, enerjinin batareyada saxlanma gücünü, proqram təminatını bir cihazda birləşdirən minlərlə texnoloji həllin yekun məhsuludur.
Smartfon dünyadakı bir-biri ilə qarşılıqlı əlaqədə olan böyük istehsal zəncirinin son həlqəsidir və burada nadir torpaq metallarının emalından tutmuş fotorezistorlara, dünyanın ən mürəkkəb maşını sayılan ASML litoqrafiyasına, həssaslıqla hazırlanan Carl Zeiss güzgülərinə qədər hər şey bir yerdə cəmləşir.

Hazırda yarımkeçiricilər texnologiyası sahəsində əsas rəqabət ABŞ və Çin arasında gedir. Ən müasir çiplərin istehsalında öndə olan Tayvan və Cənubi Koreya əslində bu məsələdə ABŞ-ın ən yaxın müttəfiqləridir. Tayvanın TSMC (Taiwan Semiconductor Manufacturing Company) şirkətinin yüksək texnoloji səviyyəyə çatmasında ABŞ-ın köməyi böyükdür. Maraqlıdır ki, smartfon bazarında ABŞ nəhəngləri Apple, Samsung, Google və Microsoft kimi şirkətlər arasında da mücadilə gedir. Amma onların mübarizəsi dövlətlərin geostrateji qarşıdurmasından fərqlənir və əsas etibarilə patentlərin qorunması hüququ ilə bağlıdır. ABŞ-Çin texnoloji qarşıdurması isə daha qlobal xarakter daşıyır və burada patentlər, lisenziyalar, texnologiya standartları, təchizat zəncirləri mühüm önəm daşıyır.
Çin şirkətləri son 10 ildə smartfon bazarında böyük sıçrayış ediblər. Huawei, Xiaomi, Oppo, Vivo və digər istehsalçılar Çin daxilində və beynəlxalq bazarlarda güclü mövqelər qazanıblar. Sözsüz ki, Çin şirkətlərinin yüksəlişinin səbəbini yalnız “ucuz istehsal”la izah etmək məsələni çox bəsitləşdirir. Çinli mütəxəssislər telekommunikasiya, kamera, çip dizaynı, süni intellekt və digər sahələrdə öz tədqiqat və patent portfellərini də sürətlə genişləndiriblər. Məhz buna görə ABŞ ilə Çin arasında texnoloji rəqabət smartfon bazarının sərhədlərini aşıb.

Donald Tramp hələ birinci prezidentlik dönəmində dəfələrlə Çini ABŞ şirkətlərinin intellektual mülkiyyətinin mənimsənilməsində, texnoloji sirlərinin oğurlanmasında ittiham edirdi. ABŞ prezidenti burada patent qaydalarının pozulmasından yox, texnoloji təkmilləşdirmə zamanı kommersiya sirrinin oğurlanmasından bəhs edirdi.
Bu yaxınlarda ABŞ-da Huawei-yə qarşı federal cinayət məhkəməsi başlayıb və prokurorluq şirkəti uzun illər ərzində kommersiya sirlərini oğurlamaqda günahlandırır. Əsasən telekommunikasiya sahəsində inkişaf edən Huawei daha sonra smartfon istehsalını da öz fəaliyyət sahəsinə daxil etdi. Deməli, həqiqətən də artıq Çin real olaraq ABŞ üçün ciddi rəqibə çevrilməyə başlayır və Huawei ilə bağlı meydana gələn qalmaqal məhz iki ölkə arasında gedən texnoloji mücadilədən qaynaqlanır. Sadəcə olaraq, Huawei bu qarşıdurmanın ən mühüm simvollarından birinə çevrilib.

Əlbəttə, şübhəsiz ki, məsələ heç də yalnız texnologiyanın oğurlanması iddialarından ibarət deyil. Çin böyük istehsal bazasına, geniş mühəndislik resurslarına, nəhəng daxili bazara və sürətlə inkişaf edən elmi-tədqiqat mərkəzlərinə sahibdir. ABŞ-ı narahat edən başlıca məqam Çinin Qərbin lisenziyası əsasında texnoloji məhsullar istehsal edən ölkədən bəzi sahələrdə özünün texnoloji innovasiyalarını yaradan və bunları patentləşdirən ciddi rəqibə çevrilməsidir. Ona görə də ABŞ-Çin qarşıdurması artıq “texnoloji oğurluq və ya kopyalama” ittihamı çərçivəsindən çıxıb, tamamilə başqa müstəviyə keçib. Ağ Ev, bundan əlavə, Çinlə əlaqəli müvafiq qurumların ABŞ-ın süni intellekt modellərindən sistemli şəkildə texnologiya əldə etməyə çalışdığını bildirir. Ümumən götürsək, iki tərəf arasında gələcək rəqabətin əsas sahələri çip istehsalı, süni intellekt modelləri, 5G və bulud texnologiyaları olacaq.
ABŞ və Çin arasındakı tarif müharibəsi istehsal və idxal xərclərinə birbaşa təsir göstərir. Əgər təchizat zənciri geostrateji mücadilə səbəbindən qırılırsa, istər-istəməz şirkətlər öz istehsalını sahmana salmaq üçün əlavə milyardlarla dollar xərcləməyə məcbur olurlar ki, bu da ən son nəticədə smartfonların və yüksək texnologiyaların bazar qiymətinə təsir göstərir.

Çin hökuməti qiymət müharibəsi strategiyası ilə əsas rəqiblərini bazardan sıxışdırıb çıxarmaq və ya onların qlobal istehlak payını əhəmiyyətli dərəcədə azaltmağa can atır. Sözsüz ki, bu, Çin üçün heç də asan başa gəlmir və şirkətlərə verilən dövlət subsidiyaları ölkə iqtisadiyyatının digər sahələrinə yönəldilən maliyyə qaynağının azaldılması hesabına edilir. Bu isə ölkə daxilində iqtisadi durğunluğa yol açır. Amma Çin hökuməti yüksək texnologiyalar sahəsini əhatə edən heç bir seqmentdə geri qalmaq niyyətində deyil. Pekində çiplərdən, süni intellektdən smartfonlara qədər uzanan mürəkkəb yolda büdrəməyin ölkə üçün nə demək olduğunu yaxşı anlayırlar. İndiki məqamda ləngimək gələcəyin yüksək texnologiya bazarının itirilməsi anlamına gəlir. Bu gün Çin yüksək texnologiya sahəsində ABŞ-dan geridədir, lakin onlar bu geriliyi maksimum qapatmaq üçün böyük maliyyə fədakarlığı göstərməyə məcburdurlar.

Qlobal yarımkeçirici texnologiyaları sahəsindəki mübarizənin əsas istiqamətlərindən biri də Çinin SMIC (Semiconductor Manufacturing International Corporation) şirkətinin Tayvanın TSMC şirkəti ilə arasındakı geriliyi qapatmaq cəhdidir. Bu gün texnoloji mübarizədə TSMC açıq şəkildə irəlidədir. Belə ki, bu ilin əvvəlinə olan məlumata görə, TSMC artıq 2 nanometrlik (N2) çiplərin istehsalına start verib. Onu da deyək ki, TSMC-nin istehsal etdiyi 5 və 7 nm çipləri də nəzərə alsaq, onun qlobal bazardakı ümumi gəlir payı təxminən 70 faiz təşkil edir. ABŞ hökumətinin təzyiqi ilə Niderlandın ASML şirkəti özünün dalğa uzunluğu 13,5 nanometr olan EUV (Extreme Ultraviolet) litoqrafiya sistemlərini Çinə vermir və buna görə də Çin istehsalçıları 193–248 nm dalğa uzunluğuna malik köhnə DUV (Deep Ultraviolet) sistemləri vasitəsilə çiplər hazırlamaq məcburiyyətindədirlər və nəticədə məhsullar həm baha başa gəlir, həm də 5 nanometrdən aşağı ölçülərdə buraxılan çiplərdə keyfiyyət azalır, 3 nm-dən aşağı çiplərin istehsalı isə daha müşkül işdir.
Amma bütün bunlara baxmayaraq, Çin dövləti Huawei-ni yerli litoqrafiya maşınları və digər kritik komponentlərin istehsalı üçün güclü subsidiyalarla dəstəkləyir. Əlbəttə, Çin üçün məqsəd yalnız TSMC ilə rəqabət aparmaq deyil, həm də ABŞ və digər ölkələrdən texnoloji asılılığı azaltmaqdır. Əgər Çin öz litoqrafiya avadanlıqlarını və istehsal proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilsə, uzunmüddətli perspektivdə bu fərq xeyli azalar.
Çin dövləti bir vaxtlar telefon bazarında Nokia, Motorola və Ericsson şirkətlərinin öndə olduqlarını və onların strateji səhvlərə yol verdikləri üçün qlobal rəqabətdə necə geridə qaldıqlarını unutmayıb. Finlandiyanın Nokia şirkəti uzun müddət mobil telefon bazarının lideri idi, amma smartfona keçid mərhələsində kompleks səhvlərə yol verdiyindən bu mərhələni sürətlə keçə bilmədi və mövqeyini itirdi. Bəllidir ki, eynilə SMIC və Huawei şirkətlərini də oxşar vəziyyət gözləyə bilər.

Belə görünür ki, Çin bu dərslərdən müəyyən nəticə çıxarıb. Hazırda Pekinin strategiyası SMIC-ə subsidiyalar verməklə yekunlaşmır. Onlar bütün texnologiya zəncirini – litoqrafiya, optika, lazer, kritik materiallar, çip dizaynı və istehsal avadanlığını ölkə daxilində qurmağı hədəfləyiblər. Məsələn, Huawei artıq yerli litoqrafiya təchizatçılarını maliyyələşdirmək və onların məhsullarını SMIC kimi fabriklərdə sınaqdan keçirməyə başlayıb.
Beləliklə, smartfonların timsalında müasir texnologiyanın inkişafı artıq ayrı-ayrı şirkətlərin kommersiya rəqabəti sərhədini aşaraq dövlətlərin iqtisadi, siyasi və geostrateji maraqlarının mühüm tərkib hissəsinə çevrilib. ABŞ və Çin arasında gedən texnoloji mübarizə smartfonlardan başlayaraq çip istehsalı, süni intellekt, 5G, bulud texnologiyaları, litoqrafiya avadanlıqları, patentlər, lisenziyalar və təchizat zəncirlərinə qədər geniş bir sahəni əhatə edir.
Hazırda bu mübarizədə ABŞ üstün mövqedədir. Çin isə öz növbəsində dövlət dəstəyi hesabına texnoloji asılılığını və geriliyini azaltmağa və özünün müstəqil texnoloji zəncirini yaratmağa çalışır. Bir məsələyə xüsusilə diqqət etmək lazımdır ki, gələcək texnoloji üstünlük təkcə daha yaxşı smartfon istehsal etməkdən yox, bütöv texnoloji zəncirdəki qabaqcıl mövqedən asılı olacaq. Belə görünür ki, ABŞ və Çin arasındakı texnoloji rəqabət gələcək qlobal inkişafın istiqamətinə mühüm təsir göstərəcək.
Vaqif Nəsibov
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Sentyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















